Məhkəmə qərarları › İş №e-2(005)-2966/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-2966/2022

28.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-2966/2022 28.06.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızı, İddiaçı Cavabdeh MMC-yə qarşı “qiymətləndirmə hesabatının ləğv edilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh MMC-yə qarşı “qiymətləndirmə hesabatının ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsinin mümkünlüyü məsələsinə baxıb, iş materiallarını araşdırıb hesab edirəm ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və iddia ərizəsi əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2-ci və 153.2.1ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Qeyd edirəm ki, “ərizəyə məhkəmə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə” müddəası özündə, mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda, yaxud iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olmasını, habelə qanunla xüsusi mübahisələndirmə qaydası müəyyən edilmiş aktların iddia icraatı qaydasında mübahisələndirilməsinin yolverilməzliyini ehtiva edir. Hesab edirəm ki, hazırki halda qiymətləndirmə hesabatının ləğv edilməsi tələbi ayrıca məhkəmə icraatının predmeti ola bilməz, həmin məsələyə icra icraatı qaydasında baxılmalıdır. (müvafiq yekun məhkəmə aktının icrası qaydasında 8 indeksi ilə) Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” 24 noyabr 2021-ci il tarixli, 02/2021 saylı qərardadı ilə icra icraatı çərçivəsində borclunun ipoteka predmetinə, vergi ödəyicisi kimi siyahıya alınmış əmlaka və girov predmeti olan qiymətli kağızlara aid olmayan əmlaklarına tələbin yönəldilməsi və hərracdan satılması qaydaları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415-ci və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6, 45.7, 51, 53, 61, 62-ci maddələri ilə tənzimlənir və bu münasibətlərə qanunun analogiyası üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hərrac qaydaları tətbiq edilməməsi, icra icraatı çərçivəsində borclunun ipoteka predmetinə və girov predmeti olan qiymətli kağızlarına aid olmayan əmlaklarına tutmanın yönəldilməsi zamanı əmlakın hərraca çıxarılan ilkin (başlanğıc) satış qiyməti onun bazar dəyəri ilə müəyyən olunması, borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti hərracın keçirilməsinədək olan dövr ərzində icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında aidiyyəti məhkəmədə mübahisələndirilməsi, hərrac keçirildikdən sonra isə qiymət “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq iddia icraatı qaydasında mübahisələndirilməsi qərara alınmışdır. Bu baxımdan İddiaçı Cavabdeh MMC-yə qarşı “qiymətləndirmə hesabatının ləğv edilməsi” ayrıca məhkəmə icraatının predmeti ola bilməz, həmin məsələyə icra icraatı qaydasında baxılmalıdır. (müvafiq yekun məhkəmə aktının icrası qaydasında 8 indeksi ilə) Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “qiymətləndirmə hesabatının ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə hərrac keçirilmədiyindən iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: İddiaçı Cavabdeh MMC-yə qarşı “qiymətləndirmə hesabatının ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar