Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3091/2025 13.08.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin tutulma qaydasının dəyişdirilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-624/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin tutulması üsulunun dəyişdirilərək, xx.xx.2019-cu il təvəllüdlü X5, xx.xx.2021-ci il təvəllüdlü X3 və xx.xx.2024-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh qazancının (başqa gəlirlərinin) yarısı miqdarında alimentin İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, alimentin tutulması sabit pul məbləğində müəyyən edilmişdir. Lakin Cavabdeh Abşeron Rayon Polis İdarəsinin əməkdaşıdır və rəsmi gəliri mövcuddur. Cavabdehin həmin İdarənin əməkdaşı olması Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin xx.xx.2025-ci il tarixli 12025/2025-1 saylı “alimentin əmək haqqına yönəlməsi” barədə məktubu ilə təsdiq edilir. Polis əməkdaşının əsas maaşının, əlavə haqqların, kompensasiyaların, müavinətlərin və başqa ödənişlərin məbləği və təyin edilməsi qaydaları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 20 aprel 2000-ci il tarixli 73 nömrəli qərarı ilə təsdiq edilmişdir. Həmin qaydalara əsasən polis əməkdaşları üçün əlavə ödənclərin verildiyi öz əksini tapmışdır. Bu səbəbdən də, alimentin sabit pul məbləğində deyil də, əmək haqqından tutulması qaydasında aparılması daha ədalətli və davamlı bir mexanizmdir. Bu, gəlirlər artdıqda uşağın maraqlarını qoruyacaq və əlavə məhkəmə mübahisəsinin açılmasının qarşısını alacaq. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa müvafiq izahat verərək onun təmin edilməsini xahiş etmişidr. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə uyğun olaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyərək və iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-624/2025 saylı, xx.xx.2025ci il tarixli qətnaməsi ilə xx.xx.2019-cu il təvəllüdlü X5, xx.xx.2021-ci il təvəllüdlü X3 və xx.xx.2024-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşağa görə 235 manat olmaqla, cəmi 705 manat sabit pul məbləğində alimentin iddiaçı SüleymanzadəSürəyya Ədalət qızının xeyrinə tutulması qət edilmişdir; - AZ-T seriyalı, 104039 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2019-cu il təvəllüdlü X5 doğulmuşdur; - AZ-İ, 292755 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2021-ci il təvəllüdlü X3 doğulmuşdur, - AZ-V seriyalı, 036467 nömrəli doğum haqqında şəhadetnamənin suretindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2024-cü il təvəllüdlü X4 doğulmuşdur; - mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışın surətindən görünür ki, Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından xx.xx.2019-cu il təvəllüdlü X5, xx.xx.2021-ci il təvəllüdlü X3 və xx.xx.2024-cü il təvəllüdlü X4 doğulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-624/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə tərəflərin nikahı pozulmuş, xx.xx.2019-cu il təvəllüdlü X5, xx.xx.2021-ci il təvəllüdlü X3 və xx.xx.2024-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 235 manat olmaqla, cəmi 705 manat sabit pul məbləğində alimentin tutularaq, İddiaçı ödənilməsi qət olunmuşdur. Hazırda iddiaçı məhkəmə qətnaməsi ilə təyin edilmiş alimentin tutulma üsulunun dəyişdirilərək, Cavabdeh qazancının (başqa gəlirlərinin) yarısı miqdarında müəyyən edilməsini xahiş edir. Ailə Məcəlləsinin 75-ci maddəsinə uyğun olaraq valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.3-cü maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 3 və daha çox uşağa görə - qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulur. Ailə Məcəlləsinin 78-ci maddəsinə müvafiq olaraq valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də Ailə Məcəlləsinin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi, qanunverici bir qayda olaraq məhkəmə tərəfindən alimentin qacancın müəyyən hissəsi şəklində tutulmasını müəyyən etmişdir. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, alimentin valideyinin gəlirinin bir hissəsi kimi deyil, sabit pul məbləğində tutulması yuxarıda qeyd edilən şərtlərdən birinin mövcud olduğu halda mümkündür. Bundan başqa, həmin maddənin məzmununa görə alimentin sabit pul məbləğində tutulması qanunla nəzərdə tutulmuş hallarda uşağın saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi olduqda mümkündür. Hazırki iş üzrə iddiaçı cavabdehin müntəzəm qazanca malik olduğuna istinad edərək qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin hissə şəklində tutulmasını xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh hüquq-mühafizə orqanlarında işlədiyini, 1000 manata yaxın əmək haqqı aldığını bildirmişdir. Məhkəmə iddiaçının alimentin qazancın müəyyən hissəsi (yarısı) şəklində ödənilməsi tələbini, cavabdehin müntəzəm qazanca malik olduğunu, alimentin valideynin qazancından müəyyən hissə kimi tutulmasının mümkün olduğunu, eyni zamanda uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini nəzərə alaraq hesab edir ki, uşaqların saxlanması üçün hər ay cavabdehin qazancının (gəlirlərinin) yarısı miqdarında aliment müəyyən edilməlidir. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-624/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin tutulma qaydası dəyişdirilməli, Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü X5, xx.xx.2021-ci il təvəllüdlü X3 və xx.xx.2024-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay qazancının (başqa gəlirlərinin) yarısı miqdarında aliment tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-624/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş xx.xx.2019-cu il təvəllüdlü X5, xx.xx.2021-ci il təvəllüdlü X3 və xx.xx.2024-cü il təvəllüdlü X1 üçün Cavabdeh alimentin tutulma qaydası dəyişdirilsin. xx.xx.2019-cu il təvəllüdlü X5, xx.xx.2021-ci il təvəllüdlü X3 və xx.xx.2024-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay Cavabdeh qazancının (başqa gəlirlərinin) yarısı miqdarında aliment tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(005)-3091/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3091/2025
13.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver