Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3135/2024 05.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ X2 Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, Cavabdeh1 ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 ASC və Azərbaycan Respublikası Xammal və X1 Mərkəzi "xxxx" MMC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi göstərilməklə) “ipotekaya xitam verilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 ASC və Azərbaycan Respublikası Xammal və X1 Mərkəzi "xxxx" MMC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi göstərilməklə) “ipotekaya xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən mənzil üzrə ipotekaya xitam verilməsi və həmin ipoteka predmetinin ipoteka ilə yüklülükdən azad edilməsi, ona məxsus ünvan 1 ünvanında yerləşən mənzilə dair mülkiyyət hüquqlarının bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışlar ki, onunla Cavabdeh1 ASC arasında bağlanan krdedit müqaviləsinin təminatı olaraq xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən ona məxsus ünvan 1 ünvanında yerləşən mənzil ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsi üzrə yaranmış borcun tələbkara ödənilməsi üçün Bakı Apellyasiya Məhkəməsinin 2(103)-842/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsi və Yasamal rayon İcra şöbəsinin xx/xx-150593/3 nömrəli, xx.xx.2020-ci il tarixli sifariş məktubu əsasında ona məxsus olan və ipoteka ilə yüklü edilmiş mənzilin açıq hərracda satılması cavabdeh Azərbaycan Respublikası Respublika Xammal və X1 Mərkəzi "xxxx" MMC-yə sifariş olunmuşdur. Sifariş barədə hərrac təşkilatında məktub mövcud deyil. Onun keçirilən hərracdan ümumiyyətlə məlumatı olmamış, həmin təşkilata verilmiş sorğu əsasında alınmış sənədlərdən də görünür ki, hərrac barədə ona məlumat göndərilməmişdir. Poçt sənədlərindəki məktubu qəbul edən şəxsi tanımır və ona belə məktub çatdırılmamışdır. xx.xx.2020-ci il tarixli təklif məktubundan görünür ki, qeyd olunan əmlak satılmadığından 86062,50 manata ipoteka saxlayana təqdim olunmuşdur. Həmin məktubun surəti hərrac təşkilatı tərəfindən ona təqdim olunsa da, məktubun ipoteka saxlayana göndərilməsini təsdiq edən heç bir sənəd mövcud deyildir. Qeyd olunan hərracların heç biri keçirilməmiş, hərrac təşkilatı ilə bank arasında saxta sənədlər əsasında evin mənimsənilməsinə çalışılır. "xxxx" MMC-də hərracın keçirilməsi ilə bağlı müəyyən sənədlər hazırlanmış və təqdim olunmuş xx.xx.2020-ci il tarixli ipoteka predmetinin əldə olunması barədə təklif məktubundan sonra hərrac təşkilatında heç bir sənədləşmə işi aparılmamış və başqa hərəkətlər edilməmişdir. Məhkəmənin sorğusu əsasında alınmış sənədlərdən görünür ki, banka əmlak xx.xx.2020-ci il tarixdə təklif olunsa da, xx.xx.2021-ci il tarixədək əmlakın bank tərəfindən balansa götürülüb-götürülməməsinə heç bir münasibət bildirilməmiş, hərracın nəticələri haqqında protokol və müqavilə mövcud deyildir. Əgər belə bir sənədlər məhkəmə araşdırması zamanı təqdim olunarsa deməli o sənədlər də sonradan saxtalaşdırılaraq təqdim olunur. Bu halda onu təsdiq edir ki, qanunvericiliyin tələbinə əsasən bank təklif olunmuş əmlakı 30 gün ərzində balansına götürməmişdir. Belə olan halda qanununun tələbinə əsasən ona məxsus mənzil üzrə ipotekaya xitam verilməli və həmin ipoteka predmeti ipoteka ilə yüklülükdən azad edilməlidir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 ASC-nin nümayəndəsi Nümayəndə2 iddia ərizəsinə etiraz edərək, iddianın rədd olunmasını xahiş etdi. Digər cavabdeh və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında gəlməmiş və nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək və iş materiallarını tədqiq edərək aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 33, 6 saylı mənzil xüsusi mülkiyyət hüququ kimi Cavabdeh1 ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır; Azərbaycan Respublikası Xammal və X1 Mərkəzi "xxxx" MMC-nin hərracın keçirilməsinə dair xx.xx.2020-ci il tarixli, 01 nömrəli bildirişinin surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 33, 6 saylı mənzilə dair açıq hərracın keçirilməsi xx.xx.2020-ci il tarixə saat 11:00-17:00-dək təyin edilmişdir. Əmlakın ilkin satış qiyməti 135000 manat müəyyən edilmişdir; Azərbaycan Respublikası Xammal və X1 Mərkəzi "xxxx" MMC-nin hərracın keçirilməsinə dair xx.xx.2020-ci il tarixli, 02 nömrəli bildirişinin surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 33, 6 saylı mənzilə dair açıq hərracın keçirilməsi xx.xx.2020-ci il tarixə saat 11:00-17:00-dək təyin edilmişdir. Əmlakın satış qiyməti 114750 manat müəyyən edilmişdir; Azərbaycan Respublikası Xammal və X1 Mərkəzi "xxxx" MMC tərəfindən Cavabdeh1 ASC-yə ünvanlanmış ipoteka predmetinin əldə olunmasına dair xx.xx.2020-ci il tarixli təklifdən görünür ki, ipoteka predmeti təkrar hərracdakı satış qiymətindən 25 faizdən az olmayan qiymətlə ipoteka saxlayana təklif olunmuşdur; Cavabdeh1 ASC tərəfindən Azərbaycan Respublikası Xammal və X1 Mərkəzi "xxxx" MMC-yə ünvanlanmış ipoteka predmetinin əldə olunmasına dair xx.xx.2020-ci il tarixli təklifin qəbul edilməsi məktubunun surətindən görünür ki, ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 33, 6 saylı mənzili ilkin satış qiymətindən 25% az olmayan qiymətlə qəbul etmişlər; xx.xx.2020-ci il tarixli ödəniş qəbzlərin surətindən görünür ki, Cavabdeh1 ASC tərəfindən "xxxx" MMC-nin hesabına 387,28 manat və 2151,56 manat vəsait köçürülmüşdür; “Birja Yenilikləri” qəzetin tirajlarının surətindən görünür ki, Azərbaycan Respublikası Xammal və X1 Mərkəzi "xxxx" MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 33, 6 saylı mənzilə dair açıq hərracın keçirilməsi elan edilmişdir; Nərimanov Rayon Məhkəməsinin 2(005)-556/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh “Azərbaycan Respublikası Respublika Xammal və X1 Mərkəzi "xxxx" MMC-yə (Cavabdeh1 ASC və Bakı şəhəri Yasamal rayon İcra Şöbəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı hərracın nəticələrinin etibarsız sayılması tələbinə dair iddiası təmin edilməmişdir; Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4452/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 556/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır; Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-4770/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4452/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır; İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə tutmanın ipoteka predmetinə yönəldilərək onun açıq hərracdan satılması və satışdan əldə olunan pul hesabına borcun ödənilməsi qət edilmişdir. Yasamal rayon İcra şöbəsinin sifarişi əsasında Azərbaycan Respublikası Xammal və X1 Mərkəzi "xxxx" MMC-nin təşkilatçılığı ilə iki hərrac keçirilmişdir. Hərracların keçirilməsi ilə bağlı qəzetdə elanlar verilmiş, eyni zamanda iştirakçılara hərracın keçiriləcəyi yer, tarix və sair aidiyyəti məlumatları özündə əks etdirən bildirişlər göndərilmişdir. Hərrac baş tutmadığından, ipoteka predmeti ipoteka saxlayan Cavabdeh1 ASC-yə xx.xx.2020-ci il tarixdə təklif edilmiş və sonuncu tərəfindən xx.xx.2020-ci il tarixdə təklif qəbul edilərək, əldə etmişdir. Hazırda iddiaçı hərrac təşkil edilərkən qanunvericilikdə nəzərdə tutulmuş qaydalara riayət edilmədiyinə istinad edərək, ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilməsini, həmin ipoteka müqaviləsi üzrə onun mülkiyyətində olan əmlakın ipoteka ilə yüklülükdən azad edilməsini və dövlət reyestrində müvafiq qeydlərin aparılmasını tələb edir. “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göstərilən prosessual normaların tələbləri baxımından, mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “C.İsmayılzadənin şikayətinə dair” xx.xx.2007-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Brumareski Rumıniyaya qarşı” 28 oktyabr 1999-cu il tarixli qərarına görə, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 33, 6 saylı mənzilinin açıq hərracdan satılmasına dair hərrac təşkilatının “ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları” barədə 54/01-1 nömrəli protokolun nəticəsinin etibarsız hesab edilməsinə dair hallar aşkar olmamaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Hərracın keçirilməsi ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi, Azərbaycan Respublikası Xammal və X1 Mərkəzi "xxxx" MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 33, 6 saylı mənzilə dair hərrac alıcı olmadığına görə baş tutmamışdır. Bundan sonra Hərrac Mərkəzi hərracda əmlak satılmadığına görə ipoteka saxlayan Cavabdeh1 ASC-yə təklif məktubları göndərərək, “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25% az olmayan qiymətlə almağı təklif etmişdir. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərək bildirir ki, iddiaçı hərracın yekunları barədə protokolun sifariş vermiş icra şöbəsinə göndərilmədiyini, tələbkar tərəfindən ipoteka predmetinin qanunvericilikdə müəyyən edilmiş 30 gün müddətində qəbul etmədiyini və hərracın yekunları barədə protokolun və müqavilənin daha sonra tərtib edilsə də, geri tarix qeyd edildiyini əsas gətirir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Xammal və X1 Mərkəzi "xxxx" MMC tərəfindən Cavabdeh1 ASC-yə ipoteka predmetini əldə edilməsinə dair təklif məktubu xx.xx.2020-ci il tarixdə ünvanlanmış və xx.xx.2020-ci il tarixdə təklif ipoteka saxlayan tərəfindən qəbul edilmişdir. Bu hal bank tərəfindən hərrac mərkəzinin hesabına xx.xx.2020-ci il tarixdə vəsaitələrin köçürülməsi ilə də təsdiqlənir. Göründüyü kimi hərracın yekunları barədə protokol qanunvericilikdə müəyyən edilmiş 30 gün müddətində bağlanmış və ipoteka saxlayana təqdim edilmişdir. İddiaçı iddia ərizəsində əsaslandırdığı halları sübut edəcək hər hansı möhtəbər sübut və ya dəlil təqdim edə bilməmişdir. Məhkəmə iş üzrə sübutları tədqiq edərək belə nəticəyə gəlir ki, mübahisəli əmlakın bank tərəfindən balansa götürülməsi ilə bağlı mövcud qanunvericilik normalarının və iddiaçının subyektiv hüququnun pozulması müəyyən edilməmiş, iddiaçının iddia ərizəsində göstərdiyi dəlillər məhkəmə baxışı zamanı öz təsdiqini tapmamış və qanunvericiliyin tələbləri pozulmamışdır. Bu səbəbdən mənzil üzrə ipotekaya xitam verilməsi üçün hər hansı əsas mövcud deyildir. Bununlada iddiaçı Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Məhkəmə iddia tələbinin qalan hissələri ilə bağlı qeyd edir ki, prosessual qənaət prinsipi baxımından iddia tələbi ipotekaya xitam verilməsi hissəsində əsassız olduğundan, iddiaya qalan hissələrdə qiymət verilməsi üçün əsas yoxdur, bu səbəbdən iddia tələbi həmin hissələrdə də əsassız hesab edilməli və rədd edilməlidir. Gəldiyi qənaətin məntiqi davamı olaraq məhkəmə, iddia tələbini əsassız hesab edir və bununla bağlı əlavə əsaslandırma aparmağa zərurət hesab etməyərək özünün bu mövqeyini prosessual qənaət prinsipi ilə izah edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı iş üzrə” 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 ASC və Azərbaycan Respublikası Xammal və X1 Mərkəzi "xxxx" MMC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi göstərilməklə) “ipotekaya xitam verilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbi təmin edilmədiyindən mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 ASC və Azərbaycan Respublikası Xammal və X1 Mərkəzi "xxxx" MMC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi göstərilməklə) “ipotekaya xitam verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev
Məhkəmə qərarları › İş №e-2(005)-3135/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3135/2024
05.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver