Məhkəmə qərarları › İş №e-2(005)-3445/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3445/2025

24.11.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3445/2025 24.11.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3 MMC, Cavabdeh1 MMC və Cavabdeh2 qarşı əmək haqqının və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Ego 1” MMC, Cavabdeh3 MMC və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC-dən 17046,84 manat, Cavabdeh3 MMC-dən 2800 manat məbləğində əsas borc, mənəvi təzminat olaraq 5000 manat olmaqla, ümumilikdə 24846,84 manat məbləğində pulun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, əmək müqaviləsi ilə aylıq əməkhaqqı 2841,14 manat olmaqla xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək Cavabdeh1 MMC–də hüquqşünas vəzifəsində əsas iş yeri qismində çalışmışdır. İşlədiyi dövr ərzində əməkhaqqı Cavabdeh1 MMC tərəfindən ödənilməmişdir. Eləcə də, Cavabdeh3 MMC-də xx.xx.2024-cü il tarixindən, xx.xx.2025-ci il tarixinədək hüquqşünas vəzifəsində aylıq əmək haqqı 400 manat olmaqla əlavə iş yeri qismində əmək müqaviləsi ilə çalışmışdır. İşlədiyi dövr ərzində əməkhaqqı nə Cavabdeh3 MMC, nə də Cavabdeh1 MMC tərəfindən ödənilməmişdir. Əmək haqqının ödənilməməsinin səbəbini soruşduqda isə Cavabdeh1 MMC-nin Baş Direktoru və təsisçisi, həmçinin, Cavabdeh3 MMC-nin direktoru Cavabdeh2 yeni layihələrə imza atdığını, yeni gəlirlərin olacağını və səbirli olmağını hər dəfə xahiş etmişdir. Lakin aradan aylar keçməsinə baxmayaraq, əməkhaqqını ödəməkdən imtina etmişlər. Əməkhaqqı ödənilmədiyindən işdən ayrılmaq istədiyini bildirmişdir. Cavabdeh3 MMC-nin direktoru , Cavabdeh1 MMC-nin baş direktoru və təsisçi Cavabdeh2 onu aldadaraq, yeni tender qazandıqlarını, bütün pulunun ödəniləcəyini bildirərək işdə qalmağına səbəb olmuşdur. Lakin sonra məlum olmuşdur ki, əslində heç bir tender qazanılmayıb sadəcə onu işdə saxlamaq üçün yalanlar deyilmişdir. Cavabdeh2 kənardan qeyri-rəsmi gəlirlər gəldiyi və şirkətin işçilərinin neçə aylardır yığılmış əməkhaqqılarını ödəmədiyi məlum olmuşdur. Cavabdeh2 onun işdən çıxmağına imkan verməməklə yanaşı, ona əməkhaqqı da ödənilmirdi. xx.xx.2025-ci ilə qədər səbr etmiş, lakin Cavabdeh2 yalançı bir insan olduğunu tam başa düşmüşdür və həmin anda ərizəni yazaraq işdən ayrılmışdır. Cavabdeh2 şirkətlərində maaş almadan işlədiyi üçün və maddi ehtiyaclarını atasının birkartından təmin etdiyi üçün ailə içində də öz nüfuzunun zədələnməsi ilə mənəvi və psixoloji iztirab çəkməyinə səbəb olmuşdur. Həmçinin aylıq kredit ödənişləri də ödənilməsi üçün heç bir gəlir olmaması səbəbindən ona böyük yük və stress olmuşdur. Mübahisənin məhkəmədən kənar alternativ həlli üçün medisasiya təşkilatına müraciət etsə də cavabdeh mediasiya sessiayasında iştirak etməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, 2024-cü ilin oktyabr ayının ortaları o, cavabdeh şirkətdə işə başlamışdır. Həmin şirkətin məşhur layihəyə qoşulduğu reklam olunurdu və o da həmin layihəyə görə orada işə düzəlmişdir. Gəlirlərinin yaxşı olacağını düşünmüşdür. Lakin ona heç bir maaş ödənilməmişdir. Onun maaş kartını da verməmişlər. Direktor hər dəfə yubadırdı ki, işlər qaydasına düşsün, maaş ödəniləcək. O də etibar etdiyindən gözləmişdir. Sonra məlum olmuşdur ki, həmin layihə üzrə şirkət 50000 manat gəlir əldə etmiş və öz aralarında bölmüşlər. Bundan sonra artıq işdən çıxmaq istədiyini bildirmiş və 2025-ci ilin aprel ayının sonu işdən ayrılmışdır. Ondan sonra da bir neçə ay maaşının ödəniləcəyini gözləmişdir. Lakin direktorun heç bir pul verməyəcəyini dediyini eşitmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmişdir. Ondan başqa maaşı ödənilməyən əməkdaşlar da olmuşdur. İşə qəbul vaxtında Cavabdeh2 orada olmuşdur. Onu işə Cavabdeh2 götürüb. O, yanvar-mart aylarında Cavabdeh3 MMC-də işləmişdir. Mart ayında işdən ona heç bir ödəniş olunmadığına görə çıxmışdır. O Cavabdeh1 MMC-də 2024-cü ilin oktyabrından 2025-ci ilin may ayınadək işləmişdir. Bu aylarda ona heç bir ödəniş edilməyib. İddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabeh Cavabdeh2 bildirmişdir ki, o, Cavabdeh1 MMC-nin təsisçisidir. Cavabdeh3 MMC-nin isə təsisçisi və direktorudur. İddiaçını şirkətə o, işə götürməmişdir. Cavabdeh1 MMC-nin İddiaçı 17000 manat borcunun olmasının ona adiyyəti yoxdur. Əmək haqqı borcunun olmasını qəbul etmir. Onlar onu Cavabdeh3 MMC-də işə qəbul etmişlər, lakin dövriyyə olmadığından fəaliyyət göstərməmişdir. Cavabdeh3 MMC-nin 2800 manat borcunu qəbul edir. Ego 1 MMC-də işə gəlməmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Cavabdeh1 MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli müddətli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı əsas iş yeri kimi kadr və hüquq şöbəsinin müdiri vəzifəsinə işə qəbul edilmişdir. Əmək haqqı 2841,14 manat təşkil etmişdir; - Cavabdeh1 MMC, Cavabdeh2 ilə İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli müddətsiz əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı əsas iş yeri kimi kadr və hüquq şöbəsinin müdiri vəzifəsinə işə qəbul edilmişdir. Əmək haqqı 2841,14 manat təşkil etmişdir; - Cavabdeh1 MMC-nin əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli əmrdən görünür ki, Kadr və hüquq şöbəsinin müdiri vəzifəsində işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə ƏM-nin 68.2-ci maddəsinin “a” bəndinə əsasən, tərəflərdən birinin təşəbbüsü ilə xitam verilmişdir; - Cavabdeh3 MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı əlavə iş yeri kimi hüquqşünas vəzifəsinə işə qəbul edilmişdir. Əmək haqqı 400 manat təşkil etmişdir; - İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh1 MMC və Cavabdeh3 MMC xx.xx.2025-ci il tarixində keçirilmiş mediasiya sessiyasında iştirak etməmişdir; - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, dövlət reyestrinə əsasən xx.xx.2010-cu ildə dövlət qeydiyyatına alınarkən təsisçisi Cavabdeh2 olan Cavabdeh3 təsisçisi xx.xx.2021-ci il tarixdən etibarən X1, xx.xx.2022-ci ildə dövlət qeydiyyatına alınmış Cavabdeh1 təsisçisi Cavabdeh2dur. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, İddiaçı ilə Cavabdeh1 MMC arasında xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı əsas iş yeri kimi kadr və hüquq şöbəsinin müdiri vəzifəsinə işə qəbul edilmişdir. Həmçinin iddiaçı digər Cavabdeh3 MMC ilə xx.xx.2024-cü il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən əlavə iş yeri kimi hüquqşünas vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2025-ci il tarixdə Cavabdeh1 MMC ilə balanmış əmək müqaviləsinə, xx.xx.2025-ci il tarixdə isə Cavabdeh3 MMC ilə bağlanmış əmək müqaviləsinə işçinin təşəbbüsü ilə xitam verilmişdir. Hazırda iddiaçı hər iki müqavilə üzrə işə başladığı gündən əmək müqaviləsinin xitam verildiyi tarixədək ödənilməli olan əmək haqqının ödənilmədiyinə istinad edərək Cavabdeh1 MMC-dən 17046,84 manat, Cavabdeh3 MMCdən 2800 manat məbləğində əmək haqqının, mənəvi zərərə görə 5000 manat pulun cavabdehlərdən tutulmasını xahiş edir. Cavabdeh3 MMC-nin təsisçisi və direktoru Cavabdeh2 məhkəmə iclasında yalnız 2800 manat əmək haqqının borcunun olduğunu etiraf etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin Vİ hissəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Konstitusiyanın 71-ci maddəsinin İ və İİ hissələrinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər hansı ayrı-seçkilik olmadan əmək hüquqlarının həyata keçirilməsi beynəlxalq hüquqi aktlarda da aparıcı yer tutur. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 23, 24-cü maddələrində, İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın 7-ci maddəsində hər kəsin hər hansı ayrı-seçkilik olmadan bərabər əməyə görə bərabər haqq almaq hüququ, eləcə də məzuniyyət hüququ və son haqq-hesabın ödənilməsi və s. tələb etmək hüququ təsbit olunmuşdur. Qeyd edilməlidir ki, əmək hüququ insanların digər konstitusiya hüquqlarının həyata keçirilməsinə təsir göstərə biləcək amillərdən biri olmaqla, insanın ləyaqəti və özünü cəmiyyətdə fərd kimi dərk etməsi üçün önəmlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi müvafiq hüquq normaları ilə əmək münasibətlərində işçilərin və işəgötürənlərin əmək, sosial, iqtisadi hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatların minimum səviyyəsini əks etdirir. Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi və əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır (2-ci maddənin 3-cü hissəsi). Əmək Məcəlləsinin 154.1 və 154.2-ci maddələrinə əsasən, əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir. Həmin Məcəllənin 172-ci maddəsinin 1 və 4-cü bəndlərinə görə, aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Eyni Məcəllənin 178-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq, işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. Beləliklə, işçinin əmək müqaviləsi üzrə əsas hüququ qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaqdır. Odur ki, işçilərin vaxtında, tam məbləğdə və ədalətli əmək haqqı alması təmin edilməlidir. Hazırki mülki iş üzrə iddiaçıya əmək haqqının tam şəkildə ödənilib-ödənilməməsini müəyyən etmək məqsədilə xx.xx.2025-ci il tarixində məhkəmə tərəfindən sübutların təmin edilməsi barədə qərardad çıxarılmış, icra sənədi üzrə icraata başlanılmış, lakin qərardad cavabdehlər tərəfindən icra olunmamış və zəruri sübutlar təqdim edilməmişdir. Qeyd olunmalıdır ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur. Sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hallar təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məhkəmə hansı halların sübuta yetirilməli olduğunu təsbit etdikdən sonra həmin halların sübut edilməsi yükünün kimin üzərinə düşdüyünü müəyyən etməlidir. Sübutetmə yükü qanunda xüsusi bir qayda nəzərdə tutulmadıqda iddia edilən halın mövcud olduğuna və ya olmadığına bağlanan hüquqi nəticədən fayda görən tərəfə aiddir. Bir qayda olaraq sübutetmə yükü əvvəlcə iddiaçının üzərinə düşür. Bununla yanaşı, qanunverici sübutun sübutetmə yükü üzərinə düşən tərəfdə deyil, qarşı tərəfdə olduğu aşkar hallarda istisna qayda müəyyən edir. Mülki Prosessual Məcəllənin 106.2-ci maddəsində ifadə edilmiş həmin qaydaya əsasən digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Hazırki iş üzrə cavabdehlərin zəruri sübutları məhkəməyə təqdim etmək vəzifəsi olmuşdur. Bu hüquqi mövqedən çıxış edən məhkəmə müvafiq sənədlərin təqdim edilməsi məqsədi ilə tərəfə məhkəmə sorğusu göndərsə də, sübutlar təqdim edilməmişdir. Cavabdehlərin nümayəndəsi də məhkəmə iclasında iddiaçıya əmək haqqının ödənilmədiyini bildirmişdir. İddiaçının "xxxx" MMC və Cavabdeh3 MMC-də işlədiyi dövrdə bütün aylar üzrə iş vaxtının tabel uçotu, ona hesablanmalı olan və faktiki halda hesablanmış əmək haqqı barədə məlumat, əmrlər və ödənişlər və digər sənədlərin işəgötürəndə olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, həmin sübutlar cavabdeh tərəfindən təqdim edilmədiyindən, iddiaçı tərəfin bildirdiyi məlumatlar əsasında tələb edilən məbləğ müəyyən olunmuş hesab edilməlidir. Nəzərə alınmalıdır ki, əmək münasibətlərində işəgötürən işçiyə münasibətdə daha çox imkanlara, o cümlədən inzibati imkana malikdir və bu baxımdan, işəgötürənin inzibati idarəçiliyi ilə bağlı halları sübut etmək yükünün işçinin üzərinə qoyulması hüquq bərabərliyinin, mənafelərin haqq-ədalətlə təmin olunması prinsipləri ilə ziddiyyət təşkil edir. Mülki Prosessual Məcəllənin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Beləliklə, hazırki halda iddia tələbinin əksini sübut etmək vəzifəsinin cavabdehlərdə olmasını, cavabdehlərin həmin halı təkzib edən hər hansı sübut təqdim edə bilmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, əmək haqqının ödənilməsi barədə iddia tələbi təmin edilməlidir. Məhkəmə qeyd edir ki, ödənilməyən əmək haqqının müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən və bu məbləğin məhkəmə tərəfindən hesablanması mümkün olmadığından, iddiaçının tələb etdiyi əmək haqqının ödənilməməsi və onun məbləğinin Cavabdeh3 MMC-yə münasibətdə 2882 manat olması təsdiq olunmuş hesab edilməlidir. Belə ki, məhkəmə tərəfindən qeyd edilən halları təkzib edən sübutların, eyni zamanda məhkəmə ekspertizasının aparılması üçün zəruri olan sənədlərin cavabdeh tərəfindən təqdim edilməsi üçün kifayət qədər vaxt verilərək lazımi şərait yaradılmasına baxmayaraq, o, sübutları təqdim etməmiş, bununla həm obyektiv, tam və hərtərəfli məhkəmə araşdırmasına mane olmuş, həm də mülki iş üzrə icraatın xeyli müddət uzanmasına səbəb olmuşdur. Həmçinin qeyd edilməlidir ki, Cavabdeh3 MMC-nin nümayəndəsi tərəfindən, xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında həmin şirkətə münasibətdə 2880 manat borcun mövcudluğu qəbul edilmişdir. Məhkəmə digər Cavabdeh1 MMC-dən 17046,83 manat pulun tutulması tələbinə münasibətdə qeyd edir ki, həmin şirkət ilə xx.xx.2024-cü il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən işçinin əmək haqqı 2841,46 manat müəyyən edilmişdir. Əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə xitam verilmişdir. Beləliklə, məhkəmə, ümumilikdə təxminən 6 ay 15 gün əmək haqqının ödənilmədiyini, işin digər hallarını nəzərə alaraq həmin məbləği ağlabatan hesab edir və iddia ərizəsində qeyd edilən həcmdə, yəni ödənilməmiş əmək haqqına görə 17046,83 manat pulun Cavabdeh1 MMC-dən tutularaq iddiaçıya ödənilməsi qənaətinə gəlir. Cavabdeh2 münasibətdə məhkəmə qeyd edir ki, əmək qanunvericiliyinə görə əmək haqqının ödənilməsi vəzifəsini işəgötürən daşıyır. Bu baxımdan hazırki iş üzrə cavabdehlərin təsisçisi və ya qanuni təmsilçisinin məsuliyyətə cəlb edilməsi, onlardan əmək haqqının tutulması qanunvericilik tələblərinə ziddir. Cavabdeh2 ilə iddiaçı arasında birbaşa əmək münasibəti mövcud olmamışdır və iddia tələbi mahiyyət etibarilə hüquqi şəxs olan MMC-nin öhdəliklərindən irəli gəlir. Hazırki iş üzrə iddiaçının istinad etdiyi əmək münasibətləri Cavabdeh1 MMC və Cavabdeh3 MMC ilə yaranmışdır. Buna görə də əməkhaqqının ödənilməməsi ilə bağlı iddia yalnız müvafiq hüquqi şəxslərə qarşı yönəldilə bilər. Məhkəmə iddiaçının mənəvi zərərin ödənilməsi tələbi ilə bağlı qeyd edir ki, işəgötürən tərəfindən işçinin əmək haqqının vaxtında ödənilməməsi sübut edildiyi təqdirdə, bu hal iddiaçının mənəvi sarsıntı keçirməsi üçün əsas ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 saylı, 03 noyabr 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin qərara əsasən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 290-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi zərərə görə maddi məsuliyyət daşıyır. İşçiyə mənəvi zərərin ödənilməsi ilə əlaqədar müddəalar Əmək Məcəlləsinin 290-ci maddəsi ilə yanaşı bir sıra başqa maddələrində də (məsələn: 2, 16, 194, 195, 196, 202, 288 və 300-cü maddələrdə) nəzərdə tutulmuşdur. İşəgötürənin hər hansı qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində işçiyə vurulmuş mənəvi zərərin məbləği Əmək Məcəlləsinin 290-ci maddəsində nəzərdə tutulmuş qaydada müəyyən edilməlidir. Ali Məhkəmənin Plenumu həmin Qərarın 10-cu bəndində qeyd etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq hesab edir ki, iddiaçıya uzun müddət ərzində əmək haqqının ödənilməməsi nəticəsində müəyyən mənəvi iztirablar keçirməsi şübhəsizdir və o, bu hadisə, habelə ondan sonrakı proseslər zamanı keçirdiyi stres və əziyyətlərlə bağlı olaraq ona vurulmuş mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin nəticəsində iddiaçının keçirdiyi mənəvi iztirabın xarakteri və dərəcəsini, işləmiş olduğu dövrlər üçün ödənilməli olan əmək haqqından məhrum olmasını, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alaraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməli, iddiaçıya dəymiş mənəvi zərərə görə 700 manat məbləğində pul Cavabdeh1 MMC-dən, 300 manat pul Cavabdeh3 MMC-dən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, mənəvi zərərə görə ödənilən təzminat iddiaçının gəlir əldə etməsinə deyil, keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmişdir. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.4-cü maddəsinə görə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Beləlikə, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh3 MMC-dən ödənilməmiş əmək haqqına görə 2800 manat, mənəvi zərərə görə 300 manat, Cavabdeh1 MMC-dən ödənilməmiş əmək haqqına görə 17046,84 manat, mənəvi zərərə görə 700 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. İddia ərizəsinin verilməsinə görə ödənilməli olan dövlət rüsumunun əvəzi olaraq 143 manat pul Cavabdeh1 MMC-dən və 51 manat pul Cavabdeh3 MMC-dən tutularaq, dövlət büdcəsinə ödənilməlilidir. İddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh3 MMC-dən ödənilməmiş əmək haqqına görə 2800 manat, mənəvi zərərə görə 300 manat olmaqla, cəmi 3100 (üç min yüz) manat məbləğində pul, Cavabdeh1 MMC-dən ödənilməmiş əmək haqqına görə 17046,84 manat, mənəvi zərərə görə 700 manat olmaqla, cəmi 17746,84 (on yeddi min yeddi yüz qırx altı manat, səksən dörd qəpik) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilməli olan dövlət rüsumunun əvəzi olaraq 143 (yüz qırx üç) manat pul Cavabdeh1 MMC-dən və 51 (əlli bir) manat pul Cavabdeh3 MMCdən tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar