Məhkəmə qərarları › İş №e-2(005)-194/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-194/2023

26.01.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-194/2023 26.01.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı X2 cavabdeh "AKKORD Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə qarşı “məzuniyyət haqqının, ezamiyyə xərclərinin ödənilməsi və s.” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-dən 4 aya (avqust-noyabr 2021-ci il) görə ödənilməmiş əmək haqqı olaraq (1000 manat x 4 ay) 4000 manat əmək haqqı borcunun, ödəilməmiş məzuniyyət haqqı (dekabr 2021-ci il) borcu, əmək haqqını ödəmədiyi üçün hər gecikdirilmiş gün üçün əmək haqqının bir faiz məbləğində ödəniş gününə qədər hesablanmaqla, habelə ezamiyyət haqqı olaraq 2700 manatın, həmçinin mediasiya təşkilatına ödənilmiş 50 manat xidmət haqqının ödənilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi haqda ərizə təqdim edərək, cavabdeh "xxxx" ASC-dən 2020-2021-ci iş ilinə görə ödənilməmiş növbəti məzuniyyət haqqı borcunun, dekabr ayının 26 günü üçün boşdayanma günlərinə görə əmək haqqının 2/3 hissəsinin, əmək haqqının ödənmədiyi hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödəniş gününə qədər hesablanmaqla dəbbə pulu, habelə ezamiyyət haqqı olaraq 2700 manat və mediasiya təşkilatına ödənilmiş 50 manat haqqın alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh "xxxx" ASC (bundan sonra cavabdeh adlandırılacaq) arasında bağlanmış xx.xx.2019-cu il tarixli Əmək müqviləsinə əsasən, "xxxx" ASC-nin Enerji obyektlərinin tikintisi departamentində usta elektrik vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsinə əsasən vergilər və sosial ödənişlər çıxıldıqdan sonra aylıq əmək haqqı olaraq onun maaş kartına 1000 manat (bir min manat) əmək haqqı köçürülürdü. Daha sonra icbari tibbi sığorta haqları tutulmağa başlayandan kartına 990 (doqquz yüz doxsan) manat köçürülməyə başladı. Müəssisədə işlədiyi son illərdə əmək haqlarında gecikmələr baş verirdi. Əmək haqları aylarla gecikdirilirdi. Müəssisənin rəhbərliyi çətinliyin obyektiv olduğunu bildirərək, əmək haqlarının gec də olsa, ödəniləcəyini bildirirdi. Və əmək haqları gec də olsa, həqiqətən ödənilirdi. Sonuncu əmək haqqı ona 29 dekabr 2021-ci il tarixində 989.68 manat (doqquz yüz səksən doqquz manat 68 qəp.) məbləğində köçürüldü. Lakin bu ödəniş 2021-ci ilin iyul ayının əmək haqqı idi. Bundan əvvəl, 2021-ci ilin dekabr ayı onun növbəti əmək məzuniyyətim rəsmiləşdirildi. Ancaq məzuniyyət haqqı da hələ ki, ödənilməmişdir. Qeyd edir ki, xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək o Gürcüstan layihəsində işləməyi ilə əlaqədar ezamiyyətdə olub. Müəssisənin mühasibatlığı hesablayıb, ona bildirmişdi ki, ezamiyyə xərci 2700 (iki min yeddi yüz) manat hesablanıbdır və o da ödəniləcəkdir. 30 dekabr 2021-ci il tarixində onunla əmək müqaviləsinə xitam verildi. Müdiriyyət bildirirdi ki, əmək haqqı, məzuniyyət haqqı və ödənilməmiş ezamiyyət haqqı mütləq ödəniləcəkdir. Lakin verilmiş vədə hələ ki, əməl edilmir. Bundan sonra dəfələrlə cavabdehin rəhbərliyinə müraciət etsə də, hər dəfə ödənişləri edəcəklərini vəd verirdilər. Bununla bağlı o X8 Xidmətinə də şikayət edib. Xidmətin Bakı şəhər idarəsindən ona verilən cavabda bildirilmişdir ki, cavabdeh tərəfindən AR Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin pozulması müəyyən edilmiş, müəssisənin direktoru X3 inzibati məsuliyyətə cəlb edilmişdir. Daha sonra iddiaçı mediatorlara müraciət edib. Lakin cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədi. Buna görə də iddiaçıya xx.xx.2022ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. İddiaçı mediasiya sessiyasında iştiraka görə Bakı 6 saylı Mediasiya Təşkilatının bank hesabına 50 (əlli) manat haqq ödəyib. Cavabdeh "xxxx" ASC tərəfindən elektron kabinet vasitəsilə iddia ərizəsinə etiraz ərizəsi təqdim edilmişdir. Etiraz ərizəsində bildirilir ki, cavabdeh tərəfindən iddiaçının əmək haqqı ilə bağlı tələbi ödənilmişdir. İddiaçının ezamiyyətdə olduğu iddia edilsə də, iş materiallarlna hər hansı ezamiyyə əmri əlavə edilmədiyindən, onun həqiqətən ezamiyyətdə olub-olmamasını müəyyən etmək çətinlik doğurur. Ödənilməmiş məbləğə faizin hesablanması və ödənilməsi tələbini əsassız hesab edir. Buna görə də iddia ərizəsinin rədd edilməsinə dair məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş edir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilən X1 bildirmişdir ki, o da iddiaçı ilə birgə "xxxx" ASC-də elektrik vəzifəsində işləmişdir. O Gürcüstanda ezamiyyətdə olarkən hazırki mülki iş üzrə İddiaçı da həmin ölkədə ezamiyyədə olmuşdur. Şahidin özünün də hazırki mülki iş üzrə cavabdehə qarşı oxşar tələblərlə bağlı işinə Nərimanov Rayon Məhkəməsində baxılmış, onun iddiası qismən təmin edilmişdir. Məhkəmə tərəflərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarına əlavə edilmiş: İddiaçı əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.2019-cu il tarixdə "xxxx" ASC-yə “Enerji obyektlərinin tikintisi departamentində usta elektrik mühəndis” vəzifəsinə işə qəbul edilmiş və xx.xx.2021-ci il tarixdə öz xahişi ilə əmək müqaviləsinə xitam verilmişdir; C01889072 nömrəli ümumvətəndaş pasportunun surətindən görünür ki, iddiaçı xx.xx.2020-ci il tarixdə Gürcüstan Respublikasının ərazisinə daxil olmuş və xx.xx.2020-ci il tarixdə çıxış etmişdir; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Bakı şəhər İdarəsinin 12 aprel 2022-ci il tarixli məktubunun surətindən görünür ki, İddiaçı “X7 Korporasiyası” ASC-də əmək hüquqlarının pozulması barədə müraciətinə baxılmışdır. xx.xx.2019-cu il tarixdə bağlanmış müddətli əmək müqaviləsinə xx.xx.2021-ci il tarixində AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən öz xahişi ilə xitam verilmişdir. Eyni zamanda son haqq hesabının ödənilməsində AR Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin tələblərinin pozulduğu müəyyən edilmişdir. Bu səbədən də "xxxx" ASC-nin direktoru X5 barəsində AR İXM-nin 192.4-cü maddəsinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Ödəniş qəbzindən görünür ki, İddiaçı mediasiya xərci olaraq 50 manat ödəniş etmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı xx.xx.2019-сu il tarixdə "xxxx" ASC-yə usta mühəndis vəzifəsinə işə qəbul edilmiş və xx.xx.2021-ci il tarixdə tutduğu vəzifədən öz xahişi ilə azad olunmuşdur. Aylıq əmək haqqı 1000 manat təşkil edir. Hazırda iddiaçı 2020-2021-ci ilin üçün ödənilməmiş əmək məzuniyyəti haqqının, 2021-ci ilin dekabr ayı üçün boşdayanmaya görə əmək haqqının 2/3 hissəsinin, əmək haqqının ödənilmədiyi hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödəniş gününə qədər hesablanmaqla dəbbə pulunun, habelə ezamiyyə haqqı olaraq 2700 manat pulunödənilməsini tələb edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinə əsasən əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir. Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin tələblərinə görə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 172-ci maddəsinin 4-cü hissəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gündə verilir. Məhkəmə iddianın ezamiyyə xərcinin ödənilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin xx.xx.2012-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “X4”nın İ hissəsinin 1 və 2-ci bəndlərinə görə, dövlət orqanının, müəssisə, idarə və təşkilatın rəhbərinin sərəncamı (əmri) ilə işçinin daimi iş yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi xidməti ezamiyyət sayılır. Təşkilatların işçilərinin ezamiyyətə göndərilməsi həmin təşkilatların rəhbərləri tərəfindən müəyyən edilir və müvafiq əmrlə rəsmiləşdirilir. “Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli 14 nömrəli Qərarı ilə xarici ölkələrə ezamiyyə xərclərinin 1 günlük normaları təsdiq edilmişdir. Həmin Qərara əsasən Gürcüstan Respublikasında (Tiflis şəhəri istisna olmaqla) 1 günlük ezamiyyə xərci 140 ABŞ dolları müəyyən edilmişdir. Hazırki iş üzrə iddiaçının ezamiyyədə olması ilə bağlı ezamiyyət əmri, ezamiyyə vərəqələri və s. məhkəməyə təqdim edilməmişdir. Cavabdehin nümayəndəsi məhkəmə təqdim etdiyi etiraz ərizəsində bu halı vurğulayaraq, idia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə etiraz ərizəsinin bu dəlilinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi sübut etməyə borcludur Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı bir hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məhkəmə hansı halların sübuta yetirilməli olduğunu təsbit etdikdən sonra həmin halların sübutedilməsi yükünün kimin üzərinə düşdüyünü müəyyən etməlidir. Nəzərə alınmalıdır ki, sübutetmə yükü qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcud olduğuna və ya olmadığına (baş veribvermədiyinə) bağlanan hüquqi nəticədən xeyir görən tərəfə aiddir. Qayda olaraq sübutetmə yükü əvvəlcə iddiaçının üzərinə düşür. Bununla yanaşı, qanunverici sübutun sübutetmə yükü üzərinə düşən tərəfdə deyil, qarşı tərəfdəolduğu aşkar hallarla bağlı istisna qayda müəyyən edir. MPM-in 106-ci maddəsində ifadə edilmiş həmin qaydaya əsasən digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Göstərilən hüquqi mövqeləri hazırkı işə tətbiq etdikdə aydın olur ki, iddiaçının cavabdehin ezamiyyədə olması ilə bağlı sübutları məhkəməyə təqdim etmək vəzifəsi olmuşdur. Bu hüquqi mövqedən çıxış edən məhkəmə tərəfindən müvaqif sənədlərin məhkəməyə təqdim edilməsi ilə bağlı sübutların cəlb edilməsi barədə xx.xx.2022-ci il tarixdə qərardad qəbul edilmişdir. Lakin cavabdeh qərardadın icrasından yayınmış və müvaqif sənədlər məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda cavabdeh özünün etiraz ərizəsində iddiaçının ezamiyyədə olmasını inkar etməmiş, müvafiq sənədlərin məhkəməyə təqdim edilmədiyi, buna görə də şəxsin ezamiyyədə olub-olmamasını müəyyən etməyin çətin olduğunu qeyd etmişdir. Məhkəmə şahid ifadəsini nəzərə alıb, iddiaçının pasportunun surətində müvafiq tarixlərdə Gürcüstan Respublikasında səfərdə olduğu təsdiq edildiyindən; həmçinin cavabdehin etiraz ərizəsində şəxsin ezamiyyədə olduğunu inkar etmədiyini və məhkəmə qərardadının icrasının yayındığını nəzərə alaraq, hesab edir ki, bu hissədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. İddiaçının ezamiyyə xərclərinə görə 2700 manat tələb etməsi nəzərə alınaraq məhkəmə hesab edir ki, iddia iddia tələbi həcmində təmin edilməli və ezamiyyə xərclərinə görə cavabdehdən 2700 manat məbləğində pul tutulmalıdır. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İddianın 2021-ci ilin hesabına məzuniyyət haqqı tələbi və dekabr ayı üçün boşdayanmaya görə əmək haqqının üçdə iki hissəsinin ödənilməsi tələbləri ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd edir. İddiaçı tərəfindən iddiaçının 2021-ci il üçün nəzərdə tutulan məzuniyyətdən istifadə edib-etməməsi, əvvəlki illərdə hansı məbləğdə məzuniyyət pulunun ödənilməsi və s. barədə mötəbər sübutlar (müvafiq əmrlər, işçilərin iş vaxtının aylıq uçotu cədvəl və s.) məhkəməyə təqdim edilməmişdir. Buna görə də iddiaçının əvvəlki illərdə hansı məbləğdə məzuniyyət haqqı aldığını, 2021-ci ildə neçə gün məzuniyyət hüququnun yarandığını, 2021-ci ilin dekabr ayında neçə gün işə çıxmadığını müəyyən etmək və nəticə etibarilə, subyektiv hüququnun yarandığı halda, iddiaçıya cavabdeh tərəfindən nə qədər pul ödənilməli olduğunu müəyyənləşdirmək qeyri-mümkündür. Buna görə də məhkəmə hesab edir ki, məzuniyyət haqqı və boşdayanmaya görə əmək haqqı tələbi ilə bağlı hissədə iddia təmin edilməməlidir. Məhkəmə həmçinin nəzərə almışdır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2- ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. İddia tələbinin əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə bir faizi məbləğində ödənc verilməsi hissəsi ilə bağlı məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsassızdır. Belə ki, Əmək Məcəlləsinin 172.5-ci maddəsinin tələblərinə görə əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Həmin maddənin “Qeyd” hissəsinə görə bu maddədə “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. Göründüyü kimi, qanunvericilik hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməli olmasını və əmək haqqının işəgötürənin təqsiri üzündən gecikdirilməsi hallarının nədən ibarət olmasını, hansı halların işəgötürənin təqsirinə şamil edilməməsini müəyyən etmişdir. Nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin tələbləri əmək mübahisəsinə o vaxt tətbiq edilə bilər ki, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirilmiş olsun və bu hal fərdi əmək mübahisəsi yaratmamış olsun. Əmək Məcəlləsinin 287-ci maddəsinə əsasən, fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. Hazırki halda, tərəflər arasında boşdayanma qaydalarının tətbiq edilib-edilməməsi və buna uyğun olaraq əmək haqqının ödənilməsi ilə bağlı fərdi əmək mübahisəsi yarandığından Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsi müvafiq məsələyə tətbiq edilə bilməz. Bu baxımdan məhkəmə hesab edir ki, hazırki iddia tələbi üzrə Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə istinadla hər gecikdirilmiş gün üçün cavabdehdən iddiaçının xeyrinə əmək haqqının bir faizi məbləğində ödənc verilməsi üçün hüquqi əsaslar yoxdur və iddia bu hissədə rədd olunmalıdır. Məhkəmə iddianın mediasiya təşkilatına ödənilmiş 50 manat haqqın alınıb iddiaçıya ödənilməsi hissəsində qeyd edir ki, iddia həmin hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinin tələblərinə görə “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddia qismən təmin edilməli, ezamiyyə xərclərinə görə 2700 manat və ödənilmiş mediasiya xərcinə görə 50 manat, cəmi 2750 manat məbləğində pul tutularaq cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən ezamiyyə xərclərinə görə 2700 manat və ödənilmiş mediasiya xərcinə görə 50 manat, cəmi 2750 (iki min yeddi yüz əlli) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar