Məhkəmə qərarları › İş №e-2(005)-2144/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2144/2024

05.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2144/2024 05.06.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh birgə nikahlarından xx.xx.2018-ci ildə anadan olmuş qızları X3, xx.xx.2023-cü ildə anadan olmuş əkiz qızları X4 və X1 üçün qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment və və əlavə olaraq xx.xx.2023-cü ildə anadan olmuş əkiz qızları X4 və X1 üçün 3 yaşına çatanadək hər ay sabit pul məbləğində bir uşaq üçün 150 manat olmaqla iki uşaq üçün isə 300 manat alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 2017-ci ildə rəsmi ailə həyatı qurmuşlar. Birgə nikahdan xx.xx.2018-ci ildə qızları X7, xx.xx.2023-cü ildə əkiz qızları X4 və X5 dünyaya gəlmişlər. Ailə münasibətlərində problemlər olmamışdır. Lakin ailənin təminatında aralarında bölgü aparmışlar. Ona görə də öz aralarında da uşaqların saxlanılması üçün onun qazancının 50 faizini ona ödəmək barədə şifahi razılaşmaları vardır. Cavabdeh Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Ombudsmanda baş mütəxəssis işləyir. Aylıq əmək haqqı və digər gəlirlərinin 50 faizini ödəməyə razıdır. Onların 3 qız uşağı vardır. Hətta mübahisənin həlli üçün Mediasiya Şurasına müraciət etsələr də, barışıq alınmadı və qərar verdilər ki, 50 manat mediasiya xidmət haqqını da ödəyib məhkəməyə müraciət etsinlər. Bu barədə ilkin mediasiya sessiyasında qarşı tərəfin iştirak edilməməsi barədə onlara arayış da verilmişdir. Ona görə də azyaşlı uşaqların saxlanılması üçün alimentlə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə təqdim edərək işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı xx.xx.2017-ci il tarixdə nikahları bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 48 nömrə ilə qeyd edilmişdir; - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2018-ci il təvəllüdlü X7 doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır; - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2023-cü il təvəllüdlü X5 doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır; - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2023-cü il təvəllüdlü X4 doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır; - xx.xx.2024-cü l tarixli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışın surətindən görünür ki, Cavabdeh mediasiya prosesində iştirak etməmişdir; Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər xx.xx.2017-ci ildə rəsmi nikaha daxil olmuş, onların birgə nikahından üç övladları doğulmuşdur. Tərəflərin nikahları pozulmamışdır. İddiaçı hazırda uşaqların saxlanması ilə bağlı bölgü apardıqlarını qeyd edərək, uşaqların saxlanması üçün cavabdehdən gəlirlərinin (qazancının) yarısı məbləğində və üç yaşına çatanadək alimentin tutulmasını xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1 və 58.2-ci maddələrinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 60.1, 60.2, 75.1 və 75.4-cü maddələrinə müvafiq olaraq valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Məhkəmə qeyd edir ki, məhkəmə tərəfindən iki dəfə iclas keçirilməyinə, cavabdehin lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və uşaqların saxlanmasında iştirak etdiyini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki müvafiq sübutun təqdim edilməsi öhdəliyi cavabdehin üzərinə düşür. Məhkəmə tərəflər nikahda olsalar da, uşaqların saxlanmasının əsasən anaları tərəfindən həyata keçirildiyini, ananın isə aliment tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını, cavabdehin bunların əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etmədiyini nəzərə alaraq, uşaqların saxlanması üçün aliment tutulmasını məqsədəmüvafiq hesab edir. Bu zaman məhkəmə xüsusilə uşaqların mənafeyini nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. BMT Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5 və 19-cu maddələrinə uyğun olaraq, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi valideynlərin əsas vəzifələrindəndir. Nəzərə alınmalıdır ki, hər bir uşağın layiqli həyat tərzində yaşamaq hüququ vardır və uşağın inkişafı üçün valideynlərin maddi və mənəvi dəstək olmaları onların vəzifəsi və borcudur. Mövcud qanunvericilik normaları istənilən yaranmış vəziyyətdə uşağın mənafelərinin daha üstün tutulmasını imperativ olaraq göstərir. Uşaqlar üçün məhkəmə qaydasında alimentin tutulma qaydasını və miqdarını müəyyənləşdirən Ailə Məcəlləsinin 76-78-ci maddələrinin məzmunundan görünür ki, alimentin sabit pul məbləğində və ya hissə şəklində tutulması tələbini irəli sürmək bir qayda olaraq iddiaçının seçimindən asılıdır. Həmin Məcəllənin 76.1.3-cü maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulur. Məhkəmə iddiaçının alimentin qazancın müəyyən hissəsi (yarısı) şəklində ödənilməsi tələbini, cavabdehin müntəzəm qazanca malik olduğunu, alimentin valideynin qazancından müəyyən hissə kimi tutulmasının mümkün olduğunu, eyni zamanda uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini nəzərə alaraq hesab edir ki, uşaqların saxlanması üçün hər ay cavabdehin qazancının (gəlirlərinin) yarısı miqdarında aliment tutulmalıdır. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Bu baxımdan, alimentin tutulması ərizə verildiyi vaxtdan, xx.xx.2024-cü il tarixindən başlayaraq hesablanmalıdır. İddia tələbinin cavabdehdən tərəflərin birgə nikahından doğulmuş xx.xx.2023-cü il təvəllüdlü əkiz qızları X6 və X1 üçün 3 yaşına çatanadək hər ay sabit pul məbləğində bir uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat alimentin tutulması hissəsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Ailə Məcəlləsinin 84.1, 84.2.2 və 86-cı maddələrinə müvafiq olaraq ər və arvad birbirinə maddi cəhətdən kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Qanunvericilik normalarının məzmunundan göründüyü kimi, uşağın doğulduğu gündən üç il ərzində arvad ərdən maddi cəhətdən kömək göstərməsini tələb edə bilər. Hazırki iş üzrə tərəflərin birgə nikahından doğulmuş uşaqlardan ikisi üç yaşına çatmadıqlarından, İddiaçı Ailə Məcəlləsinin 84.2.2-ci maddəsinə əsasən cavabdehdən aliment tələb etmək hüququ vardır. Cavabdehin ödəyəcəyi alimentin məbləğini, əlavə gəlirləri barədə məhkəməyə sübut təqdim olunmamasını nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməli, iddiaçıya, hər uşaq üçün 50 manat, ümumilikdə 100 manat məbləğində aliment hər ay sabit pul məbləği şəklində ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, xx.xx.2018-ci il təvəllüdlü X3, xx.xx.2023-cü il təvəllüdlü X4 və xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay qazancının və başqa gəlirlərinin yarısı miqdarında aliment tutularaq İddiaçı ödənilməlidir. Həmçinin xx.xx.2023-cü il təvəllüdlü X4 və xx.xx.2023-cü il təvəllüdlü X2 üç yaşı tamam olanadək xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay hər uşağa görə 50 manat olmaqla, cəmi 100 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-234 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2018-ci il təvəllüdlü X3, xx.xx.2023-cü il təvəllüdlü X4 və xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay qazancının və başqa gəlirlərinin yarısı miqdarında aliment tutularaq İddiaçı ödənilsin. xx.xx.2023-cü il təvəllüdlü X4 və xx.xx.2023-cü il təvəllüdlü X2 üç yaşı tamam olanadək xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay hər uşağa görə 50 manat olmaqla, cəmi 100 (yüz) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar