Məhkəmə qərarları › İş №e-2(005)-3130/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3130/2023

12.10.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3130/2023 12.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azəbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı “dosent elmi adına görə ödənilməli olan əlavə haqqın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh AR Dövlət Şirkətinə qarşı “dosent elmi adına görə ödənilməli olan əlavə haqqın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Dosent elmi adına görə ödənilməli olan 100 manat əlavə haqqın xx.xx.2011-xx.xx.2022-ci il tarixlər (129 ay) üzrə vəzifə maaşına hesablanaraq cəmi 12900 (on iki min doqquz yüz) manat pulun və ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 50 (əlli) manat pulun cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (SOCAR) tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2011-xx.xx.2022-ci il tarixlərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Təlim Tədris və Sertifikatlaşdırma İdarəsinin Qala X4 müdir müavini vəzifəsində çalışmışdır. İddiaçının vəzi fə maaşına dosent elmi adına görə 100 manat əlavə haqq xx.xx.2011-xx.xx.2022-ci il tarixlər üzrə hesablanaraq ödənilməlidir Həmin müddətdə ona dosent elmi adına görə 100 manat əlavə haqq vəzifə maaşına hesablanaraq ödənilməli olsa da, ödənilməmişdir. Belə ki, Ali Attestasiya Komissiyasının xx.xx.2005-ci il tarixli qərarı ilə İddiaçı dosent elmi adına malikdir. Nazirlər Kabinetinin “Dövlət və bələdiyyə təhsil müəssisələrində işləyən elmipedaqoji kadrların vəzifə maaşlarına elmi dərəcələrə və elmi adlara görə əlavələrin həcminin müəyyən edilməsi haqqında" xx.xx.2010-cu il tarixli 98 nömrəli qərarına (bundan sonra - "Qərar") əsasən dövlət və bələdiyyə təhsil müəssisələrində işləyən elmi- pedaqoji kadrların vəzifə maaşlarına iş stajı 20 ildən artıq olduqda dosent elmi adına görə 100 manat əlavə müəyyən edilmişdir. Həmin qərara əsasən elmi ada görə müəyyən edilən əlavələr işçi tam ştat üzrə işlədikdə 100 faiz həcmdə ödənilir. Qərardan görünür ki, dosent elmi adına görə 100 manat əlavə haqqın ödənilməsi üçün təhsil müəssisəsinin məhz ali təhsil müəssisəsi olmasını tələb etmir. Qərar şəxsin ümumiyyətlə təhsil müəssisəsində tam ştat üzrə çalışmasını və azı 20 il iş stajı olmasını tələb edir. İddiaçının əmək kitabçasından görünür ki, o, 20 ildən artıq iş stajına malikdir və sonuncu vəzifəsi üzrə tam ştat üzrə işləmişdir. Mərkəzin Əsasnaməsindən görünür ki, bu təşkilat təhsil müəssisəsidir. Əsasnamənin 1.5-ci bəndinə əsasən Mərkəz yüksək ixtisaslı təhlükəsizlik və hərbiləşdirilmiş mühafizə, gəmi-liman nəzarəti müfəttişliyi və fontana qarşı dağ-mədən xilasetmə hərbiləşdirilmiş xidməti sahələri üzrə təhsilin əyani formasında sıravi heyətin hazırlanmasını və onların peşə ixtisaslarının artırılmasını həyata keçirir. Əsasnamənin 2.11-ci bəndə əsasən Mərkəz məzunlara dərəcə və müəyyən olunmuş qaydada vəsiqə (diplom), sertifikat verilməsində iştirak edir. Göründüyü kimi, Mərkəz təhsil müəssisəsidir, İddiaçı elmi-pedoqoji kadr olaraq Mərkəzin müdir müavini vəzifəsində tam ştat üzrə çalışmış və 20 ildən artıq iş stajına malik olmuşdur, eyni zamanda dosent elmi adına malik olmuşdur. Bu halların mövcudluğu isə, Qərara əsasən İddiaçının vəzifə maaşına dosent elmi adına görə 100 manat əlavə haqqın xx.xx.2011-xx.xx.2022-ci il tarixlər (129 ay) üzrə hesablanaraq cəmi 12900 manat ödənilməsini şərtləndirir. Qeyd edilməlidir ki, İddiaçı Cavabdehə xx.xx.2022-ci il tarixdə müraciət edərək xx.xx.2011-ci il tarixdən Mərkəzdə müdir müavini vəzifəsində çalışarkən dosent elmi adına görə 100 manat əlavə haqq vəzifə maaşına hesablanaraq ödənilməsini xahiş etmişdir. Cavabdeh isə xx.xx.2022--ci il tarixli, SOCAR**********10210033A00046 nömrəli məktubla cavab verərək göstərmişdir ki, Mərkəz ali təhsil müəssisəsi olmadığından Qərar İddiaçıya şamil edilməmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə2 elektron kabinet vasitəsilə etiraz ərizəsi təqdim etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı istinad etdiyi maddi hüquq norması “Dövlət və bələdiyyə təhsil müəssisələrində işləyən elmi-pedaqoji kadrların vəzifə maaşlarına elmi dərəcələrə və elmi adlara görə əlavələrin həcminin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 may 2010-cu il tarixli 98 nömrəli qərarı olmuşdur. Həmin qərara əsasən, dövlət və bələdiyyə təhsil müəssisələrində işləyən elmi-pedaqoji kadrların vəzifə maaşlarına iş stajı 20 ildən artıq olduqda dosent elmi adına görə 100 manat əlavə müəyyən edilmişdir. SOCAR-ın Təlim Tədris və Sertifikatlaşdırma İdarəsi (TTSİ) ilə iddiaçı arasında bağlanmış 27 dekabr 2011ci il tarixli əmək müqaviləsinə əsasən, İddiaçı TTSİ-nin Qala təlim, tədris mərkəzinin müdir müavini vəzifəsinə işə qəbul edilmişdir. TTSİ-nin Əsasnaməsindən göründüyü kimi, Təlim, Tədris Sertifikatlaşdırma İdarəsi təhsil müəssisə deyil (Əsasnamə əlavə olunur) və heç vaxt təhsil müəssisəsi olmayıb. Belə ki, Təhsil haqqında Azərbaycan Respublikası Qanununun 14.15-ci maddəsinə əsasən, təhsil müəssisəsi hüquqi şəxsdir. Mülki qanunvericiliyin tələblərinə görə hüquqi şəxs dövlət qeydiyyatına alınmış Nizamnamə əsasında fəaliyyət göstərir. Təhsil haqqında Azərbaycan Respublikası Qanununun 29.0.16-ci maddəsinə əsasən, dövlət təhsil müəssisələrinin nizamnaməsini dövlət təsdiq edir. TTSİ hüquqi şəxs deyil və heç vaxt hüquqi şəxs statusuna malik olmayıb. Eyni zamanda “Dövlət və bələdiyyə təhsil müəssisələrində işləyən elmi- pedaqoji kadrların vəzifə maaşlarına elmi dərəcələrə və elmi adlara görə əlavələrin həcminin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27 may 2010-cu il tarixli 98 nömrəli qərarı ilə nəzərdə tutulan əlavələrin ödənilməsi üçün aşağıdakı tələblər mövcud olmalıdır: 1)işçi dövlət və ya bələdiyyə təhsil müəssisəsində işləməlidir; 2) işçi ixtisası üzrə işləməlidir. Yuxarıda qeyd edilən kimi, SOCAR-ın Təlim Tədris və Sertifikatlaşdırma İdarəsi nəinki dövlət və ya bələdiyyə, ümumiyyətlə təhsil müəssisəsi deyildir. İddiaçı əmək müqaviləsinə nəzər yetirəndə görünür ki, o TTSİ-nin Qala X4 ixtisası üzrə elmi-pedaqoji işlə deyil, müdir müavini vəzifəsində işləmişdir. Bu səbəbdən İddiaçı iddia tələbi tamamilə əsassızdır. Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında cavabdeh nümayəndəsi yazılı etiraz ərizəsinə uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərə görə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının 2 iyul 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş vəsiqənin surətindən görünür ki, İddiaçı Əhdürəhman oğluna dosent elmi adı verilmişdir. - İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, AR Dövlət Neft Şirkəti xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak etməmişdir; - Əmək kitabçasından görünür ki, İddiaçı AR Dövlət Neft Şirkətinin Təlim Tədris və Setifikatlaşdırma İdarəsinin Qala X4 müdir müavini vəzifəsində çalışmışdır. xx.xx.2022-ci il tarixində İddiaçı təqaüdə çıxması ilə əlaqədar əmək müqaviləsinə xitam verilmişdir. - Qala Təlim, X1 görünür ki, xx.xx.2011-ci il tarixində Qala Təlim, X2 təsdiq edilmişdir. Əsasnamənin 1.5-ci bəndinə əsasən, Azərbaycan Respublikası Təhsil Qanununa uyğun olaraq, ARDNŞ-in Təhlükəsizlik İdarəsi üçün yüksək ixtisaslı təhlükəsizlik və hərbiləşdirilmiş mühafizə, gəmi-liman nəzarəti müfəttişliyi və fontanaqarşı dağmədənxilasetmə hərbiləşdirilmiş xidməti sahələri üzrə təhsilin əyani (gündüz) formasında sıravi heyət kadrlarının hazırlanmasını və onların pşə ixtisaslarının artırılmasını həyata keçirir. - AR Dövlət Neft Şirkətinin müraciətə baxılmasının nəticəsi haqqında məktubundan görünür ki, İddiaçı müraciətinə baxılmış və bildirilmişdir ki, “Təhsil haqqında AR Qanunu” ilə “dosent ali təhsil müəssisələrində müəllimlərə verilən elmi ad və seçkili vəzifədir. AR Nazirlər Kabinetinin 27 may 2010-cu il tarixli 98 nömrəli “Dövlət və bələdiyyə təhsil müəssisələrində işləyən elmi pedaqoji kadrların vəzifə maaşlarına elmi dərəcələrə və elmi adlara görə əlavələrin həcminin müəyyən edilməsi haqqında” Qərarı ilə bu vəzifədə çalışan müəllimlərə iş stajından asılı olaraq müəyyən məbləğlər təyin edilərək ödənilir. Əvvəlllər çalışdığınız SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Qala təlim, tədris mərkəzi ali təhsil müəssisəsi olmadığından AR Nazirlər Kabinetinin Qərarı sizə şamil edilməmişdir. Mülki işin araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı 26 dekabr 2011-ci il tarixdən 04 avqust 2022-ci il tarixədək AR Dövlət Neft Şirkətinin Təlim Tədris və Setifikatlaşdırma İdarəsinin Qala X4 müdir müavini vəzifəsində çalışmışdır. Sonradan xx.xx.2022-ci tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Hazırda məhkəməyə iddia ərizəsi ilə müraciət edən iddiaçı 26 dekabr 2011-04 avqust 0022-ci il tarixlər (129) ay üçün vəzifə maaşına hesablanaraq cəmi 12900 manat pulun cavabdehdən yuyularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək rədd edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 172.1-ci maddəsinə əsasən əmək aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Maddə 154. Əmək haqqı

1. Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

2. Bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir. “Təhsil haqqında” AR Qanunun: 1.0.47. təhsil müəssisəsi - müvafiq təhsil proqramları əsasında təhsil prosesini həyata keçirən və məzunlara müvafiq təhsil haqqında dövlət sənədi verən qurum; 23.8. Ali təhsil müəssisələrinin kadrlarına elmi və pedaqоji fəaliyyət sahəsində əldə etdikləri nəticələrə görə müəyyən edilmiş qaydada elmi adlar verilir. Azərbaycan Respublikasında aşağıdakı elmi adlar müəyyən edilir: dоsent; professor. 23.9. dоsent və professor elmi adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti оrqanı tərəfindən müəyyən edilir. AR Nazirlər Kabinetinin 27 may 2010-cu il tarixli 98 nömrəli “Dövlət və bələdiyyə təhsil müəssisələrində işləyən elmi pedaqoji kadrların vəzifə maaşlarına elmi dərəcələrə və elmi adlara görə əlavələrin həcminin müəyyən edilməsi haqqında” Qərarı ilə dövlət və bələdiyyə təhsil müəssisələrində işləyən elmi-pedaqoji kadrların vəzifə maaşlarına elmi dərəcələrə və elmi adlara görə əlavələrin həcmi müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçının istinad etdiyi hallara əsasən iddia tələbinin qanuni əsasını AR Əmək Məcəlləsinin 159-cu maddəsi və AR Nazirlər Kabinetinin “Dövlət və bələdiyyət təhsil müəssisələrində işləyən elmi-pedaqoji kadrların vəzifə maaşlarına elmi dərəcə və elmi adlara görə əlavələrin həcminin müəyyən edilməsi haqqında” 27 may 2010-cu il tarixli 98 nömrəli qərarı təşkil edir. Lakin, işin halları yuxarıda qeyd edilən normaların dispozisiya şərtləri əsasında yoxlanılarkən məhkəmə tərəfindən, iddiaçının tələbinin təmin edilməsi üçün zəruri olan əsasların mövcudluğu müəyyən edilmədi. Məhkəmə qeyd edir ki, ilk növbədə iddiaçının əmək fəaliyyəti ilə məşğul olduğu ARDNŞ-nin “Təlim Tədris və Sertifikatlaşdırma İdarəsinin Qala Təlim Mərkəzinin təhsil müəssisəsi olub-olmaması araşdırılmalıdır. Təhsil haqqında AR Qanunun 1.0.47-ci maddəsinə əsasən, təhsil müəssisəsi müvafiq təhsil proqramları əsasında təhsil prosesini həyata keçirən və məzunlara müvafiq təhsil haqqında dövlət sənədi verən qurumdur. Həmin Qanunun 14.4-cü maddəsin əsasən, təhsil müəssisəsinin fəaliyyəti, hüquq və vəzifələri bu Qanun və Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları nəzərə alınmaqla onun nizamnaməsi ilə müəyyən edilir. Həmin Qanunun 14.5-ci maddəsinə əsasən, təhsil müəssisəsinin aşağıdakı tipləri və növləri müəyyən edilir: 14.5.1. məktəbəqədər təhsil müəssisələri (körpələr evi, körpələr evi-uşaq bağçası, uşaq bağçası, sanator tipli məktəbəqədər təhsil müəssisəsi, sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi məktəbəqədər təhsil müəssisələri); [ 14.5.2. ümumi təhsil müəssisələri (ibtidai, ümumi orta və tam orta ümumtəhsil məktəbləri, lisey, gimnaziya, inteqrasiya təlimli ümumtəhsil məktəbi, xüsusi ümumtəhsil məktəbi, ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi, internat tipli lisey, internat tipli gimnaziya, inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbi, internat tipli xüsusi ümumtəhsil məktəbi, internat tipli sanator ümumtəhsil məktəbi və digər məktəblər); 14.5.3. məktəbdənkənar təhsil müəssisələri (yaradıcılıq və inkişaf mərkəzləri, ekologiya və turizm mərkəzləri, uşaq-gənclər idman-şahmat məktəbləri, uşaq-gənclər idman məktəbləri, uşaq-gənclər şahmat məktəbləri və s.); 14.5.4. peşə təhsili müəssisələri (peşə məktəbləri, peşə liseyləri, peşə təhsil mərkəzləri); 14.5.5. orta ixtisas təhsili müəssisələri (kolleclər); 14.5.6. ali təhsil müəssisələri (universitetlər, akademiyalar, institutlar və s.); 14.5.7. əlavə təhsil müəssisələri (universitetlər, institutlar, mərkəzlər və s.); 14.5.8. təhsil fəaliyyətini həyata keçirən digər müəssisələr (uşaq musiqi, incəsənət və rəssamlıq məktəbləri və s.). Həmin Qanunun 14.15-ci bəndinə əsasən, təhsil müəssisəsi hüquqi şəxsdir və müstəqil balansa malikdir. Məhkəmə hesab edir ki, iddiaçının əmək fəaliyyəti ilə məşğul olduğu ARDNŞ-nin Təlim Tədris və Sertifikatlaşdırma İdarəsinin Qala X6 istinad edilən normada əks edilmiş xüsusiyyətlərə malik deyil, təhsil müəssisəsinin növlərinin təsnifatının isə heç birinə uyğun gəlmir. Belə ki, mülki işin materiallarında olan Qala təlim X1 görünür ki, Qala X6 AR Dövlət Neft Şirkəti Prezidentinin 15 sentyabr 2011-ci il tarixli 141 S saylı “Əsas vəsaitlərin balansdan balansa verilməsi haqqında” sərəncamı ilə Təhlükəsizlik İdarəsinin (bundan sonra Tİ adlanacaq) balansından Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin balansında verilməklə yaranmışdır. Qala X6 müstəqil hüquqi şəxs deyil və nizamnamə əsasında fəaliyyət göstərmir. İddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş mülahizələrdə Təlim Tədris və Sertifikatlaşdırma İdarəsinin Qala Təlim X2nin 1.5-ci (Azərbaycan Respublikası Təhsil Qanununa uyğun olaraq, ARDNŞ-in Təhlükəsizlik İdarəsi üçün yüksək ixtisaslı təhlükəsizlik və hərbiləşdirilmiş mühafizə, gəmi-liman nəzarəti müfəttişliyi və fontanaqarşı dağmədənxilasetmə hərbiləşdirilmiş xidməti sahələri üzrə təhsilin əyani (gündüz) formasında sıravi heyə kadrlarının hazırlanmasını və onların pşə ixtisaslarının artırılmasını həyata keçirir) və 2.11-ci bəndlərinə (Təlim-tərbiyə, tədrisistehsalat prosesini planlaşdırır, aralıq imtahanlarının aparılmasını həyata keçirir, məzunlara dərəcə və müəyyən edilmiş qaydada vəsiqə (diplom), sertifikat verilməsində iştirak edir) bəndlərinə, eləcə də AR Təhsil Haqqında Qanunun 20.3-cü maddəsinə istinad edərək, ARDNŞ-nin TTSİ-nin təhsil müəssisəsi olduğunu bildirir. Məhkəmə qeyd edir ki, Təhsil haqqında Qanunun istinad edilən maddəsi (20.3. Peşə təhsili müvafiq təhsil proqramları əsasında təşkil olunur. Peşə təhsili müəssisələrində yüksək texniki peşə təhsili səviyyəsi üzrə tədris müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada kredit sistemi ilə təşkil olunur. Peşə təhsilini başa vuran məzunlara müvafiq qaydada təhsil haqqında dövlət sənədi – diplom və ya sertifikat verilir.) peşə təhsili ilə bağlı məsələləri tənzimləyir. Peşə təhsili haqqında AR Qanununun 9.2-ci maddəsinə əsasən, peşə təhsili müəssisələrinin aşağıdakı növləri vardır: peşə məktəbi; peşə liseyi; peşə təhsil mərkəzi. 10.1-ci maddəsinə əsasən, peşə təhsili müəssisəsi hüquqi şəxsdir, maliyyə-təsərrüfat fəaliyyətini bu Qanunun tələbləri nəzərə alınmaqla sərbəst həyata keçirir, banklarda hesablaşma və digər hesabları vardır. 14.1-ci maddəsinə əsasən, bu Qanuna uyğun olaraq, peşə təhsili müəssisəsində təlim proqramını (kurikulumu) mənimsəmiş, dövlət buraxılış imtahanlarını müvəffəqiyyətlə vermiş təhsilalanlara “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan peşə təhsili pilləsində təhsil haqqında dövlət sənədi verilir. Təhsil haqqında dövlət sənədi növbəti səviyyədə və pillədə təhsili davam etdirmək və ya ixtisas üzrə əmək fəaliyyətinə başlamaq üçün hüquqi əsas sayılır. 14.2-ci maddəsinə əsasən, müvafiq kursu (modulu) bitirdikdən sonra təhsilini müxtəlif səbəblərdən davam etdirməyən şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan arayış verilir. Beləliklə, iddiaçının nümayəndəsinin dəlilləri subyektiv xarakter daşımaqla istinad edilən normalarla təkzib edilir. Belə ki, Təhsil haqqında AR Qanununun 1.0.47-ci maddəsində təhsilini başa vuran məzunlara təhsil müəssisəsi tərəfindən məhz müvafiq dövlət sənədinin verilməsi nəzərdə tutulur. Peşə təhsili başa vuran şəxslərə də eyni qaydada dövlət sənədi – diplom və ya sertifikatın verilməsi nəzərdə tutulub. Həmin dövlət sənədi növbəti səviyyədə və pillədə təhsili davam etdirmək üçün hüquqi əsas sayılır. ARDNŞ-nin Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi və Qala X6 nə Təhsil haqqında AR Qanununun 14.5-ci maddəsində nəzərdə tutulan təhsil müəssisələrinin, nə də Peşə təhsili haqqında AR Qanununun 9.2-ci maddəsində nəzərdə tutulan təhsil müəssisəsi xüsusiyyətlərini özündə əks etdirmir. Digər tərəfdən iddiaçı Bakı Ali Neft Məktəbi ilə analogiya apararaq, onun da dövlət ali təhsil müəssisəsi sayılmasını nümunə göstərsə də, məhkəmə qeyd edir ki, BANM nizamnamə əsasında fəaliyyət göstərir, dövlət təhsil müəssisəsi olması birbaşa nizamnaməsinə əks etdirilib. Bakalavriat, magistratura və doktorantura təhsil səviyyələri üzrə kadr hazırlığını həyata keçirir. Beləliklə, ARDNŞ-nin Təlim Tədris və Sertifikatlaşdırma İdarəsi, Qala X6 dövlət və ya bələdiyyə təhsil müəssisəsi olmadığından, məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. İddia tələbi əsassız hesab edildiyinə görə, mediasiya xərci qismində 50 manat məbləğində pulun tutulması tələbi də rədd edilməlidir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdeh AR Dövlət Neft Şirkətinə qarşı “dosent elmi adına görə ödənilməli olan əlavə haqqın ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı cavabdeh AR Dövlət Neft Şirkətinə qarşı “dosent elmi adına görə ödənilməli olan əlavə haqqın ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar