Məhkəmə qərarları › İş №e-2(005)-2210/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2210/2025

17.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2210/2025 17.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbi və onun dəlilləri İddiaçı Cavabdeh qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Cavabdeh həqiqətə uyğun olmayan, şər-böhtan xarakterli, onun işinə və nüfuzuna ciddi təsir göstərmiş, reputasiyasına xələl gətirmiş və mənəvi iztirab keçirməyinə səbəb olmuş məlumatları yaymaqla iddiaçıya vurduğu 10 000 manat (on min manat) mənəvi ziyanın və ödənilmiş 120 (yüz iyirmi manat) manat dövlət rüsumunun cavabdehdən tutularaq,iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə iddiaçının bacısı X9 işlədiyi ünvan 1 ünvanda yerləşən diş klinikasında olarkən bacısının keçmiş əri, hazırkı iş üzrə Cavabdeh əmlak bölgüsü ilə bağlı ekspertlə ora gəlmiş, əsassız mübahisələr yaratmış, bununla da ekspertin işinə mane olmuşdur. Bu zaman Cavabdeh AR DİN “102” zəng xidmətinə zəng edərək iddiaçı barəsində şikayət etmişdir.Bildiri ki, “əmlak bölgüsü” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim: Ramin Quliyev) icraatında olan 2(005)-290/2025 nömrəli mülki iş üzrə üçüncü şəxs qismində iştirak edir.Daha sonra Bakı şəhəri Nəsimi RPİ-nin 20-ci polis şöbəsinin əməkdaşları klinikaya gələrək iddiaçını və bacısını şöbəyə aparmışdır. Cavabdeh polis şöbəsində şikayətin davamı olaraq,iddiaçını şərləyərək narkotik vasitə istifadə etməyini iddia etmişdir. Şöbədə bir müddət qaldıqdan sonra Cavabdeh sahə inspektoru Ruhin İbrahimovla sövdələşərək heç bir səbəb olmadan iddiaçını narkoloji müayinəyə üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X17 müayinə üçün göndərmişdir.İddiaçı da heç bir narkotik vasitə qəbul etmədiyindən əmin olduğu üçün müayinə olunmağına etiraz etməyib. Lakin səhəri gün, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X16 xx.xx.2024-cü il tarixli, 7475 saylı rəyinə görə onun sidik nümunəsində THC (+) aşkar edilmişdir.Verilmiş rəyə etiraz etsə də, buna əhəmiyyət verilməyərək R.İbrahimov tərəfindən iddiaçı barəsində AR İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi üzrə protokol tərtib edilmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Özünə əmin olduğundan və Cavabdeh tərəfindən şərləndiyini güman etdiyindən xx.xx.2024-cü il tarixində səhər tezdən “Sağlam Ailə” Tibb Mərkəzində analiz verib və onun sidik nümunəsində “THC” və sair göstəricilər neqativ olmuşdur. “Sağlam Ailə” Tibb Mərkəzində verdiyi analizin nəticəsini xx.xx.2024-cü il tarixində məhkəmə iclası zamanı məhkəməyə təqdim edib. Rəylər arasında ziddiyyət yarandığından məhkəmə tərəfindən əlavə narkoloji ekspertiza təyin olundu. Növbəti günü səhər tezdən sahə inspektoru R.İbrahimov ilə görüşüb birgə ekspertiza mərkəzinə gedib ekspertizadan keçməyi razılaşsalar da, R.İbrahimov iddiaçını gözləmədən özü birbaşa Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və X10”nə getdikdən sonra iddiaçıya zəng edib orada olduğunu bildirib.İddiaçı da bu işin sifarişli olduğunu bilib, ekspertizadan keçməmişdən əvvəl həmin günü, yəni xx.xx.2024cü il tarixində təkrar “Referans” klinikasında analiz verib. Analizin nəticələri “Sağlam Ailə” Tibb Mərkəzinin nəticəsi ilə eyni, yəni onun sidik nümunəsində “THC” və sair göstəricilər neqativ olmuşdur. “Məhkəmə-tibbi ekspertiza və X10”ndə ondan qan və sidik nümunəsi götürülmüş və məhkəmənin qərarına əsasən analizin cavabı 3 günə verilməli idi. Lakin, bu müddət ərzində rəyin olmadığını görüb onda şübhələr daha da artmış və özü əlavə olaraq 02 dekabr 2024-cü il tarixində Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Hospitalında və 19 dekabr 2024-cü il tarixdə isə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı şəhər Narkoloji Mərkəzində analizlər verib. Hər iki tibb müəssisəsinin müvafiq sənədlərində iddiaçının sidiyində heç bir narkotik vasitə aşkar olunmamışdır. Bütün bunlara baxmayaraq, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və X10” X20 xx.xx.2024-cü il tarixli, 4138/K saylı rəyində iddiaçının qan analizində hər hansı bir narkotik vasitə və psixotrop maddənin əlamətlərinin aşkar olunmadığı göstərilsə də, sidiyində məhz kannabinoidin, yəni marixuananın aşkar edildiyi qeyd edilmişdir.İddiaçı barəsində şikayətçi olmuş Cavabdeh öz əlaqələrindən və maddi vəziyyətindən istifadə edərək hüquq-mühafizə orqanlarının və dövlət qurumlarının vəzifəli şəxslərinə təsir göstərmişdir. Tərəfindən təqdim ediləm müxtəlif (dövlət və özəl) tibb müəssisələrinin rəyləri ilə birlikdə digər sübutlar qiymətləndirilərək Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi xx.xx.2024-cü il tarixli 3(006)-4812/2024 nömrəli qərar ilə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata bəraət verici əsasla (İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə) xitam verilmişdir. Cavabdeh Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsində işə baxılan zaman xx.xx.2024-cü il tarixində işə “maraqlı şəxs qismində tanınma” barədə ərizə təqdim etmişdir.Lakin məhkəmə onun ərizəsini qəbul etməmişdir. Bundan başqa, Cavabdeh xx.xx.2025-ci il tarixində AR Prezidentinə, Prezidentin Administrasiyasının rəhbərinə, AR X18, MHŞ-nin sədrinə və digər vəzifəli şəxslərə şikayətlər ünvanlayaraq, barəsində tərtib edilmiş protokola yenidən baxılması və Nəsimi Rayon Məhkəməsinin hakimi Babək Pənahovun intizam tənbehi verilməsini xahiş etmişdir. Bu şikayət ərizəsi təsdiq edir ki,iddiaçı barəsində tərtib olunmuş protokola Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi xx.xx.2024-cü il tarixli 3(006)-4812/2024 nömrəli qərar ilə bəraətverici əsasla xitam verilməsindən Cavabdeh məlumatlı olmuşdur. Lakın Cavabdeh tərəfindən onun işgüzar nüfuzuna xələl gətirən əsassız, həqiqətə uyğun olmayan, sübuta yetirilməyən məlumatlar yaymağa başlanılmışdır. Məhkəmənin nəzərinə çatdırır ki, xx.xx.2022-ci il tarixindən bu günədək AR Vəkillər Kollegiyası Bakı şəhəri 6 saylı Vəkil Bürosunda vəkil köməkçisi vəzifəsində çalışır. Cavabdeh tərəfindən iddiaçının işgüzar nüfuzuna xələl gətirərək,onun barəsində Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına şikayət etmişdir, onun şikayət ərizəsi xx.xx.2024-cü il tarixində 272 daxil olma nömrəsi ilə qeydiyyata alınmışdır. Həmin şikayət ərizəsində barəsində tərtib edilmiş protokola bəraətverici əsasla xitam verilməsini bilə-bilə narkotik istifadəçisi olduğu qeyd edilir və bu səbəblə işdən azad olunmağı xahiş edilir. Cavabdeh əsassız şikayəti iddiaçının işgüzar nüfuzuna birbaşa xələl gətirərək, AR Vəkillər Kollegiyasının rəhbərliyində və Büroda iş yoldaşları arasında ona qarşı mənfi fikirlər formalaşdırılmış və nəticəsi olaraq, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun müdirinin müvafiq əmri ilə iddiaçıya intizam tənbehi verilmişdir. Həmçinin hazırda iş yerində təzyiqlərə məruz qalır.Onun və ailəsinin yeganə qazanc yeri olan iş yerini itirmək təhlükəsi ilə üz-üzədir. İntizam tənbehinin verilməsi barədə əmr Büro tərəfindən bu günədək ona təqdim edilməmişdir. Rəsmi qaydada “e-social.gov.az” üzərindən həmin əmrin surətini elektron qaydada Bürodan tələb etmişdir. Eyni zamanda həmin əmrin mübahisələndirmək məqsədilə mediasiya prosesinə başlamışdır. Bundan başqa, Cavabdeh onun barəsində daha bir əsassız şikayəti AR DİN-nə göndərmişdir. Həmin şikayət ərizəsində qeyd etmişdir ki,iddiaçı guya silah saxlayır, silahı vardır. Həmin şikayət ərizəsi baxılması üçün uşaqlığının keçdiyi, hazırda ailəsinin və valideyninin, qohumlarının əksəriyyətinin yaşadığı rayonun polis şöbəsinə - Samux Rayon Polis Şöbəsinə göndərilmişdir. Həmin şikayət əsasında o, polis şöbəsinə dəvət olunmuşdur. Araşdırma aparıldıqdan sonra müəyyən edilmişdir ki, şikayət əsasızdır. Həmin şikayət ərizəsinin və şikayət əsasında qəbul edilmiş qərarın surətinin ona verilməsi məqsədilə iddiaçı tərəfindən şöbənin dəftərxanasına xx.xx.2025-ci il tarixində ərizə təqdim edilmişdir. Həmin ərizəyə cavab olaraq,iddiaçıya şifahi bildirdilər ki, həmin şikayət ərizəsi və qəbul edilmiş qərarı yalnız məhkəmə sorğusu əsasında təqdim edilə bilər. Uşaqlığının keçdiyi, hazırda ailəsinin və valideyninin, qohumlarının əksəriyyətinin yaşadığı Samux rayonunda əsasız yerə silah saxlamaqla və ya silahının olması ilə adının hallandırılması onun üçün utancvericidir. Artıq Samux rayonunda cəmiyyət arasına çıxa bilmir.Bundan başqa, Cavabdeh xx.xx.2024-cü il tarixində iddiaçı barəsində şikayət ərizəsi ilə Nərimanov RPİ 18- ci PŞnə ərizə ilə müraciət edərək ona məxsus “Toyota Camry” markalı 77GA766 dövlət nömrə nişanlı avtomobilinin arxa alın şüşəsinin iddiaçı tərəfindən sındırıldığını bildirmiş və ondan şikayətçi olmuşdur. Onun şikayəti üzrə 18-ci PŞ-nə çağırılmış və izahatı alınmışdır. Müəyyən edilmişdir ki, həmin tarixdə o, Bakı şəhərində deyil, Samux rayonunda olmuşdur. Nərimanov RPİ 18-ci PŞ-nin təhqiqatçısı Elmar Xəlilov tərəfindən xx.xx.2024-cü il tarixində cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarı qəbul edilmişdir. Lakin qərarda iddiaçının izahat verilməyi qeyd edilməmişdir.O,Nərimanov RPİ 18-ci PŞ-dən Cavabdeh şikayət ərizəsinin surətini, izahatının surətini tələb etsə də, yalnız ona qərar verildi və bildirildi ki, istədiyi sənədlər yalnız məhkəmə sorğusu əsasında verilə bilər. Cavabdeh tərəfindən yayılan bu məlumatlar həqiqətə uyğun deyil və onun işgüzar nüfuzuna, həmçinin peşəkar fəaliyyətinə ciddi zərər vurmuşdur. Nəticədə, iddiaçının işinə və nüfuzuna ciddi təsir göstərilmiş, reputasiyama xələl gəlmiş və mənəvi ziyan çəkmişdir. Həmçinin, bu hadisələr iddiaçıya, ailəsinə və xəstə anasına mənəvi sarsıntı yaşatmış, psixoloji narahatlıq yaratmışdır. Cavabdehin etirazı və onun dəlilləri Cavabdeh tərəfindən iddia ərizəsinə yazılı etiraz daxil olmuşdur. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, X14 onun barəsində şər-böhtan xarakterli ərizələr yazaraq ona maddi və mənəvi zərər vurmuşdur, o guya cavabdeh tərəfindən onu ölümlə hədələdiyi və öz iş yoldaşları Xətai rayonu, Nəsrəddin Tusi 21 ünvanında yerləşən “Medika Hospital”-da həkim-radioloq vəzifəsində işləyən Elşən Qasımov və "Sabunçu” Tibb Mərkəzində lor həkimi vəzifəsində çalışan Nicat Şəfi ilə əlbir olaraq guya onun bumunu sındırmağı barədə saxta arayışlar hazırlayaraq dəfələrlə müxtəlif vaxtlarda şikayətlər etmişdir. Hal bu ki, heç kimi döyməsə də və heç kimin burnunu sındırmasa da bunu bəhanə edərək cavabdeh ilə rəsmi boşanmışdır. Sonradan cavabdehə məlum olmuşdur ki, keçmiş həyat yoldaşı Aysel cavabdehdən ayrıldıqdan sonra əmlakını ələ keçirmək məqsədilə iddialar qaldırmışdır. xx.xx.2024-cfi il tarixində polis tərəfindən əlavə ekspertiza və xx.xx.2025-ci il tarixində komisyon məhkəmə-tibbi ekspertiza təyin edilmiş və burnunun heç vaxt sınmadığı aşkar edilmişdir. Hal-hazırda həkim-radioloq Elşən Qasımov və lor həkimi Nicat Şəfi barələrində hüquq-mühafizə orqanlarında araşdırmalar aparılır. X14 öz vəkili X5 ilə birlikdə dəfələrlə Polisə müraciət ediblər ki, əgər Cavabdeh cinayət işi açmırsızsa onda heç olmasa İXM-im 157-ci maddəsini tətbiq edin. Sadəcə Nərimanov rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(005)-l122/2025 nömrəli qərarı onları qane etmədiyindən apellyasiya şikayəti veriblər. Bundan əlavə bildirir ki, keçmiş həyat yoldaşı Əlizadə (əvvəllər Mirzəliyeva) Aysel Dilən qızı, onun qardaşı İddiaçı və vəkili X5 ilə aralarında gedən “əmlak bölgüsü” prosesini pozmaq məqsədiiə bir ildən artıqdırki onun barəsində bütün qurumlara (polis, prokurorluq, məhkəmə) şikayət edərək onu hədələyərək həbs etdirmək istəyirlər. Belə ki, qardaşı-keçmiş qaynını 6 saylı Vəkil Bürosunda vəkil köməkçisi işləyən İddiaçı (vəkil X1) Nərimanov Rayon Məhkəməsinin 14.11,2024-cü il tarixli 2(005)-3132/2024 saylı məktubu əsasında nigah dövründə əldə edilmiş obyektə qiymətləndirmə məqsədilə gəlmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinin işini pozduğu üçün cavabdehin şikayəti əsasında Polisə aparılmış, orada polislərə hədə-qorxu gələrək hay-küy salmış, davranışı polislərdə şübhə yaratdığından onun sərxoşluq vəziyyətinin yoxlanılması barədə qərar verilmiş və nəticədə narkotik istifadəçisi olduğu müəyyən edilmişdir. Həmçinin Bakı Apellyasiya Məhkəməsində cavabdehi təhqir edib hədə-qorxu gəldiyinə görə Ayselin vəkili 6 saylı Vəkil Bürosunda çalışan X4 AR Vəkillər X6 tərəfindən TÖHMƏT verilmiş və hal-hazırda cavabdehin şikayəti əsasında Yasamal rayon Məhkəməsində xüsusi ittiham qaydasında icraata başlanılmış və təqsirləndirilən şəxs kimi tanınmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsinə xahiş etmişdir. O qeyd etdi ki, cavabdehin əsassız şikayətləri nəticəsində onun barədə çalışdığı 6 saylı Vəkil Bürosundə intizam tənbehi verilsə də, hazırda həmin əmr məhkəmə qərarı ilə ləğv edilmişdir. Cavabdeh eyni zamanda onun evində silah saxlmsı barədə də əsassız şikayətlər yazmış, lakin onlar da öz təsdiqini tapmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh bildirdi ki, boşanmadan sonra iddiaçı və onun bacısı əmlakını əldə etməyə çalışmışdır. Keçmiş həyat yoldaşının adına klinika açdırmış və digər əmlakları almışdır. Əmlakları üzərinə həbs qoyulmuşdur. İddiaçının bacısı şiddət göstərərək burnunu sındırdığını bildirmiş, bununla bağlı işlədiyi müəssisədən rəy almışdır. Vəsatətinə əsasən təkrar ekspertizalar keçirilmiş, keçmiş həyat yoldaşının burnunda anadan gəlmə sınıq olmadığı müəyyən edilmişdir. İddiaçı narkotik istifadəçisidir, bunu özü deyil təqdim edilmiş rəylər göstərdiyini qeyd etdi. Məhkəmə polisin qərarını ləğv etmişdir, ekspert rəyini ləğv etməyib. Təkrar ekspert rəyində narkotiklərin aşkar edilməməsinin səbəbi iddiaçının analiz verməzdən əvvəl “sistem” vasitəsilə qan yuyan dərman preparatları, antibiotiklər qəbul etməsi olub. İddiaçı barəsində məhkəməyə yalan izahatlar verdiyi üçün xüsusi qərardadın çıxarılmasını xahiş edir. Mülki işin materialları - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublikası Narkoloji X19 Şəxsi Ambulator X2 xx.xx.2024-cü il tarixli,7475 nömrəli rəyindən görünür ki, İddiaçı müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar edilmir, narkomaniya xəstəliyindən əziyyət çəkmir.Narkomaniyadan məcburi mülaicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və X10” X20 xx.xx.2024-cü il tarixli, 4138/K saylı rəyin surətindən görünür ki, İddiaçı götürülmüş sidik nümunəsinin tərkibində çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitəs hesab edilən Kannabinoid aşkar edildi.Sidikdə barbitur turşusu törəmələri, alkaloidlər(həmçinin tiryək qrupu) fenilalkilamin qrupuna aid olan metamfetamin və amfetamin,fenotiazin,pirazalon.1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilmədi.Qanda barbitur turşusu törəmələri,alkaloidlər(həmçinin tiryək qrupu), Kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitəs hesab edilən),fenilalkilamin qrupuna aid olan metamfetamin və amfetamin,fenotiazin,pirazalon.1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilmədi. - 25 avqust 2024-ci il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi barədə”qərarın surətindən görünür ki,Cavabdeh ərizəsi əsasında toplanmış materiallar nəzərdən keçirilərək,faktda cinayət hadisəsi müəyyən olunmadığı üçün cinayət işinin başlanılması rədd edilmişdir. - Azərbaycan Respublikası Vəkillər X6 tərəfindən Cavabdeh xx.xx.2024-cü il tarixdə gönərilmiş,2099 nömrəli məktubdan görünür ki,Bakı şəhəri 6 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil X3 barəsində Vəkillər X6nə daxil olmuş müraciəti Vəkillərin İntizam Komissiyasında araşdırılmış və Rəyasət Heyətinin xx.xx.2024-cü il tarixli iclasında qəbul edilmiş qərara əsasən,peşə fəaliyyətini həyata keçirərkən,”Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun və “Vəkillərin davranış qaydaları haqqında”Əsasnamənin tələblərini pozduğuna görə,vəkil E.Ə.Əlitahirliyə töhmət verilmişdir. - “Referans” X7 və Poliknika tərəfindən xx.xx.2024-cü il tarixdə İddiaçı tərəfindən verilmiş “narko test”analizinin nəticələrinə görə,İddiaçı sidik nümunəsində narkotik vasitəsi aşkar edilməmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublikası “Bakı Şəhər Narkoloji Mərkəz”X22 tərəfindən 13 dekabr 2024-cü il tarixdə tərtib edilmiş 12312 nömrəli aktın surətindən görünür ki,İddiaçı sidik nümunəsində THC aşkar edilməmişdir. - Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi Tibb Baş İdarəsinin hərbi hospitalında xx.xx.2024-cü il tarixdə aparılmış “narkotik maddələrin analizi” testinə əsasən,İddiaçı sidik nümunəsində narkotik vasitəsi aşkar edilməmişdir. - “Sağlam Ailə”X13 şöbəsində xx.xx.2024-cü il tarixdə aparılmış müayinə zamanı İddiaçı sidik nümunəsində narkotik vasitə aşkar edilməmişdir. THC neqativ müəyyən edilmişdir. - 30 avqust 2024-cü il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərarın surətindən görünür ki, Cavabdeh müraciətinə Bakı şəhəri,Nərimanov RPİ-nin 18ci PŞ-də baxılmış və cinayət işinin başlanılması rədd edilməsi qərara alınmışdır. - Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli,3(006)- 4812/2024 saylı qərarından görünür ki, İddiaçı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. - 10 fevral 2025-ci il tarixli, 03 nömrəli Əmrin surətindən görünür ki,Bakı şəhəri 6 saylı Vəkil Bürosunun Nizamnaməsinin 7.2-ci bəndinin 7.2.2-ci hissəsinə əsasən və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin İİ hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsində müəyyən edilmiş funksiyasını qismən yerinə yetirmədiyinə görə vəkil köməkçisi İddiaçı töhmət verilməsi qərara alınmışdır. - Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli,1(004)-288/2025 saylı qərarın surətindən görünür ki, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair Cavabdeh tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət məhkəmənin icraatına qəbul edilməsi, 05 aprel 1988-ci il tarixdə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, ünvan 4 ünvanında qeydiyyatda olan X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirləndirilən şəxs kimi məhkəməyə verilməsi, Təqsirləndirilən şəxs X4 Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 91-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri elan edilməsi, xx xxxxxx 1981 -ci il tarixdə Bakı şəhərində anadan olmuş, subay, ali təhsilli, ünvan 5 ünvanında qeydiyyatda olan və yaşayan Cavabdeh xüsusi ittihamçı qismində tanınması qərara alınmışdır. - xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Samux Rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubuna əsasən görünür ki,Cavabdeh tərəfindən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi.Baş Dövlət Yol Polis İdarəsi,Gəncə Şəhər Baş Polis İdarəsi,Samux rayon polis şöbəsinə ünvanladığı şikayət ərizəsi ilə İddiaçı sürücülük vəsiqəsinin ləğv edilməsi barədə Baş Dövlət Yol Polisi İdarəsinə müvafiq göstəriş verilməsini,İddiaçı samux rayonunda yerləşən evində saxladığı “qoşa lülə” tüfənginin müsadirə olunması barədə Samux rayon Polis idarəsinə müvafiq göstəriş verilməsini xahiş etmişdir. - Azərbaycan Respublikasının Daxil İşlər Nazirliyi Samux Rayon Polis Şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə Cavabdeh göndərilmiş məktubdan görünür ki,Samux rayon Nəbiağalı qəsəbə sakini İddiaçı məxsus heç bir mülki ov silahı yoxdur. - Bakı şəhəri Nizami Rayon Məhkəməsini e-2(005)-2077,2025 saylı, xx.xx.2025-ci il tarixli qətnamədən görünür ki, İddiaçı iddia tələbi təmin edilmiş, 6 saylı Vəkil Bürosunun “töhmət verilməsi” barədə xx.xx.2025-ci il tarixli 03 nömrəli əmrin ləğv edilməsi qət edilmişdir. - Ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 120 manat dövlt rüsumu ödəmişdir. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyulur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. «İnsan hüquqlarının və X8 haqqında» Avropa Konvensiyasının 41-ci maddəsinə əsasən «əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir». Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannamənin 1-ci maddəsində göstərilir ki, «qurbanlar» termini altında üzv dövlətlərin hakimiyyətindən cinayətkar sui-istifadəni qadağan edən qanunlar daxil olmaqla, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, və ya əsas hüquqların xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür. İşə baxan məhkəmənin mövqeyi Məhkəmə qeyd edir ki, iddia ərizəsindən aydın olur ki, iddiaçını tələbi cavabdehin həqiqətə uyğun olmayan, şər-böhtan xarakterli, onun işinə və nüfuzuna ciddi xələl yetirmiş və mənəvi istirab keçirməyinə səbəb olmuş məlumatları yaymaqla ona vurduğu 10000 manat mənəvi ziyanın və 120 manat dövlət rüsumunun tutulmasından ibarətdir. Mülki işin materiallarında olan, cavabdeh tərəfindən müxtəlif təşkilatlara– Nəsimi Rayon Polis İdarəsinə, Yasamal Rayon Polis darəsinin 28—ci PŞ-nə, Samux Rayon Polis Şöbəsinə, Nərimanov Rayon Polis İdarəsinin 18-ci PŞ-nə, Dövlət Təhlükəsizlik Xidmətinə, Bakı şəhər Yasamal Rayon Məhkəməsinə,Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə, iddiaçının əmək fəaliyyəti ilə məşğul olduğu 6 saylı Vəkil Bürosuna, AR Vəkillər Kollegiyasına, və s. ünvanlanmış şikayət ərizələrinin məzmunundan görünür ki, cavabdeh tərəfindən iddiaçı barəsində “marixuana istifadəçisi” olduğu, “evində odlu silah saxlaması” kimi ifadələr işlədilmişdir. Şikayət ərizələri müxtəlif qurumlara dəfələrlə göndərilmiş, Cavabdeh şikayəti əsasında cinayət iinin başlaması rədd edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə iddiaçı barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilmişdir. xx.xx.2024-cü il tarixli, 3(005)-4812/2024 saylı Qərarda göstərilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə görə inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsinə qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Məhkəmə qeyd edir ki, həmin işin icraatı prosesində cavabdeh üçüncü şəxs qismində işə maraqlı şəxs qismində tanınma barədə ərizə təqdim etmiş, lakin məhkəmə həmin ərizəni təmin etməmişdir. İnzibati iş üzrə qəbul edilmiş yekun qərar qanuni qüvvəyə minmişdir. Eyni zamanda iddiaçıya töhmət verilməsi barədə işəgötürənin əmri də məhkəmə qətnaməsi ilə ləğv edilmişdir. Bəzən vətəndaş dövlət orqanlarına ərizə ilə müraciət edərək, bu və ya digər məlumatları göstərir (məsələn, onun fikrincə törədilmiş və ya hazırlanan cinayət barəsində məlumatla hüquq – mühafizə orqanlarına müraciət edir), amma həmin məlumatlar yoxlanma zamanı öz təsdiqini tapmır. Bu hərəkət özü-özlüyündə həmin şəxsin Mülki Məcəllədə nəzərdə tutulmuş mülki-hüquqi məsuliyyətə cəlb edilməsi üçün əsas ola bilməz, mülki-hüquq delikti sayıla bilməz, çünki bu halda vətəndaş özünün Azərbaycan Respublikasının Konstitusiyasının 57-ci maddəsində əksini tapmış hüququndan istifadə edərək, həqiqətə uyğun olmayan ləkələyici məlumatların yayımlanmasını deyil, daxil olmuş informasiyanı yoxlamaq vəzifəsi daşıyan orqanlara müraciət etmişdir. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999- cu il 7№-li Qərarının 4-cü bəndində də qeyd olunmuşdur ki, qanunla xüsusi şikayət verilmə qaydası müəyyən edilmiş rəsmi sənədlərdə (məsələn, məhkəmə, istintaq orqanlarının qərarlarında və s. rəsmi sənədlərdə) olan məlumatların təkzib edilməsinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin qaydaları tətbiq edilmir. Beləliklə, bir şəxsin digər şəxs barəsində həqiqətə uyğun olmayan, böhtan xarakterli olsa belə məlumatlarla daxil olmuş informasiyanı yoxlamaq vəzifəsi daşıyan hüquq – mühafizə orqanlarına müraciət etməsi mülki-hüquq delikti sayılmır, mülkihüquq deliktinin törədilməsi nəticəsində mülki qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyətin yaranmasına səbəb olmur. Eyni zamanda, bu müraciətlərdə digər şəxsin şərəf və ləyaqətini alçaldan məlumatlar öz əksini tapmış ola bilər və vətəndaş öz şərəf və ləyaqətinin müdafiəsi tələbilə məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, belə tələblər yalnız o halda təmin oluna bilər ki, məhkəmə işə baxarkən, həmin orqanlara müraciət olunmasının heç bir əsası olmadığı, hüququn və qanunla qorunan maraqların müdafiəsi məqsədi ilə deyil, yalnız başqa şəxsə ziyan vurmaq məqsədilə müraciət olunduğu, yəni hüquqdan suiistifadə olunduğu müəyyən edilmiş olsun, çünki istənilən subyektiv hüququn hüdudları vardır. İstənilən subyektiv hüququn ayrılmaz xassəsi subyektiv hüququn məzmununa və onun həyata keçirilmə üsuluna aid olan müəyyən sərhədlərin olmasıdır. Subyektiv mülki hüququn xarici və daxili həyata keçirilmə sərhədlərinin yoxluğu obyektiv hüququ özbaşınalığa çevirir. Buna görə də hüquqdan sui-istifadənin hüquqi mahiyyəti obyektiv olaraq subyektiv mülki hüququn özünün nəzəri konsepsiyasından birbaşa asılıdır. Çünki subyektiv mülki hüququn mövcud olduğu yerdə həmişə ondan sui-istifadə imkanı mövcud olacaq. Ona görə də subyektin öz subyektiv hüququnu həyata keçirərkən, həqiqi azadlığı hüdudsuz ola bilməz. İctimai münasibətlərin mülki-hüquqi tənzimlənməsinin əsas etibarilə dispozitiv təmayüllü olmasına baxmayaraq, belə azadlıq imperativ hüquq normalarının köməyi ilə əmlak dövriyyəsinin digər iştirakçılarının subyektiv maraqlarının sərhədini tanımalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 24-cü maddəsində də təsbit edilmişdir ki, hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Hüquqdan sui-istifadə (lat. aemulatio) vətəndaşların öz hüquqlarından hüququn təyinatına zidd şəkildə, yolverilməz üsullarla istifadə etməsi şəklində xüsusi hüquqi davranış növüdür ki, bunun da nəticəsində cəmiyyətə, dövlətə, konkret şəxsiyyətə zərər vurulur. Məhkəmə qeyd edir ki, bütün fiziki və hüquqi şəxslər məhkəmə müdafiəsi üsullarından istifadə etmək hüququna malik olsalar da bu hüquqdan istifadə edərkən sui-istifadə hallarına yol verərək şəxsin şərəf və ləyaqətini alçaldan ifadələrə yol vermələri yolverilməzdir və bu halda mənəvi məsuliyyətə cəlb olunması istisna deyil. Beləliklə, hüquqdan sui-istifadə olunması hüququn başqa şəxsə ziyan vuran yolverilməz konkret davranışda təzahür edən və yaxud özgəsinin hüququ üçün təhdid yaradan anormal (faydasız, qeyri-adi, zərərli,) həyata keçirilməsi deməkdir. Bir qayda olaraq, hüquqdan sui-istifadə subyektiv hüquqdan bu hüququn sərhədlərini pozmaqla istifadə etməkdir. Subyektiv hüququn qanunla müəyyən olunmuş təsir hüdudlarından kənara çıxma müəyyən hüquqi nəticələrə gətirib çıxarır, bir şərtlə ki, səlahiyyətli hüquqmühafizə orqanları bu faktı müəyyən etmiş olsun. Hüquqdan sui-istifadə kompleks hüquqi hadisə kimi qəbul olunmalıdır. Bir tərəfdən, bu hüquqi məhdudiyyət subyektiv mülki hüquqdan sui-istifadənin qadağan olunması şəklində yaradılmış hüquqi tənzimləm elementidir. Bu qadağanın məzmunu heç nəyə baxmayaraq baş verməsi mümkün olan müəyyən davranış variantının hüquqi cəhətdən yolverilməzliyini göstərir. Mülki hüquqda bu hüquqi məhdudiyyət hüquqdan sui-istifadənin yolverilməzliyi prinsipi şəklində öz ifadəsinitapır. Digər tərəfdən, bu fenomenin hüquqi təbiəti hüquqdan suiistifadənin subyektiv mülki hüquq məhdudiyyətlərinə aid olunmasına dəlalət edir. Son kontekstdə hüquqdan sui-istifadə mülki hüquq subyektinin sosial və hüquqi məhdudiyyəti (buraya əxlaqi və hüquqi prinsipləri də aid etmək olar) subyektiv dərk etməsinə uyğun olaraq öz xüsusi hüquqi marağının təmin olunması üçün mülki hüququnu həyata keçirmə variantını seçərkən, yol verilən hərəkət sərbəstliyinin həddi rolu oynayır. Hüquqdan sui-istifadə zamanı davranışın hüquqa zidd olması qanun pozuntusunun hüquqi əlaməti kimi açıq ifadə olunmur. Ona görə də hüquqdan suiistifadə qanun pozuntusu kimi qiymətləndirilmir. Bununla yanaşı, hüquqdan sui-istifadə hüquqi davranış kimi də qiymətləndirilə bilməz, çünki sonuncu sosial baxımdan faydalıdır. Son nəticədəhüquqdan sui-istifadə ya hüquqi davranış fenomenidir (burada qiymətləndirici meyar qanunun hərfidir), ya da qeyri-qanuni davranış fenomenidir (burada qiymətləndirici meyar qanunun ruhudur). Hüquqdan sui-istifadə zamanı davranışın hüquqa zidd olması təkcə qanuna zidd olmasında deyil, qanunu pozan şəxsin hüquq və maraqlarına zidd olmasındadır. Hüquqdan sui-istifadə qeyri-qanuni xarakter kəsb edən, qanun pozuntusuna çevrilə bilən, amma qanun pozuntusu sayılmayan hüquqi davranış tipinə aid edilməlidir. Hüquqdan sui-istifadə faktının aşkar olunması halında o, müdafiə olunmur və qorunmur. Hüquqdan sui-istifadənin hüquqi nəticələri ənənəvi deyil, burada hüquq pozuntusu üçünsəciyyəvi olan hüquqi məsuliyyət yaranmır. Konkret işin hallarından asılı olaraq hüquqdan sui-istifadənin aşağıdakı nəticələri meydana gəlir: bu hərəkət həqiqətə uyğun olmayan hesab olunur; bu hərəkət qadağan olunur; subyektiv hüquqdan məhrum etmədən ondan istifadəyə xitam verilir və s. Mülki hüquqdan suiistifadənin qadağan edilməsi pozuntuya görə sanksiya müəyyən edir, amma bu sanksiyanın tətbiq edilməsi məhkəmənin mülahizəsinə buraxılır. Məhkəmə hesab edir ki, subyektiv mülki hüquqdan sui-istifadənin müəyyən olunduğu təqdirdə, sui-istifadəyə qədər mövcud olmuş vəziyyətin bərpa olunmasına yardım edəcək sanksiyalar sui-istifadənin ümumi hüquqi nəticəsi olmalı, bu hərəkət həqiqətə uyğun olmayan hesab olunmalıdır. Bu kontekstdə məhkəmə iddia tələbinin cavabdeh tərəfindən iddiaçı barəsində edilmiş və onun şəxsiyyəti barədə mənfi rəy yaratmağa yönələn, habelə şərəf və ləyaqətini ləkələyən məlumat kimi tanınması qənaətinə gəlir. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbinin əsası olan və cavabdeh tərəfindən iddiaçı barəsində şərəf və ləyaqəti, işgüzar nüfuzu alçaldan məlumatların yayılması nəticəsində ona mənəvi zərərin dəyməsi hissəsində qismən əsaslı hesab edir. «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı qərarının 3 və 7-ci bəndlərində göstərilmişdir ki, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məhkəmə hesab edir ki, iddiaçı barədə cavabdeh tərəfindən təqdim edilmiş şikayət ərizələrində əks edilmi məlumatlar onun şərəf və ləyaqətini alçaldan, işgüzar nüfuzunu ləkələyən məlumatlar olması və həmin məlumatların yayılmış olması öz təsdiqini tapır. Cavabdeh şikayət ərizələrində iddiaçı barədə qeyd edilən məlumatların həqiqətə uyğun olmasını sübuta yetirə bilməmiş, bu barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Məhkəmə cavabdehin inzibati xəta barədə xitam qərarının ekspert rəyini ləğv etməməsi dəlili ilə razılaşmır. Belə ki, ekspert rəyi übut növlərindən biridir. Həmin ekspert rəyi ilə iddiaçının qanında narkotik vasitəsini aşkar edilməsi təsdiq olunsa da, nəticə etibarilə məhkəmə həmin rəyi zəruri və yetərli mötəbər sübut kimi qəbul etməmiş və təkrar ekspertiza təyin etmişdir. Və nəhayət, şəxs barədə inzibati xəta barədə icraata xitam verilmişdir. İddiaçının evində silah saxlaması barədə şikayət ərizəsi də öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, cavabdehin hüquq-mühafizə orqanlarına müraciət etməkdə məqsədi öz pozulmuş hüquqlarının müdafiəsi deyil, məhz iddiaçıya ziyan vurmaq, onu nüfuzadan salmaq olmuşdur. Cavabdeh də izahatında bu halı təkzib etməyərək, yaydığı məlumatların həqiqi olduğu fikrini müdafiə etmişdir. İddiaçıya işəgötürəni tərəfindən töhmət verilməsi, izahatlarının alınması və s. nəticəsində onun mənəvi iztirablar çəkməsini də ağlabatan mühakimə əsasında inandırıcı hesab edir. Məhkəmə, iddiaçının ona dəymiş mənəvi zərərə görə 10.000 manat tələb etməsi dəlilinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsini müəyyən edən xx.xx.2023-cü il tarixli 2(102)-388/2023 nömrəli qərarında göstərilmişdir ki, mənəvi təzminatın məbləğinə təsir edən elementlərdən biri də zərərçəkənin iqtisadi vəziyyətidir. Çünki qane olma səviyyəsi hamıda eyni deyil. Təqsirli tərəfin maddi vəziyyəti də mənəvi zərərin müəyyən edilməsində əhəmiyyətli faktorlardan biridir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsində də mənəvi zərərin məbləği məsələsi həll edilərkən ölkələrin sosial-iqtisadi durumu, insanların yaşayış səviyyəsi nəzərə alınır. Həmçinin, mənəvi zərər bilavasitə zərərvuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə, mənfi psixoloji reaksiyaya səbəb olduğu üçün, hadisədən uzun müddət keçdikdən sonra mənəvi zərərin təsirinin azalması da labüddür. Məhkəmə iddia tələbinin “mənəvi ziyana görə pul məbləğinin cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və X8 haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). İddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə hesab edir ki, cavabdehdən on min manat məbləğində pulun tutulması ədalərli və mütənasib hesab edilə bilməz. Belə ki, iddiaçının iddia tələbinin əsaslı hesab edilərək təmin edilməsi onun əsassı varlanması ilə nəticələnməməlidir. Məhkəmə cavabdehdən 1000 manat məbləğində pulun tutulmasını ədalətli və qanuni hesab edir. Məhkəmə hesab edir ki, cavabdehin xüsusi qərardad çıxarılması barədə vəsatəti də təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinin tələblərinə görə məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Göründüyü kimi işdə iştirak edən şəxslərin bildirməsindən asılı olmayaraq, məhkəmə tərəfindən xüsusi qərardad çıxarılmasının məqsədi tərəflərin və ya digər şəxslərin hərəkətlərindəki cinayətin əlamətlərinin prokurorun diqqətinə çatdırılmasıdır. Lakin mülki işin araşdırılması zamanı xüsusi qərardad çıxarılması üçün hər hansı əsaslar müəyyən edilməmişdir Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh vurulmuş mənəvi zərərin əvəzi olaraq 1000 manat məbləğində pul, mülki iş üzrə ödənilmiş dövlət rüsumunun 30 manatı İddiaçı ödənilməli,iddia qalan hissədə təmin edilməməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş mənəvi zərərin əvəzi olaraq 1000 (bir min) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumunun 30 manatı Cavabdeh tutularaq İddiaçı ödənilsin, qalan hissədə iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar