Məhkəmə qərarları › İş №e-2(005)-2698/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2698/2023

29.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2698/2023 29.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı əşya tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 hər birinə 15000 manat olmaqla, üç ədədinin cəmi dəyəri 45000 manat olan, Bakı-Quba avtomobil yolunun Abşeron rayonunun Saray qəsəbəsinin ərazisindən keçən hissəsində, yolun kənarında torpaq sahəsinin üzərində yerləşən, sökülüb aparması mümkün olan üç ədəd taxta konstruksiyalı evlərin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi (vəkili) daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, hər biri 15000 manat olmaqla, üç ədədinin cəmi dəyəri 45000 manat olan, Bakı-Quba avtomobil yolunun Abşeron rayonunun Saray qəsəbəsinin ərazisindən keçən hissəsində, yolun kənarında torpaq sahəsinin üzərində yerləşən, sökülüb aparması mümkün olan üç ədəd taxta konstruksiyalı evlərin və ya sökülüb aparması mümkün olmadıqda 45000 manat məbləğin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, həyat yoldaşı X8 ilə birgə, əmlak alğı-satqısında vasitəçiliklə məşğul olan Cavabdeh1 hər birinə 15000 manat olmaqla üç ədədinə cəmi 45000 manat pul verib, Bakı-Quba avtomobil yolunun Abşeron rayonunun Saray qəsəbəsinin ərazisindən keçən hissəsində, yolun kənarında yerləşən torpaq sahəsinin üzərində sökülüb aparması mümkün olan üç ədəd taxta konstruksiyalı evlər almışlar, lakin aldıqları taxta konstruksiyalı evləri həmin ərazidən dərhal apara bilməmişlər. Səbəb isə, həmin taxta konstruksiyalı evlərin qoyulacaq ərazinin səliqəyə salınması, düzlənməsi ilə bağlı olub. Bu qarşılıqlı razılaşma ilə həmin taxta evlərin onlara məxsus ərazidə bir neçə ay saxlanmasına razılaşıblar. Bir müddət, yəni ərazi hazır olandan sonra həmin taxta evlərin onların ərazidə montaj olunmasını xahiş ediblər. Sonradan onlara məlum olub ki, həmin ərazi başqa şəxslərə satılıb, dəfələrlə tələb etməsinə baxmayaraq nəticə əldə edə bilməmişdir. Bir neçə dəfə həmin şəxslərə müraciətlər etmələrinə baxmayaraq, əmlaklarını geri qaytarmaqdan imtina etmiş və müxtəlif bəhanələr ilə əlaqəyə girməkdən yayınmışdır. Ona görə də məhkəmə müdaxiləsi zərurəti yaranmışdır. Qeyd olunan taxta evlər cavabdehlərə məxsus torpaq sahəsində saxlanılır. Cavabdeh1 hər birinə 15000 manat olmaqla, üç ədədinə cəmi 45000 manat pul verib, Abşeron rayonunun Saray qəsəbəsinin ərazisindən keçən hissəsində, yolun kənarında torpaq sahəsinin üzərində yerləşən, sökülüb aparması mümkün olan üç ədəd taxta konstruksiyalı evlərin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbinə etiraz edərək bildirmişdir ki, onlarla dəfələrlə əlaqə saxlasalar da, evləri gəlib aparmalarını söyləsələr də, hər dəfə bir bahənə ilə evləri gəlib aparmamış, qoymağa yerləri olmadıqlarını demişlər. Onlar isə torpağı başqa şəxsə satmış və həmin torpağın üzərində olan evləri yiyələrinin gəlib aparacağını bildirmişlər. Bu məsələdə onların heç bir təqsiri olmadığından iddianın rədd olunmasını xahiş etmişdir. Cavabdeh3, habelə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış digər Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və iştirak etməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə uyğun olaraq cavabdehlərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh3 bildirmişdir ki, 2020-ci ildə pandemiya vaxtı ailəsini Bakıya göndərmiş, lakin özü gələ bilməmişdir. Həmin dövrdə qohumu olan Hüseyn onunla əlaqə saxlayaraq taxta evlərə müştəri olduğunu demiş, o isə satmasını bildirmişdir. Hüseyn də evlərdən birini Türk vətəndaşına, qalan üçünü isə Vüsalə xanıma satmışdır. Türk vətəndaşı evi söküb aparsa da, Vüsalə xanım yerinin olmadığını əsas gətirərək evlərin sökülüb aparılması üçün 2 ay vaxt istəmişdir. Avqust ayında yollar açılmış və o, Bakıya gəlmişdir. Gələndən sonra torpağa da müştəri çıxmışdır. Torpağı almaq istəyən İslam adlı şəxslə görüşüb danışmış və razılaşmışlar. Oktyabr ayında torpağı etibarnamə ilə İslama satmışdır. İslama bildirmişdir ki, ərazidə yerləşən taxta evlər Vüsalə adında xanıma satılıb, yerləri olmadığına görə apara bilməyiblər. Bir müddət sonra İslam da həmin torpağı Sumqayıt şəhərində Sement zavodunun müdiri olan Orxan adlı şəxsə bir neçə ton beton müqabilində satmışdır. Orxan İslama 2-3 maşın beton versə də, torpağı 100000 manata başqa bir şəxsə satıb Türkiyəyə qaçmışdır. Həmin evlərin hazırda kimdə olduğu, satılıb-satılmadığı barədə məlumatı yoxdur. O, öz üzərinə düşən öhdəliyini tam yerinə yetirmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda qeyd olunanlara əsasən təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2020-ci il tarixli alğı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 hər biri 90 m2 olan 3 ədəd taxta evi alıcı İddiaçı satmağı, alıcı isə onların qarşılığında 45000 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə satıcı qismində Cavabdeh1, alıcı qismində İddiaçı və vasitəçi olduğu qeyd edilən X12 tərəfindən imzalanmışdır; - Abşeron rayon Pİ-nin “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, X3 Cavabdeh1 cəmi 45000 manat verib aldığı, lakin ərazidən dərhal apara bilmədiyi 3 ədəd taxta konstruksiyalı evin götürülməsinə onların yerləşdiyi ərazinin yeni mülkiyyətçisi tərəfindən evləri torpaqla birlikdə alması əsas gətirilərək icazə verilməməsi barədə şikayəti həmin idarədə araşdırılmış, bununla belə cinayət tərkibi yaranmadığından toplanmış material üzrə fakta görə CM-in 178ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir; - Həmin araşdırma zamanı X8 (iddiaçının əri) bildirmişdir ki, 2020-ci ilin avqust ayında Xırdalan şəhərində əmlak alqı-satqısı ilə məşğul olan Cavabdeh1 hər birinin qiyməti 15000 manat olmaqla, cəmi 45000 manat verməklə sadə yazılı müqavilə əsasında üç ədəd taxta materialdan sökülüb daşınması mümkün olan evlər almışdır. Aldığı həmin taxta materialdan olan evlər Bakı-Quba yolunun kənarında, Saray qəsəbəsinin ərazisində yerləşir. Evləri alandan sonra evlər həmin ərazidə qalmış və Hüseyn ilə evlərin 1-2 ay keçəndən sonra aparılacağı barədə razılaşmışlar. Təxminən 4 ay sonra həmin evləri oradan götürmək istədikdə həmin ərazidə olan mühafizə evləri götürməyə icazə verməmişdir. Sonradan torpağı almış İslam adlı şəxslə görüşmüş, İslam ona bildirmişdir ki, onun Emin adlı şəxslə torpaqla bağlı mübahisəsi qalmışdır, həmin mübahisəni həll etdikdən sonra evləri götürər. Bir müddət gözlədikdən sonra 01 iyul 2022-ci il tarixdən 03 iyul 2022-ci il tarixədək İslama zəng etmiş, lakin İslam onun telefonunu açmamış, o da şikayət etmişdir; - Həmin araşdırma zamanı Cavabdeh1 izahatında göstərmişdir ki, qohumu X1 Bakı- Quba yolunun kənarında, Saray qəsəbəsinin ərazisində yerləşən öz torpaq sahəsində dörd ədəd taxta materialdan evi olmuş, özü Rusiya Federasiyasında olduğu üçün həmin evlərin satışını ona həvalə etmiş, o da evin birini satdıqdan sonra üç ədəd taxta materialdan olan evi X4 hər birinin qiyməti 15000 manat olmaqla, cəmi 45000 manat verməklə sadə yazılı müqavilə əsasında satmışdır. X22 aldığı taxta materialdan olan evləri aparmamışdır. Sonradan torpaq sahəsini qohumu X19 İslam adlı şəxsə satmışdır. X19 İslama torpaq sahəsində olan evlərin Ceyhun adlı şəxsə satıldığını və gəlib aparacağını dəfələrlə demiş, Hacı İslam evlərin Ceyhun tərəfindən aparılacağına etiraz etməmişdir. X20 həmin torpaq sahəsini Emin adlı şəxsə satmışdır; - Həmin araşdırma zamanı Cavabdeh2 izahatında göstərmişdir ki, 2020-ci ilin sentyabr ayında Bakı-Quba yolunun kənarında, Saray qəsəbəsinin ərazisində 0,054 ha-dan ibarət torpaq sahəsini X13 adlı şəxsdən Bakı şəhərində yerləşən 11 saylı Notariat Kontorunda alqısatqı müqaviləsi əsasında almışdır. Həmin torpaq sahəsi dostları X5 və X6 adına sənədləşdirilmişdir. Həmin torpaq sahəsini almaq üçün 200000 manat, üzərində olan üç ədəd taxta materialdan olan evlərin hər birinə 10000 manat olmaqla 30000 manat pul vermişdir. Bir müddət sonra torpağın sahibi İslam adlı şəxs gəlib Orxan adlı şəxsin onu aldatdığını bildirmiş, bu zaman onun nümayəndəsi olan Emin adlı şəxs Orxanla onun arasında olan mübahisəni öz aralarında həll etməyi bildirmişdir; - Həmin araşdırma zamanı tərtib olunmuş Cavabdeh3 yazılı izatında göstərilmişdir ki, ərizəçi Ceyhun Cəfərovun ərizəsində göstərdiyi torpaq sahəsi ona məxsus olmuş, lakin həmin torpaq sahəsi qaynatası X7 və qardaşı X2 adına olmuşdur. Həmin torpaq sahəsini təxminən on il əvvəl almışdır. RF vətəndaşı olmaqla Rusiyada yaşayır. Qeyd olunan ərazidə rus hamamı tikib biznes fəaliyyəti yaratmaq istəmişdir. Ona görə də, 2011-ci ildə Rusiyada hamam kimi quraşdırılması üçün nəzərdə tutulan dörd ədəd taxta ev alıb Azərbaycan Respublikasına göndərmişdir. Evlərin hər biri AR-ə gətirilənə qədər ona 70.000 manata başa gəlmişdir. Lakin sonradan işlərində uğursuzluq olduğu üçün hamam tikintisini başa çatdıra bilməmişdir. 2020-ci ildə koronavirus epidemiyası yayıldıqda həmin taxta evləri satmaq məcburiyyətində qalmışdır. Həmin vaxt Rusiyada olmuşdur, yollar bağlı olduğu üçün Azərbaycana gələ bilməmişdir. Ona görə də, taxta evlərin satılması üçün qohumu, yəni atasının dayısı nəvəsi Hüseynə müraciət etmişdir. Bir müddət sonra Hüseyn zəng edib evların birinə müştəri olduğunu bildirmiş, o da razılaşmışdır. Hüseyn həmin evin birini satmışdır. 2020-ci ilin yaz aylarında Hüseyn zəng edib üç ədəd taxta evləri almağa müştəri olduğunu, müştərinin hər evə 15000 manat verdiyini demişdir. Pula ehtiyacı olduğu üçün məcbur olub razılaşmışdır. Üç ədəd taxta evi Hüseyn 45000 manata satıb pulunu ailə üzvlərinə vermişdir. Taxta evlərin yeni sahibi evlərin götürməsi üçün iki ay vaxt istəmiş, o da evlərin götürülməsi üçün iki ay vermişdir. 2020-ci ilin avqust ayında Azərbaycan Respublikasına gəlmişdir. Həmin vaxta qədər evləri alan şəxs onları götürməmişdi. Ona görə də, Hüseynə demişdir ki, evləri alan şəxs evləri torpaq sahəsindən götürsün, çünki həmin torpaq sahəsini satmaq istəyir. Hüseyn, evləri almış, adı sonradan mənə məlum olan Ceyhun adlı şəxsə zəng edib evləri götürməsi barədə onun tələbini çatdırmışdır. Maddi ehtiyacı olduğu üçün 2020-ci ilin oktyabr ayında taxta evlərin yerləşdiyi torpaq sahəsini satmışdır. Torpaq sahəsini Hüseynin vasitəsi ilə İslam və Şirin adlı şəxslərə satmışdır. Qaynatası və qardaşı onlara Bakı şəhərin 3-cü mikrarayon dairəsində notariat kontorunda etibarnamə vermişlər ki, sonradan onlar torpaq sahəsini öz adlarına keçirsinlər. Torpağı satarkan o və Hüseyn torpağı alan İslam və Şirinə bildirmişlər ki, torpağın üzərində olan üç ədəd taxta ev onlara aid deyil, həmin evləri başqa şəxsə satmışlar və həmin şəxs gəlib evləri aparacaq. Hüseyn, İslamla Ceyhunu telefonda danışdırmışdır. Torpağı alan şəxslərə 450000 manata satmışdır. Həmin qiymətə torpaq üzərində daşdan tikilmiş 560 kv.m. sahəsi olan tikinti, sahəyə çəkilmiş su xətti, işıq xətti və torpağın hasarı daxil idi. Lakin həmin qiymətə torpaq sahəsi üzərindəki taxta evlər daxil deyildi. Belə ki, həmin taxta evi qeyd olunan şəxslərə satmamışdır. Taxta evlərin heç bir sənədi olmadığından onlara dair alqı-satqı müqaviləsi sadə yazılı formada Ceyhun və Hüseyn arasında tərtib olunmuşdur. Torpağı satarkan taxta evlərin başqa şəxsə aid olduğunu İslam və Şirinə şifahi olaraq bildirmişdir. Sonradan baş verən hadisələr ona bəlli deyildir; - DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,27625 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X5 adına xx.xx.2020-ci il tarixdə qeydə alınmışdır. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına görə, mübahisə mövzusu olan 3 ədəd taxta konstruksiyalı ev Abşeron rayonu, Saray qəsəbəsində yerləşməklə Cavabdeh3 məxsus olmuş, onun tapşığına əsasən həmin evlər Cavabdeh1 tərəfindən xx.xx.2020-ci il tarixli alğı-satqı müqaviləsi əsasında cəmi 45000 manata İddiaçı satılmış, evlərin sökülüb yerləşdikləri torpaq sahəsindən aparılması üçün iddiaçıya 2 ay vaxt verilsə də, o həmin müddətdə evləri götürməmiş, evlərin olduğu torpaq sahəsi ardıcıl olaraq müxtəlif şəxslərə satılmış, sonuncu alıcı (torpaq sahəsinin hazırkı mülkiyyətçisi) X9 isə torpağı üzərindəki həmin evlərlə birlikdə aldığını bildirərək iddiaçının evləri aparmasına icazə verməmişdir. Bu səbəbdən hazırkı mübahisə yaranmışdır. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin yaranmasının əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İddia ərizəsinin mahiyyətindən də göründüyü kimi, hazırkı iddia alğı-satqı müqaviləsinin predmeti olan əşyanın təhvil verilməsi öhdəliyinin (müqavilə öhdəliyinin) icra edilməsinə dairdir. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Öhdəliyin icra edilməməsi anlayışı isə Mülki Məcəllənin 442-ci maddəsində verilmişdir. Həmin maddəyə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Hazırkı işdə nə mübahisə mövzusu olan 3 ədəd taxta konstruksiyalı evlərin satıcısı olan Cavabdeh3, nə də onun tapşırığını icra edən (şifahi tapşırığa əsasən nümayəndəsi) Cavabdeh1 xx.xx.2020-ci il tarixli alğı-satqı müqaviləsindən irəli gələn öhdəliyi – yəni, 3 ədəd taxta konstruksiyalı evləri təhvil verilməsi öhdəliyini pozduqları və ya lazımınca icra etmədikləri müəyyən edilmir. Əksinə alıcı İddiaçı razılaşdırılan vaxtda evləri sökdürərək Abşeron rayonu, Saray qəsəbəsində yerləşən torpaq sahəsindən aparmadığı hazırkı işin mübahisəsiz halıdır. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, işin bu faktiki halları mülki qanunvericilikdə kreditorun icranı gecikdirməsini nəzərdə tutan 446.1-ci maddəsinin dispozisiya şərtlərinə uyğun gəlir. Belə ki, Mülki Məcəllənin 446.1-ci maddəsinə əsasən kreditor vaxtı çatmış və ona təklif olunmuş icranı qəbul etmirsə və ya borclunun öz öhdəliyini icra edə bilmək üçün ondan gözlədiyi hərəkətləri yerinə yetirmirsə, icranı gecikdirmiş sayılır. Mülki Məcəllənin 446.4-cü maddəsinə görə, kreditorun icranı gecikdirməsi zamanı borclu öhdəliyin icra edilməməsi üçün yalnız bu şərtlə məsuliyyət daşıyır ki, icra borclunun qərəzi və ya kobud ehtiyatsızlığı nəticəsində qeyri-mümkün olsun. Mülki Məcəllənin 446.5-ci və 446.5.2-ci maddələrinə görə isə, gecikdirmə zamanı kreditor onun təqsirindən asılı olmayaraq əşyanın təsadüfən korlanması və ya məhv olması riski onun üzərinə düşür. Həmin Məcəllənin 556.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, borclunun öhdəliyi yerinə yetirməsi kreditorun təqsirli hərəkətləri nəticəsində mümkün olmadıqda, kreditor öhdəlik üzrə özünün icra etdiklərini qaytarmağı tələb edə bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı “üç ədəd taxta konstruksiyalı evlərin və ya 45000 manat məbləğin ödənilməsi” tələbini irəli sürməkdə haqlı olmamışdır. Digər Cavabdeh2 gəldikdə isə, iddia ona qarşı da əsaslı hesab edilə bilməz. Belə ki, mübahisəli evlərin yerləşdiyi torpaq sahəsinin ardıcıl olaraq müxtəlif şəxslərə satıldığı, orada yerləşən taxta konstruksiyalı evlərin də torpaqla birlikdə həmin alıcılara (onların faktiki sahibliyinə) təhvil verildiyi müəyyən edilir. Cavabdeh2 da həmin torpaq sahəsini üzərindəki ədəd taxta konstruksiyalı evlərlə birlikdə Orxan adlı şəxsdən aldığını, torpaqdan əlavə evlərə görə ayrıca 30000 manat ödədiyini bildirmişdir. Onun həmin evləri alarkən evlərin mübahisəli olduğunu bildiyi müəyyən olunmur. Bu isə, onun vicdanlı əldə edən olduğu qənaətinə gəlməyə əsas verir. Belə ki, iddiaçı bu halı təkzib edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Mübahisəli taxta evlərin onlara zərər vurulmadan sökülüb aparılmasının mümkün olduğu – başqa sözlə, daşınar əşya xüsusiyyətində olduqları da tərəflərin izahatları ilə təsbit edilmişdir. Bu mənada nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 182.1-ci maddəsinə əsasən, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı əşya tələbinə dair iddiası təmin olunmamalı, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı əşya tələbinə dair iddiası təmin olunmasın. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elekton kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar