Məhkəmə qərarları › İş №e-2(005)-2806/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2806/2024

08.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2806/2024 08.08.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müəyyən edilmiş aliment məbləğinin azadılması və yetkinlik yaşına çatmayan 06 avqust 2014-cü il təvəllüdlü X1 üçün hər ay iddiaçının qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutularaq Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli 2(004)-4566/2021 saylı qətnaməsi ilə iddiaçı və Cavabdeh arasında bağlanmış nikah pozulmuşdur. Yetkinlik yaşına çatmayan 06 avqust 2014-ci il təvəllüdlü X5 anası Cavabdeh himayəsində saxlanılmışdır. Məhkəmə qətnaməsi ilə yetkinlik yaşına çatmayan 06 avqust 2014-ci il təvəllüdlü X1 üçün hər ay İddiaçı qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında və 40 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Həmin qətnamədə göstərilir ki, “elektron məhkəmə sistemindən çıxarışa əsasən müəyyən olunur ki, İddiaçı “X6” MMC-də xəzinədar vəzifəsində çalışır və aylıq əmək haqqısı 546 manatdır.” İddiaçı bildirir ki, onun əmək haqqısının miqdarı az olduğuna görə Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə əlavə 40 manat sabit pul məbləğində aliment tutulması müəyyən edilmişdir. Hal-hazırda isə aylıq əmək haqqı təxminən 1200 manat təşkil edir və onun ¼ hissəsi 250 manatdan çoxdur. O, qeyd edir ki, nikahları pozulduğu zaman nikahdan əvvəl əldə etdiyi evi satmış və Cavabdeh kompensasiya ödəmişdir, qazancının bir hissəsini evə görə ödəyir və yaşayış üçün minimum məbləğ qalır. Bundan başqa Cavabdeh özü də işləyir və kifayət qədər qazanc əldə edir. Onun işdə olduğu zaman övladı X5 iddiaçının valideynlərinin yanında qalır və valideynləri uşağın bütün ehtiyaclarını ödəyir. İddiaçı hesab edir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği dəyişdirilərək, əlavə 40 manat sabit pul məbləğində aliment tutulması ləğv edilməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbi ilə razılaşmadığını bildirərək iddianın təmin olunmamasını xahiş etdi. Əsaslandırıcı hissə: a)Mülki işin materialları Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-4566/2021 saylı qətnaməsinin surətinə əsasən İddiaçı ilə Cavabdeh arasında Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixdə, 1643 №-li akt qeydi ilə bağlanmış nikahın pozulması, yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü X3 anası Cavabdeh himayəsində saxlanılması, yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında və 40 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir; X6 tərəfindən verilmiş 20 iyun 2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı 02 iyun 2021-ci il tarixdən “X6” MMC-də çalışır və əmək haqqı 1127 manat təşkil edir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdən "xxxx" MMC-də satıcı vəzifəsində çalışır və əmək haqqı 400 manatdır. "xxxx" MTK tərəfindən verilən xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli A5 nömrəli müqavilə üzrə X8 Əhmədov 24 B ünvanında yerləşən giriş 8, mansart mərtəbədə yerləşən A5 saylı mənzil üzrə 93 ay müddətinə (2030-cu ilədək) aylıq 239.9 manat ödəmək şərti ilə kooperativ mənzil tikintisi haqqında müqavilə bağlamışdır. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: xx.xx.2014-cü il təvəllüdlü X5 tərəflər İddiaçı və Cavabdeh birgə nikahından doğulmuşdur. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-4566/2021 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixdə, 1643 №-li akt qeydi ilə bağlanmış nikahın pozulması, yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü X3 anası Cavabdeh himayəsində saxlanılması, yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında və 40 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Hazırda iddiaçı əmək haqqısının artdığını bildirərək qeyd olunan qətnamə üzrə müəyyən edilmiş aliment məbləğinin azaldılmasını tələb edir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: İddiaçı iddia tələbini əmək haqqı miqdarının artdığını bildirərək Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-4566/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş onun qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentdən əlavə olaraq 40 manat sabit pul məbləğində alimentin ödənilməsinə ehtiyacın aradan qalxması ilə əsaslandırır. Məhkəmə ilk olaraq iddia üzrə iddia tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Hazırda baxılan iş üzrə tərəflərin rəsmi nikah münasibətlərində olması, onların nikahından xx.xx.2014-cü il təvəllüdlü X3 doğulması, sonradan tərəflərin nikahının pozulması və uşağın Cavabdeh himayəsində saxlanılması qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edildiyindən yenidən araşdırılmır. İddiaçıdan tutulmalı olan alimentin miqdarının azaldılması ilə bağlı iddianın dəlillərinə münasibətdə məhkəmə aşağıdakıları qeyd edir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun Qərarinın 8.2-ci bəndinə əssən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa görə 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi ailə qanunvericiliyi qanunda nəzərdə tutulmuş hallarda aliment ödəyən şəxsə təyin olunmuş aliment məbləğinin dəyişdirilməsi imkanlarını nəzərdə tutmuşdur. Belə ki, aliment ödəyən şəxsin, eləcə də məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa bu hal alimentin miqdarının dəyişdirilməsi üçün əsasdır. Bu barədə məhkəməyə mötəbər sübutlar təqdim olunmalıdır. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə olunmuş X6 tərəfindən verilmiş arayışa əsasən müəyyən olunur ki, İddiaçı “X6” MMC-də menecer vəzifəsində çalışır və əmək haqqı 1127 manatdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-4566/2021 saylı qətnaməsi ilə alimentin müəyyən olunduğu dövrdə isə iddiaçının əmək haqqı 546 manat olmuşdur. Qətnamənin məzmunundan aydın olur ki, işə baxan məhkəmə həmin dövrdə iddiaçının əmək haqqısının az olmasını əsas götürərək iddiaçının əmək haqqısının ¼ hissəsində əlavə olaraq 40 manat aliment tutulması qənaətinə gəlmişdir. Hazırda isə müəyyən olunur ki, sözügedən qətnamə ilə alimentin müəyyən edildiyi dövrdən bu günə iddiaçının əmək haqqısı 2 dəfəyə yaxın məbləğdə artmışdır. Bununla yanaşı, iddiaçının əmək haqqısından alimentə görə tutulan məbləğ (1/4 hissə + 40 manat) 290 manat təşkil edir ki, bu məbləğ də ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu məbləğindən artıqdır. Yuxarıda qeyd olunan halları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı alimentin miqdarının azaldılmasını tələb etməkdə haqlı olmuşdur. Şərh olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-4566/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği dəyişdirilməli, iddiaçıdan tutulan aliment məbləği 40 manat məbləğində azaldılmalı, yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutularaq Cavabdeh ödənilməlidir. Məhkəmə cavabdehin sonuncu məhkəmə iclasında verdiyi izahatlara münasibətdə qeyd edir ki, onun İddiaçı qarşı uşağa çəkilən əlavə xərclərdə iştirak etməsinə cəlb olunması barədə iddia qaldırmaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-4566/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği dəyişdirilsin. xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutularaq Cavabdeh verilsin.( 40 manat sabit pul məbləğində aliment tutulması ləğv edilməklə) Alimentin hazırkı qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq hesablansın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar