Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3486/2023 22.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı “əmək haqqının, ödənilməmiş məzuniyyət haqqının və peniyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı “əmək haqqının, ödənilməmiş məzuniyyət haqqının və peniyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən 13601,58 manat ödənilməmiş əmək haqqı borcunun, habelə ödənilməmiş məzuniyyət haqqı borcunun alınıb ona ödənilməsi, 13601,58 manat məbləğində əmək haqqını ödəmədiyi üçün hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödəncin ödəniş gününə qədər hesablanmaqla alınıb ona ödənilməsi, hüquqi yardıma görə vəkilə ödənilmiş 300 manat haqqın və Bakı 3 saylı Mediasiya təşkilatına ödənilmiş 50 manat haqqın alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, "xxxx" ASC ilə aralarında bağlanmış xx.xx.2022ci il tarixli Əmək müqviləsinə əsasən "xxxx" ASC-nin Tender üzrə koordinator vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsinə əsasən onun əmək haqqı aylıq vergilər və digər ödənişlər xaric 6800,79 manat müəyyən edilmişdir. Sonuncu əmək haqqı xx.xx.2023-cü il tarixdə 2022-ci ilin dekabr ayının əmək haqqı kartına köçürülmüşdür. Ərizəsi əsasında "xxxx" ASC rəhbərliyinin xx.xx.2023-cü il tarixli, 06 nömrəli əmri ilə əmək müqaviləsinə xitam verilmişdir. Lakin cavabdeh 2023-cü ilin yanvar və fevral ayları üçün hesablanmış əmək haqqını və son haqq-hesabı ödəməmişdir. Dəfələrlə cavabdeh ASC-nin rəhbərliyinə müraciət etsə də, hər gün əmək haqqını ödəməyi vəd versələr də, ödəməkdən yayınmışlar. Bununla bağlı əmək müfəttişliyinə də şikayət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, 06 nömrəli əmrin surətindən görünür ki, “Tender və texniki şöbənin koordinatoru” vəzifəsində işləmiş İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xx.xx.2023-cü il tarixdən xitam verilməsi və son haqq-hesabın verilməsi qeyd edilmişdir; Bank çıxarışından görünür ki, İddiaçı bank hesabına xx.xx.2022-ci il tarixdə və xx.xx.2023-cü il tarixdə 6800,79 manat məbləğində əmək haqqı köçürülmüşdür; xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən Nümayəndə hesabına hüquqi yardıma görə 300 manat pul ödənilmişdir; İP/AK/09-17-07 nömrəli əmək müqaviləsinin surətindən görünür ki, “işəgötürən” "xxxx" ASC tərəfindən “işçi” İddiaçı xx.xx.2022-ci il tarixdən başlayaraq, “Tender üzrə koordinator” vəzifəsinə işə qəbul edilmiş, hər ay vergilər və digər ödənişlər daxil olmaqla 7846 manat məbləğində əmək haqqı ödənilir; İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, "xxxx" ASC xx.xx.2023-cü il tarixdə keçirilmiş ilkin mediasiya sessiyasında iştirak etməmişdir. 50 manat məbləğində mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı xx.xx.2022ci il tarixdə "xxxx" ASC-yə “Tender üzrə koordinator”vəzifəsinə işə qəbul edilmiş və xx.xx.2023-cü il tarixdə tutduğu vəzifədən öz xahişi ilə azad olunmuşdur. Aylıq əmək haqqı hər ay vergilər və digər ödənişlər daxil olmaqla 7846 manat təşkil etmişdir. Hazırda iddiaçı 2023-cü ilin yanvar və fevral ayları üçün ödənilməmiş əmək haqqının, ödənilməmiş məzuniyyət haqqı borcunun və əmək haqqının ödənilmədiyi hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödəniş gününə qədər hesablanmaqla dəbbə pulunun ödənilməsini tələb edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 154.1-ci maddəsinə əsasən əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 83-cü maddəsinin 2-ci hissəsinin tələblərinə görə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 135-ci maddəsini 2-ci hissəsinə və 144-cü maddəsinin 2-ci hissəsinə əsasən işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. 172-ci maddəsinin 4-cü hissəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gündə verilir. Məhkəmə yuxarıda göstərilən müddəaların tələblərinə istinadən iddia tələbinin “istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi kompensasiyanın ödənilməsi” barədə tələbi ilə bağlı qeyd edir ki, iddiaçının istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzini tələb etmək hüququ əmələ gəlmiş və cavabdeh iddiaçıya istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzini (kompensasiyanı) ödəməlidir. Məhkəmə iddia tələbinin “əmək haqqı ödəmədiyi üçün hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödəncin ödəniş gününə qədər hesablanmaqla cavabdehdən alınaraq iddiaçıya ödənilməsi” hissəsində qeyd edir ki, iddia həmin hissədə də təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə görə Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” 11 aprel 2023-cü il tarixli Qərarına görə əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, 2023-cü ilin yanvar və fevral ayları üzrə ödənilməmiş əmək haqqı məbləği və xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək dövr üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi (kompensasiya məbləği) cavabdeh "xxxx" ASC-dən İddiaçı xeyrinə tutulmalıdır. Bundan başqa əmək haqqı ödəmədiyi üçün hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödəncin ödəniş gününə qədər hesablanmaqla cavabdeh "xxxx" ASC-dən alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə iddia tələbinin “hüquqi yardıma görə vəkilə ödənilmiş 300 manat haqqın və Bakı 3 saylı Mediasiya təşkilatına ödənilmiş 50 manat haqqın cavabdehdən alınaraq iddiaçıya ödənilməsi” hissəsində qeyd edir ki, iddia həmin hissədə də təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən ona hüquqi yardım göstərilməsi vəkil bürosunun hesabına 300 manat məbləğində pul köçürülmüşdür. Məhkəmə vəkilə ödənilmiş 300 manat pulun ağlabatan məbləğ olduğunu və kreditorun öhdəliyin icra edilməməsi nəticəsində çəkdiyi xərclərin əvəzini tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, iddia həmin hissələrdə də təmin edilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinin tələblərinə görə “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Mediasiya xərci kimi ödənilmiş 50 manat məbləğində pul cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 2023-cü ilin yanvar, fevral ayları üzrə ödənilməmiş əmək haqqı məbləği və xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək dövr üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi (kompensasiya məbləği) cavabdeh "xxxx" ASC-dən İddiaçı xeyrinə tutulsun. Əmək haqqı ödəmədiyi hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödəncin ödəniş gününə qədər hesablanmaqla cavabdeh "xxxx" ASC-dən alınaraq İddiaçı ödənilsin. Hüquqi yardım göstərilməsinə görə vəkilə ödənilmiş pulun əvəzi olaraq 300 manat məbləğində pul cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilsin. Mediasiya xərci kimi ödənilmiş 50 (əlli) manat məbləğində pul cavabdeh "xxxx" ASCdən tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada veridiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev
Məhkəmə qərarları › İş №e-2(005)-3486/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3486/2023
22.11.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver