Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3221/2024 02.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2021-ci il tarixdən hesablanmaqla (3 illik aliment) hər bir uşağa ayda 300 manat olmaqla, ümumilikdə 600 manat sabit pul məbləğinin (aliment) müəyyən edilməsi və Cavabdeh tutulub İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı, iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən hesablanmaqla (3 illik aliment) hər bir uşağa ayda 500 manat olmaqla ümumilikdə 1.000 manat sabit pul məbləğinin (aliment) müəyyən edilməsi və Cavabdeh tutulub İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə birgə nikah münasibətlərindən iki övladları vardır. X3 xx.xx.2011-ci il tarixdə, X4 isə xx.xx.2012-ci il tarixdə anadan olmuşdur. Cavabdeh öz uşaqları ilə demək olar ki, maraqlanmır, maddi köməklik göstərmir. O valideyn kimi öz borcundan yayınaraq müxtəlif bəhanələrlə uşaqların minimum xərcini belə qarşılamır. İki yetkinlik yaşına çatmayan uşağı saxlamaq onun üçün maddi cəhətdən çətindir. Onların xərclərini qarşılamaqda problemlər yaranıbdır. Bugün durmadan artan qiymətlər, o cümlədən uşaqların yaşayışları üçün minimum təminatları dəyişdiyindən hesab edir ki, azyaşlılar üçün cavabdehdən aliment tutulmalıdır. Himayəsində qalan uşaqlara qulluq, onların sağlamlığı, təhsili, inkişafı, məişət qayğılarının çəkilməsi üzərinə düşüb və bu durumda xərclərin cavabdeh tərəfindən də qarşılanması labüddür. Nəzərə alınmalıdır ki, Aysun və Raul üçün bugünədək aliment təyin edilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa müvafiq izahat verərək bildirmişdir ki, cavabdeh iki yerdə işləyir. Əlavə gəlirləri də vardır. Aliment ödəməyə imkanı çatır. Cavabdeh uşaqların saxlanmasında iştirak etmir. O, bildirsə də ki uşağın xərclərini ödəyir, bir evdə yaşayırlar, bu yalan məlumatdır. Sadəcə yayda mediasiya dövründə uşağa öz istəyi ilə telefon almışdır. Bu isə alimentə hesablana bilməz. Digər ailəsindən iki uşağı olsa da onlar yetkinlik yaşına çatmışdır. Vergi orqanına verilmiş sorğu nəticəsində cavabdehin dövriyyəsinin 2024-cü il üzrə 32000 manata yaxın olduğu müəyyən edilmişdir. Nəzərə alınsa ki, 2024-cü il başa çatmayıb bu məbləğ daha da artacaqdır. İddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil cavabdehin gəlirlərinin az olduğunu, hər uşağa görə 150 manat ödəmək imkanına malik olduğunu, iddiaçının özünün də sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu, kifayət qədər gəlirə malik olduğunu, uşaqların saxlanmasında iştirak etdiyini, bu yaxınlarda uşağa telefon aldığını bildirərək iddianın qismən təmin edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2011-ci il təvəllüdlü X3 doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır; - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2012-ci il təvəllüdlü X4 doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır; - Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, vergi orqanında olan uçot-baza məlumalarına əsasən Cavabdeh 2022-ci və 2023-cü il ərzində dövriyyəsi olmamışdır. Vergi ödəyicisinin 2024-cü il ərzində təqdim etdiyi Əlavə dəyər vergi bəyannamələrinə əsasən dövriyyəsi 32049,80 manat müəyyən edilmişdir; - Mediasiya prosesinin tətbiqi barədə təklifin göndərilməsinə dair qəbzdən görünür ki, mediasiya təklifi qarşı tərəfə xx.xx.2024-cü il tarixdə göndərilmişdir; - ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflərin faktiki nikah münasibətlərindən iki övladı doğulmuşdur. Hazırda iddiaçı uşaqlara təkbaşına baxdığını, cavabdehin uşaqların saxlanmasında iştirak etmədiyini əsas gətirərək, uşaqların saxlanması üçün cavabdehdən hər uşağa görə xx.xx.2021-ci il tarixindən hesablanmaqla 500 manat məbləğində aliment tutulmasını xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1 və 58.2-ci maddələrinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 60.1, 60.2, 75.1 və 75.4-cü maddələrinə müvafiq olaraq valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Konvensiyanın 27ci maddəsinin 2-ci bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5 və 19-cu maddələrinə uyğun olaraq, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi valideynlərin əsas vəzifələrindəndir. Nəzərə alınmalıdır ki, hər bir uşağın layiqli həyat tərzində yaşamaq hüququ vardır və uşağın inkişafı üçün valideynlərin maddi və mənəvi dəstək olmaları onların vəzifəsi və borcudur. Mövcud qanunvericilik normaları istənilən yaranmış vəziyyətdə uşağın mənafelərinin daha üstün tutulmasını imperativ olaraq göstərir. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə uyğun olaraq, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddənin məzmunundan göründüyü kimi, valideynlər arasında yetkinlik yaşına çatmayan uşağa aliment ödənilməsi barədə saziş yoxdursa, alimentin valideynin gəlirinin bir hissəsi kimi deyil, sabit pul məbləğində tutulması yuxarıda qeyd edilən şərtlərdən birinin mövcud olduğu halda mümkündür. Bundan başqa, həmin maddənin məzmununa görə alimentin sabit pul məbləğində tutulması qanunla nəzərdə tutulmuş hallarda uşağın saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi olduqda mümkündür. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Cavabdeh qazancının az olmasına əsaslanaraq alimentin 150 manat məbləğində tutulmasını xahiş etsə də, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, cavabdehin vergi ödəyicisi kimi 2024-cü il ərzində təqdim etdiyi əlavə dəyər vergi bəyannamələrinə əsasən dövriyyəsi 32049,80 manat müəyyən edilmişdir. O da nəzərə alınmalıdır ki, 2024-cü il başa çatmamışdır. Qeyd edilən məbləğ bütöv ili əhatə etmir. Həmçinin elektron məhkəmə informasiya sistemindən görünür ki, cavabdeh 2 yerdə işləyir. Qeyd edilənlər artıq onun daimi qazanc yerinin olması anlamına gəlir. Məhkəmə xüsusilə qeyd edir ki, aliment məbləği müəyyən edilən zaman diqqət edilməli olan mühüm məsələlərdən biri uşaqların əvvəlki təminatlarının, həyat səviyyələrinin qorunub saxlanmasıdır. Hazırda uşaqlar üçün 2024-cü il üzrə yaşayış minimumu 235 manat olaraq müəyyənləşdirilsə də, məhkəmə alimentin məbləğini müəyyən edərkən, tərəflərin maddi və ailə vəziyyətini, cavabdehin sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirləri, diqqətəlayiq olan digər halları nəzərə alaraq və uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq iddianın qismən təmin edilməsi, aliment məbləğinin hər uşağa görə 350 manat olmaqla, cəmi 700 manat müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, iddiaçı hər uşaq üçün 500 manat məbləğində aliment ödənilməsini tələb etsə də, hazırki vəziyyətdə cavabdehin həmin miqdarda alimentin ödənilməsi üçün kifayət qədər qazanca malik olduğunu təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə, iddia tələbinin əvvəlki 3 illik dövr üçün aliment tutulması hissəsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Ailə Məcəlləsinin 100.2 və 100.3-cü maddələrinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Göründüyü kimi, qanunvericilik, əvvəlki dövr üçün 3 illik müddət həddində alimentin verilməsinin mümkünlüyünü alimentlə bağlı məhkəməyə müraciət edilənədək iddiaçı tərəfindən tədbirlərin görülməsi, lakin qarşı tərəfin bundan boyun qaçırması şərtindən asılı etmiş və bunu dispozitiv norma ilə müəyyənləşdirmişdir. Amma iddiaçı məhkəmədə iddia qaldıranadək 3 il ərzində cavabdehlə ayrı yaşayıb birgə təsərrüfat aparmadığını, habelə cavabdeh tərəfindən alimentin ödənilməsi istiqamətində müəyyən tədbirlərin görülməsinə baxmayaraq onun öhdəliyini icra etmədiyinə dair hər hansı hala istinad etməmiş və buna dair təsdiqedici sənədi məhkəməyə təqdim etməmişdir. Bununla belə iş materiallarından göründüyü kimi, alimentin ödənilməsi barədə iddia ərizəsi məhkəməyə xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir. Mediasiya prosesinin tətbiqi barədə təklif isə xx.xx.2024-cü il tarixdə cavabdehə göndərilmişdir. Məhkəmə mediasiya prosesinin tətbiqi barədə təklifin cavabdehə göndərildiyi vaxtdan alimentin tutulması üçün Ailə Məcəlləsinin 100.3-cü maddəsinin dispozitiv şərtlərinin mövcud olduğu qənaətinə gələrək, alimentin həmin tarixdən tutulmasını ağlabatan və ədalətli hesab edir. Cavabdehin uşaqların saxlanmasında iştirak etməsi, iddiaçının özünün də kifayət qədər gəlirlərə malik olması dəlili ilə bağlı qeyd edir ki, iddiaçı uşaqların saxlanmasında iştirak etməsini sübut edən hal kimi məhkəməyə uşaqlardan birinə yay aylarında kreditə telefon almasını təsdiq edən sənədləri, eləcə də evin işıq, qaz, su ödənişlərinə dair qəbzləri təqdim etmişdir. Lakin məhkəmə, hər bir halda uşağın mənafeyinin daha üstün tutulmalı olmasını nəzərə alaraq hesab edir ki, bu ödənişlər iki uşağın saxlanması, onların xərclərinin qarşılanması üçün ödənilməli olan pul vəsaiti, aliment kimi qəbul edilməməlidir. İddiaçının özünün də gəlirləri olması isə hər bir halda cavabdehi aliment ödəmək vəzifəsindən azad etmir. Beləliklə, məhkəmə iddiaçının alimentin sabit pul məbləğində tutulması xahişini və işin digər diqqətalayiq hallarını nəzərə alaraq, alimentin xx.xx.2024-cü il tarixindən başlayaraq uşaqlar yetkinlik yaşına çatanadək hər ay hər uşağa görə 350 manat olmaqla, cəmi 700 manat sabit pul məbləğində təyin edilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay hər uşağa görə 350 manat olmaqla, cəmi 700 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-234 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2024-cü il tarixindən başlayaraq Cavabdeh hər ay hər uşağa görə 350 manat olmaqla, cəmi 700 (yeddi yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(005)-3221/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3221/2024
02.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver