Məhkəmə qərarları › İş №e-2(005)-2800/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2800/2024

03.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2800/2024 03.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı (LPO "xxxx" ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) (açar sözlər: hərracın etibarsızlığı) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçının nümayəndə və vəkili Vəkil, Üçüncü şəxsin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı (LPO "xxxx" ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi tərəfindən 21 may 2024-cü il tarixli, 29/01 nömrəli hərracın yekunları barədə protokolun ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, iddiaçı ləğv prosesində olan "xxxx" ASC ilə İddiaçı arasında 07 iyul 2015-ci il və 12 dekabr 2015-ci il tarixlərdə kredit müqaviləsi imzalanmışdır. Müqavilənin şərtlərinə əsasən ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti iş üzrə İddiaçı pul kediti vermişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini üsulu kimi tərəflər arasında həmin tarixdə ipoteka müqaviləsi imzalanmışdır. İpoteka Müqaviləsinə əsasən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 347,9 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinə, ünvan 2 ünvanında 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 384,9 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinə, «İnfiniti Qx-56» minik markalı, **-RT-*** dövlət qeydiyyat nişanlı avtomobilə «Nissan Patrol» minik markalı, 90- RX-567 dövlət qeydiyyat nişanlı avtomobilə vəX2 məxsus olan ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 307,8 kv.m-dən ibarət qeyri-yaşayış sahəsi ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsi üzrə tərəflər arasında məhkəmə mübahisəsi yaranmış və nəticədə məhkəmə tərəfindən qanuni qüvvəyə minmiş qətnamə qəbul edilmişdir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-37/2022 saylı qətnaməsinə əsasən xx.xx.2015-ci il tarixli 10/0002/İBK saylı kredit müqaviləsi üzrə əsas borca görə 440968,90 ABŞ dolları, faiz borcuna görə 257479,65 ABŞ dolları məbləğində olmaqla, ümumilikdə 698448,55 (altı yüz doxsan səkkiz min, dörd yüz qırx səkkiz dollar, əlli beş sent) ABŞ dolları məbləğində pul vəsaiti ödəniş anında Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun hesablanmaqla manatla cavabdeh İddiaçı tutularaq iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, xx.xx.2015-ci il tarixli 10/0003/İBK saylı kredit müqaviləsi üzrə əsas borca görə 76402,65 manat, faiz borcuna görə 1624,51 manat, müqavilə müddəti bitdikdən bankın lisenziyası ləğv olunan tarixədək hesablanan gecikdirilmiş faiz borcuna görə 1664,74 manat olmaqla, ümumilikdə 79691,9 (yetmiş doqquz min, altı yüz doxsan bir manat, doxsan qəpik) manat pul vəsaiti cavabdeh İddiaçı tutularaq iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, xx.xx.2015-ci il tarixli 10/0002/İBK saylı kredit müqaviləsi üzrə 698448,55 ABŞ dolları məbləğində pulun tutulması barədə tələb ipoteka predmeti olan İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 347,9 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinə, ünvan 2 ünvanında 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 384,9 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinə, «İnfiniti Qx-56» minik markalı, **-RT-*** dövlət qeydiyyat nişanlı avtomobilə «Nissan Patrol» minik markalı, **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobilə və X2 məxsus olan ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 307,8 kv.m-dən ibarət qeyri-yaşayış binasına yönəldilməsi, xx.xx.2015-ci il tarixli 10/0003/İBK saylı kredit müqaviləsi üzrə 79691,9 manat məbləğində pulun tutulması barədə tələb ipoteka predmeti olan İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 347,9 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinə, ünvan 4 ünvanında 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 384,9 kv.m-dən ibarət qeyr-iyaşayış sahəsinə yönəldilməsi, ipoteka predmeti olan ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 500000 (beş yüz min) manat, ünvan 6 ünvanında birinci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 550000 (beş yüz əlli min) manat, ünvan 3ndə yerləşən qeyri-yaşayış binasının ilkin satış qiyməti 140000 (yüz qırx min) manat, «İnfinity QX-56» markalı, **-RT-*** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiyməti 60000 (altmış min) manat, «Nissan Patrol» markalı, 90- RX567 dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiyməti 36000 (otuz altı min) manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılması, xx.xx.2015-ci il tarixli, 10/0002/İBK saylı kredit müqaviləsi üzrə ipoteka predmeti olan əmlakların satışından əldə olunan vəsait hesabına xx.xx.2015-ci il tarixli, 10/0002/İBK saylı kredit müqaviləsi üzrə borc, xx.xx.2015-ci il tarixli 10/0003/İBK saylı kredit müqaviləsi üzrə ipoteka predmeti olan əmlakların satışından əldə olunan vəsait hesabına xx.xx.2015- ci il tarixli 10/0003/İBK saylı kredit müqaviləsi üzrə borc ödənilməsi, xx.xx.2015-ci il tarixli, 10/0002/İBK saylı kredit müqaviləsi üzrə ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetlərinin satışından əldə olunan vəsaitin qalan hissəsi müvafiq olaraq ipoteka qoyanlar İddiaçı və X2 qaytarılması, xx.xx.2015-ci il tarixli 10/0003/İBK saylı kredit müqaviləsi üzrə ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetlərinin satışından əldə olunan vəsaitin qalan hissəsi müvafiq olaraq ipoteka qoyan İddiaçı qaytarılması, ipoteka predmetlərinin satışından əldə edilən vəsait borcun ödənilməsinə kifayət etmədikdə xx.xx.2015-ci il tarixli, 10/0002/İBK saylı kredit müqaviləsi və xx.xx.2015-ci il tarixli 10/0003/İBK saylı kredit müqaviləsi üzrə qalıq borc cavabdeh İddiaçı ümumi qaydada tutulması, ipoteka ilə yüklü edilmiş əmlaklar satıldıqdan və mülkiyyətçilər dəyişdikdən sonra əmlaklar 1 (bir) ay ərzində boşaldılsın və ləğv prosesində olan "xxxx" ASC-yə təhvil verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6305/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddiaçı "xxxx" Bank ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli qətnaməsi müqavilə müddətindən sonrakı dövrə görə illik 5 faizlə hesablanmış borcun tutulması hisəsində dəyişdirilmsi, xx.xx.2015ci il tarixli kredit müqaviləsi üzrə müqavilə müddətindən sonrkı dövrə görə illik 5 faizlə hesablanmış 12935,15 ABŞ dolları və xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə müqavilə müddətindən sonrakı dövrə görə illik 5 faizlə hesablanmış 4424,99 manat borc cavabdeh İddiaçı "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə tutulması qət edilmişdir. Bundan sonra Sabunçu rayon İcra və Probasiya şöbəsinin məktubu ilə yuxarıda qeyd etdiyi qeyri-yaşayış sahələrinin açıq hərracda satılmasına köməklik göstərmələri Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzindən xahiş edilmişdir. Bəhs edilən mənzilin açıq auksiyon formasında hərracda satılması üçün cavabdeh Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi tərəfindən 2 dəfə hərrac keçirilmişdir və hərrac baş tutmamışdır. xx.xx.2024-cü il tarixdə İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 347,9 kv.m-dən ibarət qeyri-yaşayış sahəsi, ünvan 2 ünvanında 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 384,9 kv.m-dən ibarət qeyri-yaşayış sahəsi və X2 məxsus olan ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 307,8 kv.m-dən ibarət qeyri-yaşayış sahəsi Azərbaycan Respublikası İpoteka Haqqında Qanunun tələblərinə uyğun olaraq təkrar hərracdakı satış qiymətindən 25 % aşağı qiymətə, yəni 425000 (dörd yüz iyirmi beş min) manata LPO "xxxx" ASC əldə edilməsinə razı olduğunu bildirmiş və eyni zamanda müvafiq sənədləşdirilmənin aparılmasına dair göstəriş verilməsi xahiş edilmişdir. Həmçinin onu da bildirmək istəyir ki, 1-ci dəfə keçirilmiş 14 aprel 2024-cü il tarixli hərracla bağlı ona rəsmi və ya qeyri-rəsmi, yazılı və ya şifahi qaydada heç bir məlumat verilməmişdir, yalnız 03 may 2024-cü il tarixə təyin edilmiş açıq hərracın keçirilməsinə dair bildiriş gəlmişdir və ilkin hərracın 03 may 2024-cü il tarixdə keçiriləcəyini bilmişdir. Yuxarıda qeyd etdiklərini nəzərə alaraq hesab edir ki, "xxxx" tərəfindən xx.xx.2024-cü il tarixli, 29/01 nömrəli hərracın yekunları barədə protokolun ləğv edilməsi barədə qətnamə qəbul edilməsi zəruridir. Məhkəmə araşdırması zamanı ləğv prosesində olan "xxxx" ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində mülki işə cəlb edilmişdir. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X3 iddia tələbinə etiraz edərək bildirmişdir ki, cavabdeh "xxxx" MMC tərəfindən əmlaka dair hərrac qanuni keçirilmişdir, belə ki, hərracın keçirilməsi ilə bağlı kütləvi informasiya vəsitələrində qəzetlərdə elanlar verilmiş, bununla bağlı bildirişlər ünvana göndərilmişdir. Hazırda əmlak bankın balansındadır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh "xxxx" MMC məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. III. İşin faktiki halları: İş materiallarında olan: - “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi MMC” tərəfindən Sabunçu rayon İcra şöbəsinə, habelə İddiaçı və s. ünvanlanmış açıq hərracın keçirilməsinə dair xx.xx.2024-cü il tarixli 01 №-li bildirişdən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6305/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi üzrə ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi və ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi ilkin satış qiyməti müvafiq olaraq 500000 və 550000 manat olmaqla hərracının keçirilməsi xx.xx.2024-cü il tarixə saat 11:00-a təyin edilmişdir. - “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi MMC” tərəfindən Sabunçu rayon İcra şöbəsinə, habelə İddiaçı və s. ünvanlanmış açıq hərracın keçirilməsinə dair xx.xx.2024-cü il tarixli 02 №-li bildirişdən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6305/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi üzrə ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi, ünvan 2 ünvanında yerləşən əmlakların satış qiyməti müvafiq olaraq 425000 və 467000 manat olmaqla hərracının keçirilməsi xx.xx.2024-cü il tarixə saat 11:00-17:00-dək keçirilməsi təyin edilmişdir. - "xxxx" MMC tərəfindən Sabunçu rayon İcra şöbəsinə, habelə İddiaçı və LPO "xxxx" ASC-yə ünvanlanmış ipoteka predmetinin əldə olunmasına dair təklifdən görünür ki, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi və ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə yəni müvafiq olaraq 318750 manat və 350625 manat olmaqla ipoteka saxlayana təklif olunmuşdur. - İpoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə 29/01 №-li 21 may 2024-cü il tarixli protokoldan görünür ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi dəyəri 318750 manat olmaqla ipoteka saxlayan LPO "xxxx" ASC tərəfindən əldə edilmişdir. - İpoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə 29/02 №-li 21 may 2024-cü il tarixli protokoldan görünür ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi dəyəri 350625 manat olmaqla ipoteka saxlayan LPO "xxxx" ASC tərəfindən əldə edilmişdir. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının nümayəndəsi-vəkilinin və üçüncü şəxsin nümayəndəsinin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı iş materiallarına əlavə olunmuş sənədlər ilə müəyyən olunmuşdur ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6305/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin icrası məqsədilə icra məmurunun sifarişinə əsasən cavabdeh “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi MMC” tərəfindən iddiaçıya məxsus olmuş ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi ilkin satış qiyməti 500000 manat olmaqla xx.xx.2024-cü il tarixdə ilkin hərracı keçirilmişdir. Bundan sonra satış qiyməti 425000 (15% daha az) manat olmaqla xx.xx.2024-cü il tarixdə təkrar hərrac keçirilmişdir. Qeyd olunan hərraclar baş tutmadığından əmlak "xxxx" MMC-nin ipoteka predmetinin əldə olunmasına dair təklif məktubu ilə təkrar hərracdakı ilkin satış qiymətindən 25 % az olmayan qiymətlə, yəni 318750 manat olmaqla ipoteka saxlayana - LPO "xxxx" ASC-yə təklif olunmuşdur. Bundan sonra ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə 21 may 2024-cü il tarixli 29/01 №-li protokola əsasən, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi dəyəri 318750 manat olmaqla ipoteka saxlayan LPO "xxxx" ASC tərəfindən əldə edilmişdir. Bununla razılaşmayan İddiaçı 21 may 2024-cü il tarixli, 29/01 nömrəli hərracın yekunları barədə protokolun ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddia üzrə iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıbuzlaşmamasına hüquqi qiymət verilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. 39.2-ci maddəsinə görə ipoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir. 39.3.3-cü maddəsinə əsasən, ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; “İpoteka haqqında” Qanunun 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. “İpoteka haqqında” Qanunun 41.2, 41.3, 41.4 və 41.5-ci maddələrinə əsasən, Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər. Hərrac açıq auksion formasında keçirilir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir Həmin Qanunun 42.5 və 42.6-cı maddələrinə əsasən Ən yüksək qiymət təklif etmiş şəxs hərracı udmuş sayılır. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: - 53.1-ci maddəsinin tələbinə görə üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. - 53.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. - 53.3-cü maddəsinin tələbinə görə əmlak satılmadıqda həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. - 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. - 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. - 319.4-cü maddəsinə əsasən, açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. - 415.2-ci maddəsinə əsasən, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. - 416.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: -43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. -43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. -43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. -43.7-1. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. -47.2. İpoteka predmetinə məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldildikdə ipoteka predmetinin satılmasından əldə olunan gəlir icra məmurlarının depozit hesabına daxil olduqdan sonra 7 təqvim günündən gec olmayaraq icra məmuru tərəfindən bölüşdürülür. Mülki Məcəlləyə əsasən, qanunvericiliklə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Belə ki, iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ipoteka predmetinə dair keçirilmiş 14 aprel 2024-cü il tarixli hərracla bağlı ona rəsmi və ya qeyri-rəsmi, yazılı və ya şifahi qaydada heç bir məlumat verilməmişdir. Məhkəmə qeyd edir ki, hərrac barədə tərəfin məlumatlandırılması qaydası “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmin Qanunun 42.1-ci maddəsinə görə, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar” 30 dekabr 2008-ci il tarixli qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Qanunun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində təşkilatçının hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirməsi, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərməsi qeyd olunmaqla, elanların verilməsi müddətlərinə və s. dair müddəalar əks etdirilmiş, 43-cü və 44-cü maddələrində isə müvafiq olaraq hərracın baş tutmamış hesab edilməsinin və onun etibarsız sayılmasının nəticələri göstərilmişdir (bu Qanun 09 iyul 2005-ci il tarixdə qüvvəyə minmişdir)… bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Bundan əlavə, “İpoteka haqqında” Qanunun 36.1-ci maddəsinə əsasən poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra təqdim edilmiş sayılır. Göründüyü kimi qanunda məcburi qayda kimi bildirişin sifarişli poçt göndərişi (məktubu) ilə göndərilməsi və kütləvi informasiya vasitələrində, habelə hərrac təşkilatçısının rəsmi internet saytında elanın dərc olunması nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən iş materialları ilə "xxxx" MMC tərəfindən ipoteka predmeti olan əmlaka dair həm ilkin, həm də təkrar hərracın keçirilməsi barədə bildirişlərin sifarişli poçt göndərişi (məktubu) ilə hərrac təşkilatçısı tərəfindən iddiaçının ünvanı üzrə göndərildiyi, hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində (Birja yenilikləri qəzeti 18 mart 2024-cü il tarixli 395 №-li və 16 aprel 2024-cü il tarixli 400 №-li sayında) elan dərc etdirilməsi müəyyən olunmuşdur. Məhkəmə qeyd edir ki, qanunvericiliklə bu qəbildən olan işlər üzrə hərracın keçirilməsinə məsul olan hərrac təşkilatı (hazırki işdə cavabdeh "xxxx" MMC) hərrac iştirakçısının faktiki olaraq yaşadığı ünvanı axtarıb tapmaq və bildirişlərin borclunun bu ünvanına göndərmək, habelə onun özünü şəxsən tapıb, bildirişi şəxsən onun özünə təqdim etmək və ya hərrac barədə özündə məlumatları əks etdirən qəzetləri göndərmək öhdəliyi daşımamışdır. Qanunverici hərrac təşkilatının üzərinə sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirməsi və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərməsi vəzifəsi qoymuşdur. Hərrac təşkilatı qeyd edilən şəxsə mənzilə dair keçirilmiş ilkin və təkrar hərraclara dair sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərməklə və qəzetlərdə elanlar dərc etdirməklə üzərinə qoyulmuş bu öhdəliyi yerinə yetirmişdir. İddiaçı iddia ərizəsində 03 may 2024-cü il tarixə təyin edilmiş açıq hərracın keçirilməsinə dair bildirişin gəldiyini, yəni mülkiyyətində olan əmlaka dair hərrac keçirilməsi barədə məlumatlı olduğunu etiraf etmişdir. Göründüyü kimi, işdə olan sübutlardan hərracın keçirilməsi ilə bağlı qanunvericiliyin tələblərinə (ilk və təkrar hərracın keçirilməsi, qəzetlərdə elanların verilməsi, bildirişlərin göndərilməsi, alqı-satqı müqaviləsinin bağlanması və s.) tam riayət olunması görünür. Odur ki, məhkəmə ipoteka predmeti üzrə hərrac təşkilatının hərəkətlərini qanunvericiliyə uyğun və əsaslı hesab edir. Yuxarıda qeyd olunan maddi hüquq normalarının imperativ şərtlərini iddia tələbinin verilməsinə əsas olmuş hallara, habelə tələbdə göstərilən hərracla bağlı nəticələrin hüquqi statusu ilə bağlı iddiaçının əldə etmək istədiyi nəticəyə tətbiqi zamanı həmin halların əsassız olduğu müəyyən edilir. Digər tərəfdən məhkəmə qeyd edir ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi əsasında cavabdehdən – hazırki iş üzrə İddiaçı kredit borcunun tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsi qət edilmiş, bundan sonra qətnamə icra edilməsi üçün icra orqanına - Sabunçu rayon icra şöbəsinə göndərilmişdir. Daha sonra məhkəmə qətnaməsinin icrasını təmin etmək məqsədi ilə icra orqanı qanunvericiliklə üzərinə qoyulmuş vəzifələr üzrə ipoteka predmetinin hərracını təşkil etmək üçün xx.xx.2021-ci il tarixli 650-5492\15 saylı sifariş məktubu ilə hazırki iş üzrə cavabdeh "xxxx" MMC-yə müraciət edərək, hərracın təşkil edilməsini sifariş etmişdir. Bundan sonra cavabdeh "xxxx" MMC tərəfindən ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair hərrac təşkil olunmuşdur. Qanunvericiliklə iki hərracın keçirilməsini nəzərdə tutmuşdur. Hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə isə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə almaq hüququna malikdir. Hazırki mülki iş üzrə mübahisələndirilən - ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair keçirilmiş ilkin və təkrar açıq hərracda satılmaması – hərracın baş tutmaması səbəbindən məktubla mənzil sonuncu hərrac üzrə müəyyən edilmiş dəyəri qanunvericiliyə uyğun olaraq 25 % azaldılaraq 318750 manata tələbkara təklif olunmuşdur. xx.xx.2024-cü il tarixdə təkrar hərrac baş tutmamış elan edildikdən sonra qanunla müəyyən olunmuş müddət ərzində (30 təqvim günü) cavabdeh "xxxx" MMC tərəfindən 21 may 2024-cü il tarixdə müvafiq protokol tərtib edilmiş, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi ipoteka saxlayan LPO "xxxx" ASC tərəfindən əldə edilmişdir. Mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin açıq hərracdan satılması "xxxx" MMC tərəfindən hərraca dair qanunvericiliyin tələblərinə müvafiq olaraq keçirilmiş və hərrac mərkəzi hərracın keçirilməsində haqlı olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh "xxxx" MMC tərəfindən mübahisə predmeti olan hərracların etibarsızlığına dəlalət edən və bunun nəticəsində bağlanmış protokolun ləğv edilməsini şərtləndirən hər hansı qanunsuz hərəkətə yol verildiyi müəyyən edilmədiyindən, hərracın özü-özlüyündə etibarsız olması halı isə öz təsdiqini tapmadığından Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6305/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar "xxxx" MMC-nin təşkilatçılığı ilə keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün hər hansı hüquqi əsas yoxdur. Bu isə iddia tələbinin təmin edilməsini istisna edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi rədd edildiyindən iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu da iddiaçı tərəfə aid edilməlidir. Məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı ““Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi tərəfindən 21 may 2024-cü il tarixli, 29/01 nömrəli hərracın yekunları barədə protokolun ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməməli, iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. V. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 124, 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı ““Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi tərəfindən 21 may 2024-cü il tarixli, 29/01 nömrəli hərracın yekunları barədə protokolun ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar