Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3086/2025 27.11.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (açar sözlər: əmək haqqı) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı cavabdeh “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “əmək haqqı” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhmədbəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı cavabdeh “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “əmək haqqı” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya ödənilməmiş əmək haqqı qismində 2377 AZN (iki min üç yüz yetmiş yeddi manat), ödənilməmiş son-haqq hesab qismində 876 AZN (səkkiz yüz yetmiş altı manat), ilkin mediasiya sessiyasında iştiraka görə ödənilən 60,00 (altmış) AZN məbləğində, ümumilikdə, 3313 AZN (üç min üç yüz on üç manat) məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xx.xx.2024-cü il tarixində “X1” MMC-də “SƏTƏM üzrə mütəxəssis”vəzifəsində işləməyə başlamışam. xx.xx.2024-cü il tarixində işə başlasam da cavabdeh mənim işimi rəsmiləşdirmir və əmək müqaviləsi bağlamırdı. Yalnız xx.xx.2024-cü il tarixində mənim təkidlərimdən sonra mənimlə cavabdeh arasında əmək müqaviləsi bağlanmışdır. xx.xx.2024-cü il tarixində E-sosial saytında iş yerimlə bağlı məlumatlara baxarkən orada xx.xx.2024-cü il tarixində mənim xəbərim olmadan əmək müqaviləmə xitam verildiyini və aktiv əmək müqaviləm olmadığını gördüm. Cavabdehə bunu bildirdikdə xəbərləri olmadığını və bunun necə baş verdiyini bilmədiklərini bildirdilər. Yenidən mənim təkidlərimlə xx.xx.2024-cü il tarixində yenidən mənim əmək müqaviləsi imzaladılar. xx.xx.2024-cü il tarixində isə mənim iradəm və ərizəm ilə əmək müqaviləmə xitam verildi. Mart ayında mən işə başlayarkən əmək müqaviləmdə aylıq əmək haqqım 600 AZN göstərilsə də, mən əvvəlcədən cavabdehlə razılaşmamıza əsasən aylıq əmək haqqı olaraq 1300 AZN alırdım və əmək haqqımı mənə əlbəəl nəğd şəkildə ödəyirdilər. Mən dəfələrlə əmək haqqı kartının verilməsini tələb etsəm də heç bir halda əmək haqqı kartını əldə edə bilmirdim. İyul ayında yenidən bağladımız əmək müqaviləsində isə əmək haqqım ümumiyyətlə daha az 345 AZN olaraq göstərilmiş amma mən işə götürülərkən cavabdehin təklif etdiyi 1300 AZN maaş dəyişdirilmədən qalmışdı. Buna baxmayaraq, mən sadəcə mart və aprel ayı üçün olan əmək haqqımı tam şəkildə almış, digər aylarda isə hər ay az-az miqdarda, gecikdirilərək 100 AZN, 300 AZN miqdarında əmək haqqı almışam. Beləliklə, xx.xx.2024-cü il tarixində əmək müqaviləmə xitam verildikdə ümumilikdə 2377 AZN (iki min üç yüz yetmiş yeddi manat) məbləğində ödənilməmiş əmək haqqım qalmışdır. Əlavə olaraq, son haqq-hesabım- 876 AZN (səkkiz yüz yetmiş altı manat) ödənilməmiş məbləğ və nəticədə ümumilikdə 3253 AZN (üç min iki yüzəlli üç manat) məbləğində cavabdehin mənə borcu yaranmışdır.” İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçıya ödənilməmiş əmək haqqı qismində 2374 AZN (iki min üç yüz yetmiş dörd manat), ödənilməmiş son haqq-hesab qismində 748,6 AZN (yeddi yüz qırx səkkiz manat altmış qəpik), ilkin mediasiya sessiyasında iştiraka görə ödənilən 60,00 (altmış) AZN məbləğində, ümumilikdə, 3182,6 AZN (üç min yüz səksən iki manat altmış qəpik) məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. II. Tərəflərin mövqeləri: Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, 2024-cü ilin mart ayından xx.xx.2024-cü il tarixdək “X1” MMC-də işləmişdir. Bu müddət ərzində mart-aprel ayının əmək haqqını almış, lakin ondan sonra əmək haqqı almamışdır. Onun xəbəri olmadan xx.xx.2024-cü il tarixdə işdən azad edilmişdir. Bundan 3 ay sonra məlumatı olmuşdur. Daha sonra onunla yenidən əmək müqaviləsi bağlanmışdır. Cavabdeh məhkəmə iclaslarında iştirak etmir, bu səbəbdən mülki işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, məhkəməyə gəlməməsi səbəblərinin üzrlü olması barədə sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.4-cü maddəsinə əsasən, işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Həmin Məcəllənin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. İddiaçı xx.xx.2025-ci il tarixdə yazılı ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. İddiaçı etiraz etmədiyindən Azərbaycan Respublikası Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3086/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. III. İşin faktiki halları: İş materiallarına əlavə edilmiş: - 0138065 saylı əmək kitabçasının surəti ilə müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə İddiaçı “X1” MMC-də sətəm üzrə mütəxəssis vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2024-cü il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən öz xahişi ilə işdən azad olunmuşdur. - “X1” MMC-ilə əmək müqaviləsinə dair çıxarışla müəyyən olunur ki, İddiaçı sətəm üzrə mütəxəssis vəzifəsində çalışmış, əmək haqqı xx.xx.2024-cü il tarixdən 600 AZN, xx.xx.2024-xx.xx.2024-cü il tarixi üzrə 345 manat olmuşdur. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 42-ci maddəsinin 1-ci bəndinə əsasən, əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. - 46-cı maddəsinin 1-ci bəndinə əsasən, əmək müqaviləsi bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır. - 89-cu maddəsinə əsasən, tam iş vaxtı — müddəti bu Məcəllədə nəzərdə tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır. Gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola bilməz. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz. - 154-cü maddəsinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. - 154-cü maddəsinin 2-ci bəndnə əsasən, bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir. - 165-ci maddəsinin 1-ci bəndinə əsasən, işçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir: əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla; əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində. -296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. -296-cı maddəsinin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. -296-cı maddəsinin 7-ci hissəsinə əsasən mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Məhkəmə tərəfindən müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə İddiaçı cavabdeh “X1” MMC-də “sətəm üzrə mütəxəssis” vəzifəsinə işə qəbul olunmuş, o, xx.xx.2024-cü il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən öz xahişi ilə işdən azad olunmuşdur. Hazırda iddiaçı cavabdehdən ödənilməmiş əmək haqqı qismində 2374 manat və ödənilməmiş son haqq-hesab qismində 748,6 manat tələb edir. Məhkəmə iddiaya hüquqi qiymət verərək qeyd edir ki, əmək qanunvericiliyinin tələbinə görə əmək müqaviləsinə xitam verilməsi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməli, eyni zamanda bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Lakin cavabdeh tərəf iddiaçının tələb etdiyi məbləğlərin ödənilməsinə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Qeyd edilməlidir ki, bu kateqoriya mübahisələrdə iddiaçının irəli sürdüyü tələblərin əksini sübutetmə yükü iqtisadi baxımdan işçidən daha güclü mövqedə olan işəgötürənin üzərinə düşür, digər tərəfdən əmək və icra intizamı ilə əlaqədar bütün sənədləşdirmələr son haqq hesab, əmək haqqının hesablanması, ödənilməsi və ondan tutulmaların aparılması barədə bütün mühasibat hesablamaları əks etdirilən işçilərin haqq-hesab sənədləri (kitabçalar, vərəqələr, çeklər) işəgötürən tərəfindən tərtib edilir və buna müvafiq olaraq da işçi və işəgötürən arasında əmək mübahisəsi yarandığı zaman sonuncu tərəfindən məhkəməyə təqdim edilməlidir. Hazırkı iş materiallarından göründüyü kimi iddiaçının əmək haqqının, son haqqhesabın ödənilməməsi iddiasına qarşı cavabdeh tərəfindən bu halı təkzib edən hər hansı mötəbər sübutlar mövcud deyildir, iddiaçıya müvafiq qaydada əmək haqqı və son haqqhesabın ödənilməsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Məhkəmə o halı da xüsusilə vurğulayır ki, cavabdeh tərəfindən işçi İddiaçı ilə işəgötürən “X1” MMC arasında bağlanmış əmək müqaviləsi üzrə işçiyə dair bütün sənədlər (əmək müqaviləsi, əmək müqaviləsinə xitam verilməsinə dair əmr, ona əsas olmuş sənədlər, ödənilmiş əmək haqqı, son haqq-hesab və digər ödənişlər və s.) cavabdeh “X1” MMC tərəfindən təxirəsalınmadan məhkəməyə təqdim edilməsi məqsədilə xx.xx.2024-cü il tarixdə sübutların təmin edilməsi barədə qərardad qəbul edilmiş, qərardad müvafiq olaraq icra olunması üçün göndərilmişdir (qərardad xx.xx.2024-cü il tarixdə elektron sistemə yerləşdirilmişdir). Bununla belə cavabdeh həmin qərardadın icrasını təmin etməmiş, məhkəmə iclaslarında iştirak etməmiş, qeyd olunan sənədlər məhkəməyə təqdim olunmamışdır. Halbuki, cavabdehin xx.xx.2024-cü il tarixdən etibarən “Elektron” məhkəmə informasiya sistemində yaradılmış elektron kabineti var, o məhkəmə tərəfindən keçirilən məhkəmə iclaslarının yeri və vaxtı, qəbul edilmiş qərardadlar, habelə həyata keçirilmiş digər prosessual hərəkətlər barədə tam məlumatlı olmuşdur. Konstitusiyada (m. 35) bəyan edilərək təminat verilmiş əmək hüququ və istirahət hüququnun tərkib elementləri kimi əmək haqqı almaq və məzuniyyət hüququnun reallaşdırılması qaydaları Əmək Məcəlləsi ilə tənzimlənmişdir. Həmin Məcəllədə əmək haqqının on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməsi nəzərdə tutulmuşdur. Əmək haqqının verilməməsi yolverilməzdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya əmək haqqı və son haqq hesabın ödənilməsini təsdiq edən sənədlər məhkəməyə təqdim edilmədiyindən, iddia tələbi həcmində ödənilməmiş əmək haqqı qismində 2374 (iki min üç yüz yetmiş dörd manat) manat, ödənilməmiş son haqq-hesab qismində 748,6 (yeddi yüz qırx səkkiz manat altmış qəpik) manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı həmçinin əlavə olaraq mediasiyaya ödədiyi 60 (altmış) manat məbləğin cavabdehdən tutularaq ona verilməsini xahiş etmişdir. İş materiallarında olan İMS-də iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı tərəfindən 10 saylı Mediasiya Təşkilatına 60 manat ödəniş edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən, cavabdeh İMS-də (mediasiya prosesində) iştirak etmədiyindən, bunun üzürlü səbəbləri məhkəmə tərəfindən müəyyən olunmadığından iddiaçı tərəfindən ödənilmiş 60 (altmış) manat mediasiya xərci cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. -241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. -241.3-cü maddəsinə əsasən, işə qiyabi icraat qaydasında baxılarkən iddianın əsasları və ya predmeti dəyişdirilə və ya iddia tələblərinin məbləği artırıla bilməz. - 241.5-ci maddəsinə əsasən, iddiaçının dəlilləri iddia tələblərini tamamilə və ya qismən təsdiq etməsə, məhkəmə iddianın və ya onun hissəsinin rədd olunmasına dair qətnamə çıxarır və belə qətnamə, cavabdehin gəlməməsinə baxmayaraq, qiyabi hesab edilmir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: - 9.1.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Beləliklə məhkəmə işin hallarını və yuxarıda qeyd olunan maddi hüquq normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh “X1” MMC-dən ödənilməmiş əmək haqqı qismində 2374 (iki min üç yüz yetmiş dörd manat) manat, ödənilməmiş son haqq-hesab qismində 748,6 (yeddi yüz qırx səkkiz manat altmış qəpik) manat və ilkin mediasiya sessiyasında iştiraka görə ödənilmiş məbləğin əvəzi kimi 60 (altmış) manat tutularaq İddiaçı xeyrinə ödənilməlidir. V. Nəticə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 358-360cı maddələrinin tələblərinə uyğun olaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh “X1” MMC-dən ödənilməmiş əmək haqqı qismində 2374 (iki min üç yüz yetmiş dörd manat) manat, ödənilməmiş son haqq-hesab qismində 748,6 (yeddi yüz qırx səkkiz manat altmış qəpik) manat və ilkin mediasiya sessiyasında iştiraka görə ödənilmiş məbləğin əvəzi kimi 60 (altmış) manat tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2(005)-3086/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(005)-3086/2025
27.11.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver