Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-198/2023 03.03.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim əfəndizadə Mehriban Əfəndizadə qızının sədrliyi, Əfəndizadə Mehriban Xalid qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh «Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə qarşı əmək haqqı, məzuniyyət haqqı və kirayə haqqı tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə qarşı əmək haqqı, məzuniyyət haqqı və kirayə haqqı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən 9223 manat əmək haqqının, 182 günlük məzuniyyət haqqı olan 17500 manat, ev kirayə haqqı 2278 və 2 ayllq 3389 manat kompensasiyanın cəmi 33390 manat pulun alınıb İddiaçı verilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1982-ci il tarixdə Gəncə Şəhərində anadan olmuşdur. Hazırda Gəncə Şəhəri Xalikov küçəsi ev 15-də yaşayır. xx.xx.2009-cu il tarixdə "xxxx" ASC ilə əmək müqaviləsi bağlayaraq Gürcüstandakı filialında Baş İT baş mühəndis vəzifəsinə təyin olmuşdur. Həmin vaxtdan xx.xx.2022-ci ilin il tarixə kimi "xxxx" ASC-nin Gürcüstan filialında nöqsansız olaraq işləmişdir. 2022-ci ilin aprel ayının 1-dən ixtisala bağlı işdən azad olunmuşdur. İşlədiyi müddət ərzində 5 aylıq əmək haqqı, 5 aylıq kirayə(ev) və 182 günlük məzuniyyət pulu ona ödənilməmiş qalmışdır. Dəfələrlə şirkətə ödənilməmiş əmək haqqının, məzuniyyət pulunun, və kirayə pulunun ödənilməsini tələb etsə də müxtəlif bahanələr edərək ödəməkdən yayınırlar. İddiaçı daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 2022-ci ilin mart ayı daxil olmaqla işdən azad olunmağı ilə bağlı xəbərdarlıq təqdim olunan günə kimi "xxxx" ASC tərəfindən aylıq 3500 lari pulun günün məzənnəsi ilə hər ay 1700 manat olmaqla əmək haqqı hesablanıb ödənilməsini xahiş etmişdir və 2022-ci ilin avqust ayı üçün daxil olmaqla 10200 manat təşkil etdiyini bildirmişdir. Eyni zamanda iddiaçının avtomobil təmirinə çəkdiyi 800 lari məbləğində pulun xx.xx.2021-ci ilin məzənnəsinə uyğun hesablanaraq iddiaçıya ödənilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Vəkil Tanrıverdi oğlu iddia tələbini müdafiə edərək iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin olunmasını xahiş etmişlər. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə Səfiyar qızı iddiaya etiraz ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, iş materiallarına əlavə edilən materiallardan görünür ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə Gürcüstan Respublikasının qanunvericiliyi tətbiq edilir və Gürcüstan Respublikasının müvafq məhkəməsində baxılmalıdır. Mübahisəyə ümumiyyətlə Azərbaycan Respublikasının məhkəmələrində baxılmalı deyil. Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə əsasən işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Maddə 31. Aidiyyətin dəyişdirilməsinə yol verilməməsi 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. İddiaçı iddia ərizəsində 9223 manat əmək haqqının, 182 günlük məzuniyyət haqqı olan 17500 manat, ev kirayə haqqı 2278 və 2 ayllq 3389 manat kompensasiyanın cəmi 33390 manat pulun alınıb ona verilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş edir. Əmək müqaviləsinə Gürcüstan Respublikasının qanunvericiliyi tətbiq edildiyi üçün hər hansı kompensasiyanın ödənilməsi və gecikdirilmə fazinin hesablanması əsassızdır. İddiaçı kirayə haqqı borcu olduğunu qeyd edir, lakin həmin borcun nə əsasında yarandığını təsdiq edən hər hansı sübut əlavə etməmişdir. İddiaçı ödənilməmiş məbləğə faizin hesablanması və ödənilməsini tələb edir. İddiaçının ödənişi gecikdirilməsi ehtimal edilən məbləğə faizlərin hesablanması tələbi də əsassızdır. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan; 0004523 nömrəli əmək kitabçasının surətindən göürünür ki, İddiaçı xx.xx.2009-cu il tarixdən 28 nömrəli əmrlə "xxxx" ASC-nin gürcüstan nümayəndəliyi üzrə “ Akkord Gürcüstan” filialına proqramist vəzifəsinə təyin edilmişdir. xx.xx.2015-ci il tarixli 250815-8 nömrəli əmrlə isə "xxxx" ASC-nin gürcüstan nümayəndəliyi üzrə “ Akkord Gürcüstan” filialına proqramist vəzifəsindən İnformasiya Texnologiyaları Departamentinə baş mühəndis vəzifəsinə təyin edilmişdir. “İşəgötürən” "xxxx" ASC və “işə götürülən” İddiaçı arasında bağlanmış 03 avqust 2009-cu il tarixli əmk müqaviləsinin surətindən aysdın olur ki, İddiaçı baş İ.T. mühəndis vəzifəsinə işə qəbul olunmuşdur. Müqavilənin: 2.1-ci bəndinə əsasən tərəflər arasında əmək münasibətləri müqavilənin rəsmiləşdirildiyi və imzalandığı andan yaranır və 3 ay ərzində, xx.xx.2015-ci il tarixədək, və ya müqaviləninmüddəti bitdikdən sonrakı bir həftə ərzində tərəflərin heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə müqavilə 1 ay müddətinə uzadılmış hesab olunur. Hər bir halda, layihənin bitdiyi tarix müqavilənin müddətinin bitdiyi tarix hesab olunur; 4.1-ci bəndinə əsasən işə götürülənin alacağı əmək haqqı aylıq 2000 AZN təşkil edir; 7.2-ci bəndinə əsasən müqavilə ilə müəyyən edilmiş şərtlərin pozulması ilə vurulan ziyan Gürcüstan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydalara uyğun ödəniləcəkdir. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 010422 saylı əmrin surətindən görünür ki, “Tblisi” ofisində İ.T. baş mühəndis vəzifəsində çalışan İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən Gürcüstan Əmək Məcəlləsinin 47-ci maddəsinin 1-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixdə İddiaçı elektron poçt ünvanına göndərilmiş məktubların çıxarışlarından aydın olur ki, İddiaçı ödənilməsi olan əmək haqqı 2021-ci ilin avqust ayı üçün 2700 GEL, sentyabr ayı üçün 3500 GEL, 2022-ci ilin yanvar ayı üçün 3500 GEL, fevral ayı üçün 3500 GEL; ödənilməli olan kirayə haqqı 2021-ci ilin sentyabr ayı, 2022-ci ilin yanvar və fevral ayları üçün 1000 GEL; xx.xx.2021-ci il tarixli akta əsasən ödənilməli olan təmir xərci 800 GEL təşkil edir. xx.xx.2021-ci il tarixdə “Akkord Georgia”-nın əməkdaşım İddiaçı və “Akkord georgia”nın direktoru Davit Kbaxidze arasında tərtib olunmuş “xərclərə dair” aktın surətindən görünür ki, İddiaçı öz vəsaiti hesabına şirkət avtomobilinin təmiri üçün 800 lari ödəniş etmişdir. Azərbaycan Respublikası Mərkəzi bankı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məhkəmə sorğusuna cavab məktubundan görünür ki, 1 gürcüstan lari Azərbaycan manatına qarşı məzənnəsi xx.xx.2021-ci il tarixi üzrə 0.5426, xx.xx.2021-ci il tarixi üzrə 0.5468, xx.xx.2022-ci il tarixi üzrə 0.5529, xx.xx.2022-ci il tarixi üzrə 0.5695 təşkil edir. “Beynəlxalq xüsusi hüquq” haqqında Azərbaycan Respublikası Qanununun: 1.1-ci maddəsinə əsasən, bu Qanun xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq normalarını müəyyən edir. 1.2-ci maddəsinə əsasən, xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq bu Qanunla bərabər, həm də digər müvafiq qanunvericilik aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və ümumi qəbul olunmuş beynəlxalq adətlər, habelə tərəflərin razılığı əsasında müəyyən edilir. 5.1-ci maddəsinə əsasən, bu Qanuna görə tətbiq olunmalı hüquqdan asılı olmayaraq müvafiq münasibətləri tənzimləyən Azərbaycan Respublikası hüququnun imperativ normaları tətbiq edilir. Gürcüstan Respublikasının Əmək Məcəlləsinin: 12.1-ci maddəsinə əsasən əmək müqaviləsi yazılı və ya şifahi formada müəyyən və ya qeyri-müəyyən müddətə bağlanır. 12.2-ci maddəsinə əsasən əmək münasibətləri bir aydan çox davam etdikdə əmək müqaviləsi mütləq qaydada yazılı formada bağlanılır. 21-ci maddəsinı ısasən ezamiyyət-işəgötürənin iş maraqları naminə işçinin iş yerini müvəqqəti dəyişdirməsidir. 31.1-ci maddəsinə əsasən işçi ildə ən azı 24 iş günü olan ödənişli məzuniyyət götürmək hüququna malikdir. 31.4-cü maddəsinə əsasən əmək müqaviləsində bu maddədə nəzərdə tutulanlardan fərqli müddət və şərtlər nəzərdə tutula bilər. Qeyd edilən müddət və şərtlər işçinin vəziyyətini pisləşdirməməlidir. 41.1-ci maddəsinə əsasən əməyin ödənilməsi - pul və ya natura şəklində verilən, işçinin yerinə yetirilmiş iş qarşılığında işəgötürəndən birbaşa və ya dolayısı ilə aldığı əsas və ya minimal ödəniş, əməkhaqqı və ya başqa pul mükafatıdır. 41.3-cü maddəyə əsasən əməyin ödənilməsi ayda ən azı bir dəfə verilir. 44-cü maddəyə əsasən əmək müqaviləsi və ya qanunda başqa hallar nəzərdə tutulmayıbsa, işəgötürən işçi ilə əmək münasibətlərinə xitam verən zaman son hesablaşmanı bu cür xitam vermə tarixindən sonrakı 7 təqdim günündən gec olmamaqla həyata keçirmək öhdəliyi daşıyır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 83.1-ci maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 143-ci maddəsinin 1-ci bəndinə əsasən müvafiq iş ilinin (illərinin) məzuniyyətindən istifadə etməmiş işçi ilə, bu Məcəllənin 70-ci maddəsinin «a» və «ç» bəndlərində nəzərdə tutulmuş əsaslarla işdən çıxarılma halları istisna olmaqla qalan hallarda əmək müqaviləsinə xitam verilərkən işçinin arzusu ilə həmin iş ili (illəri) üçün ona məzuniyyət verilir və işdənçıxma tarixi məzuniyyətin son günü hesab edilir. 143-ci maddəsinin 2-ci bəndinə əsasən işçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə ona bu Məcəllənin 144-cü maddəsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir. 144.-ci maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. 154-ci maddəsinin 1-ci bəndinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 172-ci maddəsinin 1-ci bəndinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. 172-ci maddəsinin 5-ci bəndinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Həmin Məcəllənin 195-ci maddəsinin “d” bəndinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı xx.xx.2019cu il tarixdə "xxxx" ASC-nin Gürcüstan nümayəndəliyi “Akkord Georgia” filialına proqramçı vəzifəsinə işə qəbul edilmiş və xx.xx.2022-ci il tarixdə Gürcüstan Respublikasının 47/1a bəndinə əsasən tutduğu vəzifədən azad olunmuşdur. Əmək haqqısı 2000 manat məbləğində müəyyənləşdirilmişdir. Hazırda iddiaçı cavadehdən 9223 manat əmək haqqının, 182 günlük məzuniyyət haqqı olan 17500 manat, ev kirayə haqqı 2278 manat, aylıq 3389 manat kompensasiyanın cəmi 33390 manat pulun, həmçinin 10200 manat məbləğində xəbərdarılq müddəti üçün əmək haqqının, avtomobilin təmirinə xərclədiyi 800 Gürcüstan larisi pulun (xx.xx.2021-ci ilin məzənnəsi ilə hesablanaraq) alınıb ona verilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinə əsasən əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir. Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin tələblərinə görə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 172-ci maddəsinin 4-cü hissəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gündə verilir. Məhkəmə iddianın əmək haqqının ödənilməsi tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Hazırki iş üzrə iddiaçının bağlı son haqq-hesabla bağlı sənədlər, əmək haqqının ödənilmsi ilə bağlı maliyyə hesabat sənədləri məhkəməyə təqdim edilməmişdir. Cavabdehin nümayəndəsi məhkəmə təqdim etdiyi etiraz ərizəsində bu halı vurğulayaraq, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə etiraz ərizəsinin bu dəlilinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi sübut etməyə borcludur Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı bir hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məhkəmə hansı halların sübuta yetirilməli olduğunu təsbit etdikdən sonra həmin halların sübutedilməsi yükünün kimin üzərinə düşdüyünü müəyyən etməlidir. Nəzərə alınmalıdır ki, sübutetmə yükü qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcud olduğuna və ya olmadığına (baş veribvermədiyinə) bağlanan hüquqi nəticədən xeyir görən tərəfə aiddir. Qayda olaraq sübutetmə yükü əvvəlcə iddiaçının üzərinə düşür. Bununla yanaşı, qanunverici sübutun sübutetmə yükü üzərinə düşən tərəfdə deyil, qarşı tərəfdəolduğu aşkar hallarla bağlı istisna qayda müəyyən edir. MPM-in 106-ci maddəsində ifadə edilmiş həmin qaydaya əsasən digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Göstərilən hüquqi mövqeləri hazırkı işə tətbiq etdikdə aydın olur ki, iddiaçının cavabdehin əmək haqqını ödənilməsi ilə bağlı sübutları məhkəməyə təqdim etmək vəzifəsi olmuşdur. Lakin cavabdeh məhkəmə heç bir sənəd təqdim etməmiş, etiraz ərizəsində iddiaçının sənədləri təqdim etməməsi və aidiyyat məsələsinə etiraz edərək, mülki işə Gürcüstan Respublikasında baxılmalı olduğunu bildirməklə kifayətlənmişdir. Məhkəmə aidiyyətlə bağlı vəsatəti təmin etməmiş, cavabdeh həmin qərardadı mübahisələndirməmişdir. Eyni zamanda cavabdeh özünün etiraz ərizəsində iddiaçının əmək haqqının ödənilməməsini inkar etməmiş, müvafiq sənədlərin məhkəməyə təqdim edilmədiyi, buna görə də iddiaçıya əmək haqqının ödənilməli olub-olmamasını müəyyən etməyin çətin olduğunu qeyd etmişdir. Məhkəmə iddiaçının təqdim etdiyi, iddiaçının cavabdehin nümayəndələri ilə elektron poçt üzərindən apardığı yazışmalara istinad edərək, cavabdeh tərəfindən iddiaçıya 2021ci ilin avqust (2700 GEL), sentyabr ayı (3500 GEL), 2022-ci ilin yanvar ayı (3500 GEL) və 2022-ci ilin fevral ayı (3500) üçün əmək haqqının ödənilməli olduğu qənaətinə gəlir. Anoloji olaraq, 2021-ci ilin avqust,sentyabr, 2022-ci ilin yanvar və fevral ayları üçün hər ay 1000 GEL ev kirayə xərcləri ödənilməlidir. Azərbaycan Respublikası Mərkəzi Bankının 8 fevral 2023-cü il tarixli məktubuna istinad edərək, 2021-ci ilin tarixdə 1 Gürcüstan larisinin Azərbaycan manatına qarşı Mərkəzi Bankın gündəlik məzənnələrinə əsasən 20 avqust 2021-ci il tarixdə - 0,5426; 20 sentyabr 2021-ci il tarixdə - 0,5468; 20 yanvar 2022-ci il tarixdə - 0,5529; 20 fevral 2022-ci il tarixdə - 0,5695 dəyərində müəyyənləşdirilmişdir. Beləliklə, İddiaçı xeyrinə 2021-ci ilin avqust ayı üçün 1465,02 manat (2700*0,5426=1465,02); 2021-ci ilin sentyabr ayı üçün 1913,80 manat (3500x0,5468=1913,80); 2022-ci ilin yanvar ayı üçün 1935,15 manat (3500x0,5529=1935,15); 2022-ci ilin fevral ayı üçün 1993,25 manat; ümumilikdə 7307,22 (yeddi min üç yüz yeddi manat iyirmi iki qəpik) məbləğində əmək haqqı ödənilməlidir. Ev kirayə haqqına görə isə 2021-ci ilin sentyabr ayı üçün 546,8 manat (0,5468x1000=546,8); 2022-ci ilin yanvar ayı üçün 552,9 manat (0,5529x1000=552,9);2022-ci ilin fevral ayı üçün 569,5 manat (0,5695x1000=569,5) ; ümumilikdə 1669,2 (bir min altı yüz altmış doqquz manat iyirmi qəpik) manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı avtomobil xərci ilə bağlı hissədə xx.xx.2021-ci il tarixli akt təqdim eetdiyinə, elektron poçt yazışmalarında xərcin cavabdehin nümayəndəsi tərəfindən etiraf edilməsinə əsasən, 800 lari pulun xx.xx.2021-ci il tarixli məzənnəyə əsasən cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qənaətinə gəlir. Mərkəzi Bankın rəsmi saytından ıxarışdan görünür ki, 16 avqust 2021-ci il tarixdə 1 Gürcüstan larisinin 1 Azərbaycan manatına 0,5468 dəyərində müəyyənləşdirilmişdir. Beləliklə, 800x0,5468=437,44 (dörd yüz otuz yeddi manat qırx dörd qəpik) manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddianın 182 gün məzuniyyət haqqı tələbi ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd edir. İddiaçı tərəfindən iddiaçının 2021-ci il üçün nəzərdə tutulan məzuniyyətdən istifadə edib-etməməsi, əvvəlki illərdə hansı məbləğdə məzuniyyət pulunun ödənilməsi və s. barədə mötəbər sübutlar (müvafiq əmrlər, işçilərin iş vaxtının aylıq uçotu cədvəl və s.) məhkəməyə təqdim edilməmişdir. Buna görə də iddiaçının əvvəlki illərdə hansı məbləğdə məzuniyyət haqqı aldığını, 2021-ci ildə neçə gün məzuniyyət hüququnun yarandığını, subyektiv hüququnun yarandığı halda, iddiaçıya cavabdeh tərəfindən nə qədər pul ödənilməli olduğunu müəyyənləşdirmək qeyri-mümkündür. Buna görə də məhkəmə hesab edir ki, məzuniyyət haqqı və boşdayanmaya görə əmək haqqı tələbi ilə bağlı hissədə iddia təmin edilməməlidir. Məhkəmə həmçinin nəzərə almışdır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2- ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. İddia tələbinin əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə bir faizi məbləğində ödənc verilməsi hissəsi ilə bağlı məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsassızdır. Belə ki, Əmək Məcəlləsinin 172.5-ci maddəsinin tələblərinə görə əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Həmin maddənin “Qeyd” hissəsinə görə bu maddədə “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. Göründüyü kimi, qanunvericilik hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməli olmasını və əmək haqqının işəgötürənin təqsiri üzündən gecikdirilməsi hallarının nədən ibarət olmasını, hansı halların işəgötürənin təqsirinə şamil edilməməsini müəyyən etmişdir. Nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin tələbləri əmək mübahisəsinə o vaxt tətbiq edilə bilər ki, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirilmiş olsun və bu hal fərdi əmək mübahisəsi yaratmamış olsun. Əmək Məcəlləsinin 287-ci maddəsinə əsasən, fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. Hazırki halda, tərəflər arasında boşdayanma qaydalarının tətbiq edilib-edilməməsi və buna uyğun olaraq əmək haqqının ödənilməsi ilə bağlı fərdi əmək mübahisəsi yarandığından Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsi müvafiq məsələyə tətbiq edilə bilməz. Bu baxımdan məhkəmə hesab edir ki, hazırki iddia tələbi üzrə Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə istinadla hər gecikdirilmiş gün üçün cavabdehdən iddiaçının xeyrinə əmək haqqının bir faizi məbləğində ödənc verilməsi üçün hüquqi əsaslar yoxdur və iddia bu hissədə rədd olunmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Gürcüstan Respublikasının Əmək Məcəlləsində gecikdirilmiş vaxtda görə kompensasiyanın ödənilməsi barədə müddəa nəzərdə tutulmamışdır. Mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin tələbinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin Vİİ hissəsinə görə isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Bu prinsip Azərbaycan Respublikası MPM-nin 9-cu maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddəyə görə ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Krçmarın Çex Respublikasına qarşı” işi üzrə 03 mart 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, ədalətli araşdırma anlayışını daha da genişləndirən elementlərdən biri olan tərəflərin bərabərliyi prinsipi hər tərəfə, onu qarşı tərəfə nisbətən əhəmiyyətli dərəcədə əlverişsiz şəraitdə qoymayan şəkildə öz işini təqdim etmək imkanının verilməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Yakovlev Rusiya Federasiyasına qarşı işdə” qeyd etmişdir ki, Konvensiya nəzəri və ya xəyali hüquqların deyil, praktiki və səmərəli hüquqların təmininə yönəlmişdir. Məhkəmədə çəkişmə prinsipi prosessual funksiyaların ciddi olaraq fərqləndirilməsində, tərəflərin prosessual bərabərliyində və məhkəmənin tərəflərə münasibətdə müstəqil vəziyyətində təzahür edir. Çəkişmə və tərəflərin bərabərliyi prinsipi tərəflərə bərabər prosessual imkanların verilməsini nəzərdə tutmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçıya verilməmiş 2021-ci ilin avqust və sentyabr ayları, həmçinin 2022-ci ilin yanvar və fevral ayları üçün əmək haqqının, 2021ci ilin sentyabr ayı, 2022-ci ilin yanvar və fevral ayları üçün ev kirayə haqqı, həmçinin avtomobil xərcinə görə çəkdiyi xərcin ödənilməsi öhdəliyi «Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin üzərinə qoyulmalıdır.İddia tələbi qalan hissədə təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ödənilməmiş 2021-ci ilin avqust və sentyabr ayları, həmçinin 2022-ci ilin yanvar və fevral ayları üçün ödənilməmiş 7307,22 (yeddi min üç yüz yeddi manat iyirmi iki qəpik) manat məbləğində əmək haqqı, 2021-ci ilin sentyabr ayı, 2022-ci ilin yanvar və fevral ayları üçün 1669,20 (bir min altı yüz altmış doqquz manat iyirmi qəpik) ev kirayə haqqı, avtonəqliyyat vasitəsinin təmirinə xərclədiyi 437,44 manat (dörd yüz otuz yeddi manat qırx dörd qəpik) manat məbləğində pul, ümumilikdə 9413,86 (doqquz min dörd yüz on üç manat səksən altı qəpik) mənləğində pulun İddiaçı ödənilməsi öhdəliyi «Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №e-2(005)-198/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-198/2023
03.03.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver