Məhkəmə qərarları › İş №e-2(005)-2760/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-2760/2025

05.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-2760/2025 05.12.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Birgə iddiaçılar İddiaçı1 və İddiaçı2 MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı (açar sözlər: məhkəmə aidiyyəti; kommersiya mübahisəsi) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, Birgə iddiaçılar İddiaçı1 və İddiaçı2 MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta dəyərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A), açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin halları: Birgə iddiaçılar İddiaçı1 və İddiaçı2 MMC cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta dəyərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Meqa Sığorta ASC-dən 55900 manat sığorta məbləğinin tutularaq iddiaçı Azərbaycan Avtomobil Evi MMC-nin xeyrinə ödənilməsi, dövlət rüsumu kimi ödənilmiş 258 manat məbləğin tutularaq İddiaçı1 xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, “İddiaçı1 xx.xx.2024-cü il tarixdə Changan UNİ K İDD PLUG-İN HİBRİD minik markalı, 2023-cü il buraxılış ili, **-YL-*** dövlət qeydiyyat nişanlı avotomobili digər hüquqlarını müdafiə etdiyim hüquqi şəxs İddiaçı2 MMC-dən B98- AAE-24 saylı alqı-satqı müqaviləsi əsasında almışdır. Həmçinin, qeyd olunan avtomobil xx.xx.2024-cü il tarixində Meqa Sığorta ASC tərəfindən 5559 manat sığorta ödənişi əsasında “Avtomobilin könüllü sığortalanması qaydalarına” uyğun olaraq tam sığortalanmışdır. Avtomobil alınan zaman qeyd olunan sığorta xərci İddiaçı1 tərəfindən tam şəkildə ödənilmişdir. xx.xx.2024-cü il tarixində saat 23:18 radələrində Binəqədi rayonu Binəqədi Şosesi ilə Zəngəzur küçəsinin kəsişməsində Çinar MMC-yə məxsus avtobusun yol hərəkət qaydalarını kobud şəkildə pozması nəticəsində avtonəqliyyat hadisəsi baş vermişdir. Hadisə zamanı İddiaçı1 idarə etdiyi həmin avtomobilə zərər dəymiş və qeyd olunan avtomobil tam sıradan çıxmışdır. Faktla bağlı Binəqədi rayon polis idarəsində cinayət işi başlanılmış və təqsirkar şəxs məsuliyyətə cəlb olunmuşdur. Avtomobil tam məhv olması ilə əlaqədar rəsmi servis tərəfindən təmir aktı təqdim olunmuşdur və bu əsasla sığorta dəyərinin ödənilməsi ilə bağlı Meqa Sığorta ASC-yə tərəfimizdən bütün zəruri sənədlər vaxtında təqdim olunmuşdur. Sığorta dəyərinin ödənilməsi ilə əlaqədar Meqa Sığorta ASC-yə müraciət olunduqdan sonra xx.xx.2025-ci il tarixində avtomobilin real bazar dəyərini 44000 manat, qalıq hissənin dəyirini 20000 manat, sığorta ödənişi isə 10 % azadolma məbləği tətbiq olunmaqla 17810 manat müəyyən etmişdirlər. Nə sığorta olunan, nə də ki, faydalanan şəxs bu məbləğlə qəti olaraq razı deyil. Avtomobilin real bazar dəyərinin müəyyən olunması zamanı Sığorta şirkəti ekvivalent kimi “Turbo.az” saytını əsas götürmüşdür ki, bu cür bazar dəyərinin müəyyən etmək hüquqi baxımdan doğru deyildir. Çünki hadisə baş verməzdən öncə eyni şərtlərlə eyni tələblərə cavab verən və eyni modeldə avtomobil saytda satışda olmamışdır. Bundan başqa sığorta şirkəti sonradan avotmobilin qalıq dəyəri üzrə alınmasından da imtina etmişdirlər. CHANGAN minik markalı avtomobillərin Azərbaycan Respublikasında rəsmi distribyutorudur, yəni rəsmi təmsilçisi və satışını həyata keçirən şirkətdir. Azərbaycan Avtomobilevi MMC ilə İddiaçı1 arasında bağlanılmış alqı-satqı müqaviləsinə əsasən, avtomobilalınan zaman 6 il və ya 150000 km zəmanətlə almışdır, həmçinin, həmin müddət ərzində servis xidməti də göstərilməsinə dair razılaşma da olmuşdur. Bu fakt da avtomobilin bazar qiymətinə təsir edən əsas amillərdən biridir. Əlavə olaraq bildiririk ki, Sirkət tərəfindən verilən sorğuya cavab məktubunda həmin avtomobilin işlək vəziyyətdə xx.xx.2024-cü il tarixinə olan satış dəyəri eyni tələblərə cavab verməklə 55900 manat olmuşdur. Bundan başqa sığorta şirkəti tərəfindən tətbiq olunan azadolma məbləği ilə də razı deyilik. Hesab edirik ki, bu hal hüquqdan sui-istifadədir. Çünki azad olmanı sığorta şəhadətnaməsində olan sığorta məbləğinin 10%-ini tətbiq edir. Amma veriləcək sığorta məbləğini bazar dəyəri üzrə qiymətləndirir. Yəni Sığorta şəhadətnaməsində 61900 manat sığorta dəyəri müəyyən edilməklə 6190 manat azad olma məbləği tətbiq edir. Lakin sığorta dəyərini 44000 manat hesablayır. Həmçinin, avtomobilin tam yararsız halında şərtliazad olma tətbiq olunmasının özüdə Mülki Məcəllənin tələblərinə ziddir.” II. Tərəflərin mövqeyi: İddiaçının nümayəndəsi və vəkili xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə ərizə təqdim edərək bildirmişdir ki, mülki işin kommersiya mübahisəsi hesab edilməsi və işin kommersiya məhkəmə aidiyyatı göndərilməsi mübahisənin uzanmasına səbəb olur ki, bu hal hüquqlarını təmsil etdiyim şəxslərin mənafeyinə tamamilə uyğun deyildir. Həmçinin, məhkəmə baxışı zamanı məhkəmə aidiyyatının müəyyən edilməsi həm mülki prosessual məcəllənin tələblərinə, həm də ədalət mühakiməsinin mahiyyətinə ziddir. Əvvəlki məhkəmə iclaslarında məhkəmə aidiyyatı ilə əlaqədar hər hansı uyğunsuzluq aşkar edilməmişdir, Hətta məhkəmənin təşəbbüsü ilə ekspertiza təyin olunmuş və ekspert rəyinin əldə olunması təmin olunmuşdur. Bundan başqa tərəflər arasında aidiyyatla bağlı hər hansı mübahisə olmamışdır. Hüquqi şəxslər arasında yaranmış mübahisə sahibkarlıq fəaliyyəti ilə əlaqədar deyildir. Əsas mahiyyət ondan ibarətdir ki, İddiaçı1 ilə "xxxx" MMC arasında alqı-satqı müqaviləsi bağlanmışdır. (Həmin Alqı-satqı müqaviləsi elektron kabinetə əlavə edilmişdir.) Həmin alqı satqı müqaviləsi üzrə ödənilməli olan məbləğ aylıq ödəmə şəklində olması səbəbindən satıcı Avtomobil Evi MMC avtomobili könüllü (Kasko) sığorta etdirmişdir. Sığorta ödənişini isə Orucov X1 Evi MMCyə ödəmişdir. Hadisə baş verən zaman isə İddiaçı1 birbaşa mülki zərər dəymişdir. Məhkəmənin hazırlıq iclası zamanı bütün bu hallar iş üzrə əvvəlki hakim Ramin Quliyev tərəfindən tədqiq edilmiş və işin icraata qəbul olunması mümkün hesab olunmuşdur. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçılar və cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdirlər. Məhkəmə mülki iş üzrə məhkəmə iclasının iddiaçıların və cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etdi. III. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 13-cü maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. - 25.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. - 25.2-ci maddəsinə əsasən ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. - 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. -30-cu maddəsinə əsasən, bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. - 31.1-ci maddəsində göstərilir ki, aidiyyət qaydalarının pozulmasına yol verilmir. - 32.4-cü maddəsinə görə aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. - 403-1.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan şikayət vermək hüququna malikdirlər. - 403-1.3-cü maddəsinə əsasən, məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1 – 407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPMin 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Qərarın 13-cü bəndinə əsasən əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Həmin Qərarın 16-cı bəndinə görə işin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı kommersiya məhkəməsində baxılmalı olan işlərin mümkün subyekt tərkibi və predmeti ilə bağlı qiymətləndirmənin həyata keçirilməsi zamanı MPM-in 30-cu maddəsinin tələblərinin nəzərə alınmalı olması da diqqətdən kənarda qalmamalıdır. Belə ki, həmin maddənin əvvəlki redaksiyasından fərqli olaraq hazırda qüvvədə olan redaksiyaya əsasən bir-biri ilə əlaqədar olan bir neçə tələbin birləşdirilməsi zamanı onlardan bir qisminin ümumi məhkəməyə, digərlərinin isə kommersiya məhkəməsinə aid olduğu halda, tələblərə artıq ümumi deyil, kommersiya məhkəməsində baxılmalıdır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli Qərarının tətbiqi ilə bağlı məhkəmələrin fəaliyyətinin monitorinqinin nəticələrinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 19 dekabr 2022-ci il tarixli 6 №-li qərarına əsasən əlavə edilmiş 28-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir. Həmçinin nəzərə alınmalıdır ki, fiziki şəxsin fərdi sahibkar kimi vergi orqanında uçota alınarkən göstərilən konkret fəaliyyət istiqamət(lər)i ilə deyil, qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətinin başqa növü ilə məşğul olması işin kommersiya məhkəməsinə aidiyyətini dəyişdirmir. IV. Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, yuxarıda sadalanan prosessual normaların mənasına görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla müəyyən edilir. Yəni, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə isə kommersiya məhkəmələrində baxılır. Qeyd olunan meyarlara uyğun məhkəmə aidiyyatının müəyyən edilməsi və işə aidiyyatı məhkəmədə baxılması yaranmış mübahisələr üzrə tərəfləri hüquqi gözləntilərinin qanuni və tam olaraq bərpa edilməsinə xidmət edir. Qeyd olunmalıdır ki, sahibkarlıq subyektləri arasında yalnız birgə fəaliyyətdən yaranan mübahisələr deyil, həm də onların ayrı-ayrılıqda həyata keçirilən fəaliyyətindən əmələ gələn mübahisələr də kommersiya mübahisəsi sayılır. Həmçinin qeyd olunan normaların təhlilindən müəyyən edilir ki, bir-biri ilə əlaqədar olan bir neçə tələbin birləşdirilməsi zamanı onlardan bir qisminin ümumi məhkəməyə, digərlərinin isə kommersiya məhkəməsinə aid olduğu halda, tələblərə artıq ümumi deyil, kommersiya məhkəməsində baxılmalıdır. Hazırki iş materiallarından görünür ki, iddiaçı - sığortalı İddiaçı2 MMC və sığortaçı cavabdeh "xxxx" ASC arasında avtonəqliyyat vasitələrinin könüllü sığortalanmasına dair müqavilə bağlanmış və sığorta şəhadətnaməsi verilmişdir. Həmin şəhadətnaməyə əsasən “Cangan Uni-K İDD PLUG-in hibrid” markalı 77YL261 dövlət nömrə nişanlı avtomobil xx.xx.2024-cü il tarixdən xx.xx.2029-cu il tarixinədək sığorta olunmuş və faydalanan şəxs kimi İddiaçı2 MMC göstərilmişdir. Hazırda tərəflər arasında qeyd olunan müqavilə üzrə sığorta ödənişinə dair mübahisə vardır. Belə ki, iddiaçılar cavabdeh tərəfindən təklif olunan sığorta ödənişi ilə razı olmadıqlarını bildirərək, "xxxx" ASC-dən 55900 manat sığorta məbləğinin tutularaq iddiaçı Azərbaycan "xxxx" MMC-nin xeyrinə ödənilməsini xahiş edirlər. Baxılan iş üzrə, İddiaçı2 MMC və "xxxx" ASC arasında bağlanmış müqavilə hüquqi şəxs olan hər iki tərəfin qarşılıqlı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlıdır. Həmin mübahisə həm subyekt tərkibi, həm mübahisənin predmeti, həm də hüquq münasibətlərinin xarakteri baxımından kommersiya mübahisəsidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hazırki iş üzrə tərəflər – İddiaçı2 MMC (VÖEN: **********) və cavabdeh "xxxx" ASC (VÖEN: **********) hüquqi şəxslər kimi qeydiyyata alınmışdırlar. Göründüyü kimi, mübahisə sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər arasında olmaqla, həmçinin mübahisənin predmeti də onların sahibkarlıq fəaliyyəti ilə bağlıdır. Yəni, mübahisənin həm subyektiv tərkibi, həm predmeti sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədardır. Belə olan halda hazırki iş üzrə subyektlər, onların sahibkarlıq fəaliyyəti subyekti olmaları, habelə yaranmış mübahisənin onların sahibkarlıq fəaliyyəti ilə bağlı olması faktı hazırki işə ümumi məhkəmələrdə baxılmasını qeyri-mümkün etdiyindən qeyd olunan mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin tələbləri də nəzərə alınmaqla kommersiya məhkəməsinin icraatında baxılmalıdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron informasiya bazasından edilmiş çıxarışdan görünür ki, hazırki iş üzrə cavabdeh "xxxx" ASC Bakı şəhərində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-ci il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyasına əsasən Bakı şəhəri – Bakı Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Qeyd olunmalıdır ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır. Məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan ciddi əhəmiyyət kəsb edir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan halları nəzərə alaraq hesab edir ki, tərəflər arasında olan mübahisə kommersiya məhkəmələrinin səlahiyyətinə aiddir. Belə olan halda isə birgə iddiaçılar İddiaçı1 və İddiaçı2 MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı kommersiya mübahisəsinə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsində baxılmalıdır. IV. Nəticə: Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1, 32, 167.2, 403-1 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Birgə iddiaçılar İddiaçı1 və İddiaçı2 MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta dəyərinin ödənilməsi” tələbinə dair e-2(005)-2760/2025 saylı iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə kassasiya şikayəti ilə bağlı Azərbaycan Respublikası MPM-nin 407.1-407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar