Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-286/2021 07.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı X12-nin nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı X12-nin Cavabdehnə qarşı “ödənilməmiş əmək və məzuniyyət haqqının, əmək hüquqlarının pozulması nəticəsində vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X12 Cavabdehnə qarşı “ödənilməmiş əmək və məzuniyyət haqqının və əmək hüquqlarının pozulması nəticəsində vurulmuş zərərin ödənilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən indiyədək ödənilməmiş əmək haqqı məbləği olaraq 26,377.59 (iyirmi altı min üç yüz yetmiş yeddi manat əlli doqquz qəpik) manat, əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə ödənc olaraq 46,441.5 (qırx altı min dörd yüz qırx dörd manat beş qəpik) manat, işdən çıxarma müavinəti olaraq 5550 manat (beş min beş yüz əlli manat), ödənilməmiş məzuniyyət haqqı olaraq 10,223.68 (on min iki yüz iyirmi üç manat altmış səkkiz qəpik) manat, işçiyə vurulmuş maddi zərər olaraq 1000 manat (bir min manat) və işçiyə vurulmuş mənəvi zərərin əvəzi olaraq 20,000 manat (iyirmi min manat) olmaqla cəmi 109,592.77 (bir yüz doqquz min beş yüz doxsan iki manat yetmiş yeddi qəpik) məbləğində vəsaitin X10 ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdı ki, 2019-cu ildə Cavabdeh (bunda sonra məktəb) ilə X11 arasında Əmək müqaviləsi bağlanıb və bu Əmək Müqaviləsi üzrə X11 məktəbə Riyaziyyat müəllimi vəzifəsinə işə qəbul edilib. Əmək müqaviləsinin 1.1-ci maddəsinə əsasən, müqavilənin 01 sentyabr 2019-cu il tarixdən 31 avqust 2021-ci il tarixədək qüvvədə olacağı müəyyən edilib və müqavilənin C əlavəsinə əsasən, işçiyə vergilər və digər məcburi ödənişlər çıxıldıqdan sonra 2500 Funt Sterlinq məbləğində aylıq əmək haqqı (illik 30,000 Funt Sterlinq) ödənilməsi müəyyən edilib. Qeyd edilən əmək müqaviləsi üzrə X11-nin Azərbaycan Respublikasına gəlib işləyə bilməsi üçün Cavabdeh tərəfindən ona iş icazəsi və müvəqqəti yaşama icazələrinin də alınması təmin edilib. Lakin 09 iyul 2020-ci il tarixdə məktəb tərəfindən X11-yə elektron poçt vasitəsilə məktub göndərilərək bildirilib ki, onunla bağlanmış əmək müqaviləsinə 10 iyul 2020-ci il tarixdən işçilərin ixtisar əsası ilə xitam veriləcək. 10 iyul 2020-ci il tarixdə əmək münasibətlərinə xitam verilib və X11-dən məktəb tərəfindən verilmiş evin tərk edilməsi, onun iş icazəsinin ləğv edilməsi üçün müraciət ediləcəyi bildirilərək, dərhal Azərbaycan Respublikasından çıxıb getməsi tələb edilib. X11-nin məktəbdən ona ödənilməli olan məbləği tam ala bilmədiyi üçün və hazırda mövcud olan COVİD-19 pandemiyası səbəbindən, bilet alaraq yaşadığı Kanada Respublikasına qayıda bilməyib. Həmçinin nəzərə almaq lazımdır ki, bilet kifayət qədər baha olduğundan və məktəb ona borclu olduğu vəsaiti ödəməkdən imtina etdiyi üçün X11-nin getmək üçün bilet almağa da kifayət qədər vəsaiti mövcud deyil. Məktəbin verdiyi evi də tərk etməli olduğundan və yaşamaq üçün çox cüzi maddi vəsaiti olduğundan kirayələmək üçün başqa ev tapmayaraq, müvəqqəti olaraq Azərbaycan Respublikasında olmayan rəfiqəsinin evinə yerləşməli olub. Bu müddət ərzində də məktəbin səlahiyyətli şəxsləri tərəfindən X11-yə dərhal Azərbaycan Respublikasını tərk etməsi üçün təzyiqlər davam etdirilib. Yol verilmiş pozuntularla bağlı iddiaçının vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil tərəfindən 17 avqust 2020-ci il tarixdə məktəbə məktub göndərilək X11-nin əmək hüquqlarının pozulduğu bildirilib və 3 gün müddətində ona ödənilməmiş əmək və məzuniyyət haqqının və vurulmuş zərərin ödənilməsi tələb edilib. Lakin məktəb nə göndərilən məktuba cavab verib, nə də X11-yə qeyd edilən ödənişlərin edilməsi təmin edilib. Hesab edirik ki, X11 (işçi) ilə əmək münasibətləri və eləcə də, əmək münasibətlərinə xitam verilməsi Azərbaycan Respublikası əmək qanunvericiliyinin bir sıra normalarının kobud şəkildə pozulması ilə həyata keçirib ki, bu da işəgötürən olaraq məktəbin aşağıda göstərilən məsuliyyətinin yaranmasına gətirib çıxarıb. barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı X12-nin nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edərək iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Proseslərini Tənzimləmə Baş İdarəsinin 21 sentyabr 2020-ci il tarixli 04/i/1843 saylı məktubundan görünür ki, 8 oktaybr 1964-cü il təvəllüdlü, Yamayka vətəndaşı olan X13-ya Cavabdeh vəsatəti əsasında 14 oktyabr 2019-cu il tarixdən 14 oktyabr 2020-ci il tarixədək Dövlət Miqrasiya Xidməti tərəfindən Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsi və həmin əsasla müvəqqəti yaşamaq üçün icazə verilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən təqdim olunan X10 bank hesabından çıxarışdan görünür ki, 04.12.2019-cu il tarixdə 3415 manat, 07.01.2020-ci il tarixdə 3415 manat, 05.02.2020-ci il tarixdə 3415 manat, 05.03.2020-ci il tarixdə 3415 manat, 02.04.2020-ci il tarixdə 3415 manat, 12.05.2020-ci il tarixdə 3415 manat, 08.06.2020-ci il tarixdə 3415 manat, 08.07.2020-ci il tarixdə 3259,73 manat, 30 iyul 2020-ci il tarixdə 2551,21 manat əmək haqqı ödənişi Cavabdeh tərəfindən edilmişdir. İş materiallarında olan Cavabdeh 19 iyun 2020-ci il tarixli əmrindən çıxarışdan görünür ki, 2019/2020-ci tədris ilinin başa çatması ilə əlaqədar olaraq 25 iyun 2020-ci il tarixdən X14-ya 37 gün müddətində məzuniyyət verilmişdir. İş materiallarında olan Cavabdeh 04 avqust 2020-ci il tarixli əmrindən çıxarışdan görünür ki, X13 04.08.2020-ci il tarixdən onunla bağlanmış əmək müqaviləsinə müddətin bitməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b bəndinə əsasən xitam verilmişdir. Əsas: əmək müqaviləsi. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin ******* nömrəli, 31 avqust 2020-ci il tarixli İş icazəsinin ləğv edilməsi haqqında qərardan görünür ki, Cavabdeh X6 Məkətəbinin 14.08.2020-ci il tarixli müraciət təmin edilmiş, Yamayka vətəndaşı X7 Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyəyəti ilə məşğul olması üçün 47691 nömrəli iş icazəsi ləğv edilmiş və qüvvədən düşmüş hesab olunmuşdur. İş materiallarında olan Cavabdeh 22 oktyabr 2019-cu il tarixli əmrindən çıxarışdan görünür ki, X13 22.10.2019-cu il tarixdən onunla bağlanmış əmək müqaviləsinə əsasən, 03.08.2020-ci il tarixə kimi müəllim vəzifəsinə işə qəbul edilmiş və əmək haqqı 3800 manat müəyyən olunmuşdur. İş materiallarında olan Cavabdeh 005/3253 nömrəli, 22 oktyabr 2020-ci il tarixli arayışından görünür ki, X14 22 oktyabr 2019-cu il tarixdə işə qəbul edilmiş və 04.08.2020ci il tarixində müqavilə müddətinin bitməsi ilə əlaqədar olaraq işdən azad edilmişdir. Hesablanmış əmək haqqı 3800 manat, tutumuş vergi 385 manat, əmək haqqı karta köçürülmüş 3415 manat. İş materiallarında olan Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bilidirişindən görünür ki, X10 iş yeri Cavabdeh, əmək müqaviləsi müddətli olaraq, əmək haqqı 3800 manat təşkil edir. İş materiallarınd olan Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 03.12.2020-ci il tarixli müraciətə baxılması barədə arayışından görünür ki, Cavabdeh tərəfindən 2019-cu il təqdim edilmiş muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsinə əsasən xarici əməkdaş X2 haqqı məbləği 8921,74 manat, MMC tərəfindən 2020-ci ilin 3 rübü üzrə təqdim edilmiş muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələrinə əsasən (hesabatı) isə orta rüblük əmək haqqı məbləği 3478,29 manat təşkil etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 may 2021-ci il tarixli 4/554-5/466 nömrəli ekspert rəyindən görünür ki, mülki işin 146-151-ci vərəqlərində olan Cavabdeh ilə X9 nee Wellington arasında olan 22 oktyabr 2019-cu il tarixli əmək müqaviləsinin kserosurətinin 4-cü vərəqində “Signature” qrafasındakı imza və “X15 nee Wellington” yazılar-X13 tərəindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Rəyin tədqiqi hissəsinin 2-ci bəndində göstərilən səbəbə görə qərardadda göstərilən “Əgər imza və yazı onun tərəfindən icra olunmuşdursa hansı tarixdə bu qeydiyyat aparılmışdır” sualı üzrə tədqiqat aparılmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı X10 Cavabdehndə 22.10.2019-cu il tarixdən onunla bağlanmış əmək müqaviləsinə əsasən, 03.08.2020-ci il tarixə kimi müəllim vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar işçi ilə əmək müqaviləsinə xitam verilmişdir. Hazırda Cavabdeh 04 avqust 2020-ci il tarixli əmri iddiaçı tərəfindən mübahisələndirilmir. Lakin hazırki iddia tələbi üzrə mübahisə predmeti ilkin olaraq əmək haqqı məbləğidir. İddiaçı ona aylıq 5550 manat əmək haqqı ödənilməli olduğunu iddia etsə də, qeyd edilən əmək haqqı məbləğinin göstərildiyi əmək müqaviləsini məhkəməyə təqdim etməmişdir. Cavabdeh tərəfindən təqdim olunan və aylıq əmək haqqının 3800 manat olaraq göstərildiyi Cavabdeh ilə X9 nee Wellington arasındakı 22 oktyabr 2019-cu il tarixli əmək müqaviləsinin 4-cü vərəqində “Signature” qrafasındakı imza və “X15 nee Wellington” yazılarının isə-X13 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu ekspert rəyi ilə müəyyən olunmuşdur. Məhkəmə qeyd edir ki, belə olan halda tərəflərdən heç biri öz iddiasının əsası kimi çıxış edən əmək müqaviləsini məhkəməyə təqdim etməmişdir. Lakin Cavabdeh 22 oktyabr 2019-cu il tarixli əmrindən çıxarışdan görünür ki, X5 əmək haqqı3800 manat müəyyən olunmuşdur. Eyni zamanda iddiaçının "xxxx" ASC də olan hesabından görünür ki, işlədiyi müddətdə məzuniyyət dövrünə qədər həy ay 3415 manat əmək haqqı onun hesabına köçürülmüşdür. İddiaçı isə həmin müddət ərzində əmək haqqı məbləğinin aşağı olması ilə bağlı cavabdehə hər hansı müraciət ünvanlaması ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Həmçinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 03.12.2020-ci il tarixli arayışı ilə də müəyyən olunur ki əmək haqqı 3478,29 manat təşkil etmişdir. İş üzrə araşdırılmış sübutlardan göründüyü kimi iddiaçı tərəflər arasında əmək haqqının daha artıq məbləğdə bağlanması ilə bağlı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 129.1-ci maddəsinə əsasən ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir; Həmin Məcəllənin 129.2-ci maddəsinə əsasən işəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər; Həmin Məcəllənin 154-cü maddəsinə əsasən əmək haqqı müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur; Həmin Məcəllənin 178-ci maddəsinin 1-ci bəndinə əsasən işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir; Həmin Məcəllənin 195-ci maddəsinin “d” bəndinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, işçinin əmək haqqının ödənilməsi ilə bağlı işəgötürənin hər hansı təqsirkar hərəkəti və dahartıq məbləği ödəməyə borclu olduğu sübuta yetirilmədiyindən və iddiaçıya kart hesabı üzrə hər ay vergi tutulmaları çıxıldıqdan sonra 3415 manat əmək haqqı ödənildiyindən iddia tələbi təmin edilməməldir. Məhkəmə iddia tələbinin maddi zərərin ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Real zərərin tərkibinə müvafiq şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılmalı olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablamalarla, sübutlarla təsdiq olunmalıdır. Mülki hüquq pozuntusundan öhdəliyin yaranmasının mühüm şərti zərərin özünün mövcudluğudur. Zərər yoxdursa, əmlak hüququ pozulmuş və ya öhdəlik yaranmır. Bu hallar olmayanda pozulmuş öhdəliklərə görə məsuliyyətin həcmini müəyyən etmək olmur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Məhkəmə qeyd edir ki, maddi zərərin əvəzinin ödənilməsində məqsəd hüquq pozuntusu baş verməmişdən əvvəlki vəziyyətinin bərpa olunmasından, başqa sözlə, restitutio in integrum prinsipindən ibarətdir. Bu, həm faktiki olaraq baş vermiş real zərər (damnum emergens), həm də əldən çıxmış fayda (lucrum cessans) üzrə təzminatı əhatə edə bilər. Hazırki iş üzrə iddiaçı 1000 manat məbləğində pulun cavabdehdən tutulmasını tələb etsə də, zərərin miqdarını və ya dəyərini sübut etmək üçün müvafiq sənədlər təqdim etməmişdir. Məhkəmə iddiaçının mənəvi zərər tələbi ilə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, iddiaçı tərəf mənəvi zərəri tələb etməsinə əsas olan və onu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Eyni zamanda iddiaçının əsas əmək haqqı ilə bağölı tələbi təmin olunmadığından, ondan irəli gələn törəmə tələb kimi çıxış edən mənəviz zərərin ödənilməsi hissəsində də iddia əsaslı hesab edilə bilməz. Ona görə iddia həmin hissədə də təmin edilməməlidir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan rədd edlməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı X12-nin Cavabdehnə qarşı “ödənilməmiş əmək və məzuniyyət haqqının, əmək hüquqlarının pozulması nəticəsində vurulmuş zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Vüqar Quliyev
Məhkəmə qərarları › İş №e-2(005)-286/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-286/2021
07.07.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver