Məhkəmə qərarları › İş №e-2(005)-346/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-346/2023

13.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-346/2023 13.02.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əkbərli Samiq Sadiq oğlunun katibliyi, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Əmanətlərin Sığortalanması Fondu”nun nümayəndəsi X2 iştirakı ilə, İddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Respublika Xammal və Əmtəə Birjası “Daşınar və Daşınmaz Əmlakların Satışı X15” MMC-nə və Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Əmanətlərin Sığortalanması Fondu” cəlb edilməklə) “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı1 cavabdehlər Respublika Xammal və Əmtəə Birjası “Daşınar və Daşınmaz Əmlakların Satışı X15” MMC-nə və Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Əmanətlərin Sığortalanması Fondu” cəlb edilməklə) “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Respublika Xammal və Əmtəə Birjası “Daşınar və Daşınmaz Əmlakların Satışı X15” MMC tərəfindən 12 oktyabr 2020-ci il tarixdə onun xüsusi mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Yavər Əliyev küçəsində yerləşən 0.078 ha torpaq sahəsinə dair keçirilmiş hərracın nəticələrinin və 12 oktyabr 2020-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında iddiaçının vəkili Vəkil ərizəsinə əsasən İddiaçı1 əsl iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı4 ilə əvəz edilmişdir. İddiaçılar iddia tələblərini onunla əsaslandırmışlar ki, "xxxx" ASC-nin cavabdehlər İddiaçı1, X5, X3, İddiaçı2, İddiaçı3, İddiaçı4 və X6 qarşı “borcun tutulması, tutmanın ipoteka predmetinə yönədilməsi”nə dair iddiası Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 may 2015-ci il tarixli qətnaməsi ilə qismən təmin edilmişdir. Bakı şəhəri Nizamı Rayon Məhkəməsinin 25 iyun 2015-ci il tarixli 2(007)-1590/2015 saylı icra vərəqəsinə əsasən cavabdeh İddiaçı1 14 oktyabr 2011-ci il tarixli KM FŞ 506 saylı və 20 may 2013-cü il tarixli KM FŞ 070 kredit müqavilələri üzrə əsas borc qismimlə 215.866 manat 25 qəpik, faiz borcu qismində 74.333 manat 25 qəpik, cərimə qismində 32.036 manat 25 qəpik, iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 27 manat, cəmi 322.265 manat 23 qəpik məbləğində pul vəsaiti tutularaq, tutmanın cavabdehlər X4, İddiaçı2, İddiaçı4, X1 və İddiaçı3 mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Yavər Əliyev küçəsində yerləşən 0.078 ha torpaq sahəsinə yönəldilməsi, həmin torpaq sahəsinin açıq hərracda satılması və açıq hərracda satılması yolu ilə əldə edilmiş vəsait hesabına cavabdeh İddiaçı1 "xxxx" ASC-nə olan borcu ödənilməsi qət edilmişdir. İpoteka predmeti olan İddiaçı1 xüsusi mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Yavər Əliyev küçəsində yerləşən 0.078 ha torpaq sahəsinə tutma yönəldildikdə, onun ilkin satış qiymətinin ipoteka müqaviləsinin əlavəsinə əsasən 255.000 manat məbləğində müəyyən edilmişdir. “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” tərəfindən 13 noyabr 2013cü il tarixdə keçirilmiş hərracın nəticələri haqqında yekun Y-361 №-li protokola əsasən qeyd olunan mənzil 89.250 ABŞ dolları - 93731 AZN-ə satılmışdır. 13 noyabr 2013-cü ıl tarixli hərracın yekunları üzrə əmlakın alqı-salqısı barədə müqavilə bağlanmışdır. Qeyd edilməlidir ki, “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” tərəfindən 13 noyabr 2013-cü il tarixdə keçirilmiş hərracın nəticələri haqqında yekun Y-361 №-li protokola əsasən guya həmin hərrac təkrar hərrac hesab olunmuş, bu səbəbdən də əmlak ilkin satış qiymətinin 25% -dən az olmayan məbləğə satılmışdir. Respublika Xammal və Əmtəə Birjası “Daşınar və Daşınmaz Əmlakların Satışı X15” MMC tərəfindən 12 oktyabr 2020-ci il tarixində təkrar hərrac keçirilmişdir. Lakin bundan əvvəl keçirilən ilkin hərrac barəsində ipoteka qoyana qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməmişdir. Hərracın təşkilatçısı hərracın keçirilməsi haqqında məlumatı lazımi qaydada çatdırmadığı üçün ilkin hərracın baş tutmamasına səbəb olan hallar da mövcud olmamışdır, yəni təkrar hərracın keçirilməsi qanunsuz olaraq baş tutmuşdur. Həmçinin, qanunsuz olaraq keçirilmiş təkrar hərracda belə, əmlakın satış qiyməti düzgün müəyyən edilməmiş, əmlak ilkin satış qiymətinin enmiş faiz dərəcəsi olan 25%-dən də aşağı qiymətə satılmışdir. Belə ki, əmlak ilkin satış qiymətinin, yəni 140.000 ABŞ dollarının enmiş faizi 25 %-indən az olmayan məbləğə satılsa idi o, ən pis halda 105.000 ABŞ dollarına satılmalı idi. Lakin mənzil 89.250 ABŞ dollarına satılmış, bununla da hərracın keçirilmə qaydaları növbəti dəfə pozulmuşdur. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı3 və İddiaçı4 nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsi ilə eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi və hərracın qanunsuz olaraq keçirildiyini bildirdi, ona görə də iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Əmanətlərin Sığortalanması Fondu”nun nümayəndəsi X7 iddia tələbini qəbul etmədiklərini bildirərək iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4 və 185.5-ci maddəsinə əsasən mülki işə tərəflərin səlahiyyətli nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını və çıxışlarını dinləyib, mülki iş üzrə təqdim edilmiş sübutları araşdırıb, mülki işin materiallarını tədqiq edib hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 1590/2015 saylı xx.xx.2015-ci il tarixli icra vərəqəsindən görünür ki, İddiaçı1 "xxxx" ASCnin xeyrinə 14 oktyabr 2011-ci il tarixli KM FŞ 506 saylı və 20 may 2013-cü il tarixli KM FŞ 076 saylı kredit müqavilələri üzrə əsas borc qismində 215.866 manat 25 qəpik, faiz borcu qismində 74.333 manat 25 qəpik, cərimə qismində 32.036 manat 73 qəpik və iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 27 manat, cəmi 322.265 manat 23 qəpik məbləğində pul vəsaitinin tutulması, tutmanın X4, İddiaçı4, İddiaçı2, İddiaçı3 və X1 mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Yavər Əliyev küçəsində yerləşən 0.078 ha torpaq sahəsinə yönədilməsi, həmin torpaq sahəsinin açıq hərracdan satılması, torpaq sahəsinin açıq hərracdan satılması yolu ilə əldə edilmiş vəsait hesabına İddiaçı1 "xxxx" ASC-nə olan borcunun ödənilməsi qət edilmişdir. İş materiallarında olan “Daşınar və Daşınmaz Əmlakların Satışı X15“ MMC-nin xx.xx.2020-ci il tarixli, 01/892 nömrəli hərracın keçirilməsinə dair bildirişinin surətinə əsasən ipoteka predmetini təşkil edən Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Yavər Əliyev küçəsində yerləşən 0.078 ha torpaq sahəsinin satış qiyməti 300.000 manat, hərracda iştirak üçün 5% miqdarında behin məbləği 15.000 manat olmaqla hərraca çıxarılması və hərracın xx.xx.2020-ci il tarixdə saat 11:00-da ünvan 1 ünvanında keçiriləcəyi barədə İddiaçı2, İddiaçı3, İddiaçı4 və məlumat üçün "xxxx" ASC-nə və Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinə göndərilmişdir. İş materiallarında olan “Daşınar və Daşınmaz Əmlakların Satışı X15“ MMC-nin xx.xx.2020-ci il tarixli, 01/1328 nömrəli hərracın keçirilməsinə dair bildirişinin surətinə əsasən ipoteka predmetini təşkil edən Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Yavər Əliyev küçəsində yerləşən 0.078 ha torpaq sahəsinin satış qiyməti 300.000- 15%=255.000 manat, hərracda iştirak üçün 5% miqdarında behin məbləği 12.750 manat olmaqla hərraca çıxarılması və hərracın xx.xx.2020-ci il tarixdə saat 11:00-da ünvan 1 ünvanında keçiriləcəyi barədə İddiaçı2, İddiaçı3, İddiaçı4 və məlumat üçün "xxxx" ASC-nə və Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinə göndərilmişdir. İş materiallarında olan “Daşınar və Daşınmaz Əmlakların Satışı X15“ MMC-nin İddiaçı2, İddiaçı3, İddiaçı4 və məlumat üçün "xxxx" ASC-nə və Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli, 02/1501 saylı təklifin surətinə əsasən Sabunçu Rayon İcra və Probasiya Şöbəsinin 5229-3953/17 saylı xx.xx.2020-ci il tarixli sifariş məktubuna əsasən ipoteka yüklü Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Yavər Əliyev küçəsində yerləşən 0.078 ha torpaq sahəsinin təkrar hərracının baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin xx.xx.2020-ci il tarixli nömrəsində elan dərc edilmişdir. “İpoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə yəni 191.250 manat olmaqla ipoteka saxlayana təklif olunur. “İpoteka Haqqında” qanunun 43.7, 43.8-ci maddələrinə uyğun olaraq ipoteka saxlayan 30 təqvim günü ərzində ipoteka predmetini əldə etdiyi halda AR “Mülki Məcəlləsi”-nin 298.2, 319.3.5 maddələrinə müvafiq isə hərracın xidmət haqqını ödədikdən sonra protokol tərtib olunur. Nəzərə alınsın ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2018-ci il 30 noyabr tarixli 1356 VQD nömrəli qanunun 150.1.13, 150.3-1 həmçinin 220.8, 220.8.1 maddələrinə uyğun olaraq alıcı və ya ipoteka predmetini əldə edən yaşayış, qeyri-yaşayış və torpaq sahələrinin ödəmə mənbəyindən tutulan sadələşdirilmiş vergini protokol əldə etməzdən öncə ödəməlidir. İş materiallarında olan Hərracın yekunları barədə xx.xx.2020-ci il tarixli, 38/08 nömrəli protokolunun surətinə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1590/2015 saylı xx.xx.2015-ci il tarixli icra vərəqəsinə və Sabunçu Rayon İcra və Probasiya Şöbəsinin 5229-3953/17 saylı xx.xx.2020-ci il tarixli sifariş məktubunun və Ləğv prosesində olan "xxxx" ASC-nin müvafiq məktubunun icrasına əsasən ilkin hərrac qiyməti 300.000 manat və təkrar hərracdakı ilkin satış qiyməti 255.000 manat olan X4, İddiaçı4, İddiaçı2, İddiaçı3 və X1 mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Yavər Əliyev küçəsində yerləşən 0.078 ha torpaq sahəsi 191.250 manata ipoteka saxlayan Ləğv prosesində olan "xxxx" ASC-nin nümayəndəsi X9 əldə etmişdir. İş materiallarında olan Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2020ci il tarixli müqavilənin surətinə əsasən X5, İddiaçı4, İddiaçı2, İddiaçı3 və X3 məxsus Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Yavər Əliyev küçəsində yerləşən 0.078 ha torpaq sahəsi Hərracın keçirilməsinə şərait yaradan və protokol tərtib edən: “Daşınar və Daşınmaz Əmlakların Satışı X15” MMC tərəfindən tələbkar Ləğv prosesində olan "xxxx" ASC-nin nümayəndəsi X8 191.250 manata satılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətinə əsasən Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Yavər Əliyev küçəsində yerləşən 0.078 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ kimi Ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə yüklü edilmiş, əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Buna görə də məhkəmə hesab edir ki, hərracla bağlı proseslər 2020-ci il tarixində olduğundan Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən mübahisəli hüquq münasibətlərinin yarandığı zaman Azərbaycan Respublikası “İpoteka haqqında” Qanununun dəyişiklikdən sonrakı müvafiq müddəaları tətbiq olunmalıdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. “İpoteka haqqında” Qanunun: 41.2-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. 41.3-cü maddəsinə əsasən, hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. 42.3-cü maddəsinə əsasən, istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir. 42.4-cü maddəsinə əsasən, hərracda iştirak edən ipoteka saxlayan beh ödəmir. Hərracı udduğu halda, ipoteka saxlayan tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunur. 42.6-cü maddəsinə əsasən, hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. 42.8-ci maddəsinə əsasən, hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 53.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. 62.2-ci maddəsinə görə hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilir ki, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Yavər Əliyev küçəsində yerləşən 0.078 ha torpaq sahəsi Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1590/2015 saylı xx.xx.2015-ci il tarixli icra vərəqəsinə və Sabunçu Rayon İcra və Probasiya Şöbəsinin 5229-3953/17 saylı xx.xx.2020-ci il tarixli sifariş məktubuna əsasən hərrac təşkil olunmuşdur. Əmlakın ilkin hərrac qiyməti 300.000 manat, əmlakın 15% endirimlə 255.000 manat, 25% aşağı qiyməti 191.250 manat olmaqla Ləğv prosesində olan "xxxx" ASC-nin balansına keçirilmişdir. Bununla bağlı xx.xx.2020-ci il tarixdə hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə imzalanmışdır. Bununla yanaşı məhkəmə qeyd edir ki, “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyi də nəzərə alaraq qeyd edir ki, həmin qərarında Konstitusiya Məhkəməsi MM-in 415.2-ci maddəsində nəzərdə tutulmuş bildirişin ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edildiyini və bu maddənin hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoymadığını, yalnız “İpoteka haqqında” Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışlarının fərqləndirildiyini, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsinin nəzərdə tutulduğunu vurğulamışdır. Məhkəmə iddia tələbinin dəlilləri ilə bağlı qeyd edir ki, “Daşınar və Daşınmaz Əmlakların Satışı X15” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən bildirişlər göndərilmişdir. Hərracın keçirilməsi barədə bildirişlərin göndərilməsinə dair qəbzlər iş materiallarına əlavə olunmuşdur. “İpoteka haqqında” 42.1-ci maddəsi hərracın təşkilatçısının hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirməsini, ipoteka saxlayana və ipoteka qoyana bildirişin göndərilməsini nəzərdə tutur. Məhkəmə qeyd edir ki, iş materiallarından da, görünür ki, hərracın keçirilməsi qanunvericiliyin tələblərinə uyğun olaraq təşkil edilmiş, hərracın keçiriləcəyi yer və vaxtı barədə tərəflərə bildirişlər göndərilmiş, eyni zamanda “Birja Yenilikləri” qəzetlərində elanlar verilmişdir. Göründüyü kimi qanunvericiliyin tələblərinə uyğun olaraq hərracın keçirilməsini təşkil edilmiş və bununla əlaqədar tərəflərin rəsmi qeydiyyatda olduqları ünvanlara müvafiq bildirişlər göndərilmiş, Birja Yenilikləri qəzetində elanlar vermişdir. Nəticədə ipoteka predmeti olan əmlak hərracda satılmamış və qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq tələbkar Ləğv prosesində olan "xxxx" ASC-nə təklif olunmuş, tələbkar isə həmin əmlakı qəbul edərək balansına götürmüşdür. Belə olan halda məhkəmə hesab edir ki, ipoteka ilə yüklü edilmiş X5, İddiaçı4, İddiaçı2, İddiaçı3 və X3 məxsus Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Yavər Əliyev küçəsində yerləşən 0.078 ha torpaq sahəsi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun, “İpoteka haqqında” Qanunun və Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda qeyd olunan maddələrinin tələblərinə uyğun olaraq hərrac vasitəsilə özgəninkiləşdirilmişdir. Bu səbəbdən də iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından göründüyü kimi, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Yavər Əliyev küçəsində yerləşən 0.078 ha torpaq sahəsinin satılmasına dair hərracın yekun protokolu xx.xx.2020ci il tarixdə tərtib olunmuş və həmin tarixdə də hərrac təşkilatı ilə ipoteka saxlayan arasında müqavilə bağlanmışdır. Lakin iddiaçı iddia ərizəsində 12 oktyabr 2020-ci il tarixli hərracın yekunları üzrə protokolun və alqı-satqı müqaviləsinin etibarsızlığı tələbini irəli sürmüşdür. Mülki işə əlavə olunmuş xx.xx.2020-ci il tarixli hərracın keçirilməsinə dair 02 nömrəli bildirişdən göründüyü kimi həmin tarixdə təkrar hərrac keçirilmişdir, yəni yekun protokol həmin tarixdə tərtib olunmamışdır. Hər bir halda iddiaçılar Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Yavər Əliyev küçəsində yerləşən 0.078 ha torpaq sahəsinin satılmasına dair hərracı mübahisələndirdiklərindən məhkəmə həmin əmlakla bağlı keçirilmiş hərraca hüquqi qiymət verməyi zəruri hesab etmişdir. O da qeyd olunmalıdır ki, iddiaçılar daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim etmişlər. Həmin ərizədə yuxarıda sözügedən texniki nöqsan aradan qaldırılmaqla məhz xx.xx.2020-ci il tarixli yekun protokol mübahisələndirilmişdir. Lakin qeyd olunan ərizə prosessual qanunvericiliyin tələbinə əsasən, gecikdirilməklə verildiyindən icraata qəbul edilməmişdir. Bundan əlavə iddiaçıların iddia tələbinin dəlillərindən biri də o olmuşdur ki, əmlakın satış qiyməti düzgün müəyyən edilməmiş, əmlak ilkin satış qiymətinin enmiş faiz dərəcəsi olan 25%-dən də aşağı qiymətə satılmışdir. Belə ki, əmlak ilkin satış qiymətinin, yəni 140.000 ABŞ dollarının enmiş faizi 25 %-indən az olmayan məbləğə satılsa idi o, ən pis halda 105.000 ABŞ dollarına satılmalı idi. Lakin mənzil 89.250 ABŞ dollarına satılmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, əmlakın məhz 105.000 ABŞ dolları dəyərində satılmalı olmasına dair məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmiş, əksinə məhkəmənin sorğusuna əldə olunmuş hərrac təşkilatının cavab məktubundan müəyyən olunmuşdur ki, mübahisəli əmlak ipoteka saxlayana 25 faiz az olmayan qiymətə yəni 191250 manata təklif olunmuş və həmin qiymətə də ipoteka saxlayanın balansına keçmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Respublika Xammal və Əmtəə Birjası “Daşınar və Daşınmaz Əmlakların Satışı X15” MMC-nə və Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Əmanətlərin Sığortalanması Fondu” cəlb edilməklə) “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Qeyd olanlara əsasən, habelə Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Respublika Xammal və Əmtəə Birjası “Daşınar və Daşınmaz Əmlakların Satışı X15” MMC-nə və Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Əmanətlərin Sığortalanması Fondu” cəlb edilməklə) “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar