Məhkəmə qərarları › İş №e-2(005)-3346/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3346/2022

03.10.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3346/2022 03.10.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İHakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əmək haqqının, ezamiyyə xərclərinin ödənilməsi və s. tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-dən 4 aya (avqust –noyabr 2021-ci ilə) görə ödənilməmiş 6520 manat (1630 manat x 4 ay) əmək haqqı borcunun, ödənilməmiş məzuniyyət haqqı borcunun (dekabr 2021-ci il), əmək haqqının ödənilmədiyi hər gecikdirilmiş günə görə bir faizi məbləğində ödəniş gününə qədər hesablanmaqla ödəncin, habelə ezamiyyə haqqı olaraq 3100 manat pulun və mediasiya təşkilatına ödənilmiş 50 manat haqqın alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi haqda ərizə təqdim edərək, cavabdeh "xxxx" ASC-dən 3 aya görə ödənilməmiş 4890 manat (1630 manat x 3 ay) əmək haqqı borcunun, son iş ilinə görə ödənilməmiş məzuniyyət haqqı borcunun, dekabr ayının 27 günü üçün boşdayanma günlərinə görə əmək haqqının 2/3 hissəsinin (978 manat), əmək haqqının ödənmədiyi hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödəniş gününə qədər hesablanmaqla dəbbə pulu, habelə ezamiyyət haqqı olaraq 3100 manat və mediasiya təşkilatına ödənilmiş 50 manat haqqın alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" ASC ilə arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əsasən "xxxx" ASC-nin Enerji obyektlərinin tikintisi departamentində yarımstansiya tikintisi üzrə mühəndis vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsinə əsasən aylıq əmək haqqı 1630 manat müəyyən edilmişdir. Vergilər və sosial ödənişlər çıxıldıqdan sonra maaş kartına 1500,80 manat əmək haqqı köçürülürdü. Daha sonra icbari tibbi sığorta haqları tutulmağa başlayandan sonra kartına 1484 manat köçürülməyə başlamışdır. Müəssisədə işlədiyi son illərdə əmək haqları aylarla gecikdirilirdi. Sonuncu əmək haqqı ona xx.xx.2021-ci il tarixində 1484 manat məbləğində köçürülmüşdür. Lakin bu ödəniş 2021-ci ilin iyul ayının əmək haqqı idi. Bundan əvvəl, 2021-ci il üçün növbəti əmək məzuniyyəti rəsmiləşdirilmişdir. Ancaq məzuniyyət haqqı da ödənilməmişdir. xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək Gürcüstan layihəsində işləməsilə əlaqədar ezamiyyətdə olmuşdur. Müəssisənin mühasibatlığı hesablayaraq bildirmişdir ki, ezamiyyə xərci 3100 manat ödəniləcəkdir. xx.xx.2021-ci il tarixində onunla əmək müqaviləsinə xitam verilmişdir. Müdiriyyət bildirmişdir ki, əmək haqqı, məzuniyyət haqqı və ödənilməmiş ezamiyyə haqqı mütləq ödəniləcəkdir. Bundan sonra dəfələrlə cavabdehin rəhbərliyinə müraciət etmiş, hər dəfə ödənişləri edəcəklərini vəd vermişlər. Bununla bağlı dövlət əmək müfəttişliyi Xidmətinə də şikayət etmiş, Xidmətin Bakı şəhər idarəsindən verilən cavabda bildirilmişdir ki, cavabdeh tərəfindən AR Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin pozulması müəyyən edilmiş, müəssisənin direktoru X2 inzibati məsuliyyətə cəlb edilmişdir. Daha sonra mediatorlara müraciət etmiş, lakin cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddiaya qismən etiraz edərək əmək haqqı borcu ödənildiyindən həmin hissədə iddianın rədd edilməsini, eləcə də iddiaçının boşdayanma barədə heç bir sübut təqdim etməməsini və əmək müqaviləsinin tələbləri nəzərə alınmaqla iş olmadığı dövrə görə boşdayanma qaydalarının tətbiq edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarına əlavə edilmiş: İddiaçı əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdə "xxxx" ASC-yə “Enerji obyektlərinin tikintisi departamentində yarımstansiya tikintisi üzrə mühəndis” vəzifəsinə işə qəbul edilmiş və xx.xx.2021-ci il tarixdə öz xahişi ilə əmək müqaviləsinə xitam verilmişdir; İP/AK//09-17-07 nömrəli əmək müqaviləsindən görünür ki, “işəgötürən” "xxxx" ASC tərəfindən işçiyə hər ay işçilərin iş vaxtının aylıq uçotu cədvəlinə müvafiq olaraq vergilər və digər ödənişlər daxil olmaqla 1680 manat məbləğində əmək haqqı ödənilir; "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli, 17 nömrəli əmrin surətindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Gürcüstan Respublikasının Çiatura şəhərinə ezam olunması əmr edilmiş və mehmanxana xərcləri şirkət tərəfindən qarşılandığından ezamiyyə xərclərinin minimum normasının 40 faizədək olan hissəsi ödəniləcəyi qeyd edilmişdir; P4184572 nömrəli xarici pasportun surətindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə Gürcüstan Respublikasının ərazisinə daxil olmuş və xx.xx.2020-ci il tarixdə çıxış etmişdir; "xxxx" ASC-nin işçilərin iş vaxtının aylıq uçotu cədvəlinin surətindən görünür ki, 2021-ci ilin dekabr ayı üçün İddiaçı və digər işçilərdə iş saatı “0” kimi qeyd edilmişdir; "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, 123 nömrəli ödəniş tapşırığının 1 saylı əlavəsinin surətindən görünür ki, İddiaçı 5997,81 manat ödəniş edilmişdir. Həmin ödənişlərdən 1484 manat avqust, 1484 manat sentyabr, 1484 manat oktybar ayları və 1545,81 manat isə noyabr ayı 33 gün əmək məzuniyyəti üçün ödənilmişdir; Ödəniş qəbzindən görünür ki, İddiaçı mediasiya xərci olaraq 50 manat ödəniş etmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı xx.xx.2019сu il tarixdə "xxxx" ASC-yə mühəndis vəzifəsinə işə qəbul edilmiş və xx.xx.2021-ci il tarixdə tutduğu vəzifədən öz xahişi ilə azad olunmuşdur. Aylıq əmək haqqı 1680 manat təşkil edir. Hazırda iddiaçı 2021-ci ilin avqust-oktyabr ayları üçün ödənilməmiş əmək haqqının, noyabr ayı üçün ödənilməmiş əmək məzuniyyəti haqqının, 2021-ci ilin dekabr ayı üçün boşdayanmaya görə əmək haqqının 2/3 hissəsinin (978 manat), əmək haqqının ödənilmədiyi hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödəniş gününə qədər hesablanmaqla dəbbə pulunun, habelə ezamiyyə haqqı olaraq 3100 manat pulunödənilməsini tələb edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinə əsasən əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir. Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin tələblərinə görə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 172-ci maddəsinin 4-cü hissəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gündə verilir. Hazırki iş üzrə cavabdeh məhkəməyə ünvanladığı arayışda iddiaçıya ödənilməmiş əmək haqqı və əmək məzuniyyətinə görə 5998 manat borcu olduğunu etiraf etmiş və xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından göründüyü kimi, işin məhkəmədə baxılması zamanı iddiaçıya 5997,81 manat ödəniş etmişdir. Ödənişlərə əsasən avqust-oktyabr ayları üçün 1484 manat, noyabr ayı üçün 33 gün əmək məzuniyyətinə görə 1545,81 manat pul ödənilmişdir. İddiaçı öz növbəsində məhkəmə iclasında verdiyi izahatlarında ödənilməmiş əmək haqqının və əmək məzuniyyətinin cavabdeh tərəfindən iddia verildikdən sonra ödənildiyini bildirmişdir. İddia ərizəsindən də göründüyü kimi, müvafiq vergilər və ödənişlər çıxıldıqdan sonra iddiaçı işlədiyi dövrdə 1484 manat əmək haqqı alırdı. Bu baxımdan iddiaçı tərəfindən 3 aylıq əmək haqqına görə 4890 manat (1630 manat * 3ay) pul tələb edilsə də, cavabdeh tərəfindən haqlı olaraq müvafiq vergilər və ödənişlər çıxılmaqla hər aya görə 1484 manat pul ödənilmişdir. Məhkəmə hesab edir ki, müvafiq hissədə iddiaçının tələbi cavabdeh tərəfindən ödənildiyindən iddia əmək haqqının və əmək məzuniyyətinin ödənilməsi hissəsində təmin edilməməlidir. Məhkəmə iddianın ezamiyyə xərcinin ödənilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin xx.xx.2012-ci il tarixli Qərarı ilə təsdiq edilmiş ““X3”nın İ hissəsinin 1 və 2-ci bəndlərinə görə, dövlət orqanının, müəssisə, idarə və təşkilatın rəhbərinin sərəncamı (əmri) ilə işçinin daimi iş yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi xidməti ezamiyyət sayılır. Təşkilatların işçilərinin ezamiyyətə göndərilməsi həmin təşkilatların rəhbərləri tərəfindən müəyyən edilir və müvafiq əmrlə rəsmiləşdirilir. “Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli 14 nömrəli Qərarı ilə xarici ölkələrə ezamiyyə xərclərinin 1 günlük normaları təsdiq edilmişdir. Həmin Qərara əsasən Gürcüstan Respublikasında (Tiflis şəhəri istisna olmaqla) 1 günlük ezamiyyə xərci 140 ABŞ dolları müəyyən edilmişdir. Hazırki iş üzrə iddiaçının xarici ölkədə (Gürcüstan Respublikasında) 33 gün müddətində ezamiyyətdə olması işəgötürənin xx.xx.2020-ci il tarixli əmri ilə rəsmiləşdirilmişdir və iddiaçının həmin dövrdə ezamiyyətdə olması, ezamiyyə xərcinin ödənilməməsi işin mübahisəsiz halıdır. Ezamiyyə əmrinin “Qeyd” hissəsinə əsasən mehmanxana xərcləri şirkət tərəfindən qarşılandığından ezamiyyə xərclərinin minimum normasının 40 faizədək hissəsi ödəniləcəkdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddiaçıya ezamiyyə haqqı borcunun olduğunu qəbul etmiş, maliyyə vəsaitləri kifayət qədər olmadığından ödənilmədiyini bildirmişdir. İddiaçının ezamiyyə xərclərinə görə 3100 manat pul tələb etməsini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia idda tələbi həcmində təmin edilməli və ezamiyyə xərclərinə görə cavabdehdən 3100 manat məbləğində pul tutulmalıdır. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İddianın dekabr ayı üçün boşdayanmaya görə əmək haqqının üçdə iki hissəsinin ödənilməsi tələbinə gəlincə qeyd edilməlidir ki, "xxxx" ASC-nin işçilərin iş vaxtının aylıq uçotu cədvəlində 2021-ci ilin dekabr ayı üçün İddiaçı iş saatı “0” kimi qeyd edilmişdir. Cavabdeh həmin iddia tələbinə etiraz edərək bildirmişdir ki, işəgötürən tərəfindən qanunvericiliyə uyğun olaraq iş vaxtının cəmlənmiş uçotu qaydaları tətbiq edilmiş və işçiyə iş vaxtının aylıq uçot cədvəlinə müvafiq olaraq əmək haqqı ödənilmişdir. Həmçinin iddiaçı ilə bağlanmış əmək müqaviləsinin 4.1-ci bəndinə müvafiq olaraq iş vaxtının uçotu cədvəlində (tabeldə) gündəlik 8 saat iş vaxtı qeyd olunmayan iş günü üçün əmək haqqı hesablanmır və ödənilmir, sözügedən hal boşdayanma hesab edilmir. Bununla bağlı qeyd edilməlidir ki, Əmək Məcəlləsinin 146-cı maddəsinin birinci hissəsinə görə kollektiv müqavilələrdə, belə müqavilələr bağlanmadığı hallarda əmək müqavilələrində nəzərdə tutulan şərtlərlə və qaydalarda, işin normal ahəngini pozan amillər — təbii fəlakət, istehsalat qəzaları və operativ surətdə qarşısı alınmayan digər hallar mövcud olduqda, işəgötürənin təqsiri olmadan istehsalın, axın xəttinin və işin dayandırılması ilə əlaqədar olaraq işçilər qrup halında ödənişli, yaxud ödənişsiz məzuniyyətə buraxıla bilərlər. Bu halda ödənişsiz məzuniyyətin müddəti, işçinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada müəyyən edilmiş əsas məzuniyyətinin iki illik müddətinin cəmindən çox olmamalıdır. Həmin Məcəllənin 169-cu maddəsinə əsasən boşdayanmanın başlanması haqqında işçi işəgötürənə və ya iş yeri üzrə rəhbərinə (briqadirə, ustaya, digər vəzifəli şəxslərə) xəbərdarlıq etdikdə, işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir. İşçinin təqsiri üzündən boşdayanma vaxtı ödənilmir. Eyni Məcəllənin 233-cü maddəsinin 5-ci hissəsində göstərilmişdir ki, iş dayandırıldıqda, boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir. Nəzərə alınmalıdır ki, işçinin heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir (Əmək Məcəlləsinin 155.1 və 156.1-ci maddələri). Əmək Məcəlləsinin yuxarıda qeyd edilən maddələrindən göründüyü kimi, boşdayanma vaxtı - əmək münasibətləri prosesində təsadüf olunan elə bir haldır ki, bu zaman işçi hər hansı səbəb üzündən əmək funksiyası üzrə öhdəliklərini yerinə yetirə bilmir. Boşdayanma işəgötürənin təqsiri üzündən və ya işçidən asılı olmayan digər səbəblər üzündən yaranarsa, işçilərə əmək müqaviləsində və yaxud kollektiv müqavilədə nəzərdə tutulan əmək haqqı məbləği tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq hesablanır və ödənilir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 151-ci maddəsinin tələbinə görə işəgötürən hasilat normalarının yerinə yetirilməsi üçün işçiyə iş şəraitinin minimum şərtlərini mütləq təmin etməlidir. Müvafiq şəraitin yaradılmamasına görə boşdayanma vaxtı işəgötürənin məsuliyyətinə aiddir və onun təqsiri üzündən boşdayanma kimi qəbul olunmalı. Əmək Məcəlləsinin 146-cı maddəsinin 2-ci hissəsinə əsasən işəgötürənin təqsiri üzündən istehsalın, axın xəttinin və işin dayandırıldığı hallarda işçilərin qrup halında ödənişsiz məzuniyyətə buraxılması yolverilməzdir. Bu hal işəgötürənin təqsiri üzündən boşdayanma hesab edilir və işçilərə bu Məcəllənin 169-cu maddəsində nəzərdə tutulmuş məbləğdə əmək haqqı ödənilir. İşçidən asılı olmayan hallara görə zəruri iş şəraitinin təmin edilməməsi halında işçinin Konstitusiyada və Əmək Məcəlləsində nəzərdə tutulan müvafiq təminatları almaq hüququndan məhrum edilməsi ədalət prinsipi ilə ziddiyyət təşkil edər. Hazırki halda, iddia olunan müddətdə cavabdeh tərəfindən müvafiq əmək şəraitinin təmin edilməməsi, işçilərin ödənişsiz məzuniyyətə buraxılmaması və işçinin təqsiri olmadan boşdayanma hallarının baş verməsi mülki işin materialları, tərəflərin izahatı ilə təsdiq olunur. Eləcə də cavabdeh cəmlənmiş uçot qaydaları və əmək haqqının ödənilməsinin vaxtamuzd sistemi tətbiq edildiyindən, əmək haqqının iş olmadığı dövrlərdə ödənilməli olmadığını bildirsə də, bu hal əmək haqqı ödəniş cədvəli və iş materiallarına əlavə edilmiş digər sənədlərlə öz təsdiqini tapmamışdır. Həmçinin qeyd olunmalıdır ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinin 4.1-ci bəndində “iş vaxtının uçotu cədvəlində (tabeldə) gündəlik 8 saat iş vaxtı qeyd olunmayan iş günü üçün əmək haqqı hesablanmır və ödənilmir, sözügedən hal boşdayanma hesab edilmir” şərti daha zəif tərəf olan işçinin Konstitusiya və digər qanunvericilik aktları ilə nəzərdə tutulmuş hüquqlarından məhrum edilməsinə, iqtisadi cəhətdən daha güclü tərəf olan işəgötürənin isə hüquqlarından sui-istifadəsinə şərait yaratmış olar. Bu baxımdan müqavilənin həmin şərti hazırki vəziyyətdə etibarlı şərt kimi qəbul edilə bilməz. Belə ki, Əmək Məcəlləsinin 310-cu maddəsinə uyğun olaraq, istər işçilər, istərsə işəgötürənlər, istərsə də başqa fiziki şəxslər bu Məcəllə ilə və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktlarla müəyyən olunmuş hüquqları pozmağa, onları hər hansı şərtlə və ya qaydada məhdudlaşdırmağa, habelə bu hüquqlardan suiistifadə etməyə, əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəlikləri, vəzifə funksiyasını yerinə yetirməməyə görə qanunvericiliklə müəyyən edilmiş qaydada maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar. Beləliklə, məhkəmə əmək müqaviləsinə əsasən iddiaçıya ödənilməli tarif (vəzifə) maaşının 1680 manat məbləğində müəyyən edildiyini, dekabr ayı üzrə əmək haqqının ümumiyyətlə ödənilmədiyini nəzərə alaraq hesab edir ki, bu aylar üzrə iddiaçıya işçinin təqsiri olmadan istehsalatda boşdayanma qaydalarına uyğun olaraq, yəni tarif (vəzifə) maaşının üçdə iki hissəsi miqdarında, dekabr ayında iddiaçının 18 iş günü olması nəzərə alınmaqla (1680:23*18*2):3) 877 manat məbləğində pul "xxxx" ASC-dən alınaraq İddiaçı ödənilməlidir. İddia tələbinin əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə bir faizi məbləğində ödənc verilməsi hissəsi ilə bağlı məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsassızdır. Belə ki, Əmək Məcəlləsinin 172.5-ci maddəsinin tələblərinə görə əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Həmin maddənin “Qeyd” hissəsinə görə bu maddədə “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. Göründüyü kimi, qanunvericilik hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməli olmasını və əmək haqqının işəgötürənin təqsiri üzündən gecikdirilməsi hallarının nədən ibarət olmasını, hansı halların işəgötürənin təqsirinə şamil edilməməsini müəyyən etmişdir. Nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin tələbləri əmək mübahisəsinə o vaxt tətbiq edilə bilər ki, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirilmiş olsun və bu hal fərdi əmək mübahisəsi yaratmamış olsun. Əmək Məcəlləsinin 287-ci maddəsinə əsasən, fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. Hazırki halda, tərəflər arasında boşdayanma qaydalarının tətbiq edilib-edilməməsi və buna uyğun olaraq əmək haqqının ödənilməsi ilə bağlı fərdi əmək mübahisəsi yarandığından Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsi müvafiq məsələyə tətbiq edilə bilməz. Bu baxımdan məhkəmə hesab edir ki, hazırki iddia tələbi üzrə Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə istinadla hər gecikdirilmiş gün üçün cavabdehdən iddiaçının xeyrinə əmək haqqının bir faizi məbləğində ödənc verilməsi üçün hüquqi əsaslar yoxdur və iddia bu hissədə rədd olunmalıdır. Məhkəmə iddianın mediasiya təşkilatına ödənilmiş 50 manat haqqın alınıb iddiaçıya ödənilməsi hissəsində qeyd edir ki, iddia həmin hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinin tələblərinə görə “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddia qismən təmin edilməli, ezamiyyə xərclərinə görə 3100 manat, 2021-ci ilin dekabr ayı üzrə ödənilməmiş əmək haqqına görə 877 manat və ödənilmiş mediasiya xərcinə görə 50 manat, cəmi 4027 manat məbləğində pul tutularaq cavabdeh "xxxx" ASC-dən İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən ezamiyyə xərclərinə görə 3100 manat, 2021-ci ilin dekabr ayı üzrə ödənilməmiş əmək haqqına görə 877 manat və ödənilmiş mediasiya xərcinə görə 50 manat, cəmi 4027 (dörd min iyirmi yeddi) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar