Məhkəmə qərarları › İş №e-2(005)-3772/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3772/2021

23.09.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3772/2021 23.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Körpü Tunel Tikinti“ Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı əmək haqqı və pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Körpü Tunel Tikinti“ Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı əmək haqqı və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Körpü Tunel Tikinti“MMC-dən iddiaçıya ödənilməli olan 9891 manat ödənilməmiş əmək haqqı borcunun, 3639.43 manat ödənilməmiş məzuniyyət haqqı borcunun və cavabdehin 07.07.2021-ci il tarixinədək əmək haqqını və məzuniyyət haqqını ödəmədiyi üçün hər gecikdirilmiş gün üçün əmək haqqının və məzuniyyət haqqının bir faizi məbləğində hesablanmış 9319,32 manat ödənc borcunun alınıb iddiaçıya ödənilməsi, həmçinin hüquqi yardıma görə vəkilə ödənilmiş 200 manat haqqın alınıb iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh “Körpü Tunel Tikinti“Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra cavabdeh adlandırılacaq) arasında bağlanmış 29 noyabr 2019-cu il tarixli Əmək müqviləsinə əsasən, iddiaçı, “Körpü Tunel Tikinti” MMC-nə Direktor müavini (maliyyə məsələləri üzrə) vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsinə əsasən iddiaçının əmək haqqının aylıq vergilər və digər ödənişlər də daxil 2810.00 manat müəyyən edilmişdir. 2020-ci ilin dekabr ayının sonuna kimi iddiaçının maaş kartına 2500 manat əmək haqqı köçürülürmüşdür. İcbari tibbi sığorta haqqı ödənişinin tətbiqi ilə əlaqədar 2021-ci il yanvar ayından etibarən maaş kartıma köçürülən əmək haqqı 2472, 75 təşkil edirdi. Cavabdeh Körpü Tunel Tikinti“ MMC-ninin ümimi şöbəsinin baş mütəxəssisi iddiaçıya 25.05.2021-ci il tarixli, əmək müqaviləsinə xitam verilməsi barədə bildiriş təqdim edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış 29.11.2019cu il tarixli əmək müqaviləsinin müddətinin 29.05.2021-ci il tarixində bitdiyini, müqavilənin müddətinin uzadılmasının nəzərdə tutulmadığını, buna görə də iddiaçının son iş gününün 31.05.2021-ci il tarixi hesab ediləcəyini bildirmişlər. Beləliklə “Körpü Tunel Tikinti“ MMC-nin direktorunun 31.05.2021-ci il tarixli, 71 saylı əmri ilə iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən 31.05.2021-ci il tarixdən xitam verilməsi; İddiaçı 29.11.2019-cu il tarixdən 31.05.2021-ci il tarixinədək olan iş dövrü üçün istifadə etmədiyi əsas əmək məzuniyyətlərinə görə pul əvəzinin ödənilməsi qərara alınmışdır. Lakin cavabdeh nə son haqq hesab, məzuniyyət pullarını, nə də 4 aylıq (fevral-may 2021-ci il üçün) 2472.75x 4ay=9891 manat əmək haqqını iddiaçıya ödəməmişdir. Dəfələrlə cavabdeh MMC-nə müraciət etsə də, hər gün iddiaçıya əmək haqqını ödəməyi vəd versələr də ödəməkdən yayınmışlar. Bununla bağlı iddiaçı əmək müfəttişliyinə də şikayət etmişdir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hal-hazırda cavabdeh MMC-nin iddiaçıya 9891 manat ödənilməmiş əmək haqqı borcu, 3639.43 manat ödənilməmiş məzuniyyət haqqı borcu və 07.07.2021 -ci il tarixinədək əmək haqqını və məzuniyyət haqqını ödəmədiyi üçün hər gecikdirilmiş gün üçün əmək haqqının və məzuniyyət haqqının bir faizi məbləğində 9319,32 manat ödənc borcu vardır. İddiaçı sonradan iddia ərizəsinə dəqiqləşdirilmə ərizəsi təqdim edərək, cavabdeh “Körpü Tunel Tikinti“ MMC-dən 9891 manat ödənilməmiş əmək haqqı borcunun alınıb iddiaçıya ödənilməsi, əmək müqaviləsinə xitam verilən günə qədər istifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiyanın cavabdehdən alınıb iddiaçıya ödənilməsi, əmək haqqını ödəmədiyi üçün hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödəncin ödəniş gününə qədər hesablanmaqla cavabdehdən alınıb iddiaçıya ödənilməsi, hüquqi yardıma görə vəkilə ödənilmiş 200 manat haqqın cavabdehdən alınıb iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə izahat verərək iddia tələbinin təmin edilməsinə dair qətamə qəbul edilməsini xahiş etdi. Cavabdeh “Körpü Tunel Tikinti“ Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini qismən qəbul etdiyini bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. İş materiallarında olan ******* nömrəli əmək kitabçasından, KTT00793 saylı əmək müqaviləsindən, 25 may 2021-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi haqqında bildirişdən müəyyən olunur ki, İddiaçı 29.11.2019-cu il tarixli. 803 nömrəli əmr əsasında “ örpü Tunel Tikinti“ MMC-nə Direktor müavini (maliyyə məsələləri üzrə) vəzifəsinə işə qəbul K edilmişdir. Əmək nüqaviləsinə 31.05.2021-ci il tarixli, 71 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən 31.05.2021-ci il tarixində xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 XidmətiBakı şəhər idarəsi tərəfindən 12.07.2021-ci il tarixdə verilmiş müraciətə cavab məktubundan müəyyən edilir ki, 29.11.2019-cu il tarixli müddətli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən 31.05.2021-ci il tarixində xitam verildiyi, son haqq-hesabın isə ödənilmədiyi müəyyən edilmiş, bu səbəbdən Cavabdeh direktoru A.Məmmədov barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən 12.07.2021-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan hüquqi yardım göstərilməsi haqqında 61 nömrəli müqavilədən, 02 iyul 2021-ci il və 03 iyul 2021-ci il tarixli mədaxil qəbzlərindən müəyyən edilir ki, hüquqi yardıma görə haqq 200 manat müəyyən olunmuş və iddiaçı tərəfindən ödənilmişdir. Mülki işin araşdırılmış halları ilə iddiaçının cavabdeh təşkilatlarda əmək müqaviləsinə əsasən işləməsi və əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar işdən azad olunması müəyyən edilmişdir. İddiaçı ona işdən azad olunarkən əmək haqqının ödənilməməsini iddia edir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Konstitusiyanın 35-ci maddəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 16.1-ci maddəsinə əsasən“əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə“gücləndirilmiş elektron imza vasitəsi ilə“daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-2-ci maddəsinə əsasən “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş şəxslərlə əmək münasibətləri həmin Qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə cəmiyyətin elektron kabinetinə göndərildiyi andan yaranır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.1-ci maddəsinə əsasən əmək aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.4-cü maddəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.5-ci maddəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının cavabdeh hüquqi şəxsdə işləməsi və vəzifədən azad olunarkən ona əmək haqqının və son haqq hesabın ödənilməməsi iş materialları ilə öz təsdiqini tapdığından iddia qismən təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən və rüsumun iddiaçı tərəfindən cavabdehdən tutulması tələb edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və hüquqi yardıma görə vəkilə ödənilmiş 200 manat haqq cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 2021-ci ilin fevral-may ayları üçün ödənilməmiş əmək haqqı, əmək müqaviləsinə xitam verilən günə qədər istifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiya və əmək müqaviləsinə xitam verilən günə qədər istifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiya, əmək haqqını ödəmədiyi üçün hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödənc ödəniş gününə gədər hesablanıb “Körpü Tunel Tikinti“MMC-dən alınıb İddiaçı ödənilsin. İddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və hüquqi yardıma görə vəkilə ödənilmiş 200 manat haqq Cavabdeh MMC-dən alınıb İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar