Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3485/2023 12.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Təhminə Nizami qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı Cavabdeh qarşı alimentin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh birgə nikahdan anadan olmuş xx.xx.2007-ci il təvəllüdlü X4, xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 3 uşağa görə qazancın (və başqa gəlirlərin) yarısının aliment olaraq tutulmasını və İddiaçı ödənilməsinə dair qətnamə qəbul olunmasını xahiş etdi. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh xx.xx.2009-cu ildə Nərimanov Rayon Qeydiyyat şöbəsində rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Tərəflərin birgə nikahdan 3 övladı dünyaya gəlmişdir. 1) xx.xx.2007-ci il təvəllüdlü X4- (doğum haqqında şəhadətnamənin seriya nömrəsi AZ-İİ №375669); 2) xx.xx.2010-cu il təvəllüdlü X7-(doğum haqqında şəhadətnamənin seriya nömrəsi AZ-İİ №422227); 3) xx.xx.2020-ci il təvəllüdlü X5- (doğum haqqında şəhadətnamənin seriya nömrəsi AZ-İV №501264). İddiaçı ilə Cavabdeh evləndikləri ilk vaxtlar cavabdehlə nisbətən sakit həyat yaşamalarına baxmayaraq, çox keçməmiş xasiyyətlərindəki uyğunsuzluq səbəbindən münasibətləri korlanmağa başlamışdır. Belə ki cavabdeh ailəsinə qarşı kobud rəftar edərək, övladlarına və yoldaşına qarşı çox soyuq münasibət göstərməyə başlamışdır. Və bu da normal olaraq ailə daxilində ər-arvad arasında mütəmadi olaraq söz-söhbət, narazılığa gətirib çıxartmışdır. Artıq uzun müddətdir ki, Cavabdeh 3 uşağı olduğunu unutmuşdur. Uşaqları ilə maraqlanmır. Bu səbəbdən də İddiaçı Cavabdeh qarşı “Aliment tələbi ilə” ilk öncə Mediasiya təşkilatına müraciət etmişdir. Lakin cavabdeh iştirak etmək zərurəti duymadığından, İddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 tərəflər arasında nikahın pozulması və uşaqların himayəsinə dair işin Qazax Rayon Məhkəməsinin icraatında olduğunu, tərəflərə barışıq üçün 3 ay vaxt verildiyini, hazırki iddia tələbi ilə isə iddiaçın faktiki yaşadığı ünvan üzrə Bakı Şəhəri Nərimanov rayon Məhkəməsinə müraciət etmək qərarına gəldiklərini bildirərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 cavabdehin rəsmi iş yerinin və daimi gəlirlərinin olduğunu bildirərək iddia tələbini qəbul etdiyini bildirdi. Əsaslandırıcı hissə: a)Mülki işin materialları Bakı Şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 1100 nömrəli arayışdan görünür ki, Cavabdeh və X2 arasında nikah xx.xx.2009-cu il tarixdə akt qeydləri kitabında 527 nömrəli qeyd aparılmaqla rəsmiləşdirilmişdir. Qazax Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş AZ-İİ 422227 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2010-cu il tarixdə Qazax rayonu Yuxarı Salahlı kəndində doğulmuşdur. Atası Cavabdeh¸ anası İddiaçıdır. Qazax Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş AZ-İİ 375669 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2007-ci il tarixdə Qazax rayonu Yuxarı Salahlı kəndində doğulmuşdur. Atası Cavabdeh¸ anası İddiaçıdır. 1 saylı Bakı “Asan xidmət” X6 tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İV 501264 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: Tərəflər xx.xx.2009-cu rəsmi nikaha daxil olmuşlar. Onların birgə nikahından xx.xx.2007-ci il təvəllüdlü X4, xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X5 doğulmuşdur. Cavabdeh nikahın pozulması və uşaqların ananın himayəsində qalmasına dair iddia ərizəsi üzrə mülki iş Qazax Rayon Məhkəməsinin icraatındadır. İddiaçı faktiki yaşadığı ünvan üzrə Bakı Şəhəri Nərimanov rayon Məhkəməsinə müraciət edərək, cavabdehin uşaqların saxlanılmasında iştirak etmədiyini bildirir və cavabdehin daimi gəlirləri olması səbəbindən uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən gəlirlərinin yarısı həcmində aliment tutulmasını xahiş edir. Cavabdeh tərəf iddianı qəbul etmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsinin) 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 76-cı maddəsinə əsasən Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 3 və daha çox uşağa görə— qazancın (başqa gəlirlərin) yarısı miqdarda aliment tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə ilk olaraq qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Məhkəmə həmçinin qeyd edir ki, qanunvericiliyə görə aliment 2 formada tutula bilər: qazancın və başqa gəlirlərin müəyyən hissəsi kimi və sabit pul məbləğində. Mülki iş materiallarında cavabdeh tərəfin iddianı etirafetməsini və rəsmi iş yerinin, daimi gəlirlərinin olmasını bildirməsini nəzərə alaraq məhkəmə alimentin onun qazancının və (və ya) başqa gəlirlərinin 1/2 hissəsi məbləğində tutulmasını məqbul hesab edir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; 52.5-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, yuxarıda göstərilən əsaslara görə hesab edir ki, iddia təmin edilməli, İddiaçı Cavabdeh ilə birgə nikahından olan xx.xx.2007-ci il təvəllüdlü X4, xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay onun qazancının (başqa gəlirlərin) 1/2 hissəsi (yarısı) həcmində aliment tutularaq İddiaçı verilməlidir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən qətnamə dərhal icra edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2007-ci il təvəllüdlü X4, xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay onun qazancının (başqa gəlirlərin) ½ hissəsi (yarısı) həcmində aliment tutularaq İddiaçı verilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aytən Novruzova
Məhkəmə qərarları › İş №e-2(005)-3485/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3485/2023
12.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver