Məhkəmə qərarları › İş №e-2(005)-3133/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3133/2023

13.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3133/2023 13.09.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin tutulması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, iddiaçı ilə cavabdehin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2009-cu təvəllüdlü X1 üçün onlar yetkinlik yaşına çatana qədər sabit pul məbləği şəklində hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat məbləğində alimentin, həmçinin məhkəməyə müraciət edilməsi üçün çəkilmiş 287.25 manat məbləğində məsrəflərin Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1934/2016 saylı 01 iyun 2016-cı il tarixli qətnaməsi ilə iddiaçı ilə Cavabdeh arasında 07 iyun 2008-ci il tarixdə bağlanmış və Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2008-ci il tarixdə 371 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2009-cu il təvəllüdlü X3 iddiaçının yanında qalmaları müəyyən edilmişdir. Həmin dövrdə iddiaçının Cavabdeh qarşı aliment tələbi olmamışdır. Lakin iddiaçı bildirir ki, hazırda övladlarının xərcləri artdığından onların tələbatlarını təkbaşına qarşılamaqda müəyyən çətinliklər yaranır və bu səbəbdən də cavabdeh də həmin xərclərin qarşılanmasına mütləq cəlb edilməlidir. Uşaqlarının maddi ehtiyaclarını ödəməsi üçün cavabdehin maddi imkanı və gəlirləri kifayət qədər yaxşıdır. İddiaçı tərəfindən cavabdehə “mediasiya prosesinin tətbiqi barədə” təklif göndərilmişdir. Həmin təklif əsasında iddiaçı tərəfindən Bakı şəhəri 10 saylı Mediasiya Təşkilatına müraciət edilmiş və sözügedən Təşkilat tərəfindən təyin edilmiş mediator Vəfa Seyfullayeva tərəfindən xx.xx.2023-cü il tarixli MŞB/10-00360 saylı “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayış tərtib edilərək iddiaçıya verilmişdir. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etmir. Məhkəmə iclasında Cavabdeh məhkəməyə ərizə təqdim edərək hər uşağa görə 220 manat, cəmi 440 manat aliment ödəməyə razı olduğunu bildirmişdir. Məhkəmə cavabdeh tərəfin izahatlarını təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan; - Nəsimi Rayon Məhkəməsinin 2(006)-1934/2016 saylı, 01 iyun 2016-cı il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, Cavabdeh və İddiaçı arasında 07 iyun 2008ci il tarixdə bağlanmış və Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2008-ci il tarixdə 371 nömrə ilə qeyd edilmiş nikahın pozulması, xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2009-cu il təvəllüdlü X3 İddiaçı yanında qalmaları qət edilmişdir. - Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ 299912 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X5 xx.xx.2009-cu il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. - Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ 299913 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X4 xx.xx.2009-cu il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsinin) 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2 №-li Qərarının 8.2-ci bəndinə görə, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə ilk olaraq qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2023-cü il üçün minimum yaşayış həddi uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən, hesab edir ki, iddia təmin edilməli, İddiaçı Cavabdeh ilə birgə nikahından olan xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2009-cu təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Məhkəmə iddia tələbinin “məhkəməyə müraciət edilməsi üçün çəkilmiş 287.25 manat məbləğində məsrəflərin Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi” hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107.1-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsində qeyd edilir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilməlidir ki, iddiaçının vəkil ilə təmsil olunması məcburi xarakter daşımır, onun şəxsi istəyidir. Eyni zamanda notarius üçün ödənilən 17.25 manat iddiaçı tərəfindən məhkəməyə müraciət edildiyi üçün çəkilməli olan xərc hesab edilməlidir. Məhkəmə bütün bunları nəzərə alaraq hesab edir ki, iddia tələbinin “məhkəməyə müraciət edilməsi üçün çəkilmiş 287.25 manat məbləğində məsrəflərin Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi” hissəsində 60 manat məbləğində mediasiya xərci cavabdehdən tutulmalıdır. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinin tələblərinə görə “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən qətnamə dərhal icra edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə cavabdehin birgə nikahından doğulmuş xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2009-cu təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh sabit pul məbləği şəklində hər ay hər uşaq üçün 220 manat olmaqla, ümumilikdə 440 (dörd yüz qırx) manat məbləğində aliment və 60 manat məbləğində mediasiya xərci tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində "Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar