Məhkəmə qərarları › İş №e-2(005)-1997/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1997/2023

21.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1997/2023 21.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment və pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə arasında xx.xx.2022-ci il tarixdə 2 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsində 054821 nömrəli reyestr qeydi ilə rəsmiləşən nikahdan doğulmuş xx.xx.2023-cü il təvəllüdlü X3 onun himayəsində qalması, yetkinlik yaşına çatmayan xx.xx.2023-cü il təvəllüdlü X2 üçün yetkinlik yaşına çatana qədər Cavabdeh əmək haqqı və sair gəlirinin ¼ hissəsində olmaqla alimentin, həmçinin hər ay əlavə 100 manat pulun və xx.xx.2023-cü il təvəllüdlü X3 doğum xərcləri qismində xərclənmiş 5803,31 (4473,31 manat rəsmi qəbzlə və əlavə 1330 manat) manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2022-ci ildə 2 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsində 054821 nömrəli reyestr qeydi ilə rəsmiləşən nikahla Cavabdeh ilə ailə qurmuşdur. Həmin nikahdan xx.xx.2023-cü il təvəllüdlü X4 dünyaya gəlmişdir. Evliliyin ilk vaxtlarında mehriban yaşamışlar. Amma bir qədər sonra cavabdehin xasiyyətində ciddi dəyişiklər müşahidə etməyə başlamışdır. Ailəsi və ana bətnində olan övladı ilə maraqlanmır, tez-tez yerli-yersiz dava salır, ailə münasibətlərinə laqeyd yanaşır. Bütün bunlara son qoymaq üçün valideynləri işə qarışdırmaq məcburiyyətində qalmışdır. Hər dəfə onların tənbehlərindən sonra cavabdeh dəyişəcəyinə, ailəsinə və uşağına sahib çıxacağına söz versə də, bu “dəyişikliyi” çox qısamüddətli olmuşdur. Sonra aydın olmuşdur ki, bu artıq onda xasiyyət kimi formalaşıb. Həmin vaxtdan bəri bir dəfə də olsun uşağı ilə maraqlanmamış, onun heç bir ehtiyacını ödəməmişdir. Cavabdeh öz atalıq borcunu yerinə yetirməyərək uşağın qeydinə qalmır. Nə birgə yaşadıqları, nə də ayrı yaşadıqları dövrdə cavabdeh bir ata kimi uşağının səhhəti, onun ana bətnində sağlam yetişməsi üçün gündəlik tələbatları ilə maraqlanmamış, heç bir ehtiyacını ödəməmişdir. Buna görə də, uşağın ananın himayəsində qalması onun gələcəyi, sağlamlığı və tərbiyəsi üçün daha məqsədəmüvafiqdir. Uşaq anasının himayəsində qalmış, onun bütün maddi və mənəvi tələbatlarını təkbaşına ödəmişdir. Cavabdeh bir ata kimi körpə uşağının necə yaşaması və hansı maddi çətinliklərlə böyüməsi barədə maraqlanmamış, valideynin uşaqlarını saxlamaq vəzifəsini yadından çıxarmış və təəssüf ki, bu məsuliyyəti hələ də dərk etməmişdir. Uşaq körpə olduğundan o işləyə bilmir. Həmçinin, uşağın ana nəvazişindən başqa, digər maddi məsrəflərə də ehtiyacı vardır. Təbii ki, belə vəziyyətdə bütün bu xərclərin ödənilməsini o təkbaşına edə bilməz. Hazırda uşağın bütün maddi xərclərini onun valideynləri çəkir və onların himayəsində yaşayır. Uşaq yeni doğulmuş körpə olduğundan onun daima həkim müayinəsindən keçirilməsinə ehtiyac var. Odur ki, uşaq 3 yaşına çatanadək məhkəmə tərəfindən cavabdehdən hər ay əlavə olaraq 100 manat məbləğində pul tutulmalıdır. xx.xx.2023-cü il doğumlu X3 ana bətnində formalaşdığı ilk gündən doğulması, həmçinin doğumundan bu günədək bütün xərcləri o və validenynlərinin maddi dəstəyi ilə qarşılanmışdır. Orta hesabla rəsmi qəbzlərlə tərəfindən 4111,42 manat xəstəxana xərci və 361,89 manat olmaqla, ümumilikdə 4473,31 vəsait xərclənmişdir. Yenidoğulan uşağa görə əlavə olaraq 1330 manat pul xərclənmişdir. Cavabdeh bu xərclərin heç birində iştrak etməmişdir. Cavabdeh qanunvericiliyin tələbinə və mental dəyərlərə uyğun olaraq bir ata olaraq övladının bu maddi ehtiyacını qarşılamalı idi. Bir halda ki, bütün xərclər onun tərəfindən ödənilmiş, cavabdeh bu xərcləri ona qaytarmalıdır. Daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, Cavabdeh ilə arasında xx.xx.2022-ci ildə 2 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsində 054821 nömrəli reyestr qeydi ilə rəsmiləşən nikahdan doğulmuş yetkinlik yaşına çatmayan xx.xx.2023-cü il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatana qədər Cavabdeh əmək haqqı və sair gəlirinin ¼ hissəsində olmaqla alimentin, həmçinin hər ay əlavə 100 manat pulun və xx.xx.2023-cü il təvəllüdlü X3 doğum xərcləri qismində xərclənmiş 5803,31 (4473,31 manat rəsmi qəbzlə və əlavə 1330 manat) manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə iddia ərizəsinə qarşı etiraz ünvanlayaraq, etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehin bankda yüksək maaş aldığını bilərək və bir növ buna arxayın olaraq heç şübhəsiz ki, qanunla tutulan alimentin hamısını qızına deyil, öz şəxsi biznesinin inkişafına yönəldəcəyi də istisna olunmur. İddiaçı məşhur biznes sosial şəbəkəsi sayılan “İnstagramda “WearmeBaku” adlı səhifənin sahibidir və xeyli izləyiciləri olmaqla həmin səhifəni aktiv şəkildə istifadə edərək, əsasən geyim və digər malların satışını həyata keçirməklə aylıq təxminən 2000-3000 manat gazanc əldə etməkdədir. İddiaçı qeyd olunan səhifə vasitəsilə müxtəlif ölkələrdən, əsasən isə İngiltərə, Amerika, Almaniya və İtaliyadan brend mallar sifariş edərək, onların Azərbaycan Respublikasında satışını həyata keçirir. Buna baxmayaraq, iddiaçı əsassız şəkildə guya qazancı olmaması səbəbilə hər ay əlavə 100 manat pulun da onun xeyrinə tutulmasına nail olmaq istəyir. İddiaçıya məxsus “İnstagramda “WearmeBaku” adlı səhifədən əldə olunan fotolardan da göründüyü kimi, iddiaçı bütün hamiləliyi dövrü aktiv şəkildə kommersiya işi ilə məşğul olub və şəkillərin də hamısını anası evində çəkib. Qeyd olunan fotoların arasında hətta iddiaçıya məxsus İyuks avtomobilin yük hissəsinin necə mallarla dolu olması da öz təsdiqini tapır. Dövlət vətəndaşları üçün daimi islahatlar həyata keçirir və əhalinin demək olar ki, bütün səhiyyə xərcləri dövlət tərəfindən ödənilir. Bu isə onu deməyə əsas verir ki, şəxsi istəklərinə görə qadının hansısa bahalı özəl klinikada usaq dünyaya gətirməsi heç də o demək deyildir ki, ata həmin xərcləri birmənalı olaraq qarşılamalıdır. Məhkəmə iclasında çıxış edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 etiraz ərizəsinə uyğun izahat verərək, iddanın qismən, yəni alimentin əmək haqqının ¼ həcmində tutulması hissəsində təmin edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: AZ-T seriyalı, 054821 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında nikah xx.xx.2021-ci il tarixdə 2 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsində bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2778 nömrəli akt qeydi tərtib edilmişdir; AZ-İV seriyalı, 851357 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2023-cü il təvəllüdlü X4 doğlumuşdur; İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh etibarnamə üzrə nümayəndəsi Vəkil2 mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir; Fotoşəkillərdən görünür ki, İddiaçı “İnstagram” sosial şəbəkəsinin “WearmeBaku” səhifəsində qadın geyimlərinin onlayn ticarəti ilə məşğuldur; “X6” klinikasının ödəniş qəbzlərin surətindən görünür ki, İddiaçı 4473,31 manat məbləğində ödəniş etmişdir; Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “İddiaçı tərəfindən sadələşdirilmiş bəyannamə (elektron ticarət bəyannaməsi) təqdim etməklə gətirilən mallar” haqqında mlumatdan görünür ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək İddiaçı tərəfindən xarici ölkələrdən müxtəlif geyim və kosmetika malları gətirilmişdir; “AZEMİS” Elektron Məhkəmə sistemindən görünür ki, Cavabdeh "xxxx" ASC-də “baş mütəxəssis” vəzifəsində işləyir və əmək haqqısı 2080 manat təşkil edir. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından xx.xx.2023-cü il təvəllüdlü X4 anadan olmuşdur. Tərəflər arasında nikah pozulmasa da, tərəflərin münasibətləri pisləşmiş, artıq bir yerdə yaşamırlar, birgə təsərrüfat aparmırlar. Cavabdeh uşağın saxlanması xərclərində iştirak etmir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Məhkəmə cavabdehin müntəzəm qazanca malik olduğunu, alimentin valideynin qazancından müəyyən hissə kimi tutulmasının mümkün olduğunu, eyni zamanda uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini və cavabdehin iddianın həmin hissədə təmin edilməsi barədə ərizəsini nəzərə alaraq hesab edir ki, iddia həmin hissədə təmin edilməli, uşağın saxlanılması üçün aliment cavabdehin qazancından müəyyən hissə kimi, yəni bir uşağa görə hər ay qazancının və digər gəlirlərinin 1/4 hissəsi məbləğində aliment tutulmalıdır. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Belə ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Bu əsasla da, məhkəmə hesab edir ki, alimentin tutulması xx.xx.2023-cü il tarixdən başlayaraq hesablanmalıdır. Məhkəmə iddianın uşağın doğumu ilə əlaqədar müalicəsi və dərmanları üçün çəkilmiş xərcin əvəzinin ödənilməsi hissəsində qeyd edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 81-ci maddəsinə müvafiq olaraq, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Göründüyü kimi uşağın saxlanılması, qayğısına qalınması və tərbiyə edilməsi hər iki valideynin borcu olduğundan, xx.xx.2023-cü il təvəllüdlü X3 doğumu ərəfəsində müalicə və dərmanları üçün çəkilmiş xərcdə valideyn kimi cavabdeh də iştirak etməlidir. İş materiallarından görünür ki, uşağın doğum xərcləri qismində 4473,31 manat xərc cəkilmiş və həmin xərci çəkmək hər iki valideynin borcu olduğundan, 4473,31 manatın yarısı, yəni 2236,65 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə hesab edir ki, doğum xərci qismində çəkilmiş əlavə 1330 manata dair iddiaçı tərəfindən hər hansı sübut təqdim edilmədiyindən, iddia həmin hissədə təmin edilməməlidir. İddia tələbinin cavabdehdən tərəflərin birgə nikahından doğulmuş xx.xx.2023-cü il təvəllüdlü X3 3 yaşına çatanadək hər ay 100 manat məbləğində pul tutulması hissəsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Ailə Məcəlləsinin 84.1, 84.2.2 və 86-cı maddələrinə müvafiq olaraq ər və arvad birbirinə maddi cəhətdən kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Qanunvericilik normalarının məzmunundan göründüyü kimi, uşağın doğulduğu gündən üç il ərzində arvad ərdən maddi cəhətdən kömək göstərməsini tələb edə bilər. Lakin bu cür alimentin təyin edilməsi üçün qanunverici mühüm şərt kimi qarşı tərəfin zəruri vəsaitə malik olmasını müəyyən etmişdir. Bu baxımdan cavabdehin qanunvericinin tələb etdiyi zəruri vəsaitə malik olması ilə bağlı iddiaçının məhkəməyə hər hansı bir sübut təqdim edə bilməməsini, cavabdehin isə buna etiraz edərək həmin alimentin təyin edilməsinin onu çətin maddi vəziyyətə düşməsinə səbəb ola biləcəyinə dair dəlillərini, eyni zamanda iddiaçının onlayn ticarətlə məşğul olaraq qazanc əldə edilməsini, həmçinin hər ay cavabdehin yüksək qazancının və digər gəlirlərinin 1/4 hissəsi məbləğində aliment təyin edilməsini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırda ödənilmiş dövlət rüsumuna dair tələb olmadığından, məhkəmə hesab edir ki, dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2-ci maddəsinə müvafiq olaraq şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməli, xx.xx.2023-cü il təvəllüdlü X3 doğumu ilə əlaqədar müalicəsi və dərmanlar üçün çəkilmiş xərcin əvəzi olaraq 2236,65 manat məbləğində vəsait Cavabdeh tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220, 234, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. xx.xx.2023-cü il təvəllüdlü X3 doğumu ilə əlaqədar müalicəsi və dərmanlar üçün çəkilmiş xərcin əvəzi olaraq 2236,65 manat məbləğində vəsait Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Aliment tutulmasına dair hissədə qətnamə dərhal icra edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar