Məhkəmə qərarları › İş №e-2(005)-2432/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2432/2025

19.12.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2432/2025 19.12.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı əmək haqqının, son haqq-hesabın və əmək haqqının gecikdirilməsinə görə ödəncin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək haqqı və son haqq-hesab ödənişləri üzrə ümumilikdə 28.436 manat məbləğində olan borcun Cavabdeh MMC-dən tutularaq onun xeyrinə ödənilməsi, ”X3” MMC tərəfindən ödənişin gecikdirilməsinə görə, ödəniş vaxtı təyin olunmuş vaxtdan başlayaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş hər gecikdirilmiş gün üçün bir faiz kompensasiya miqdarında vəsaitin cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı nümayəndəsi və vəkili X6 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, əmək münasibətlərinə xitam verildiyi xx.xx.2024-cü il tarixindən etibarən əmək haqqının tam ödənildiyi günə qədər hər gecikdirilmiş gün üzrə Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq 1 faiz məbləğində kompensasiyanın hesablanması və ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixində HMC000240 nömrəli əmək müqaviləsi bağlanmışdır. Sözügedən əmək müqaviləsinin şərtlərinə görə xx.xx.2022-ci il tarixindən Cavabdeh MMC-yə direktor vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsinin 4.1-ci maddəsinə görə iddiaçıya aylıq əmək haqqı məbləği 4.000 manat miqdarında müəyyən edilmişdir. İş üzrə tərəflər arasında bağlanmış əmək müqaviləsindən başqa həmçinin xx.xx.2022-ci il tarixində HMC000240 nömrəli tam maddi məsuliyyət haqqında müqavilə imzalanmışdır. Cavabdeh MMC-də işlədiyi müddət ərzində əmək haqqını adına açılmış bank hesabına köçürülmüş, həmin vəsaitləri kart vasitəsi ilə almışdır. Cavabdeh MMC-nin təsisçilərin qərarına əsasən xx.xx.2024-cü il tarixində direktor vəzifəsindən baş mühəndis vəzifəsinə keçirilmişdir. Cavabdeh MMC-nin bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinin xx.xx.2024-cü il tarixli 22 nömrəli əmrinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Qüvvədə olan əmək qanunvericiliyinin tələblərinə görə işçi ilə əmək münasibətlərinə xitam verildikdən sonra ona düşən bütün ödənişlər tam məbləğdə işdən çıxan gün verilməlidir. Lakin ona son haqq hesabla birlikdə 28.436 manat əmək haqqı ödənilməmişdir. Cavabdeh MMC məhkəməyə iddiaya dair etiraz və ya iddiaya dair hər hansı mülahizəsini təqdim etməmişdir. İddiaçı nümayəndəsi və vəkili X6 məhkəmə iclasında iddianı müdafiə edərək bildirmişdir ki, dəfələrlə cavabdeh təşkilata müraciət etmələrinə baxmayaraq, cavabdeh iddiaçıya əmək haqqı və digər ödənişləri etmir, iddiaya baxıldığı müddət ərzində də iddiaçıya heç bir ödəniş edilməmişdir. Ekspert rəyi ilə əmək haqqı borcunun olduğu öz təsdiqini tapmışdır. İddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh MMC məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirak etməmiş və iştirak etməməsinin səbəbələri barədə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfindən izhatını dinləyərək, iş materiallarını araşdıraraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - İşəgötürən Cavabdeh MMC ilə işçi İddiaçı arasında bağlanmış HMC000240 nömrəli xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə işəgötürən MMC-də “direktor” vəzifəsinə işə qəbul edilmişdir. Müqavilənin 4.1-ci maddəsinə əsasən işçiyə hər ay vergilər və ödənişlər daxil olmaqla, 4.000 manat məbləğində əmək haqqı ödənilir; - Cavabdeh MMC-nin 22 nömrəli, xx.xx.2024-cü il tarixli əmrinin surətindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən, tərəflərdən birinin təşəbbüsü ilə xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixə olan iş dövrü üçün istifadə edilməmiş əsas əmək məzuniyyətlərinə görə 15 gün üçün pul əvəzi ödənilməsi əmr edilmişdir. Əmək müqaviləsinə xitam verilməsi əsası İddiaçı xx.xx.2024-cü il tarixli ərizəsi olmuşdur; - Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli, 15/M nömrəli əmrinin surətindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, 47 gün müddətində ödənişsiz məzuniyyət verilmişdir; - Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli, 12/M nömrəli əmrinin surətindən görünür ki, İddiaçı xx.xx.2022-xx.xx.2023-cü iş ili üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək 34 təqvim günü müddətinə əmək məzuniyyəti verilmişdir; - Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli, 13/M nömrəli əmrin surətindən görünür ki, İddiaçı xx.xx.2023-xx.xx.2024-cü iş ili üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək 34 təqvim günü müddətinə əmək məzuniyyəti verilmişdir; - Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli 16 nömrəli əmrinin surətindən görünür ki, xx.xx.2024-cü il tarixdən İddiaçı aylıq əmək haqqı saxlanılmaq şərtilə direktor vəzifəsindən baş mühəndis vəzifəsinə keçirilmişdir; - Cavabdeh MMC-nin haqq-hesab vərəqindən görünür ki, İddiaçı 15 gün istifadə edilməyən məzuniyyət günləri var və həmin məzuniyyət günləri üçün kompensasiya məbləği 1.593,24 manat təşkil edir; - Mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışın surətindən görünür ki, Cavabdeh MMC-nin nümayəndəsi xx.xx.2025-ci il tarixində keçirilmiş mediasiya sessiyasında iştirak etməmişdir; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/3502 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan sənədlərə əsasən rəyin tədqiqat posesinin təsviri hissəsində göstərilənləri nəzərə alaraq ekspert qarşısında qoyulmuş 1-ci sual üzrə: Tərtib edilmiş cədvəldən göründüyü kimi, İddiaçı "X3" MMC-də xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək işlədiyi dövrdə 104.235,30 manat məbləğində əmək haqqı, 9.014,50 manat məbləğində məzuniyyət haqqı və 1.593,20 manat məbləğində son haqq-hesab olmaqla, ümumilikdə 114.843,00 manat məbləğində hesablandığı və əmək haqqından məcburi tutulmalar çıxıldıqdan sonra ödənilməli məbləğin ümumilikdə 99.975,43 manat məbləğində təşkil etdiyi müəyyən olunur. Lakin tərtib edilmiş cədvəl və iş materiallarında olan bank çıxarış məlumatlarından göründüyü kimi, İddiaçı Cavabdeh MMC-də xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək işlədiyi dövrdə ümumilikdə 71.554,53 manat məbləğində ödənişlərin aparıldığı müəyyən olunur. Bu səbəbdən Cavabdeh MMC tərəfindən iddiaçı X2 ödənilməli məbləğin 28.420,90 manat məbləğində təşkil etdiyi muayyən olunur. 2-ci sual üzrə: İddiaçı əmək haqqının və son haqq-hesabın ödənilməsinin gecikdirilməsinə görə xx.xx.2024-cü il tarixədək gecikdirilmiş günlərin sayını və 1% ödənc məbləğini müəyyən etmək mümkün olmamışdır. Belə ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, HMC000240 saylı əmək müqaviləsində hər ay üzrə son ödəniş tarixi barədə qeyd öz əksini tapmamışdır. Həmçinin qeyd olunur ki, son haqq-hesabın ödənişləri qanunvericiliyin tələblərinə uyğun olaraq, xitam əmrinin verildiyi gün həyata keçirilməlidir. Aparılmış tədqiqatın dəyəri 100 manat müəyyən edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bağlanmış və iddiaçı MMC-də “direktor” vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı ərizəsi əsasında xx.xx.2024-cü il tarixindən Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Hazırda iddiaçı əmək haqqının tam şəkildə ödənilmədiyini əsas gətirərək cavabdehdən xx.xx.2022-ci il tarixdən - xx.xx.2024-cü il tarixədək olan dövr üçün ödənilməmiş əmək haqqı məbləğinin, son haqq-hesabın və əmək haqqı ödənişinin gecikdirilməsinə görə xx.xx.2024-cü il tarixindən ödəniləcək günədək hər gün üçün əmək haqqının 1 faizi olmaqla müvafiq məbləğin cavabdehdən tutulmasını xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin Vİ hissəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Konstitusiyanın 71-ci maddəsinin İ və İİ hissələrinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər hansı ayrı-seçkilik olmadan əmək hüquqlarının həyata keçirilməsi beynəlxalq hüquqi aktlarda da aparıcı yer tutur. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 23, 24-cü maddələrində, İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın 7-ci maddəsində hər kəsin hər hansı ayrı-seçkilik olmadan bərabər əməyə görə bərabər haqq almaq hüququ, eləcə də məzuniyyət hüququ və son haqq-hesabın ödənilməsi və s. tələb etmək hüququ təsbit olunmuşdur. Qeyd edilməlidir ki, əmək hüququ insanların digər konstitusiya hüquqlarının həyata keçirilməsinə təsir göstərə biləcək amillərdən biri olmaqla, insanın ləyaqəti və özünü cəmiyyətdə fərd kimi dərk etməsi üçün önəmlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi müvafiq hüquq normaları ilə əmək münasibətlərində işçilərin və işəgötürənlərin əmək, sosial, iqtisadi hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatların minimum səviyyəsini əks etdirir. Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi və əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır (2-ci maddənin 3-cü hissəsi). Əmək Məcəlləsinin 154.1 və 154.2-ci maddələrinə əsasən, əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir. Həmin Məcəllənin 172-ci maddəsinin 1 və 4-cü bəndlərinə görə, aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Eyni Məcəllənin 178-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq, işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. Beləliklə, işçinin əmək müqaviləsi üzrə əsas hüququ qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaqdır. Odur ki, işçilərin vaxtında, tam məbləğdə və ədalətli əmək haqqı alması təmin edilməlidir. Məhkəmə tərəfindən keçirilmiş ekspertiza rəyindən görünür ki, İddiaçı cavabdeh təşkilatda işlədiyi (xx.xx.2022-ci il tarixdən - xx.xx.2024-cü il tarixədək) dövrdə ödənilməyən əmək haqqı məbləği 28.420,90 manat (son haqq-hesab daxil olmaqla) müəyyən edilmişdir. Məhkəmə ekspert rəyini nəzərə alaraq, iddanın əmək haqqının və son haqqı-hesabın ödənilməsi hissəsində qismən edilməsi qənaətinə gəlir. Belə ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Ekspert rəyində əmək haqqı borcunun 28.420,90 manat olduğu müəyyən edilmişdir. Həmin məbləğ isə iddiaçıya ödənilməmişdir. Bu səbəbdən iddia əmək haqqı və son-haqq hesab borcunun ödənilməsi hissəsində qismən təmin edilməlidir. İddia tələbinin əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə bir faizi məbləğində ödənc verilməsi hissəsi ilə bağlı məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Əmək Məcəlləsinin 172.5-ci maddəsinin tələblərinə görə əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə uyğun olaraq, işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 il ərzində ödəncin verilməsi barədə məhkəməyə müraciət edə bilər (“Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” 11 aprel 2023-cü il tarixli Qərar). Adı çəkilən Qərarda həmçinin qeyd olunmuşdur ki, şəxs öz əmək haqqını vaxtında aldıqda əvvəlcədən planlaşdırdığı və ya yaranmış öhdəliklərini (aldığı borc və s.) vaxtında ödəmək imkanı əldə edir. Öz öhdəliyini vaxtında yerinə yetirə bilməmək isə şəxs üçün əlavə zərərə gətirib çıxara bilər (məsələn, gecikmiş kredit borcuna görə dəbbə pulu və s.). Buna görə işçinin əmək haqqının vaxtında ödənilməsi ilə bağlı məsələlər qanunvericiliklə tənzimlənir və bu öhdəliyin icra edilməməsinə və ya layiqincə icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulur. Göstərilən normada əlavə ödəncin verilməsi müəyyən edilməklə, işçinin Əmək Məcəlləsinin 9-cu maddəsinin “d” bəndində və 54-cü maddəsində təsbit edilən əmək haqqı hüququnun müdafiəsinə əlavə təminat verilmişdir. Göstərilən qayda işəgötürənin əmək haqqının vaxtında verilməsi məsələsində intizamlı olmağa məcbur etdiyi kimi, həm də işçinin pozulmuş hüququnun əvəzində kompensasiya mahiyyəti daşıyır Əmək Məcəlləsinin 172-ci maddəsinin “Qeyd” hissəsinə görə, “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməməsi başa düşülməlidir. Göründüyü kimi, qanunverici işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsinin iki şərtini müəyyən etmişdir. İlk növbədə əmək haqqının verilməsi gecikdirilməli və bu gecikdirilmə işəgötürənin təqsiri üzündən baş verməlidir. Hazırki iş üzrə qeyd olunan şərtlər öz təsdiqini tapmış və iddiaçının haqlı olaraq cavabdehdən gecikdirilmiş əmək haqqının 1 faizi məbləğində ödənc almaq hüququ yaranmışdır. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan əmək haqqının konkret hansı tarixlərdən hansı aylar üzrə gecikdirilmənin olmasını müəyyən etmək mümkün olmadığından, gecikdirilmiş əmək haqqına faizin hesablanması iddiaçının işdən çıxarıldığı gündən başlanmalıdır. Həmçinin iddiaçı özü də tələbində faizin hesablanmasının xx.xx.2024-cü il tarixdən başlanmasını xahiş etmişdir. Odur ki, əmək haqqının ödənilməsi gecikdirildiyindən gecikdirilmiş hər gün üçün 1 faiz olmaqla xx.xx.2024-cü il tarixdən başlayaraq, əmək haqqının ödəniləcəyi günədək olan müddət üçün ödənc hesablanaraq cavabdehdən tutulmalıdır. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin və Məcəllənin 119.1 və 119.2-ci maddələrinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.4-cü maddəsinə görə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.3-cü maddəsinə görə, hazırkı iddia ərizəsi üzrə 175,26 manat dövlət rüsumu tutulmalıdır. Bu mənada məhkəmə hesab edir ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilməli olan dövlət rüsumunun əvəzi olaraq 175,26 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, işə baxılması ilə əlaqədər məsrəflərə aid olan 100 manat məbləğində aparılmış ekspertiza tədqiqatının dəyəri də cavabdehdən tutularaq ekspertiza mırkəzinə ödənilməlidir. Beləlikə, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən xx.xx.2022-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək ödənilməmiş əmək haqqı və son haqq-hesaba görə 28.420,90 manat məəbləğində pul, xx.xx.2024-cü il tarixdən başlayaraq ödəniləcəyi günədək 28.420,90 manat məbləğində pulun hər gecikdirilmiş günü üçün bir faiz məbləğində ödənc hesablanaraq iddiaçıya ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən ödənilməmiş əmək haqqı və son haqq-hesaba görə 28.420,90 (iyirmi səkkiz min dörd yüz iyirmi manat, doxsan qəpik) manat məbləğində pul və həmin ödənişin gecikdirilməsinə görə xx.xx.2024-cü il tarixdən başlayaraq ödəniləcəyi günədək hər gecikdirilmiş gün üçün bir faiz məbləğində ödənc hesablanaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilməli olan dövlət rüsumunun əvəzi olaraq 175,26 (yüz yetmiş beş manat, iyirmi altı qəpik) manat məbləğində pul Cavabdeh MMCdən alınaraq dövlət büdcəsinə ödənilsin. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN**********, AZ34CTRE********************, X1, KOD 210005, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar