Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2191/2025 17.09.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh birgə nikahından doğulmuş və himəyəsində olan xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 1000 manat sabit pul məbləğində alimentin və ödənilmiş mediasiya xərcinin əvəzi olan 60 manat məbləğində pulun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2015-ci il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.2016-cı il təvəllüdlü X3 doğulmuşdur. Nikahda olduqları ilk illərdə cavabdeh ilə qarşılıqlı münasibətləri normal olsa da, sonradan yola getmədikləri üçün 6 ildən çoxdur ki, cavabdeh ilə ayrı yaşayır və birgə təsərrüfatı yoxdur. X4 ananın himayəsindədir. Cavabdeh kifayət qədər gəlirləri olsa da, uşaq ilə maraqlanmır, uşağın maddi problemlərinə laqeyd yanaşır, valideynlik vəzifələrini yerinə yetirmir. O, cavabdehə dəfələrlə bu barədə iradlarını və uşağın saxlanılmasındakı çətinlikləri bildirsə də, cavabdeh uşağa maddi dəstək olmur və hətta minimal zəruri xərclərdən belə boyun qaçırır. Uşaq uzun müddətdir ki, ata himayəsindən məhrum olduğu üçün bu onun psixi inkişafına mənfi təsir göstərmiş, bu səbəbdən uşağa psixoloji dəstək və yetərli qayğı üçün müəyyən məsrəflər çıxır. Bundan başqa, uşaq fiziki inkişaf dövründədir, belə dövrdə yaxşı qidalanması da, daim artan fiziki ölçülərinə uyğun geyimlərlə təmin olunması da şərtdir. Uşağın qidalanması və geyim təchizatı zəif olduğundan tez-tez xəstələnir və müalicəsi üçün əlavə məsrəflər yaranır. Nəticədə o bir ana kimi uşağın mənəvi qayğılarına yetərincə qalsa da, maddi qayğılarının öhdəsindən təkbaşına gələ bilmir. Uşağın və onun diqqətəlayiq mənafeyi nəzərə alınaraq, eləcə də qanunvericiliyin tələblərinə uyğun olaraq, cavabdeh uşağın saxlanması xərclərini ödəməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa müvafiq izahat verərək bildirmişdir ki, iddiaçı uşaqların saxlanmasında iştirak etmir. Bəzən uşağın məktəbdən götürülməsi üçün öz sürücüsünü göndərir, bu da tez-tez baş vermir. Cavabdeh həm iki şirkətin direktoru vəzifəsində çalışır, həm təsisçisidir, həm də məhşur bir restoranın sahibidir. Bu səbəbdən alimentin məbləğini tam olaraq ödəmək imkanındandır. İddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyərək və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən qeydə alnmış AZ-İİ saylı, 078839 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X2 nikahları xx.xx.2015-ci il tarixdə bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 577 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada “Cəfərova” soyadı verilmişdir; - AZ-İİİ saylı, 843820 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2016-cı il təvəllüdlü X3 doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır; - ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh mediasiya prosesində iştirak etməmişdir; - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli məktublarından görünür ki, "xxxx" MMC-nin dövlət qeydiyyatına alındığı xx.xx.2023-cü il tarixdən hazıradək təsisçisi Cavabdehdur. Vergi orqanında olan uçot-baza məlumatlarına əsasən, "xxxx" Firmasının (VÖEN: **********) 2024-cü il üzrə mənfəət vergisi bəyannaməsinə əsasən xalis mənfəət məbləği 14232,10 manat təşkil etmişdir. Uçot-baza məlumatlarına əsasən, Cavabdeh (VÖEN: **********) tərəfindən 2023-cü il üzrə gəlir vergisi bəyannaməsi göstəricisiz təqdim edildiyindən, 2024 və 2025-ci illər üzrə vergi orqanına gəlir vergisi bəyannamələri təqdim edilmədiyindən, eyni zamanda "xxxx" MMC (VÖEN: **********) tərəfindən 2023-cü il üzrə mənfəət vergisi bəyannaməsi göstəricisiz təqdim edildiyindən, 2024 və 2025-ci illər üzrə vergi orqanına mənfəət vergisi bəyannamələri təqdim edilmədiyindən müvafiq dövrlər üzrə xalis mənfəət məbləği barədə məlumat müəyyən edilməmişdir; - “Elektron məhkəmə” informasiya sistemindən görünür ki, Cavabdeh "xxxx" MMC və "xxxx" Firmasında direktor vəzifəsində çalışır, müvafiq olaraq 400 və 3500 manat əmək haqqı alır. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər xx.xx.2015-ci il tarixində rəsmi nikaha daxil olmuş, onların birgə nikahından bir övladı doğulmuşdur. Tərəflərin münasibətləri sonradan pisləşmişdir. Tərəflərin nikahı pozulmamışdır. İddiaçı cavabdehlə ayrı yaşadıqlarına, cavabdehin uşağın saxlanmasında iştirak etməməsinə əsaslanaraq, ondan alimentin məhkəmə qaydasında tutulmasını xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1 və 58.2-ci maddələrinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 60.1, 60.2, 75.1 və 75.4-cü maddələrinə müvafiq olaraq valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1 və 78.2-ci maddələrinə uyğun olaraq, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddələrin məzmunundan göründüyü kimi, valideynlər arasında yetkinlik yaşına çatmayan uşağa aliment ödənilməsi barədə saziş yoxdursa, alimentin valideynin gəlirinin bir hissəsi kimi deyil, sabit pul məbləğində tutulması yuxarıda qeyd edilən şərtlərdən birinin mövcud olduğu halda mümkündür. Bundan başqa, həmin maddənin məzmununa görə alimentin sabit pul məbləğində tutulması qanunla nəzərdə tutulmuş hallarda uşağın saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi olduqda mümkündür. Məhkəmə xüsusilə qeyd edir ki, aliment məbləği müəyyən edilən zaman diqqət edilməli olan mühüm məsələlərdən biri uşaqların əvvəlki təminatlarının, həyat səviyyələrinin qorunub saxlanmasıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.4-1-ci bəndində göstərilmişdir ki, Ailə Məcəlləsinin 110.2ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Hazırda uşaqlar üçün 2025-ci il üzrə yaşayış minimumu 246 manat, minimum əmək haqqı isə 400 manat müəyyənləşdirilsə də, məhkəmə alimentin məbləğini müəyyən edərkən, tərəflərin maddi və ailə vəziyyətini, cavabdehin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını, gəlirlərini, diqqətəlayiq olan digər halları, eləcə də uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması tələbini əsas tutaraq və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda istinad olunan Qərarını nəzərə alaraq cavabdehdən tutulan alimentin miqdarının 2025-ci il üzrə müəyyən edilmiş minimum aylıq əmək haqqı məbləğinin 2,5 misli həddində (400 x 2,5 = 1000 manat) müəyyən edilməsini ağlabatan və ədalətli hesab edir. Həmçinin qeyd edilməlidir ki, məhkəmə bildirişləri cavabdehə çatdırılsa da, o, məhkəmə iclaslarına gəlməmiş və ya məhkəməyə etiraz ərizəsi təqdim etməmişdir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı ərizə ilə məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinin tələblərinə görə “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Hazırki iş materiallarından görünür ki, cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir və iddiaçı 60 manat mediasiya xərci ödəmişdir. Bu səbəbdən həmin xərc cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.2025-ci il tarixdən başlayaraq, xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx.xx.2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla hər ay, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 2,5 misli həddində aliment (Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 16(005)-182/2025 saylı, xx.xx.2025-ci il tarixli müvəqqəti təminat tədbirinin tətbiqinə dair qərardadı nəzərə alınmaqla), həmçinin ödənilmiş mediasiya xərcinə görə 60 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-234 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx.xx.2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla hər ay, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 2,5 misli həddində aliment tutularaq (Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 16(005)-182/2025 saylı, xx.xx.2025-ci il tarixli müvəqqəti təminat tədbirinin tətbiqinə dair qərardadı nəzərə alınmaqla) İddiaçı ödənilsin. Ödənilmiş mediasiya xərcinə görə 60 (altmış) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra olunsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(005)-2191/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2191/2025
17.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver