Məhkəmə qərarları › İş №e-2(005)-199/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-199/2025

25.09.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-199/2025 25.09.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehna (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X4 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində göstərilməklə) qarşı son haqq-hesabın düzgün hesablanaraq ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehna (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X4 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində göstərilməklə) qarşı son haqq-hesabın düzgün hesablanaraq ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən onun istifadə etmədiyi məzuniyyət günlərinə görə ödənilməmiş kompensasiyanın və səhv hesablanmış son haqq-hesabın düzgün hesablanaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1980-ci il tarixdən xx.xx.2022-ci il tarixədək cavabdeh müəssisədə tibb bacısı və baş tibb bacısı vəzifələrində işləmiş, işlədiyi dövrdə heç vaxt məzuniyyətə çıxmamışdır. İşdən azad edilərkən ona cəmi 2079,38 manat pul ödənilmişdir. Sonradan onunla birgə işləyən və ondan sonra işdən azad edilən işçilərə istifadə etmədikləri məzuniyyət günlərinə görə əlavə kompensasiya və son-haqq hesabın daha çox ödənilməsi barədə məlumat almışdır. Bu halda o öz hüquqlarının pozulduğunu başa düşmüş, bununla bağlı cavabdehə müraciət etsə də, belə bir məsələnin olmadığı bildirilmişdir. Mediasiya sessiyaları bitdikdən sonra cavabdehin hüquqşünas nümayəndəsi onunla əlaqə saxlamış, həmin kompensasiyanın və səhv hesablanmış əməkhaqqıların ona ödəniləcəyinə dair söz vermişdir. Sonuncu dəfə müəssisəyə yaxınlaşdıqda digər bir işçi ona bildirmişdir ki, müəssisənin əməkdaşları onu aldadıb get-gələ salırlar, heç bir kompensasiya ödənilməyəcəkdir. Son haqq-hesab zamanı onun istifadə etmədiyi məzuniyyət günlərinə görə hesablama 12 ay üzrə əmək haqqı, mükafat və digər əlavələr, staj və ixtisasa görə ödənilmiş pul vəsaitlərinin cəmi formasında aparılmalıdır. İstifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiya bu şəkildə hesablanmalıdır: Cəmi məbləğ: 12 ay = X manat; X manat: 30.4 gün = Y manat; Y manat x istifadə edilməmiş məzuniyyət günlərinin sayı= düzgün hesablanmış manat. Əmək müqaviləsinə xitam verilməsi zamanı ona işdən çıxmağı ilə əlaqədar istifadə etmədiyi məzuniyyət günlərinə görə pul əvəzi ödənilərkən cavabdeh onun vəzifə maaşını düzgün hesablamamış, əlavələri nəzərə almamışdır. Həmçinin o, işdən çıxmağı ilə əlaqədar istifadə etmədiyi məzuniyyət günlərinə görə ödənilən ödənişdən gəlir vergisinin məzuniyyət illəri üzrə tutulmasını iddia edir. Daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, cavabdeh tərəfindən onun istifadə etmədiyi məzuniyyət günlərinə görə ödənilməmiş kompensasiyanın və səhv hesablanmış son haqq-hesabın düzgün hesablanaraq ona ödənilməsi və mediasiyaya ödənilmiş 50, vəkilə ödənilmiş 300 manatın cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair növbəti ərizə verərək, cavabdeh tərəfindən onun istifadə etmədiyi məzuniyyət günlərinə görə ödənilməmiş kompensasiyanın və səhv hesablanmış son haqq-hesabın düzgün hesablanaraq ona ödənilməsi və mediasiyaya ödənilmiş 50, vəkilə ödənilmiş 300 manatın və audit hesablanmasına ödənilmiş 2000 manatın cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh nümayəndəsi xx.xx.2023-cü il tarixdə keçirilmiş mediasiya sessiyasında iştirak etməmişdir. İlkin mediasiya xərci kimi 50 manat İddiaçı tərəfindən ödənilmişdir; xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı istifadə etmədiyi məzuniyyət günlərinə görə ödənilməmiş kompensasiyanın və səhv hesablanmış son haqq-hesabın düzgün hesablanaraq ona ödənilməsini Cavabdeh xahiş etmiş, əks halda məhkəməyə müraciət olunacağını bildirmişdir; Əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1980-ci il tarixdə Cavabdeh tibb bacısı vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2022-ci il tarixdə AR Əmək Məcəlləsinin 68.2.a bəndinə əsasən öz xahişi ilə vəzifəsinə xitam verilmişdir; 0235 saylı Hüquqi yardımın göstərilməsi haqqında müqavilədən görünür ki, Vəkil tərəfindən İddiaçı göstəriləcək hüquqi yardıma görə haqq 300 manat məbləğində razılaşdırılmışdır; xx.xx.2025-ci il tarixli "xxxx" MMC-nin müstəqil auditor hesabatından görünür ki, xx.xx.1980-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində X2 1132 təqvim günü məzuniyyət hüququ yaranmışdır və 1132 x 13,50 = 15282 manat məzuniyyət haqqı hesablanmalıdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı xx.xx.1980ci il tarixdə Cavabdeh tərəfindən tibb bacısı vəzifəsinə işə qəbul edilmiş və xx.xx.2022-ci il tarixdə tutduğu vəzifədən Azərbaycan Respublikası ƏM-nin 68.2-ci maddəsinin “a” bəndinə əsasən azad olunmuşdur. İddiaçının orta aylıq əmək haqqı 410,42 manat təşkil etmişdir. Hazırda iddiaçı məzuniyyət günlərinə görə ödənilməmiş kompensasiyanın və səhv hesablanmış son haqq-hesabın düzgün hesablanaraq ödənilməsini tələb edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 12-ci maddəsinin 1-ci hissəsinin “a”, “b”, “d” bəndlərinə əsasən əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək, bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək, fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələridir. 83-cü maddəsinin 4-cü bəndinə əsasən əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. 113-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən əmək məzuniyyəti - işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi müddəti bu Məcəllədə nəzərdə tutulandan az olmayan istirahət vaxtıdır. Əmək məzuniyyətinin müddəti təqdim günü ilə hesablanır. Əmək məzuniyyəti müvafiq peşə (vəzifə) üzrə əmək funksiyasını yerinə yetirən işçilərə verilən illik əsas məzuniyyətdən və istehsalın, əməyin xarakterinə və əmək stajına görə, habelə uşaqlı qadınlara verilən əlavə məzuniyyətdən ibarət olub, istər birlikdə, istərsə də ayrılıqda verilə bilər. 135-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən Əmək Məcəlləsinə uyğun olaraq işəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır. İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. 154-cü maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən əsasən, əmək haqqı-müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir. 172-ci maddəsinin 1-ci və 4-cü bəndlərinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gündə verilir. 178-ci maddəsinin 1-ci bəndinə əsasən işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Hər hansı ayrı-seçkilik olmadan əmək hüquqlarının həyata keçirilməsi beynəlxalq hüquqi aktlarda da aparıcı yer tutur. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 23-cü maddəsinin ikinci bəndində, İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın 7-ci maddəsində hər kəsin hər hansı ayrı-seçkilik olmadan bərabər əməyə görə bərabər haqq almaq hüququ təsbit olunmuşdur. Qeyd edilməlidir ki, əmək hüququ insanların digər konstitusiya hüquqlarının həyata keçirilməsinə təsir göstərə biləcək amillərdən biri olmaqla, insanın ləyaqəti və özünü cəmiyyətdə fərd kimi dərk etməsi üçün önəmlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Qeyd olunmalıdır ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur. Sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hallar təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məhkəmə hansı halların sübuta yetirilməli olduğunu təsbit etdikdən sonra həmin halların sübut edilməsi yükünün kimin üzərinə düşdüyünü müəyyən etməlidir. Sübutetmə yükü qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcud olduğuna və ya olmadığına bağlanan hüquqi nəticədən fayda görən tərəfə aiddir. Bir qayda olaraq sübutetmə yükü əvvəlcə iddiaçının üzərinə düşür. Bununla yanaşı, qanunverici sübutun sübutetmə yükü üzərinə düşən tərəfdə deyil, qarşı tərəfdə olduğu aşkar hallarda istisna qayda müəyyən edir. Mülki Prosessual Məcəllənin 106.2-ci maddəsində ifadə edilmiş həmin qaydaya əsasən digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Hazırki iş üzrə məhkəmə tərəfindən məhkəmə-mühasibatlıq ekspertizaları təyin edilmiş və mülki işin Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə göndərilməsinə baxmayaraq ekspertlər tərəfindən tələb edilən sənədlərin cavabdeh tərəfindən təqdim edilməməsi nəticəsində ekspertizaların həyata keçirilməsi mümkün olmamışdır. Sonuncu olaraq məhkəmənin 2(005)-199/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Auditorlar Palatasına tapşırılmışdır. Tədqiqat aparılarkən X8 X10 tərəfindən təqdim edilmiş məlumatlarda iddiaçı X1 xx.xx.1980-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində əmək məzuniyyətinə buraxılması və məzuniyyətin hesablanıb və vaxtında ödənilməsini təsdiq edəcək sənədlərin tam olmaması bildirilmiş, cavabdeh müəssisəyə məktubla rəsmi müraciət olunaraq audit yoxlamasının həyata keçirilməsi üçün müvafiq şəraitin yaradılması xahiş edilsə belə, bütün sənədlərin məhkəməyə təqdim edildiyi vurğulanmışdır. Bu səbəbdən audit yalnız mövcud materiallar çərçivəsində həyata keçirilmiş, əmək haqqı və son haqq-hesabın tam şəkildə ödənilib-ödənilməməsi, ödənilməmişdirsə, hansı məbləğdə borcun mövcudluğunu müəyyən etmək mümkün olmamışdır. Müəyyən olunmuşdur ki, xx.xx.1980-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində X2 müxtəlif vaxtlarda ümumi olaraq 478 təqvim günü əmək məzuniyyətinin verilməsinə dair əmrlər aşkar edilsə də, iş materillarında əmək məzuniyyətinin hesablanması və ödənilməsi barədə sənədlərə rast gəlinməmişdir. Azərbaycan Rspublikasının Əmək Məcəlləsinə və digər qanunvericilik aktlarına əsasən iddiaçının işdən azad olma ayınadək olan orta aylıq əmək haqqı 410,42 manat təşkil etmişdir. İstifadə olunmamış məzuniyyət günlərinə görə ödənilməmiş kompensasiyanın məbləğinə nisbətdə belə bir nəticəyə gəlinmişdir ki, xx.xx.1980-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində X2 1132 təqvim günü məzuniyyət hüququ yaranmışdır və 1132 x 13,50 = 15282 manat məzuniyyət haqqı hesablanmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçıya son haqq-hesab olaraq 2079,38 manat ödəniş edilmişdir. Bu səbəbdən həmin məbləğ ekspert rəyi ilə müəyyən edilmiş 15282 manatdan çıxılmalıdır (15282 – 2079,38 = 13202,62 manat). Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı vəkilə hüquqi yardım üçün ödədiyi vəsaitin əvəzini cavabdehdən tutulmasını xahiş edir. Məhkəmə hesab edir ki, iddia həmin hissədə əsaslıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 115.0-cı maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.5. nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən ona hüquqi yardım göstərilməsi üçün Vəkil tərəfindən İddiaçı göstəriləcək hüquqi yardıma görə haqq 300 manat məbləğində razılaşdırılmışdır. Məhkəmə hüquqi yardıma görə ödənilmiş pulun ağlabatan hesab edir. Odur ki, hüquqi yardım göstərilməsinə görə vəkilə ödənilmiş pulun əvəzi olaraq 300 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin mediasiya xərci kimi ödənilmiş 50 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinin tələblərinə görə “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tərəflərin təqdim etdikləri sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, xx.xx.2025-ci il tarixli "xxxx" MMC-nin müstəqil auditor hesabatı mötəbər sübut kimi dəyərləndirilməklə iddia təmin edilməli, istifadə olunmamış məzuniyyət günlərinə görə 13202,62 manat məzuniyyət haqqı, mediasiyaya ödənilmiş 50 manat, vəkilə ödənilmiş 300 manat və audit hesablanmasına ödənilmiş 2000 manat pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia təmin edilsin. İstifadə olunmamış məzuniyyət günlərinə görə 13202,62 manat məzuniyyət haqqı, mediasiyaya ödənilmiş 50 manat, vəkilə ödənilmiş 300 manat və audit hesablanmasına ödənilmiş 2000 manat pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar