Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2052/2025 29.12.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh MTK-nın nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı çatışmayan sahəyə görə pul ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 77.525 manat pulun və 322,58 manat dövlət rüsumunun Cavabdeh MTK-dən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən, İddiaçı mülkiyyətində olan fərdi yaşayış evi AR Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı qərarına əsasən Cavabdeh MTK tərəfindən sökülmüşdür. İddiaçı ilə Cavabdeh MTK arasında xx.xx.2018-ci il tarixli 16/24 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1ci bəndinə əsasən Cavabdeh MTK sökülən əmlakın əvəzinə 1 ədəd 123,83 kv.m sahədən ibarət 3 otaqlı təmirli mənzili yeni tikilən 2 nömrəli binanın 8-ci mərtəbəsində və 1 ədəd 124,38 kv.m sahədən ibarət 3 otaqlı təmirli mənzili yeni tikilən binanın 7-ci mərtəbəsində İddiaçı sərəncamına verməyi öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixində DƏDRXdən həmin mənzillərə dair müvafiq olaraq ********** və ********** saylı çıxarışlar və texniki pasportlar alınmışdır. Bundan sonra İddiaçı məlum olmuşdur ki, mənzilin ümumi sahəsi 123,83 kv.m deyil, 108,60 kv.m, 124,38 deyil, 108.60 kv.m-dir. Halbuki xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən mənzillərin ümumi sahəsi 123,83 kv.m və 124,38 kv.m olaraq qeyd olunmuşdur. Müqavilədə qeyd olunmuş kv.m-lə faktiki olaraq İddiaçı təhvil verilmiş mənzilin kv.m-i arasında müvafiq olaraq hər mənzildə 15,23 kv.m və 15,78 kv.m fərq mövcuddur. 123,83- 108,6=15,23 kv.m, 124,38-108,6=15,78 kv.m. Hal-hazırda, qeyd olunan binada mənzillərin orta qiyməti 2500 manat təşkil edir (15,23x2500=38.075 manat, 15,78x2500=39.450 manat.). Göründüyü kimi, İddiaçı ümumilikdə, 77.525 manat ziyan dəymişdir. Mübahisənin kökündə duran mənzilin sahəsi məsələsi və onun necə hesablanması tərəflərin bağladıqları müqavilədə aydın şəkildə qeyd olunmuşdur. Yəni, cavabdeh tərəfin iddiaçıya satmağı öhdəsinə götürdüyü mənzillərin ümumi sahəsi 123,83 və 124,38 kv.m-dir (1.1-ci bənd). Mənzilin yaşayış, yardımçı, balkon və sxemə uyğun divaraltı sahələr nəzərə alınmadan cavabdehin müqaviləni əhəmiyyətli dərəcədə pozması, alıcıya şərtləşdirilmiş qaydada deyil, daha az sahəli mənzil satması nəticəsində İddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatandan xeyli dərəcədə məhrum olmuşdur. Cavabdeh MTK etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, adı çəkilən mənzillər iddiaçıya hər hansı bir məbləğə satılmamış, ondan pul alınmamış, həmin ərazidə ona məxsus, ümumi sahəsi 132 kv.m qəzalı vəziyyətdə olan mənzilin söküldüyünə qarşılıq verilmişdir. Cavabdeh tərəf mənzili iddiaçıya çıxarış əsasında, alğı-satqı ilə deyil, mənzili tikib, ona təhvil verəcəyi öhdəçiliyi üzrə ilkin müqavilə əsasında vermişdir. Bununla bağlı tərəflər arasında, şərtləri mübahisələndirilməyən xx.xx.2018-ci il tarixli, 16/24 nömrəli müqavilə mövcuddur. Cavabdehin hüquqi forması mənzil-tikinti kooperativi olduğundan, iddiaçının özü də aldığı mənzil payı ilə MTK-nın üzvüdür. Mənzil sahələrinə üzvlərlə müqavilə bağlanılan zaman, mənzilin sahəsi binaya təsdiqlənmiş layihə əsasında müəyyən edilir. Mənzilin tikintisinə daxil edilən sahənin ölçüləri də ayrı-ayrılıqda deyil, ümumi sahəsi tərəflər arasında bağlanmış müqavilənin 1.1-ci bəndində razılaşdırılmışdır. Mübahisələndirilən mənzillər iddiaçıya müqavilədə şərtləşdirilmiş forma və ölçüdə verilmişdir. Təhvil zamanı da mənzillərin hər birinin yerində faktiki ölçülməklə ümumi sahəsi müəyyən edilmişdir. Fərq müəyyən edilməmiş və hər hansı irad daxil olmamışdır. Belə ki, tərəflər arasında mənzilin verilməsi ilə bağlı münasibətlər onlar arasında bağlanmış müqavilə əsasında yaranmışdır. Mənzilin ölçüləri də müqavilə əsasında müəyyən edilmişdir. Mənzilə çıxarışda qeyd olunan sahənin ölçüləri isə tərəflər arasında olan müqavilə şərtləri əsasında deyil, yalnız əsas faydalı sahələrlə müəyyən edilir. Mənzilin eyvanların sahəsinin 3 faiz hissəsi nəzərə alınmaqla, ara divarlarların yerləşdiyi sahələr, təmir zamanı divara qatılan hissələr, qapı və pəncərə yerləri isə mənzilin ölçüsünə daxil edilmir. Məhz müqavilədə qeyd olunan ölçülərlə, çıxarışda göstərilən ölçülər arasında fərqlər buradan meydana gəlir. Tərəflərin iddia tələbi, etirazları, mənzilə sonradan verilmiş çıxarışla deyil, aralarında razılaşdıqları müqavilədən irəli gələn hüquq, vəzifələr və öhdəliklərdən qaynaqlanmalıdır. İddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdeh MTK həmçinin məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək qeyd etmişdir ki, iddiaçının istinad etdiyi dəlillər tərəflər arasında mövcud olmuş xx.xx.2018-ci il tarixli 16/24 saylı müqavilədən irəli gələn müqavilə münasibətləridir. Tələb müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası ilə bağlıdır. İddia ərizəsi məhkəməyə xx.xx.2025-ci il tarixdə daxil olmuşdur. Tərəflər arasında müqavilə 7 il bundan əvvəl bağlanmış, müqavilənin müddətinin başa çatması kimi şərtləşdirilmiş, adı keçən iki ədəd mənzilin təhvil verildiyi xx.xx.2020-ci il tarixdən isə artıq 5 il müddət ötdükdən sonra iddia ərizəsi verilmişdir. Mülki mübahisələrlə bağlı iddia müddətləri təsbit olunmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinin tələblərinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Ona görə də qətnamə çıxarılan zaman, iddianın rəddi üçün işdə mövcud yetərincə dəlillər və hallarla yanaşı, müddətin keçməsi ilə bağlı məsələni də nəzərə alıb, iddia müddətinin tətbiq edilməsini və ötürüldüyü əsasdan da iddianın rədd olunmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizəyə eiraz ünvanlayaraq qeyd etmişdir ki, iddiaçı ilə hazırki münasibətlərə iddia müddəti tətbiq oluna bilməz. İddiaçı ona təhvil verilmiş mənzillərin ölçülərinin düzgün olmaması barədə yalnız həmin mənzillərə çıxarış alan zaman məlumatlı olmuşdur. Mübahisəli mənzillərə çıxarış isə xx.xx.2023-cü il tarixində alınmışdır. Göründüyü kimi, mənzillərin sahələrinin müavilədən fərqli olması barədə İddiaçı 2023-cü ilin may ayından məlumatlı olmuşdur. Məhkəməyə isə 3 illik müddət keçmədən xx.xx.2025-ci il tarixində müraciət etmişdir. AR Mülki Məcəlləsinin və Ali Məhkəmənin formalaşdıırdığı hüquqi mövqeyə görə tikinti şirkəti ilə mülkiyyətçi arasındakı münasibətlərə podrat müqaviləsinin şərtləri tətbiq olunur. Qanunvericiliyə əsasən də bu müddət 5 il təşkil edir. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MTK-nın nümayəndəsi X3 iddia tələbinə etiraz edərək, iddia müddətinin tətbiq edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 16/24 nömrəli mənzilin alğı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh MTK Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı qərarına əsasən Bakı şəhəri, Nərimanov rayonu ərazisində qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi fəaliyyət çərçivəsində, ünvan 2 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan mənzilin söküntüsünü, eləcə də həmin ərazidə yeni hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirir və eyni zamanda “Mülkiyyətçi”-nin söküntüsü nəzərdə tutulan binada mülkiyyətində olan 132 kv.m metrdən ibarət yaşayış sahəsinin əvəzinə 1 (bir) ədəd 123,83 kv.metrdən ibarət 3 (üç) otaqlı təmirli mənzili yeni tikilən 2 nömrəli binanın 8-ci mərtəbəsindən və 1 (bir) ədəd 124,38 kv.metrdən ibarət 3 otaqlı təmirli mənzili yeni tikilən binanın 7-ci mərtəbəsindən “Mülkiyyətçi”-nin sərəncamın verməyi öhdəsinə götürür; - "xxxx" MTK-nin sədr müavini X4, icraçı direktor X5, X2, evi təmir olunan sakin İddiaçı və təmir işlərini aparan fiziki şəxs X7 tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli aktların surətindən görünür ki, "xxxx" MTK-nın Bakı şəhəri, Xan Şuşinski və Mövsüm Sənani küçələrinin kəsişdiyi yerdə tikdiyi 16 mərtəbəli yaşayış binasında, sakin İddiaçı verilən, xx.xx.2018-ci il tarixli 16/24 saylı müqaviləyə əsasən Bina 2. 8-ci mərtəbə, 47 nömrəli, 123.83 m2, 3 otaqlı mənzildə təmir işləri bütövlükdə tam başa çatmışdır və ev yiyəsinə təhvil verilmişdir. Həmçinin Bina 2, 7-ci mərtəbə. 40 nömrəli, 124.38 m2, 3 otaqlı mənzildə təmir işləri bütövlükdə tam başa çatmışdır və ev yiyəsinə təhvil verilmişdir İddiaçı ona verilən təmirli mənzillərə görə tikinti şirkətinə heç bir iradı və etirazı olmadığını bildirmişdir; - ƏMDK yanında DƏDRX-in çıxarışından görünür ki, ünvan 3 ünvanında yerləşən 108,60 kv.m sahəsi olan mənzil İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə xx.xx.2023-cü il tarixində qeydə alınmışdır; - ƏMDK yanında DƏDRX-in çıxarışından görünür ki, ünvan 4 ünvanında yerləşən 108,60 kv.m sahəsi olan mənzil İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə xx.xx.2023-cü il tarixində qeydə alınmışdır; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10/3681 saylı, xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, ünvan 5 ünvanında yerləşən mənzilin faktiki sahəsinin (müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan) 111,9m² və Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, 147, M7 m3 ünvanlarında yerləşən mənzilin faktiki sahəsinin (müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan) 112,4m² təşkil etdiyi müəyyən edilmişdir. ünvan 5 ünvanında yerləşən mənzilin ümumi sahəsi "Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması qaydaları" nəzərə alınmaqla (əmsallar tətbiq edilməklə) 108,6m² və ünvan 6 ünvanlarında yerləşən ümumi sahəsi "Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması qaydaları” nəzərə alınmaqla (əmsallar tətbiq edilməklə) 109,1m² təşkil edir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər xx.xx.2018-ci il tarixdə ünvan 2 ünvanında yerləşən iddiaçıya məxsus mənzilin söküntüsünü, eləcə də həmin ərazidə yeni hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa ediləcək binada iddiaçının mülkiyyyətinə 2 ədəd mənzil verməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən mənzillərin sahəsi 123,83 kv.m. və 124,38 kv.m müəyyən edilmiş, çıxarışda isə mənzillərin sahəsi 108,6 kv.metr göstərilmişdir. İddiaçı müqavilə üzrə təhvil verilməli olan 123,83 kv.m və 124,38 kv.m sahəsi olan mənzillərin təhvil verilmədiyinə istinad edərək, çatışmayan sahəyə görə 77525 manat pulun cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtləri və tərəflərin müqavilə üzrə üzərinə götürdükləri öhdəliklərin xarakteri onu deməyə əsas verir ki, tərəflər arasında podrat münasibətləri mövcud olmuşdur. Belə ki, müqavilənin şərtlərinə əsasən cavabdeh binanın tikinti işlərini tam başa çatdırdıqdan sonra mənzilləri alıcıya təhvil verməyi, iddiaçı isə müqaviləyə əsasən mülkiyyətində olan evi sökülməsi üçün Cavabdeh MTK-ya təhvil verməyi və müəyyən olunmuş şərtlər daxilində inşa ediləcək yeni binada 2 ədəd 3 otaqlı təmirli mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 390.4-cü maddəsinə uyğun olaraq, tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Eyni Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə qeyd edir ki, hazırki müqavilə mahiyyət etibarı ilə müxtəlif müqavilələrin ünsürlərini özündə əhatə edən qarışıq müqavilə kimi qiymətləndirilsə də, müqavilədəki şərtlər əsasən podrat münasibətlərinin elementlərini özündə əks etdirir. Qeyd edilənlər baxımından işin düzgün həlli üçün əhəmiyyət kəsb edən mübahisəli hal podratçının müqavilə öhdəliklərini pozaraq sifarişçiyə miqdar (mənzilin sahəsinin həcmi) baxımından qüsurlu mal verib-verməməsinin müəyyənləşdirilməsidir. Belə ki, iddia tələbinin qanuni əsasını təşkil edən Mülki Məcəllənin 752.1, 762.1 və 766-cı maddələrinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər. Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarını müəyyən edən Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2 və 59.3-cü maddələrinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması” Qaydalarının 3.8-ci bəndinə əsasən mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) - 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. Nəzərə alınmalıdır ki, əgər tərəflər arasında bağlanmış müqavilədə başqa qayda nəzərdə tutulmamışdırsa, hesablamaların divarların çöl tərəfindən aparılması, habelə arakəsmə divarlarının altındakı sahələrin nəzərə alınması sifarişçinin mənafeyinə zidd olduğu kimi, mövcud olan balkon, terras və bu kimi digər sahələrin əmsallarla real ölçülərindən az həcmdə hesablanması da podratçının mənafeyinə uyğun olmamaqla, tərəflər arasında yaranmış müqavilə hüquq münasibətlərinin məzmunundan kənara çıxma və onunla ziddiyyət təşkil etməklə nəticələnə bilər. Hazırki iş üzrə tərəflər arasında bağlanmış müqavilədə mənzilin sahəsinin hesablanmasının xüsusi qaydası müəyyən edilməmişdir. Bu baxımdan mənzilin sahəsi qanunvericilik normalarının tələblərinə uyğun olaraq hesablanmalıdır. Məhkəmə qeyd edir ki, hər bir müqavilənin spesifik xüsusiyətlərindən asılı olaraq həmin müqavilə üçün mühüm hesab edilən şərtlər mövcuddur. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Tərəflər arasında bağlanmış müqavilələrdə mənzilin sahəsi ilə bağlı razılaşma həmin müqavilənin mühüm şərtidir. Ona görə özünün yaşayış şəraitini yaxşılaşdırmaq üçün mənzil satın alan şəxsin bağladığı müqavilədə mənzilin sahəsi müqavilənin mühüm şərti hesab edilir. Mübahisələndirilən müqavilədə isə mənzilin sahəsinin və həcminin mövcud qanunvericilikdən fərqli qaydada hesablanması nəzərdə tutulmamışdır. Hazırkı işdə iddiaçı, mübahisəli hala dair sübut kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışa istinad edərək, ona müqavilədə nəzərdə tutulduğundan az sahəsi olan (hər mənzil üçün 15,23 kv.m və 15,78 kv.m az) mənzillərin verildiyini bildirmişdir. Müqavilə şərtlərinin məcburiliyini nəzərə alaraq, təhvil verilən mənzillərin müqavilə şərtlərinə uyğunluğunun müəyyən edilməsi məqsədilə məhkəmə tərəfindən tikinti-texniki ekspertizası təyin edilmişdir. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsasən, ünvan 5 ünvanında yerləşən mənzilin ümumi sahəsi 111,9 m² və Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, 147, M7 m3 ünvanında yerləşən mənzilin faktiki sahəsi (müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan) 112,4 m² təşkil edir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırki işdə olan ekspert rəyinin qeyri-mötəbər olması ilə bağlı hər hansı əsas iş materiallarında mövcud deyildir. Beləliklə, ekspert rəyindən də göründüyü kimi iddiaçıya müqavilə şərtlərində göstərilən sahədən nisbətən az sahəsi olan mənzillər verilmişdir. Belə ki, müqavilədə mənzillərin sahəsi 123,83 kv.m və 124,38 kv.m. göstərilmiş, ekspert rəyi ilə ünvan 5 ünvanında yerləşən mənzilin 111,9 kv.m, ünvan 6 ünvanında yerləşən mənzilin isə 112.4 kv.m olduğu müəyyən edilmişdir. Lakin iddia müddəti ötürüldüyündən iddia həmin hissədə də təmin edilə bilməz. Belə ki, iddia müddətinin anlayışını və başlanma anını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1 və 377.1-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Mülki Məcəllənin 773 və 776.1-ci maddələrinə görə, əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Göründüyü kimi, göstərilən norma podrat müqaviləsi üzrə sifarişçinin icranın qüsuru barəsində tələbləri üzrə iddia müddətinin axımını işin qəbul edildiyi günlə əlaqələndirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu iddia müddəti institutunun mahiyyətinə, qanunvericilikdə təsbit edilmə məqsədinə və yerinə yetirdiyi hüquqi funksiyaya aydınlıq gətirməklə göstərmişdir ki, iddia müddəti institutu tələb haqlarına şamil olunmaqla mülki münasibət iştirakçılarına pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsi (borclunun öhdəliyini icra etməyə məcbur edilməsi) imkanının müəyyən müddətlə (zaman kəsiyi) məhdudlaşdırılmasını nəzərdə tutur. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarlar). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Stanyo Belçikaya qarşı” iş üzrə 07 iyul 2009-cu il tarixli Qərarında iddia müddətinin məqsədi ilə bağlı göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir Məhkəmə iddiaçının mənzilin sahəsinin müqavilə ilə nəzərdə tutulduğundan az verilməsindən yalnız çıxarış aldıqdan sonra məlumatlı olması barədə dəlilini əsaslı hesab etmir. Belə ki, cavabdeh tərəfindən təqdim edilmiş sübutlarla müəyyən edilir ki, mübahisələndirilən mənzillər iddiaçıya xx.xx.2020-ci il tarixdə aktlara imza edilməklə təhvil verilmişdir. İddiaçı da məhkəmə iclasında bunu qəbul etmişdir. Mənzillərə dair çıxarış xx.xx.2023-cü il tarixdə alınmışdır. İddiaçı isə mənzil ilə bağlı iddianı xx.xx.2025-ci il tarixində, 5 il tamam olduqdan sonra məhkəmədə qaldıraraq mübahisələndirmişdir. Nəzərə alınmalıdır ki, mənzil, sahibinə təhvil verildikdən sonra o, ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirməklə mənzilin müqavilədə göstərilən ölçülərə uyğun olubolmadığını vaxtında yoxlamalıdır. Lakin iddiaçı qeyd edilən tədbirlərdən heç birini görməmiş, bununla da yuxarıda göstərilənləri tələb etmək hüququnu itirmişdir. Mülki məhkəmə icraatının prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Başqa sözlə, mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır (Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.3 və 217.4-cü maddələri). Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh MTK-ya qarşı çatışmayan sahəyə görə pul ödənilməsi tələbinə dair iddiası təmin edilməməli və iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı çatışmayan sahəyə görə pul ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(005)-2052/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2052/2025
29.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver