Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2622/2024 04.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Təhminə Nizami qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2006-cı il doğum tarixli X1 üçün, Cavabdeh, xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üçün cavabdehdən iddiaçının xeyrinə 13365 manat alimentin, mediasiya sessiyasının başladığı 2024-cü ilin fevral ayından isə, hər ay 686 manat alimentin Cavabdeh tutulub İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair məhkəməyə ərizə təqdim edərək xx.xx.2006-cı il doğum tarixli X1 üçün Cavabdeh, xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üçün cavabdehdən iddiaçının xeyrinə 13365 manat alimentin, 2024-cü ilin fevral ayından isə hər ay cavabdehin əmək haqqının dörddə bir hissəsi həcmində alimentin Cavabdeh tutulub İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 2005-ci ildə nikaha daxil olmuş, 2006-cı ildə nikahları pozulmuşdur. Birgə nikahlarından xx.xx.2006-cı il tarixli X5 adlı övladları doğulmuşdur. Cavabdeh övladı Murad Əliyevlə heç vaxt ünsiyyət saxlamamış, övladı doğulandan hal-hazıradək, iddiaçıya aliment ödəməmişdir. Göstərilən səbəbdən, mediasiya təklifi göndərildiyi 2024-cü ilin fevral ayından əvvəlki 3 illik dövr ərzində, yəni 2021-ci ilin fevral ayından başlayaraq Murad Əliyevin saxlanması üçün onun atası Cavabdeh, uşağı saxlamış və maddi cəhətdən təmin etmiş İddiaçı xeyrinə aliment tutulmalıdır AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin xx.xx.2024-cü il tarixli 3-17-5/2- 11728/2024 saylı məktubuna əsasən, Cavabdeh “X6 Limited” MMC ilə bağladığı xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən həmin tarixdən takelajçı vəzifəsinə qəbul edilmiş və əmək haqqı 1485 manat təşkil etmiş, xx.xx.2024-cü il tarixdən isə həmin MMC ilə bağlanmış müqaviləyə əsasən kran operatorunun köməkçisi vəzifəsinə qəbul edilmiş, əmək haqqı 2746 manat təşkil etmişdir Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul etdiyini, əvvəlki üç illik dövr üçün aliment ödənilməsinə razı olmadığını bildirdi. Əlavə olaraq nikahları pozulan zaman iddiaçının ona övladının olması barədə məlumat vermədiyini bildirdi. Əsaslandırıcı hissə: a)Mülki işin materialları Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən verilmiş əmək müqaviləsi bildirişləri barədə məlumatdan müəyyən olunur ki, Cavabdeh “X6 Limited” MMC ilə bağladığı xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən kran operatorunun köməkçisi vəzifəsinə çalışır və əmək haqqı 2,746 manat təşkil edir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2-955 2006-cı il tarixli qətnaməsinə əsasən İddiaçı (Əliyeva) ilə Cavabdeh arasında 2004-cü il sentyabrın 10-da Bakı şəhərinin Xətai rayon VVADQ şöbəsində bağlanmış və 954 № ilə qeyd edilmiş nikahın pozulması qət edilmişdir. EMİS-dən əldə edilmiş məlumatlardan görünür ki, Cavabdeh ilə İddiaçı xx.xx.2006-cı il təvəllüdlü X5 adlı övladlı var. Bakı Şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş AZ-İ 925055 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2006-cı il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası X3r. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: Tərəflər xx.xx.2004-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. Onların birgə nikahından xx.xx.2006-cı il təvəllüdlü X5 doğulmuşdur. Tərəflərin münasibətləri pisləşdiyindən İddiaçı iddiası əsasında qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə tərəflərin nikahı pozulmuşdur. İddiaçı, Cavabdeh uşağın saxlanılmasında iştirak etmədiyini bildirir və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün, eyni zamanda əvvəlki ödənilməyən üç illik dövr üçün məhkəmə qaydasında aliment tutulmasını xahiş edir. Cavabdeh tərəf isə iddia tələbini qismən qəbul etmiş, xx.xx.2006-cı il təvəllüdlü X2 nikahın pozulduğu dövr ərzində anadan olduğundan onun barəsində məlumatı olmadığını bildirmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsinin) 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 76.1.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; miqdarda aliment tutulur. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2 №-li Qərarının 8.2-ci bəndinə görə, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə ilk olaraq qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, aliment tələbi qismən təmin edilməli, xx.xx.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancın (başqa gəlirlərin) dörddə bir hissəsində aliment İddiaçı xeyrinə tutulmalıdır. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Məhkəmə onu da qeyd edir ki, iş materiallarında olan “İlkin mediasiya sessiyasında iştirak edilməməsi haqqında” arayışdan müəyyən olunur ki, İddiaçı mediasiya təklifini xx.xx.2024-cü il tarixdə vermişdir. İddiaçı alimentin mediasiya prosesinin başlandığı tarixdən tutulmasını tələb etdiyindən məhkəmə alimentin də həmin tarixdən hesablanması qənaətinə gəlir. Məhkəmə bu halı iddiaçının cavabdehdən uşağın saxlanılması üçün aliment alınması üçün gördüyü tədbir kimi qəbul edərək, Ailə Məcəlləsinin 100.3-cü maddəsinə əsasən alimentin mediasiyaya müraciət edilən tarixdən hesablanmasını qanuni və əsaslı hesab edir. Bu zaman Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2622/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı nəzərə alınmalıdır. Məhkəmə, iddiaçının əvvəlki 3 il müddətinə alınmamış alimentin nəzərə alınması tələbi ilə bağlı qeyd edir ki, iddiaçı alimentin əvvəlki üç illik müddət üçün cavabdehin ödəməkdən boyun qaçırmasını təsdiqləyən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmiş, eyni zamanda məhkəmə araşdırması zamanı bu hallar sübuta yetilməmişdir. Cavabdehin övladının mövcudluğundan məlumatının olub-olmaması alimentin əvvəlki 3 il üçün tutulması və həmin tarixdən hesablanmasının müstəqil əsası ola bilməz. Belə ki, Ailə Məcəlləsinin 100.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 112.1-ci maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun : 8.1.2-ci maddəsinə əsasən məhkəməyə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun məbləği iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həcmində təşkil edir. 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə onu da qeyd edir ki, ödənilməli alimentin bir illik məbləği 8238 manat olduğundan, ödənilməli dövlət rüsumun məbləği 112,38 manat təşkil edir. İddiaçı bu məbləği ödəməkdən azad edildiyindən rüsumun məbləği cavabdehdən dövlət büdcəsi üçün tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən qətnamə dərhal icra edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixdən başlayaraq (Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)- 2622/2024 saylı, xx.xx.2024-cü il tarixli müvəqqəti alimentlə bağlı qərardadı nəzərə alınmaqla) xx.xx.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancın (başqa gəlirlərin) dörddə bir (1/4) hissəsində aliment İddiaçı xeyrinə tutulsun. İddia ərizəsinin verilməsinə görə ödənilməli dövlət rüsumunun məbləği olan 112,38 manat pul Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aytən Novruzova
Məhkəmə qərarları › İş №e-2(005)-2622/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2622/2024
04.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver