Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2982/2023 05.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, X8 Mehdi qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X2, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil1, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş "xxxx" MMC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı ("xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “istehlakçı hüquqlarının müdafiəsinə dair vurulmuş mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı ("xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının Cavabdeh MMC–yə qarşı “istehlakçı hüquqlarının müdafiəsinə dair vurulmuş mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsinin təmin edilməsi, mənəvi zərərin əvəzi olaraq Cavabdeh MMC-dən iddiaçının xeyrinə 5000 (beş min) manat pul tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə ailə üzvləri ilə birlikdə istirahət etmək məqsədi ilə Şamaxı rayonunda yerləşən “Sis House” istirahət mərkəzində 1 günlük istirahət etmək üçün sosial platformaların birindən, Cavabdeh MMCyə (bundan sonra Cavabdeh) məxsus “tripsome.az” platformasından müraciət edərək qeyd edilən xx.xx.2023-cü il tarixdə istirahət mərkəzinin bron edilməsi və həmin tarixdə ailə üzvləri ilə birlikdə istirahətin təmin ediməsini cavabdehə sifariş vermişdir. Sifariş verdikdən bir müdət keçdikdən sonra cavabdehin nümayəndəsi iddiaçı ilə əlaqə saxlayaraq, yalnız lazım olan vəsait köçürüldükdən sonra qeyd edilən tarixdə istirahət mərkəzində yerin bron ediləcəyini bidlirdi. Kart hesabından lazım olan vəsait çıxıldıqdan sonra cavabdeh yenidən əlaqə saxlayaraq yerin bronlandığını, rahat şəkildə qeyd edilən tarixdə istirahət mərkəzinə yaxınlaşa biləcəyini bildirərək iddiaçıya “xoş və səmərəli istirahət” arzuladı. Artıq istirahət mərkəzində otağın olduğuna tam əmin olduqdan sonra xx.xx.2023-cü il tarixdə səhər tezdən ailə üzvləri ilə birlikdə Şamaxı rayonu Sis kəndi inzibati ərazisində yerləşən ”Sis House” istirahət mərkəzinə yola düşmüşlər. Əlavə olaraq qeyd edir ki, Şamaxı rayonu Bakı şəhərindən 120 km aralıqda yerləşməklə, oradan istirahət mərkəzinə isə kənd yolu olaraq 35 km yol qət etmişlər. Şamaxı şəhərinə çatdıqda onlara təqdim olunan telefon nömrəsi ilə əlaqə saxladıqda “tripsome.az” tərəfindən bronun təsdiq olunmadığı və hal-hazırda onları qəbul edə bilməyəcəkləri bildirildi. Belə olduqda iddiaçı cavabdeh tərəflə əlaqə saxlayaraq məsələyə aydınlıq gətirmələrini xahiş etmişdir. Məsul əməkdaş onları israrla məkana yönləndirmiş və yerləşdiriləcəklərini bildirmişdir. Onlar istirahət mərkəzinəki qeydiyyat şöbəsinə yaxınlaşaraq otaq bronladıqlarını dedikdə onlara oradan bildirmişlər ki, adıçəkilən istirahət mərkəzində nə iddiaçının, nə də həyat yoldaşının adına heç bir bronlama və ya hər hansı qeydiyyat aparılmamışdır. Qeydiyyat şöbəsinə onlar üçün cavabdeh tərəfindən bron edildiyini, buna görə iddiaçı tərəfindən cavabdehə müvafiq vəsait köçürüldüyünü və müvafiq yazışmaları və ödəmə sənədini qeydiyyat şöbəsinə təqdim etsələr də, onların adına hər hansı qeydiyyatın olmadığı təkrar olaraq bildirilmişdir. Dərhal cavabdehlə əlaqə saxlamağa cəhd etsələr də, cavabdehin nümayəndəsi həmin an telefonu açmayaraq, yalnız onlar ərazidən uzaqlaşdıqdan sonra geriyə dönüş edərək, sistemdə baş vermiş texniki xəta səbəbindən ailənin bronunun qeyd edilmədiyini bildirərək, onlara digər yerlərə istirahət üçün təkliflərini verməyə başladı. İddiaçı hesab edir ki, cavabdehin iddiaçıya və onun ailə üzvlərinə qarşı bu cür ifadə edilməyəcək laqeyd və səhlənkar davranışı istehlakçı kimi iddiaçının hüquqlarının kobud şəkildə pozulmasına əsas olmuşdur. Mənəvi zərərin baş verməsinə səbəb olmuş cavabdehin hərəkəti nəticəsində keçirdiyi mənəvi iztirabın xarakteri və dərəcəsini (qəsd və yaxud ehtiyatsızlıq), əsas götürərək ona dəymiş mənəvi zərərin məbləğinin 5000 (beş min) manat müəyyən edilməsini ağlabatan və ədalətli hesab edir. Beləliklə, yuxarıda qeyd olunanlara əsaslanaraq iddiaçı hesab edir ki, cavabdehin qanunsuz və keyfiyyətsiz xidməti nəticəsində istehlakçı kimi onun hüquqlarının pozulması ilə nəticələndiyinə, göstərdiyi keyfiyyətsiz xidməti sayəsində iddiaçıda mənəvi narahatlıq hissinin yaranması, mənəvi zərər çəkməyinin əvəzi olaraq cavabdeh tərəfindən iddiaçıya mənəvi zərərin əvəzi olaraq 5000 (beş min) manat pul ödənilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X4 iddia ərizəsi ilə eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil1 izahatında cavabdehin müqavilənin şərtlərində göstərilən öhdəliklərini yerinə yetirdiyini, eyni zamanda “Tripsome”-ın yalnız vasitəçi kimi fəaliyyət göstərdiyini bildirərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında "xxxx" MMC-nin nümayəndəsi X5 izahatında bildirmişdir ki, müştəriyə 3 saat öncədən onları qəbul edə bilməyəcəkləri barədə xəbərdarlıq edilmiş, həmçinin iddiaçı və ailəsinə digər yerdə daha baha qiymətə istirahət etmələri, bütün xərclərin qarşılanacağı təklif edilmiş, lakin müştəri razılığa gəlməmişdir. Eyni zamanda ödəniş geri qaytarılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, o, iddiaçının həyat yoldaşıdır. Onlar Şamaxı rayonuna çatdıqdan sonra “Sis House”-un əməkdaşları tərəfindən bildirilmişdir ki, onları istirahət mərkəzində qəbul edə bilməyəcəklər və yeni otaq təklif edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən rədd olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş, İddiaçı ilə “tripsome.az” səhifəsi arasında olan “whatsapp” yazışmalarının surətindən görünür ki, İddiaçı tərəfindən Şamaxı rayonunda yerləşən “Sis House” istirahət mərkəzində 1 günlük istirahət üçün 99 AZN ödəniş edilməklə otaq bron edilmişdir. “Tripsome üçün Xidmət şərtləri” müqaviləsindən görünür ki, müqavilənin 2.2-ci bəndinə əsasən, “Tripsome” yalnız vasitəçi kimi fəaliyyət göstərir və müştəri müvafiq “Təşkilatçı” ilə əməliyyat apardığını təsdiq edir. Müştəri həmiçinin, hər Listinqdə sadalanan müvafiq əməliyyatın təmin edilməsi üçün məsul qurumun “Tripsome” deyil, “Təşkilatçı” olduğunu qəbul edir. Beləliklə məhkəmədə müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə Şamaxı rayonunda yerləşən “Sis House” istirahət mərkəzində ailə üzvləri ilə birlikdə istirahət etmək məqsədi ilə Cavabdeh MMC-yə məxsus “tripsome.az” platformasından müraciət edərək, istirahət mərkəzinin bron edilməsi və həmin tarixdə ailə üzvləri ilə birlikdə istirahətin təmin ediməsini cavabdehə sifariş vermişdir. xx.xx.2023-cü il tarixdə səhər tezdən ailə üzvləri ilə birlikdə Şamaxı rayonu Sis kəndi inzibati ərazisində yerləşən ”Sis House” istirahət mərkəzinə yola düşmüşlər. Şamaxı şəhərində cavabdehin təqdim etdiyi telefon nömrəsi ilə əlaqə saxlanılmış, müəyyən olunmuşdur ki, “tripsome.az” tərəfindən bronun təsdiq olunmamışdır. İddiaçı hesab edir ki, cavabdehin laqeyd və səhlənkar davranışı istehlakçı kimi onun hüquqlarının kobud şəkildə pozulmasına əsas olmuş, bu səbəbdən də mənəvi iztirabın xarakteri və dərəcəsini əsas götürərək, ona 5000 (beş min) manat mənəvi zərər dəyməsini qeyd edir. Cavabdeh iddianı qəbul etmir, iddiaçının belə bir iddia irəli sürməsinə subyektiv hüququnun olmadığını, habelə cavabdehin müqavilə üzrə öhdəliklərini pozmadığını, iddiaçının adına otağın bron edilməməsinə görə məsuliyyət daşımadıqlarını, buna dair internet səhifələrində bildiriş yerləşdirildiyini qeyd edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1-ci maddəsinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.2-ci maddəsinə əsasən, tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 779.1-ci maddəsinə əsasən, vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Məhkəmə edir ki, tərəflər arasında yaranmış münasibətlər tapşırıq müqaviləsindən irəli gələn münasibətlər olmuşdur. Tapşırıq müqaviləsinə əsasən, vəkalət alan şəxs vəkalət verənin tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Hazırki işin faktiki halları ilə müəyyən olunur ki, cavabdeh cəmiyyət tapşırığı yerinə yetirmək üçün üçüncü şəxsə müraciət etmiş, iddiaçının istirahəti ilə bağlı istirahət mərkəzində bronun edilməsi və s. ilə bağlı hərəkətləri yerinə yetirmişdir. Həmin hallar tərəflərin təqdim etdikləri “whatsapp” sosial şəbəkəsi üzərindən aparılmış yazışmaların ekran görüntülərindən də müəyyən olunur. Həmin hal mülki işin mübahisəsiz halıdır. Mülki işin mübahisələndirilən halı ondan ibarətdir ki, cavabdeh cəmiyyət ona tapşırılan işi laqeyd və səhlankarlığa yol verdiyi üçün lazımınca icra etməmişdir. Lakin qeyd olunduğu kimi, işin faktiki halları ilə iddia tələbinin bu dəlilləri öz təsdiqini tapmır. Məhkəmə bir digər halı da qeyd edir ki, iş materiallarında olan “Tripsome üçün Xidmət şərtləri” müqaviləsinə əsasən, cavabdeh yalnız vasitəçi kimi fəaliyyət göstərmiş, müvafiq əməliyyatların icra edilməməsinə görə cavabdeh öhdəlik daşımamışdır. İddiaçının hazırki tələbi Cavabdeh MMC -yə yönlənmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, mənəvi zərərin Cavabdeh MMC-dən tələb edilməsi üçün iddiaçının subyektiv hüququ olmamışdır. Nəzərə alınmalıdır ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki- prosessual qanunvericilik yalnız iddia tələbin n yönəldiyi fiziki və hüquqi şəxslərin cavabdeh hesab olunduğunu nəzərdə tutur (MPM-nin 50-ci maddəsi). Həmçinin qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəllənin 51-ci maddəsinə görə, başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər, lakin digər cavabdehin işə qoşulması məsələsi hər bir halda iddiaçı tərəfindən ona qarşı tələb irəli sürülməsi qaydasında həyata keçirilməlidir. Həmin Məcəllənin 54-cü maddəsinə görə isə. iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsins razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub- pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki. məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində istehlakçılar aşağıdakı hüquqlara malikdir: malların (işlərin, xidmətlərin) və onların istehsalçısının, icraçısının və satıcısının sərbəst seçilməsinə; istehlak etdikləri malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətdə olmasına; malların (işlərin, xidmətlərin) təhlükəsizliyinə; malların (işlərin, xidmətlərin) miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etməyə; qanunvericilikdə nəzərdə tutulan hallarda, lazımi keyfiyyəti olmayan, habelə insanların sağlamlığına, həyatına təhlükəli olan malların (işlərin, xidmətlərin) vurduğu zərərin ödənilməsinə; öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə; ictimai təşkilatlarda (istehlakçılar birliyində) birləşməyə. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərabycan Respublikası qanunun 12-ci maddəsinə əsasən istehlakçıların bu Qanunda nəzərdə tutulan hüquqları istehsalçı (icraçı, satıcı) tərəfindən pozularsa, istehlakçıya dəyən mənəvi ziyan günahkar tərəfindən ödənilməlidir. Ödənilən ziyanın dəyəri, qanunla başqa hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən müəyyən edilir. Belə ki, mənəvi zərər, adətən, vətəndaşların şəxsi qeyri əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərərə qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeydi-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmiş şəxsin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 41-ci maddəsinin tələblərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərər vurulduqda ödənilə bilər. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, "İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. "İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum qərarının 4-cü bəndində göstərilir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizliklə (mülki, cinayət, inzibati və s. hüquq pozuntularda) ifadə oluna bilər. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, "İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından "mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Mülki Məcəllənin 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən əldən çıxmış faydanı təsdiq edən mötəbər sübutlar təqdim edilmədiyindən, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirinin olmasını təsdiq edən hər hansı mötəbər sübut təqdim olunmamışdır. Məhkəmə eyni zamanda iddiaçının təqdim etdiyi qohumu şahid X6 ifadəsinə münasibətdə bildirir ki, şahid və iddiaçı ər-arvad olduqlarından hazırki iddia tələbinin irəli sürülməsində hər ikisinin marağı eyni olduğuna görə tənqidi yanaşır, bundan başqa hazırki mübahisəli halların aradan qaldırılması şahid ifadəsi ilə mümkün deyildir. Azərbaycan Respublikası MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində əqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı ("xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin olunmasın. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Solmaz Ədilova
Məhkəmə qərarları › İş №e-2(005)-2982/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2982/2023
05.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver