Məhkəmə qərarları › İş №e-2(005)-3352/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-3352/2025

09.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-3352/2025 09.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızı, iddiaçı X1 Cavabdeh qarşı “məhkəmə qətnaməsinin icra edilməməsinin qanunsuz hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı X2 Cavabdeh qarşı “məhkəmə qətnaməsinin icra edilməməsinin qanunsuz hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsinin mümkünlüyü məsələsinə baxıb, iş materiallarını araşdırıb hesab edirəm ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və iddia ərizəsi əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2-ci və 153.2.1ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Qeyd edirəm ki, “ərizəyə məhkəmə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə” müddəası özündə, mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda, yaxud iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olmasını, habelə qanunla xüsusi mübahisələndirmə qaydası müəyyən edilmiş aktların iddia icraatı qaydasında mübahisələndirilməsinin yolverilməzliyini ehtiva edir. İddia ərizəsindən görünür ki, iddiaçı X2 “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” polis orqanlarının qərarlarından məhkəmə nəzarəti qaydasında verilmiş şikayətləri əsasında çıxarılmış məhkəmə qərarlarının icra edilməməsindən şikayətçidir. Hesab edirəm ki, qeyd olunan tələbə iddia icraatı qaydasında baxılması mümkün deyil. Hazırki mübahisəli məsələ polis orqanlarının qərarlarından məhkəmə nəzarəti qaydasında baxılmalı tələbdən ibarətdir. Göstərilənlərə əsasən hesab edirəm ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM– nin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” polis orqanlarının qərarlarından məhkəmə nəzarəti qaydasında verilmiş şikayətləri əsasında çıxarılmış məhkəmə qərarlarının icra edilməməsi ilə bağlı tələb mülki mühakimə üzrə iddia icraatının predmeti ola bilməz, həmin məsələyə məhkəmə nəzarəti qaydasında baxılmalıdır. (müvafiq qərardan verilmiş şikayət qaydasında 6 indeksi ilə) Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı X1 Cavabdeh qarşı “məhkəmə qətnaməsinin icra edilməməsinin qanunsuz hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: İddiaçı X1 Cavabdeh qarşı “məhkəmə qətnaməsinin icra edilməməsinin qanunsuz hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar