Məhkəmə qərarları › İş №e-2(005)-2079/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2079/2023

18.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2079/2023 18.07.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (Nərimanov rayon İcra Hakimiyyətinin Övladlığa Götürmə, Qəyyumluq və Himayəçilik Komissiyası müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “valideynlik hüququnun bərpa edilməsi” tələbinə dair iddia ərizəsi üzrə işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “valideynlik hüququnun bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun 17 fevral 2007-ci il təvəllüdlü X2 münasibətdə valideynlik hüquqlarının bərpa edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə 14. 01.2006-cı il tarixdə rəsmi nikah bağlayaraq ailə həyatı qurmuşdur. Həmin nikahdan xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdülü X6 adlı iki övladları dünyaya gəlmişdir. Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 2(006)-5899/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə onun 17 fevral 2007-ci il təvəllüdlü X2 və 09 iyun 2010-cu il təvəllüdlü X5 münasibətdə valideynlik hüququndan məhrum edilməyi qət edilmişdir. Lakin hal hazırda X9 öz yanında qalır. Ona görə də onun 17 fevral 2007-ci il təvəllüdlü X2 münasibətdə valideynlik hüquqlarının bərpa edilməsini istəyir. Bildirir ki, xx.xx.2023-cü il tarixdə keçirilən mediasiya prosesində İddiaçı Cavabdeh ilə valideynlik hüququnun bərpa edilməsinə dair xx.xx.2023cü il tarixli, MŞS/ MT030/2023/00322-saylı barışıq sazişi imzalamışdırlar. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili bildirmişdir ki, iddiaçı ilə cavabdehin nikahları 2018-ci ildə pozulmuşdur, birgə nikahdan iki övladları var və cavabdeh hər iki övlada münasibətdə valideynlik hüququndan məhrum edilmişdir, tərəflərin qarşılıqlı razılaşması əsasında oğlan övladı atasını istəyir və ona münasibətdə valideynlik hüququnun bərpa edilməsinə etiraz etmirlər. Cavabdeh oğlan övladı ilə bacara bilmir, cavabdehin ikinci nikahdan bir qız övladı var. Rəsmi nikahdan olan əri ilə oğlan arasında dəfələrlə münaqişələr yaranır. Əvvəlki məhkəmə iclasında iştirak etmiş xx.xx.2007-ci il təvəllüdlü X4 bildirmişdir ki, 16 yaşı var, hazırda Sumqayıt şəhərində oxuyur və ali məktəbə daxil olmaq üçün məşğələlərə gedir, Pirşağı qəsəbəsində anasınının atası ilə birgə yaşayır, anası uşaqlıqda ona travma yaşatmış, üstünə qışqırmış və vurmuşdur, anası və atası ayrıldıqdan sonra anası ilə yaşayanda narahatçılıq hissi keçirir, atasını çox istəyir və onunla yaşamaq istəyir. İddiaçı xx.xx.2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılaraq, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə İddiaçı iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış söbutların məcmusuna hüquqi qiymət verib, hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş: - Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-5899/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı 17 fevral 2007-ci il təvəllüdlü X2 və 09 iyun 2010-cu il təvəllüdlü X5 münasibətdə valideynlik hüququndan məhrum edilməsi qət edilmişdir. - Azərbaycan Respublikası Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2019-cu il tarixli 257 №-li Sərəncamından görünür ki, doğum haqqında akt qeydləri kitabının xx.xx.2007-ci il tarixli 531 nömrəli və xx.xx.2010-cu il tarixli 1633 nömrəli qeydlərində dəyişiklik edilmiş. xx.xx.2007-ci il təvəllüdlü X1 və xx.xx.2010-cu il təvəllüdlü X3 Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli AZ-İİİ seriyalı 333946 nömrəli və xx.xx.2010-cu il tarixli AZ-İİ seriyalı 483163 nömrəli Doğum haqında şəhadətnamələrin “Soyadı” qrafasında yazılmış İsmayılzadə soyadı Mahmudova soyadı ilə əvəz olunaraq, onlara yeni şəhadətnamələrin verilməsinin təmin edilməsi qərara alınmışdır. - Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-İV seriyalı 280953 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2007-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası İddiaçı, anası Cavabdehdır. - İddiaçı və Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhərində Mediasiya Təşkilatında bağlanmış Barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışıq sazişi bağlamışdırlar: - Mediasiya prosesində Cavabdeh nümayəndə/vəkili Vəkil İddiaçı 17 fevral 2007-ci il təvəllüdlü X2 olan valideynlik hüququnun bərpa edilməsinə etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.3-cü maddəsinə əsasən hər bir uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən, valideynlərin (onlardan birinin) həyat tərzi, əxlaqı, uşağın tərbiyəsinə münasibətləri dəyişdikdə, valideynlik hüquqları bərpa edilir. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən, valideynlik hüquqlarının bərpası valideynlik hüquqlarından məhrum edilmiş valideynlərin (onlardan birinin) ərizəsinə əsasən məhkəmə yolu ilə həll edilir. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən, valideynlik hüquqlarının bərpası işinə müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə baxılır. Həmin Məcəllənin 67.6-cı maddəsinə əsasən, uşaq 10 yaşına çatmışsa, ancaq onun razılığı ilə valideynlik hüquqları bərpa edilə bilər. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən valideynlik hüquqlarından məhrumetmə məhkəmə qaydasında həll edilir. “Qnaore Fransaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında qeyd edilir ki, uşağın ailəsi ilə əlaqələrinin onun üçün münasib hesab edilmədiyi hallar istisna olmaqla, uşağın maraqları onun ailəsi ilə əlaqələrinin qorunub saxlanmasını tələb edir. Buradan belə nəticə çıxır ki, ailə əlaqələri yalnız son dərəcə müstəsna hallarda kəsilə bilər və şəxsi münasibətlərin qorunub saxlanması və məqsədəuyğun hallarda ailə münasibətlərinin "bərpa edilməsi" üçün mümkün olan hər şey edilməlidir. İş materiallarından və tərəfin izahatından görünür ki, tərəflərin rəsmi nikahdan xx.xx.2007-ci il təvəllüdlü X4 və 09 iyun 2010-cu il təvəllüdlü X6 adlı iki uşaqları vardır, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-5899/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə İddiaçı 17 fevral 2007-ci il təvəllüdlü X2 münasibətdə valideynlik hüququndan məhrum edilmişdir. Hazırda İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2007-ci il təvəllüdlü X2 münasibətdə valideynlik hüquqlarının bərpa edilməsini xahiş edir. Cavabdeh isə mediasiya prosesində və məhkəmə iclasında iddianı etiraf etmiş, iddia tələbinin təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında 10 yaşına çatmış xx.xx.2007-ci il təvəllüdlü X4 atasını çox istədiyini və onunla yaşamaq istədiyini bildirərək, atasının ona münasibətdə valideynlik hüquqlarının bərpa edilməsinə etiraz etməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən iddianın etiraf edilməsi qanuna zidd olmamış, həmçinin hər hansı bir şəxsin hüquq və mənafelərinə xələl gətirməmişdir, xx.xx.2007-ci il təvəllüdlü X4 atası İddiaçı valideynlik hüquqlarının bərpa edilməsinə razıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikə və bu məhkəmə tərəfindən təsdiq olunduqda, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf olunması və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 -ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübularla əsaslandırmalıdır. Belə ki, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı 17 fevral 2007-ci il təvəllüdlü İsmayılzadə (Mahmudov) Muhəmməd Bəhruz oğluna münasibətdə valideynlik hüquqları bərpa edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 52.5, 191.3 və 216-220ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı 17 fevral 2007-ci il təvəllüdlü İsmayılzadə (Mahmudov) Muhəmməd Bəhruz oğluna münasibətdə valideynlik hüquqları bərpa edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar