Məhkəmə qərarları › İş №e-2(005)-2244/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2244/2024

07.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2244/2024 07.06.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X1 üçün azyaşlı yetkinlik yaşına çatana qədər hər ay 235 alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, rəhmətlik bacısı Əliqli (Hacıyeva) Jalə Adil qızı ilə Cavabdeh rəsmi nikahda olmuşlar. Onların rəsmi nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X4 anadan olmuşdur. Bacısı ilə Cavabdeh rəsmi olaraq nikahları pozulmuşdur. Bacısı 2023-cü il tarixdə üzun sürən xəstəlikdən sonra vəfat etmişdir. Bacısının sağlığında belə Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X4 ilə maraqlanmamış, saxlanılmasına maddi köməklik göstərməmişdir. Hazırda da cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X2 heç bir qayğısı ilə maraqlanmır, onun saxlanması üçün könüllü maddi yardım göstərmir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, alimentin təyin edilməsinə etiraz etmir, lakin hazırda işləmədiyinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli, 226 saylı Sərəncamının surətindən görünür ki, vətəndaş İddiaçı Əliqi Abşeron Rayon İcra Hakimiyyətinə (RİM) ərizə ilə müraciət edərək, bacısı oğlu X3 qəyyum təyin olunmasını xahiş etmişdir. İddiaçı xx.xx.2014-cü il təvəllüdlü bacısı oğlu X3 qəyyum təyin edilməsi qərara alınmışdır; XİX-ЖГ seriyalı, 378983 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1984-cü il tarixdə Naxçıvan şəhərində doğulmuş, atası X8, anası X5r; Naxçıvan “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli, 942 nömrəli arayışının surətindən görünür ki, Cavabdeh oğli ilə X7 arasında bağlanmış nikah xx.xx.2017-ci il tarixdə ləğv edilmişdir; AA4482342 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.2014-cü il tarixdə doğulmuşdur. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, İddiaçı bacısı Əliqli (Hacıyeva) Jalə Adil qızı ilə Cavabdeh birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X4 anadan olmuşdur. İddiaçının bacısı vəfat etdikdən sonra İddiaçı xx.xx.2014-cü il təvəllüdlü bacısı oğlu X3 qəyyum təyin edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailə Məcəlləsinin 60.3, 75.1, 75.2 və 75.4-cü maddələrinə müvafiq olaraq uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Ailə Məcəlləsinin 78-ci maddəsinə uyğun olaraq, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 79.1-ci maddəsinə əsasən valideyn himayəsindən məhrum olmuş uşaqlara görə aliment bu Məcəllənin 76-78-ci maddələrinə uyğun olaraq tutulur və uşağın qəyyumuna (himayəçisinə) və ya himayədar valideynlərə (atalığa, analığa) ödənilir. Həmin Məcəllənin 139.0.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulan hallar istisna olmaqla, qəyyumluqda (himayədə) olan uşaqlar onlara düşən pensiya, müavinət, aliment və s. sosial ödənişləri almaq hüquqlara malikdirlər. Göründüyü kimi, valideyn himayəsindən məhrum olmuş uşaqlara görə aliment qəyyumuna (himayəçisinə) ödənilir. Yuxarıda qeyd olunan maddələrin məzmunundan aydın olur ki, iddiaçı yetkinlik yaşına çatmayan uşağın qəyyumu təyin olunduğundan uşağın atasından uşağın saxlanılması üçün aliment tələb etmək hüququ vardır. Bundan başqa, həmin maddənin məzmununa görə alimentin sabit pul məbləğində tutulması qanunla nəzərdə tutulmuş hallarda uşağın saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi olduqda mümkündür. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq 2024-cü il üçün minimum yaşayış həddi uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Belə ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə hesab edir ki, alimentin tutulması xx.xx.2024-cü il tarixdən başlayaraq hesablanmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, əsas diqqət yetkinlik yaşına çatmamış uşağın mənafeyinə, uşağın maddi cəhətdən təmin olunmasına yönəlməli, iddiaçının uşağın saxlanılması üçün sabit pul məbləğində aliment müəyyən edilməsi xahişini nəzərə alaraq, xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün məhkəməyə müraciət edilən vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay 235 manat sabit pul məbləğində aliment təyin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2-ci maddəsinə müvafiq olaraq şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Yuxarıda göstərilənlərə əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220, 234, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay 235 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar