Məhkəmə qərarları › İş №e-2(005)-2005/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2005/2023

07.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2005/2023 07.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı X4 nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh X5 vəkili Vəkil2 iştirakları ilə, İddiaçı X4 cavabdeh X7 qarşı aliment miqdarının dəyişdirilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X8 cavabdeh X7 qarşı aliment miqdarının dəyişdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X1 üçün (işdən çıxdığı xx.xx.2023-cü il tarixdən hesablanmaqla) hər ay 200 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh X10 ilə xx.xx.2015-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahından xx.xx.2015-ci il təvəllüdlü X12 doğulmuşdur. Nikah Nərimanov Rayon Məhkəməsinin 2(005)-2112/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X9 anasının yanında saxlanılması və onun yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2018-ci il tarixdən başlayaraq X3 hər ay 154 manat sabit pul məbləğində alimentin alınaraq X7 verilməsi qət edilmişdir. Bundan sonra X10 “alimentin artırılması və əlavə xərc” tələbinə dair yenidən məhkəməyə müraciət etmiş, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 3350/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə X3 qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, xx.xx.2015-ci il təvəllüdlü X12 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarı artırılaraq X4 hər ay qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında aliment, xx.xx.2015-ci il təvəllüdlü X9 müalicəsinə görə hər ay 357 manat sabit pul məbləğində əlavə xərc tutularaq X7 ödənilməsi qət edilmişdir. Hazırda o işsizdir, 2022-ci ilin dekabr ayından işdən çıxmışdır. Belə olduğu halda onun hər ay qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında aliment hissəsinin icrası mümkün deyildir. Məhkəmə iclasında iddiaçı X4 nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh X5 vəkili Vəkil2 iddianın əsassız olduğunu qeyd edərək, uşağın xəstəliyi ilə əlaqədar xərclər çox olduğundan, aliment sabit pul məbləğində tutulduğu halda 300 manat məbləğində müəyyən edilməsini xahiş etdi. İş materiallarında olan: Bakı Şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-3350/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-2112/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, cavabdeh X3 qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, xx.xx.2015-ci il təvəllüdlü X12 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarı artırılaraq X4 hər ay qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında aliment, xx.xx.2015-ci il təvəllüdlü X9 müalicəsinə görə hər ay 357 manat sabit pul məbləğində əlavə xərc tutularaq X7 ödənilməsi qət edilmişdir; AZ-İİİ seriyalı, 670123 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2015-ci il təvəllüdlü X12 doğulmuşdur; X4 xx.xx.2022-ci il tarixli işdən çıxma haqqında məktubunun tərcüməsinin surətindən görünür ki, “marketinq mütəxəssisi” vəzifəsindən azad olunmasını xahiş etmiş və son iş gününün xx.xx.2022-ci il tarixi olmasını qeyd etmişdir; Sosial arayışın surətindən görünür ki, X2 Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyində “marketing menecer” vəzifəsinə xx.xx.2022-ci il tarixdə işə qəbul olmuş və əmək müqaviləsi xx.xx.2023-cü il tarixdə qüvvədən düşmüşdür; “Kontra” Koreya Respublikası Səfirliyinin Ticarət Şöbəsinin xx.xx.2023-cü il tarixli, KTR/AZ023-28 saylı arayışından görünür ki, X8 “Kontra” Koreya Respublikası Səfirliyinin Ticarət Şöbəsində xx.xx.2023-cü il tarixdən işləmir; İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, X10 xx.xx.2023-cü il tarixdə keçirilmiş ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin birgə nikahda olmaları, onların bu nikahdan bir övladının doğulması, tərəflərin ailə münasibətləri baş tutmadığından, aralarındakı nikahın pozulması, uşağın cavabdehin yanında saxlanılmasını və uşağın saxlanılması üçün iddiaçıdan cavabdehin xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-3350/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə X3 xx.xx.2015-ci il təvəllüdlü X12 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarı artırılaraq X4 hər ay qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında aliment, xx.xx.2015-ci il təvəllüdlü X9 müalicəsinə görə hər ay 357 manat sabit pul məbləğində əlavə xərc tutularaq X7 ödənilməsi qət edilmişdir. Hazırda iddiaçı işləmədiyini, aylıq sabit qazancının olmadığı bildirərək, müəyyən edilmiş alimentin sabit formada tutulmasını xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin qismən edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşaqların barəsində bərabər hüquq və vəzifələri vardır. Uşaq qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi hüquqlarının təmin etdirilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İddia tələbinin qanuni əsası kimi çıxış edə biləcək yuxarıda qeyd olunan normanın mənasından göründüyü kimi alimentin miqdarının dəyişdirilməsi məsələsi o halda həll oluna bilər ki, alimentin məbləği müəyyən ediləndən sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olsun. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən, 1 uşağa görə - qazancın (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarında aliment tutulur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericilklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Ali Məhkəmənin Plenumunun adıçəkilən Qərarının 8.14-cü bəndinə görə, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq qeyd edir ki, iddiaçıdan birgə nikahdan doğulmuş uşağın saxlanılması üçün tutulan aliment əmək müqaviləsi mövcud olduğundan qazancın (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarında tutulmuşdur. Lakin hazırda iddiaçı işləmədiyi və sabit qazancının olmadığı üçün alimenti onun qazancının bir hissəsindən tutmaq mümkün deyildir. Bu isə öz növbəsində məhkəmə qətnaməsiniin icrasını mümkünsüz edir və uşağın mənafeyinə ziddir. Həmçinin iddiaçı alimentin 200 manat sabit pul məbləğində müəyyən edilməsini xahiş etsə də, 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmiş və məhkəmə alimentin həmin məbləğdə müəyyən edilməsini daha məqbul hesab edir. Bundan başqa iddiaçı dəyişdirilmiş alimentin tutulmasını onun işdən azad olduğu tarixdən, yəni xx.xx.2023-cü il tarixdən hesablanmasını xahiş edir, lakin qanunvericilikdə dəyişdirilmiş alimentin məbləği bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablandığı qeyd edilmişdir. Nəzərə alınmalıdır ki, iddiaçı xx.xx.2023-cü il tarixdən işdən azad olduğu və həmin tarixdən rəsmi gəlir və ya qazancının olmadığı üçün alimentin onun gəlir və ya qazancının bir hissəsindən tutulması mümkün deyildir. Odur ki, dəyişdirilmiş alimentin xx.xx.2023-cü tarixdən tutulması uşağın mənafeyinə zidd olmadığı üçün məhkəmə hesab edir ki, aliment həmin tarixdən hesablanmaqla, qətnamə qüvvətə mindiyi tarixdən tutulmalıdır. Həmçinin cavabdeh uşağın xəstəliyi ilə əlaqədar olaraq alimentin 300 manat sabit pul məbləğində tutulmasını tələb etsə də, məhkəmə qeyd edir ki, alimentin həmin məbləğdə təmin edilməsi cavabdehin üzərinə icrası mümkün olmayan öhdəliyin qoyulması ilə nəticələnə bilər. Bundan başqa üşağın müalicəsinə görə hər ay 357 manat sabit pul məbləğində əlavə xərc X3 tutularaq X7 ödənilir. Göründüyü kimi uşağın xəstəliyi ilə əlaqədar müalicəsi üçün ayrıca pul tutulur. Hazırda həmin məbləğ mübahisə edilmir və uşağın müalicəsinə görə müəyyən edilmiş hər ay 357 manat sabit pul məbləğində əlavə xərcə toxunulmur. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutları və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli və Bakı Şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-3350/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş X4 hər ay qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında alimentin miqdarı dəyişdirilərək, xx.xx.2023-cü il tarixdən başlayaraq, tərəflərin birgə nikahından xx.xx.2015-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində aliment iddiaçıdan tutularaq cavabdehə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Bakı Şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-3350/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş X4 hər ay qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında alimentin miqdarı dəyişdirilsin. xx.xx.2015-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində aliment X6 tutularaq X7 ödənilsin. Yeni məbləğdə alimentin tutulma (dəyişdirilmə) vaxtı xx.xx.2023-cü il tarixdən hesablanmaqla, qətnamə qüvvəyə mindiyi tarixdən tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada veridiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar