Məhkəmə qərarları › İş №e-2(005)-2438/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-2438/2024

27.08.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-2438/2024 27.08.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Təhminə Nizami qızının katibliyi, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı MTK-nın Cavabdeh qarşı (X1, X2, X3 və Bakı şəhəri 35 saylı notariat ofisi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilməklə) müqavilənin etibarsız hesab edilməsi və ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MTK iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə bağlanmış 29 dekabr 2021-ci il tarixli 110 nömrəli əvəzləşdirmə müqaviləsini və 26 yanvar 2022-ci il tarixli müqaviləsini etibarsız hesab edərək ləğv edilməsi; 18 aya görə ödənilmiş 16200 manat kirayə pulunun və 300 manat nəqliyyat xərcinin; hüquqi yardıma görə vəkilə ödənilmiş 1500 manat pulun və iddianın verilməsinə görə 145 manat cavabdehdən tutularaq geri qaytarılması və sözügedən mənzildən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə vəsatətlə müraciət edərək tərəflər arasında bağlanmış müqaviləyə əsasən mübahisənin ilk növbədə tərəflər arasında həll edilməsinə cəhd edilməsi barədə razılıq olduğundan və iddiaçı tərəf bu qaydaya əməl etmədən məhkəməyə müraciət etdiyindən iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Eyni zamanda iddiaçının nümayəndəsi (vəkili) elektron məhkəmə informasiya sistemi vasitəsi ilə məhkəməyə yazılı ərizə ünvanlayaraq xəstəliyi səbəbindən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdeh tərəfin vəsatətini mülki iş materialları ilə birlikdə araşdıraraq, tərəflərin izahatlarını dinləyərək iddia ərizəsinin baxılmamış saxlanılmalı olduğu qənaətinə gəlir. Azərbaycan Respublikası MPM-nin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı işin qabaqcadan məhkəmədən kənar (pretenziya) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə iddia ərizəsi baxılmamış saxlanılır. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış 5.1-ci bəndində qeyd olunur ki, tərəflər onlar arasında həmin müqavilənin icrası prosesində yaranacaq bütün mübahisələrin danışıqlar yolu ilə həll edilməsinə üstünlük verirlər. 5.2-ci bəndinə əsasən danışıqlar yolu ilə həll edilə bilinməyən mübahisələr Azərbaycan Respublikasının aidiyyəti üzrə məhkəmələrində həll ediləcəkdir. Məhkəmə hesab edir ki, iş materialların tərəflər arasında olan mübahisənin məhkəməyə müraciət edilənək həll edilməsinə cəhd edilməsini təsdiq edən sübutlar olmadığından və tərəflərin izahatlarından mübahisənin məhkəmədənkənar həlli imkanı itirilmədiyi aydın olduğundan hazırda baxılan iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260.1-ci maddəsinə əsasən iddia ərizəsinin baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası MPM-nin 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli qərarında qeyd edilir ki, ərizənin baxılmamış saxlanılması Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş elə prosessual qaydadır ki, həmin qaydaya görə mülki işlər üzrə məhkəmə müdafiəsi hüququ həyata keçirildikdə hüquqi şərait imkan vermədiyi üçün qətnamə qəbul edilmədən məhkəmə baxışı başa çatdırılır. İddianın baxılmamış saxlanılmasına səbəb olan maneə aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququna malik olur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 260, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MTK-nın Cavabdeh qarşı (X1, X2, X3 və Bakı şəhəri 35 saylı notariat ofisi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilməklə) müqavilənin etibarsız hesab edilməsi və ləğv edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Ödənilmiş 145 (bir yüz qırx beş) manat dövlət rüsumu İddiaçı MTK-ya geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar