Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2617/2023 27.12.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclas katibi Məmmədova Təhminə Nizami qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, İddiaçı Cavabdeh qarşı əmlakın naturada bölünməsi, hərracdan satılması və satışdan əldə edilmiş pul məbləğinin paylı mülkiyyətçilər arasında bölünməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı Cavabdeh qarşı əmlakın hərracdan satılması və satışdan əldə edilmiş pul məbləğinin paylı mülkiyyətçilər arasında bərabər bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, paylı mülkiyyətdə olan Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsi, bina 116, 99 saylı mənzilin açıq hərracdan satılaraq, əldə edilmiş satış məbləğinin paylı mülkiyyətçilər arasında paylarına uyğun şəkildə bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə birgə nikah dövründə əldə olunan C.Hacıbəyli küç., bina 116, mənzil 99 ünvanda yerləşən mənzilə dair ½ hissədə paylarının müəyyən edilməsi bu barədə qətnamə qəbul edilməsini xahiş etmişdi. Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, № 2(005)-2960/2022 saylı qətnaməsi ilə ünvan 1 ünvanda yerləşən mənzilə İddiaçı ½ hissədə pay hüququ tanındı. Bu qərardan razı qalmayan Cavabdeh Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti göndərmişdi. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, №2(103)-1802/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədi. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2(005)-2960/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanıldı. 10 may 2023-cü il tarixli Yaşayış mənzilinin orta bazar dəyərinin müəyyən edilməsi barədə Arayışda ünvan 1 ünvanda yerləşən yaşayış mənzili orta bazar dəyəri 10 may 2023-cü il tarixinə əsasən, 280000 manat - 300000 manat arası təşkil edir. Birgə nikah dövründə əldə olunmuş əmlakın açıq hərracda satılaraq müəyyən olunmuş paylara uyğun olaraq vəsaitlərin götürülməsi tələbi ilə bağlı mediasiyaya müraciət etmiş, lakin qarşı tərəf iştirak etməmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdiirlməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsi, bina 116, 99 saylı mənzilin naturada bölünməsini, bu mümkün olmadıqda isə əmlakın açıq hərracdan satılaraq, əldə edilmiş satış məbləğinin paylı mülkiyyətçilər arasında paylarına uyğun şəkildə bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 əmlakın dəyərinin 280000 manat – 300000 manat olduğunun müəyyən edildiyini bildirərək əmlakın 300000 manata hərracdan satılmasını və bu məbləğin tərəflər arasında bərabər bölünməsini xahiş etdi. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsini əsassız hesab etdiyini bildirərək, təmin edilməməsini xahiş etdi. Əsaslandırıcı hissə: a)Mülki işin materialları Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-463/2022 saylı iş üzrə 05 sentyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilərək, iddia tələbi təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2012-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat şöbəsində 418 nömrəli akt qeyd ilə bağlanmış nikahın pozulması, xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X4 iddiaçı Cavabdeh yanında saxlanılmaları, xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı hər ay hər uşağa 180 manat olmaqla, cəmi 360 manat məbləğində aliment tutularaq Cavabdeh verilməsi, alimentin tutulma vaxtının xx.xx.2021-ci il tarixdən hesablanması qət olunmuşdur. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 29 noyabr 2022-ci il tarixli, 2(005)-2960/2022 saylı saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, İddiaçı ilə Cavabdeh birgə nikah dövründə əldə olunan ünvan 2 ünvanda yerləşən mənzilə İddiaçı ½ hissədə pay hüququ tanınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-1802/2023 saylı qətnaməsinə əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2(005)- 2960/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(102)-4361/2023 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-1802/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. "xxxx" MMC tərəfindən verilmiş 10 may 2023-cü il tarixli, yaşayış mənzilinin orta bazar dəyərinin müəyyən edilməsi barədə arayışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsi, bina 116, 99 saylı mənzilin orta bazar dəyəri 280000 manat- 300000 manat təşkil edir. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: Niftəliyev X3 Aliyə Elşad qızı ilə 12 iyun 2010-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Tərəflərin sonradan ailə münasibətlərinin pozulması səbəbindən Cavabdeh İddiaçı qarşı “nikahın pozulması, uşaqların ananın himayəsinə verilməsi və aliment məbləğinin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-463/2022 saylı qətnaməsi ilə tərəflərin nikahları pozulması qət edilmiş, həmin qətnamədən verilmiş apellyasiya şikayətinə baxan apellyasiya instansiyası məhkəməsi qətnaməni nikahın pozulması hissəsində dəyişdirmədən saxlamışdır. Bununla yanaşı qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə birgə nikah dövründə əldə olunan ünvan 2 ünvanda yerləşən mənzilə İddiaçı ½ hissədə pay hüququ tanınmışdır. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 136.1-ci maddəsinə əsasən əşyalar dövriyyədən çıxarılmayıbsa və ya onların dövriyyəsi məhdudlaşdırılmayıbsa, universal hüquq varisliyi qaydasında (vərəsəlik, hüquqi şəxsin yenidən təşkili) və ya başqa üsulla əşyalar sərbəst surətdə özgəninkiləşdirilə və ya bir şəxsdən başqasına keçə bilər. 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. 221-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 4 aprel 2014-cü il tarixli Plenumunun Qərarında qeyd olunur ki, Mülki Məcəllənin 220.6-ci maddəsində ümumi əmlakın bölünməsi ilə bağlı məhkəmənin həmin əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edilməsi səlahiyyəti nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən belə qərarın qəbul edilməsi bütün paylı mülkiyyətçilərin razılığının alınması ilə şərtləndirilməmişdir. Həmin maddənin mənasına görə belə qərar paylı mülkiyyətçilərin birinin iddiası əsasında da qəbul edilə bilər. Mülkiyyətçilərin razılığı olmadan əmlakın hərracdan satılması barədə məhkəmənin qərar qəbul etməsi mülkiyyət hüququnun məhdudlaşdırılması (mülkiyyət hüququna müdaxilə) baxımından təhlil olunmalıdır. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda hüquq və azadlıqların, o cümlədən mülkiyyət hüququnun ümumi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Qeyd olunan prinsiplərə riayət edildikdə, mülkiyyət hüququnun məhdudlaşdırılmasına yol verilir. Mülkiyyətçilərdən hər hansı birinin əmlaka sahiblik, istifadə və sərəncamla əlaqədar hüquqları digərlərinin hüquqlarından üstün sayıla bilməz. Mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır. Bununla bağlı qeyd etmək vacibdir ki, məhkəmənin əmlakın açıq hərracdan satılması barədə qərarı digər mülkiyyətçilərin hüquqlarını təmin etmək məqsədilə qəbul edilir. Nəzərə alınmalıdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Məhkəmə qeyd edir ki, tərəflərin məhkəmə iclasında verdiyi izahatlardan əmlakın naturada bölgüsünün mümkünsüz olduğu müəyyən edilmişdir. Əmlakın Naturada bölgüsünün mümkün olmaması işin mübahisəsiz halı olduğundan məhkəmə prosessual qənaət prinsipinə uyğun olaraq bu halın təkrar müəyyən edilməsi üçün ekspertiza təyin edilməsinə zərurətin olmadığı qənaətinə gəlmişdir. Məhkəmə onu da qeyd edir ki, cavabdeh iddiaçıya onun əmlak payına uyğun kompensasiya ödəməkdən imtina etmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Beləliklə iş materiallarından Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsi, bina 116, 99 saylı mənzilin üzərində İddiaçı ½ hissədə payının olması qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Əmlakın naturada bölgüsü mümkün deyil, cavabdeh iddiasının payına uyğun kompensasiya ödəməkdən imtina etmişdir. Bu səbəbdən də İddiaçı əmlakın hərracdan satılması və əldə olunan pul vəsaitinin mülkiyyətçinin paylarına uyğun bölünməsini xahiş edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsasları iş m materialları və tərəflərin izahatları ilə təsdqini tapdığından iddia təmin edilməli, Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsi, bina 116, 99 saylı mənzil açıq hərracdan satılmalı, satışdan əldə ediləcək pul məbləği İddiaçı və Cavabdeh arasında onların pylarına uyğun - bərabər bölünməlidir. Məhkəmə əmlakın hərracdan satış qiymətinə münasibətdə qeyd edir ki, iş materiallarında əmlakın bazar dəyəri barədə hesabat mövcuddur. Məhkəmə iclasında iddiaçı tərəf əmlakın hesabatda qeyd edilən 300000 manat dəyirinnin ilkin hərracdan satış qiyməti kimi müəyyən edilməsini xahiş etmiş, cavabdeh tərəf bu hesabatda qeyd edilən məbləğə etirazını bildirməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, mübahisəli əmlakın hərracdan satış qiyməti onun bazar dəyəri əsasında 300000 manat müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələrinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı ödənilmiş dövlət rüsumunun əvəzinin tutulmasını tələb etmədiyindən ödənilmiş rüsum iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsi, bina 116, 99 saylı mənzil açıq hərracdan satılsın və satışdan əldə edilmiş məbləğ mülkiyyətçilərin paylarına uyğun olaraq (İddiaçı ½ hissədə, Cavabdeh ½ hissədə) bölünsün. Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsi, bina 116, 99 saylı mənzilin ilkin satış qiyməti 300000 (üç yüz min) manat məbləğində müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aytən Novruzova
Məhkəmə qərarları › İş №e-2(005)-2617/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2617/2023
27.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver