Məhkəmə qərarları › İş №e-2(005)-321/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-321/2024

29.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-321/2024 29.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “qızıl-zinət və fərdi əşyaların təhvil verilməsi” tələbi) Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qızıl-zinət və fərdi əşyaların təhvil verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi: Təsviri hissə: a)Tələb: İddiaçı Cavabdeh qarşı “qızıl-zinət və fərdi əşyaların təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçıya məxsus ümumi dəyəri 3900 manat olan (nişan üzüyü - 600 manat, qızıl komplekt - 3300 manat) qızıl-zinət əşyalarının, ümumi dəyəri 954 manat olan (dəyəri 178 manat olan 4 ədəd cins şalvar, dəyəri 183 manat olan 5 ədəd idman geyimi (sport dəst), dəyəri 155 manat olan 5 ədəd köynək, dəyəri 255 manat olan 3 ədəd ayaqqabı, dəyəri 145 manat olan 2 ədəd kurtka, dəyəri 38 manat olan 1 ədəd jilet) fərdi geyim vasitələrimin və dəyəri 280 manat olan 1 ədəd mikser, dəyəri 130 manat olan bir ədəd silikon tava, dəyəri 180 manat olan 1 ədəd tozsoran, dəyəri 470 manat olan 1 ədəd “Samsung” markalı telefonun alınaraq iddiaçıya qaytarılması və 60 manat məbləğində mediasiya xərcinin, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh iddiaçıya məxsus ümumi dəyəri 3900 manat olan (dəyəri 600 manat olan 585 əyarlı, çəkisi 3 qram, 5 ədəd briliant qaşı olan nişan üzüyü, dəyəri 3300 manat, çəkisi 30 qram olan 585 əyarlı qızıl komplekt – çəkisi 9 qram olan sep (klonla birlikdə), çəkisi 9 qram olan sırğa, çəkisi 5 qram olan qolbaq, çəkisi 7 qram olan üzük) qızıl-zinət əşyalarının, ümumi dəyəri 954 manat olan (dəyəri 178 manat olan 4 ədəd cins şalvar, dəyəri 183 manat olan 5 ədəd idman geyimi, sport geyim dəsti, dəyəri 155 manat olan 5 ədəd köynək, dəyəri 255 manat olan 3 ədəd ayaqqabı, dəyəri 145 manat olan 2 ədəd kurtka, dəyəri 38 manat olan 1 ədəd jilet) fərdi geyim vasitələrinin və dəyəri 280 manat olan 1 ədəd mikser, dəyəri 130 manat bir ədəd silikon tava, dəyəri 180 manat olan 1 ədəd tozsoran, dəyəri 470 manat olan 1 ədəd “Samsung Galaxy J7” markalı telefonun alınaraq iddiaçıya qaytarılması, qaytarılması mümkün olmayan əmlakların dəyərinin ödənilməsi və 60 manat məbləğində mediasiya xərcinin, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq, iddiaçıya ödənilməsinə dair qətnamə qəbul barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslandırıldığı hallar: İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2017-ci il tarixdə nikah bağlanmışdır. Birgə nikahdan tərəflərin xx.xx.2018-ci il təvəllüdlü X2 adlı övladı dünyaya gəlmişdir. Birgə nikah dövründə heç bir əsaslı səbəb olmadan tərəflər arasındakı münasibətlər kəskinləşmiş və xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən ailə münasibətləri dağılmışdır. Aralarında olan ər-arvad münasibətləri pozulduqdan və faktiki olaraq ayrıldıqdan sonra birgə nikahdan olmuş xx.xx.2018-ci il təvəllüdlü qızı Hüseynəliyeva Aygül iddiaçının himayəsində yaşayır və iddiaçı övladının bütün xərclərini təkbaşına çəkir. Cavabdeh isə maddi cəhətdən heç bir kömək etməmişdir. Birgə yaşayış dövründə cavabdehin ailə üvzü kimi, o cümlədən, uşağına qarşı valideynlik vəzifələrini icra etməməsi, vaxt keçdikcə laqeydləşməsi, hətta iddiaçı və övladı ilə olan münasibətlərinin pisləşməsi onların birgə yaşayışını qeyri-mümkün etmişdir. Qanunvericiliyə görə ailə üzvlərinin birgə mülkiyyəti hesab edilə bilməyəcək qızıl-zinət əşyaları və fərdi geyim vasitələri cavabdehdə qalmışdır. İddiaçıya məxsus qızıl-zinət əşyaları, yəni dəyəri 600 manat olan nişan üzüyü, dəyəri 3300 manat olan qızıl komplekt cavabdeh tərəfindən götürülmüş, tələb etdikdə isə satdığını bildirmişdir. Dəfələrlə tələb etməsinə baxmayaraq həmin əşyaları qaytarmaqdan imtina edərək, iddiaçıya hədə-qorxu gəlmiş və heç bir qızılın qaytarılmayacağını bildirmişdir. Cavabdehin indiyə qədərki davranışları iddiaçıda belə bir qənaət formalaşdırır ki, məhkəmə qərarı olmadığı halda o, həmin əmlakı geri qaytarmayacaqdır. Qızıl-zinət əşyaları iddiaçıya məxsus əmlak olmaqla ailə üzvlərinin birgə əmlakı hesab edilməsi qeyri-mümkündür və iddiaçının həmin əmlakların ona geri qaytarılması ilə bağlı tələbi tamamilə qanunidir. Bundan başqa, iddiaçıya məxsus fərdi geyim əşyaları da cavabdehdə qalmış, onları qaytarmaqdan boyun qaçırmışdır. Belə ki, dəyəri 178 manat olan 4 ədəd cins şalvar, dəyəri 183 manat olan 5 ədəd idman geyimi (sport dəst), dəyəri 155 manat olan 5 ədəd köynək, dəyəri 255 manat olan 3 ədəd ayaqqabı, dəyəri 145 manat olan 2 ədəd kurtka, dəyəri 38 manat olan 1 ədəd jilet cavabdehin qanunsuz sahibliyindədir. Həmçinin, dəyəri 280 manat olan 1 ədəd mikser, dəyəri 130 manat olan bir ədəd silikon tava, dəyəri 180 manat olan 1 ədəd tozsoran, dəyəri 470 manat olan 1 ədəd “Samsung” markalı telefon da cavabdeh tərəfindən mənimsənilmişdir. İddiaçıda olan məlumata görə cavabdeh qeyd olunan əmlakları sataraq şəxsi ehtiyaclarına sərf etmişdir. Hesab edir ki, iddiaçıya məxsus qızıl-zinət əşyaları onun mülkiyyəti olmaqla, onun həmin əmlak üzərində mülkiyyət hüququnun realizəsinə yaradılan hər hansı maneəni əgər həmin əmlak digər şəxsin onun iradəsinə zidd sahibliyindədirsə, geri tələb etməklə həmin əmlak üzərində mülkiyyət hüququnun müdafiəsini tələb edə bilər. Odur ki, tələb edilən əmlaklar iddiaçıya qaytarılmalıdır. İddia ərizəsinə qarşı etirazın dəlilləri: Cavabdeh iddia tələbi ilə bağlı yazılı qaydada təqdim etdiyi ərizəsini onunla əsaslandırmışdır ki, ondan tələb olunan qızıl-zinət əşyaları cavabdehdə deyil, bəziləri isə iddiaçının özündədir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. İş materialları: - Bakı 2 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli X3 (İMS) iştirak edilməməsi barədə arayışın surətindən görünür ki, İMS-də iştirak edən tərəf İddiaçı nümayəndəsi və vəkili Vəkil, iştirak etməyən tərəf isə Cavabdehdur. - İş materiallarında olan 2 saylı Bakı “Asan Xidmət” X4 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, AZ-T № 214703 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2018-ci ildə doğulmuş, bu barədə akt qeydləri kitabında xx.xx.2018-ci ildə 5617 № ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası isə İddiaçıdır. - İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzin surətindən görünür ki, 2 saylı Mediasiya Təşkilatına 60 manat məbləğində pul vəsaiti ödənilmişdir. Əsaslandırıcı hissə: b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə cavabdeh xx.xx.2017-ci il tarixində rəsmi nikah münasibətlərinə daxil olmuşlar. İddiaçı ilə cavabdeh nikahda olduqları dövrdə bir müddət Türkiyə Respublikasında yaşadıqdan sonra aralarında olan münasibət pozulmuş, iddiaçı qayınanası ilə Bakıya qayıtmışdır. İddiaçı məhkəməyə müraciət edərək, ona məxsus fərdi geyim əşyalarının cavabdehin sahibliyində Türkiyə Respublikasında yaşadıqları kirayə mənzildə qaldığını, qızıl-zinət əşyalarının isə evdə olmadığını, iddiaçıya həmin əşyaların lombarda qoyulduğunu bildirdiklərini qeyd edərək, cavabdehin onları könüllü şəkildə təhvil verməkdən imtina etdiyini bildirərək, əşyalarının qaytarılmasını tələb edir. Cavabdeh qızıl-zinət və fərdi əşyaların dəyərinin iddia tələbində göstərilənlərdən az, habelə komplekt qızılın qiymətinin 2000 manat dəyərində olduğunu, qızıl-ziynət əşyalarınının bir hissəsinin (nişan üzüyü, komplektin üzüyü) iddiaçının özündə olduğunu, bir hissəsinin (komplektin sırğası və boyunbağı) isə şəxsi və ailə ehtiyacları üçün iddiaçının xəbəri olmaqla tərəfindən satıldığını, eləcə də komplektin qolbağının ümumiyyətlə mövcud olmadığını, habelə fərdi əşyalardan mikser, silikon tava və tozsoranın hazırda valideynlərinin evində olduğunu və həmin evdən iddiaçıya məxsus bütün mövcud fərdi əşyaların götürülməsinə hər hansı maneə yaratmadığını bildirir. Məhkəmə baxışı zamanı təyin olunmuş təkrar ekspertizaya dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 avqust 2024-cü il tarixli, 3-16-16/2-9/4747/2024 №-li ekspert rəyinə əsasən, ekspertiza təyini haqqında qərardadda qeyd edilən malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 2875 manat məbləğində, foto şəkillər əsasında tədqiqat aparılmadığından qərarda və cədvəlin 3-4-5-6-7-8-9-10-11-ci bəndlərində göstərilən mallar barədə qiymətləndirmə aparılmasının mümkünolmadığı, zərgərlik məmulatlarının üzərində elan brilyant qaşların qiymətini müəyyən etmək üçün həmin brilyant qaşlara baxış keçirmədən onların keyfiyyətinin müəyyənləşdirilməsinin qeyri-mümkün olduğu müəyyən edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəllənin: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Maddə 225.3. Daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Maddə 34.2. Ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını və iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, hazırda iddia ərizəsindən göründüyü kimi, iddia tələbi “qızılzinət əşyalarının qaytarılması” və “fərdi əşyaların qaytarılması” olmaqla iki hissədən ibarətdir. Belə olan halda, məhkəmə ilk növbədə iddia tələbinin “qızıl-zinət əşyalarının qaytarılması” barədə hissəsinə qiymət verməyi zəruri hesab edir. Məhkəmə qeyd edir ki, baxılan iş üzrə iddia tələbinin qızıl-zinət əşyalarının təmin olunması üçün iddiaçının tələb etdiyi qızılların mövcudluğu, nikaha daxil olanadək iddiaçıya mənsubluğu və hədiyyə edildiyi, həmçinin tələb olunan qızıl-zinət əşyalarının cavabdehin qanunsuz sahibliyində olduğu sübuta yetirilməlidir. Məhkəmə iddia tələbi üzrə qızıl-zinət əşyalarının qaytarılması ilə bağlı qeyd edir ki, hazırda iddia tələbində qeyd olunan qızıl-zinət əşyalarının mövcudluğu (komplektin qolbağı istisna olmaqla), onun iddiaçıya mənsubluğu və hədiyyə edilməsi məhkəmədə mübahisələndirilmir. Ancaq hazırda qızıl-zinət əşyalarının cavabdehin qanunsuz sahibliyində qalması (komplektin sırğası və boyunbağı istisna olmaqla) ilə bağlı hallar məhkəmədə mübahisələndirilir. Belə ki, cavabdeh öz etirazında qeyd edir ki, komplektin sırğası və boyunbağının şəxsi və ailə ehtiyacları üçün iddiaçının xəbəri olmaqla tərəfindən satıldığını bildirir. Məhkəmə cavabdehin əsaslandırdığı bu cür mövqeni həqiqətəuyğun olmayan və qərəzli hal kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, bu növ mübahisələrdə tələb olunan qızıl-zinət əşyalarının cavabdehin qanunsuz sahibliyində olub-olmadığının müəyyən edilməsi baxımından iddiaçının evdən getdiyi şərait xüsusi əhəmiyyətə malikdir. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçı və cavabdehin sonuncu dəfə Türkiyə Respublikasında yaşadıqları, habelə qızıl-zinət əşyalarının iddiaçıdan gizlədildiyi (həmin vaxt qızıl-zinət əşyalarının lombarda qoyulduğu deyilmişdir) müəyyən olunmuşdur. Məhkəmə araşdırması zamanı məlum olur ki, iddiaçıya məxsus qızıl-zinət əşyalarının bir qismi cavabdehdə qalmışdır. Odur ki, tələb olunan qızıl-zinət əşyalarından komplektin sırğası və boyunbağı cavabdehin qanunsuz sahibliyində olduğu tərəflərin izahatlarının qarşılıqlı təhlili və işin mübahisəsiz halları ilə sübuta yetirildi. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qızıl zinət əşyalarının və ya onların dəyərinin cavabdehdən tutulması hissəsində qismən əsaslıdır. Məhkəmə qeyd edir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan, cavabdeh isə etirazında iddiaçının iddia tələbində göstərdiyi qızıl-zinət əşyalarının (komplektin sırğası və boyunbağı istisna olmaqla) onun özündə olduğunu qeyd etdiyindən iddiaçı isə iddia tələbinə qarşı cavabdehin bu etirazını təkzibedəcək mötəbər sübutları təqdim etməklə, iddia ərizəsinin dəlillərində istinad etdiyi halları sübut etmə öhdəliyini daşıdığı halda, cavabdehin etiraf etdiyi qızıl-zinət əşyalarından başqa digərlərinin onun iradəsi əleyhinə sahibliyindən çıxdığını və ya cavabdehin qanunsuz sahibliyində qaldığını təsdiqləyən hər hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (Azərbaycan Respublikası MPM-nin 77.1 və 14.2. maddələri). Beləliklə yuxarıda göstərilənlərə əsasən, iddia tələbinin qızıl-zinət əşyalarının, həmin əşyaların mövcudluğu aşkar edilmədikdə onların dəyərinin qaytarılması hissəsi ilə bağlı məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə yalnız komplektə daxil olan çəkisi 9 qramdan ibarət 585 əyarlı qızıl sırğa və çəkisi 9 qramdan ibarət 585 əyarlı qızıl boyunbağına münasibətdə əsaslı olmuşdur. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Məhkəmə qeyd edir ki, qanunverici iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Belə ki, baxılan mübahisə üzrə iddiaçının üzərinə düşən sübutetmə yükü tələb etdiyi əmlakların iddia etdiyi ədəddə və qiymətdə, eləcə də, onun özünün mülkiyyətində olduğunun, o cümlədən cavabdehin qanunsuz sahibliyində olması sübut edilməlidir. Cavabdehin üzərinə düşən sübutetmə yükü isə ondan ibarətdir ki, o, əgər iddiaçı müvafiq halları sübuta yetirərsə, o zaman bu əmlakların onun qanunsuz sahibliyində olmadığını, ailənin ümumi xərcləri və s. üçün satıldığını yaxud da iddiaçı tərəfindən aparıldığını (yəni artıq özünün sahibliyində olmadığını) sübut etməlidir. Göründüyü kimi, iddiaçı iddia tələbində formal dəlil irəli sürməklə, öz vəzifəsini icra etmiş hesab etmiş, lakin iddia ərizəsində göstərilən əşyaların cavabdehin qanunsuz sahibliyində olmasını mötəbər sübutlarla təsdiq etməmişdir. Bundan əlavə, cavabdeh məhkəməyə iddiaçıya məxsus olmaqla mövcudluğunu qəbul etdiyi qızıl-zinət əşyalarını təqdim etsə də, iddiaçı təqdim olunan qızılların iddia etdiyi qızıl-zinət əşyaları ilə eynilik təşkil etmədiyini əsas gətirərək, həmin əşyaları qəbul etməmişdir. Belə ki, cavabdeh də həm məhkəmə iclasında verdiyi izahatları ilə, həm də iddiaçıya təhvil verilməsi üçün məhkəməyə müəyyən qızıl-zinət əşyalarını təqdim etməkdə ifadə olunan hərəkətləri ilə yalnız komplektin boyunbağını və sırğasının mövcudluğunu qəbul etmişdir. Belə olanda, iddiaçı iddia ərizəsində ümumi çəkisi 30 qram olaraq göstərilən mübahisəli komplektin dəyərinin 3300 manat məbləğində olduğunu iddia etsə də, həmin əşyaların dəyərinin müəyyən edilməsi üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Belə ki, iddiaçının nümayəndəsi və vəkilinin vəsatəti əsasında təyin edilmiş ekspertizalar üzrə məhkəməyə təqdim olunmuş rəylərə əsasən, mübahisəli komplektin (çəkisi 9 qram olan 585 əyarlı qızıl sep (klonla birlikdə), çəkisi 9 qram olan 585 əyarlı qızıl sırğa, çəkisi 5 qram olan 585 əyarlı qızıl qolbaq, çəkisi 7 qram olan 585 əyarlı qızıl üzük) bir qramının dəyəri 85 manat hesablanmaqla, ümumilikdə 2550 manat məbləğində müəyyən edilmişdir. Belə olan halda, məhkəmə iş üzrə təqdim edilmiş ekspertiza rəyini mötəbər qiymətləndirməklə hesab edir ki, mübahisəli qızıl-zinət əşyalarının bir qramının dəyəri 85 manat hesablanmaqla, komplektə daxil olan 585 əyarlı qızıl sırğanın dəyəri (9 qram x 85 manat) 765 manat, 585 əyarlı qızıl boyunbağının dəyəri isə (9 qram x 85 manat) 765 manat məbləğində müəyyən edilməlidir. Bu səbəbdən, məhkəmə ekspert rəyini mülki iş üzrə təqdim olunmuş sübutlarla və tərəflərin izahatları ilə yanaşı qiymətləndirərək belə qənaətə gəlir ki, komplektə daxil olan çəkisi 9 qram olan (klonla birlikdə) 585 əyarlı qızıl boyunbağı və çəkisi 9 qram olan 585 əyarlı qızıl sırğa, həmin əşyaların cavabdeh tərəfindən qaytarılması mümkün olmadığı halda isə onların dəyəri olan 1530 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Eyni zamanda məhkəmə “sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşməsi” prinsipini rəhbər tutmaqla hesab edir ki, iddiaçı iddia üzrə tələb etdiyi digər qızılzinət əşyalarının ümumiyyətlə mövcud olmasını, bu əşyaların hazırda cavabdehin qanunsuz istifadə və sahibliyində olmasını sübut etməli olduğu halda, iddiaçı bu əşyaların cavabehin qanunsuz sahibliyində olmasını yalnız şifahi izahatı və formal dəlilləri ilə əsaslandırmış, habelə bununla bağlı məhkəməyə heç bir əsaslı sübut təqdim edə bilməmişdir. Bununla yanaşı, iddia tələbinin “ümumi dəyəri 954 manat olan fərdi geyim vasitələrinin və dəyəri 280 manat olan 1 ədəd mikser, dəyəri 130 manat bir ədəd silikon tava, dəyəri 180 manat olan 1 ədəd tozsoran, dəyəri 470 manat olan 1 ədəd “Samsung Galaxy J7” markalı telefonun iddiaçıya qaytarılması, qaytarılması mümkün olmayan əmlakların dəyərinin ödənilməsi” hissəsi ilə bağlı məhkəmə hesab edir ki, həmin hissədə də iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə məişət əşyalarına münasibətdə qeyd edir ki, mübahisəli mənzildə iddiaçıya məxsus olduğu iddia edilən əşyalardan yalnız 1 ədəd mikser, 1 ədəd silikon tava və 1 ədəd tozsoran cavabdehin etirafedici izahatı və müvəqqəti təminat tədbirinin tətbiqi nəticəsində icra məmuru tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktla təsdiq olunur. Hazırkı işin halları ilə iddia tələbinin qeyd olunan hissədə əsaslı olması baxımından vindikasiya iddiasının irəli sürülməsi üçün zəruri olan 3 komponentin hamısının mövcudluğu öz təsdiqini tapır. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsində göstərilən 1 ədəd mikser, 1 ədəd silikon tava və 1 ədəd tozsoranın mövcudluğu sübuta yetirildiyindən, həmin əmlaklar cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Bununla yanaşı, iddiaçı tərəfindən məhkəməyə tələb ounan fərdi geyim əşyalarına dair fotoşəkillər təqdim edilsə də, həmin fotoşəkillərə istinad olunmaqla iddiaçıya məxsusluğu qeyd olunan fərdi geyim vasitələrinin və mobil telefonun cavabdehin qanunsuz sahibliyində olması sübuta yetməmişdir. Belə ki, Mülki Məcəllənin 157.2-ci maddəsinin tələblərinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd olunan maddənin dispozisiya şərtlərinə görə iddia irəli sürmüş şəxs (iddiaçı) mübahisəli əmlakın mülkiyyətçisi olmalı, həmin əmlak iddia irəli sürülmüş şəxsin (cavabdehin) sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır. Yalnız həmin şərtlərin mövcudluğu halında bu növ iddialar təmin edilə bilər. Lakin iddiaçı iddia ərizəsində göstərilən və ona məxsus olduğu qeyd olunan digər fərdi əşyalarının cavabdehin qanunsuz sahibliyində olduğunu təsdiq edən mötəbər sübutları təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Həmçinin, iddiaçının nümayəndəsi və vəkilinin vəsatəti ilə mülki iş üzrə təyin edilmiş ekspert rəyindən də görünür ki, iddiaçı tərəfindən təqdim olunan fotoşəkillər əsasında tədqiqat aparılmadığından qeyd olunan mallar barədə qiymətləndirmə aparılması mümkün olmamış və hazırki mülki işlə bağlı olan müvəqqəti təminat tədbirinin tətbiqinə dair icra sənədi üzrə mübahisəli mənzildə akt tərtib edilən zaman iddia ərizəsində göstərilən digər əmlakların mövcudluğu aşkar edilməmişdir. Göstərilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, iddiaçı iddia ərizəsində göstərdiyi ona məxsus digər əmlakların hazırda cavabdehin istifadəsində qaldığını iddia etsə də, buna dair məhkəməyə əsaslı sübut təqdim etmədiyindən, eləcə də mülki işlə bağlı tərtib olunmuş aktla onların mövcudluğu sübut edilmədiyindən, iddia tələbi fərdi geyim vasitələri və mobil telefon ilə bağlı hissədə təmin edilməməlidir. Belə ki, qanunvericiliyə əsasən iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınarsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Mülki Prosessual Məcəllənin 222.1-ci maddələrinə əsasən, məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Maddənin məzmunundan görünür ki, əmlakın dəyəri cavabdehdən o zaman tutulur ki, alınmalı əmlak qətnamə icra edilən vaxt mövcud olmasın. Yəni əmlak cavabdeh tərəfindən natura şəklində qaytarılarsa, onun dəyərinin tutulması istisna olunur. Beləliklə, cavabdeh əşyaların dəyərini qəbul etmirsə, həmin əşyaların özünü qaytarmaqla onların dəyərini ödəmək vəzifəsini daşımayacaqdır. Əşyaların iddia ərizəsində göstərilən dəyəri ilə bağlı həmçinin qeyd edilməlidir ki, həmin məbləğlər hazırki bazar qiymətləri, ödəniş qəbzləri nəzərə alınmaqla məntiqli və ağlabatandır. Həmçinin cavabdeh əşyaların dəyərini mübahisələndirməmiş, yalnız həmin əşyaların yaşadığı mənzilində olduğunu bildirmişdir. Bu baxımdan məhkəmə, prosessual qənaət prinsipini, əşyaların üzərinə həbs qoyulduğunu və hazırki dövrdə mövcud olduğunu nəzərə alaraq, cavabdehin qaytarmalı olduğu əşyaların dəyəri iddia ərizəsində göstərildiyi kimi müəyyən edilməlidir: Nəticə: Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “qızıl-zinət və fərdi əşyaların təhvil verilməsi” tələbinə dair iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh komplektə daxil olan çəkisi 9 qram olan (klonla birlikdə) 585 əyarlı qızıl boyunbağı və çəkisi 9 qram olan 585 əyarlı qızıl sırğa, həmin əşyaların cavabdeh tərəfindən qaytarılması mümkün olmadığı halda isə onların dəyəri olan 1530 manat məbləğində pul vəsaiti, habelə dəyəri 280 manat olan 1 ədəd mikser, dəyəri 130 manat bir ədəd silikon tava, dəyəri 180 manat olan 1 ədəd tozsoran İddiaçı verilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 60 manat mediasiya xərci və 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 150 manat məbləğində ekspertiza xərci Cavabdeh Məhkəmə Ekspertizası Mərkəzi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh komplektə daxil olan çəkisi 9 qram olan (klonla birlikdə) 585 əyarlı qızıl boyunbağı (dəyəri 765 manat) və çəkisi 9 qram olan 585 əyarlı qızıl sırğa (dəyəri 765 manat), habelə dəyəri 280 manat olan 1 ədəd mikser, dəyəri 130 manat bir ədəd silikon tava, dəyəri 180 manat olan 1 ədəd tozsoran, həmin əşyaların cavabdeh tərəfindən qaytarılması mümkün olmadığı halda isə onların dəyəri olan 2120 manat məbləğində pul vəsaiti alınsın, İddiaçı verilsin. Cavabdeh 60 manat mediasiya xərci və 30 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin olunmasın. Aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 150 manat ekspertiza xərcinin Cavabdeh tutulsun, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar