Məhkəmə qərarları › İş №e-2(005)-245/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-245/2023

30.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-245/2023 30.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi Allahverdiyeva Aytac İmamhüseyn qızının katibliyi İddiaçı nümayəndəsi və vəkili Vəkil3, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi, kredit üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, mənzilin boşaldılması və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında bağlanmış 25 iyun 2019-cu il tarixli kredit müqaviləsi üzrə Cavabdeh tutulmalı olan 100000 (bir yüz min) manat məbləğində borcun İddiaçı qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 85.8 kv.m olan mənzilə yönəldilməsinə, həmin mənzilin ən geci bir ay ərzində məcburi qaydada boşaldılmasına, mənzilin açıq hərracdan satılaraq, satışdan əldə edilən pul hesabına kredit borcunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 25 iyun 2019-cu il tarixində Bakı şəhəri, 18 saylı notariat ofisində, Cavabdeh kredit müqaviləsi bağlayaraq, ona bir il müddətinə 100000 (bir yüz min) manat məbləğində borc vermişdir. Həmin tarixdə də, cavabdehlə onun arasında ipoteka müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 85.8 kv.m olan mənzili ipoteka ilə yüklü edilmişdir. Cavabdeh tərəfindən müqavilənin şərtlərinə əməl edilmədiyindən məhkəməyə iddia ərizəsi ilə müraciət olunmuş və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-59/2022 saylı, xx.xx.2022-ci il tarixli Qətnaməsi ilə iddia ərizəsi təmin edilmiş, Cavabdeh 100000 manat manat məbləğində borc və 30 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. Həmin qətnamədə cavbadeh Cavabdeh tutulmalı olan məbləği onun qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 85.8 kv.m olan mənzilə yönəldilməsi, mənzilin açıq hərracdan satılması və mənzil satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılmaqla, həmin mənzilin məcburi qaydada boşaldılması barədə qətnamə çıxarılması xahiş olunsa da, iddia tələbi bu hissədə rədd edilmişdir. xx.xx.2022-ci il tarixində cavabdehin ünvanına yuxarıda qeyd edilən məzmunda bildiriş göndərilmişdir. Lakin cavabdeh yenə də müqavilənin şərtlərinə əməl etməyərək, ona verilmiş borcu bugünədək qaytarmamışdır. Dəfələrlə cavabdehlə əlaqə saxlamaq istəsə də, bu heç bir şəkildə mümkün olmamışdır. Məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Vəkil3 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 idia tələbini qəbul etməyərək, iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Reyestrdə 3M-636 nömrə ilə qeydə alınmış, xx.xx.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, borc verən İddiaçı borc alan Cavabdeh 100000 manat məbləğində pul borc vermiş, borc alan borcu xx.xx.2020-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsindən görünür ki, Reyestrdə 3M-636 nömrə ilə qeydə alınmış, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə Cavabdeh verilmiş **********30-05301-093037 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 85.8 kv.m olan mənzili İddiaçı xeyrinə ipoteka ilə yüklü etmişdir. İpoteka predmetinin dəyəri ipoteka qoyanın və ipoteka saxlayanın razılığına əsasən 136000 manat məbləğində müəyyən edilmişdir. İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə Cavabdeh 100000 manat məbləğində borc pulun, tərəfindən ödənilmiş 30 manat məhkəmə üçün və 34,5 manat ipoteka qeydə alınması üçün dövlət rüsumunun tutulması; xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsi üzrə ipoteka predmetinin ilkin satış qiyməti 136000 manat məbləğində müəyyən edilməklə Cavabdeh tutulmalı olan məbləği onun qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 85.8 kv.m olan mənzilə yönəldilməsi, mənzilin açıq hərracdan satılması və mənzil satıldıqdan sonra həmin mənzil ən gec bir ay ərzində boşaldılmadıqda, həmin mənzilin məcburi qaydada boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Bakı şəhəri, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-59/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh 100000 manat məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumu İddiaçı xeyrinə tutulması qət edilmişdir. Qeyd olunan mülki iş üzrə keçirilmiş qiymətlətdirmə eksperizası rəylərinə əsasən, «X1 Mərkəzi» MMC-nin xx.xx.2021-ci il tarixli, YD 18 nömrəli mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 85.8 kv.m olan mənzilin bazar dəyəri 159330 manat, likvid dəyəri 145500 manat təşkil edir. "Azprice Group” MMC-nin xx.xx.2021-ci il tarixli, 219 saylı mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 85.8 kv.m olan mənzilin bazar dəyəri 153400 manat, likvid dəyəri 142000 manat təşkil edir. Hazırkı iş üzrə təyin edilmiş Əmlak Ekspert Mərkəzinin xx.xx.2023-cü il tarixli, ƏEM/M 27- 131/23 nömrəli ekspert rəyinin nəticə hissəsindən müəyyən olunur ki, aparılmış hesablamalara və təhlillərə əsasən Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən mənzilin xx.xx.2023-cü il tarixə bazar dəyəri- 180000 (bir yüz səksən min) manat, likvid dəyəri- 171.000 (bir yüz yetmiş bir min) manat təşkil edir. xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, 25 iyun 2019-cu il tarixində Bakı şəhəri, 18 saylı notariat ofisində, İddiaçı ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış, sonuncuya 100000 (bir yüz min) manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 85.8 kv.m olan mənzil İddiaçı xeyrinə ipoteka ilə yüklü edilmişdir. Mənzilin ipotekaya qoyulması barədə İddiaçı ilə borcalan və ipotekaqoyan Cavabdeh arasında xx.xx.2019-cu il tarixli sonrakı ipoteka müqaviləsi imzalanmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-59/2022 saylı, xx.xx.2022-ci il tarixli Qətnaməsi ilə iddia ərizəsi təmin edilmiş, Cavabdeh 100000 manat manat məbləğində borc və 30 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulması qət edilmişdir. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsində iddia tələbinin rədd olunan hissəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi ilə bağlı bildiriş ipoteka saxlayanın (iddiaçının) ərizəsi əsasında Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Bakı şəhər Ərazi İdarəsində qeydə alınmamışdır. İddiaçı tərəf qanunla müəyyən edilmiş ipoteka predmetinə tutmanın yönəldilməsi qaydasına riayət etməmişdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafıq olaraq pul və ya eyni keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımıncz icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir; 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər; 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir; Həmin Qanunun 36.5-ci maddəsinə əsasən ipoteka saxlayan tutmanın yönəldilməsi haqqında bildirişi bu Qanunla nəzərdə tutulmuş qaydada qeydiyyat orqanına təqdim etmədikdə, o, ipoteka qoyan, hər hansı başqa ipoteka saxlayan və ipoteka predmeti üzərində hüquqları olan digər şəxs (şəxslər) qarşısında onlardan hər hansı birinə bununla əlaqədar vurulmuş zərərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. 39.3-cü və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır; 59.3.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla eyni zamanda müəyyən edilmişdir ki, Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 85.8 kv.m olan mənzil İddiaçı xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Kredit müqaviləsi üzrə borcun tutulması ilə bağlı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-59/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi qəbul edilmişdir. İpoteka saxlayan tutmanın yönəldilməsi haqqında bildiriş ipoteka saxlayanın (iddiaçının) ərizəsi əsasında hazırda Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində qeydə alınmışdır. İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik borclu tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipotekaya qoyulmuş Cavabdeh məxsus Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 85.8 kv.m olan mənzilə yönəldilməli, həmin mənzil açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi həyata keçirilməli, ödəniş həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılmalıdır. Məhkəmə ipoteka predmetinə tutma yönəldildikdə onun ilkin satış qiymətinin iş üzrə keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının nəticəsi olaraq Əmlak Ekspert Mərkəzinin xx.xx.2023-cü il tarixli, ƏEM/M 27-131/23 nömrəli ekspert rəyində müəyyən edilən məbləğdə, yəni likvid dəyəri – 171.000 (bir yüz yetmiş bir min) manat məbləğində müəyyən edilməsi qənaətinə gəlir. Məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiymətinə dair ekpert rəyi nəzərə alınmaq 171.000 (bir yüz yetmiş bir min) manat müəyyən edilməklə, qeyd edilən daşınmaz əmlak açıq hərracdan satılmalı və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən kredit borcu ödənilməlidir. Məhkəmə qeyd edir ki, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitdən qalığın qalması da istisna edilmir və belə bir hal baş verdiyi təqdirdə ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin müqəddaratı da həll edilməli və belə bir məbləğ yarandığı təqdirdə “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 47.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla ipoteka qoyana (cavabdehə) qaytarılmalıdır. Məhkəmə iddia tələbinin "əmlakın boşaldılması " hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə də təmin edilməli, Cavabdeh məxsus Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 85.8 kv.m olan mənzil açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılmalıdır. Məhkəmə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun qaytarılmasına dair hər hansı bir tələb olmadığından belə hesab edir ki, bu məbləğ iddiaçıya aid edilməlidir.. Habelə, məhkəmə əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 200 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq müvafiq olaraq ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 25 iyun 2019-cu il tarixli kredit müqaviləsi üzrə tutma kredit müqaviləsinin təminatı qismində ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş, Cavabdeh məxsus Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 85.8 kv.m olan mənzilə yönəldilməli, həmin mənzil açıq hərrac vasitəsilə satılmalı, satışdan əldə olunan vəsait hesabına kredit borcu və dövlət rüsumu ödənilməli, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana – Cavabdeh qaytarılmalı, Cavabdeh məxsus olan Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 85.8 kv.m olan mənzil açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Tutma kredit müqaviləsinin təminatı qismində ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş, Cavabdeh məxsus Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 85.8 kv.m olan mənzilə yönəldilsin. Həmin mənzil açıq hərrac vasitəsilə satılsın. Satışdan əldə olunan vəsait hesabına 100 000 (yüz min) manat kredit borcu ödənilsin. Cavabdeh məxsus Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 85.8 kv.m olan mənzili açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılsın. Əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 200 (iki yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına keçirilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar