Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3782/2025 18.12.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızı Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti,X1 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "əmək haqqının ödənilməsi" tələbinə dair iddia ərizəsi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi və onun dəlilləri İddiaçı Cavabdehnə qarşı "əmək haqqının ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işəgötürən Bağ Evim MMC tərəfindən iddiaçıya ödənilməmiş əmək haqqı – ümumi məbləğ 5700 manat məbləğində tutulub ödənilməsi, əmək haqqının gecikdirilməsinə görə qanunvericiliklə nəzərdə tutulan faizlər hesablanaraq əlavə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı, Bağ Evim MMC müəssisəsində Bazar araşdırması üzrə mütəxəssis vəzifəsində xx.xx.2024 tarixindən xx.xx.2025 tarixədək əmək müqaviləsi əsasında işləmişdir. Lakin işəgötürən qanunsuz olaraq əmək haqqı kartı verməmiş və kassa çıxarışı da verməyərək iddiaçıya əmək haqqını tam şəkildə ödəməmiş və işdən azad olma ərizəsi olmadan iddiaçını işdən çıxarmışdır. Belə ki, 2024-cü ilin dekabr ayının 4-ündən 2025-ci ilin fevral ayının 11-inə qədər olan dövr üçün ümumilikdə 5700 manat əmək haqqım ödənilməmişdir.Azərbaycan Respublikası Əmək Məcəlləsinin 155-ci maddəsinə əsasən, əmək haqqının tam və vaxtında ödənilməsi işəgötürənin vəzifəsidir. Əmək hüquqlarının pozulduğunu nəzərə alaraq, məhkəməyə müraciət etməyə məcbur qalmışdır. Cavabdehin etirazı və onun dəlilləri Cavabdeh tərəfindən məhkəməyə yazılı etiraz ərizəsi daxil olmuşdur. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh müəssisənin fəaliyyəti rəsmi qaydada dayandırılmışdır.İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 və Uçotun Təşkili Baş İdarəsinin xx.xx.2025-ci il tarixli rəsmi məktubuna əsasən, iddiaçının ərizəsi üzrə Cavabdeh MMC-nin fəaliyyəti xx.xx.2025 tarifindən xx.xx.2028 tarixinədək dayandırılmışdır. Fəaliyyəti rəsmi qaydada dayandırılmış hüquqi şəxs tərəfindən: işin təşkili, əmək funksiyasının icrası, gəlir əldə edilməsi və əmək haqqının hesablanması obyektiv olaraq mümkün deyildir. Bu hal iddiaçının iddia etdiyi dövrdə əmək münasibətlərinin faktiki mövcudluğunu şübhə altma alır, iddia müddəti ötürülmüşdür (Əmək Məcəlləsinin 296.2-ci maddəsi) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən, əmək haqqının ödənilməsi ilə bağlı fərdi əmək mübahisələri üzrə iddia müddəti 1 (bir) ildir. İddiaçı iddia ərizəsində əmək münasibətlərinin xx.xx.2025-ci il tarixində başa çatdığını göstərmişdir. Lakin iddia xx.xx.2025-ci il tarixində məhkəməyə təqdim edilmişdir. İddiaçı tərəfindən iddia müddətinin ötürülməsinin üzrlü səbəbləri göstərilməmiş və sübut edilməmişdir. Bu səbəbdən iddia iddia müddətinin keçməsi əsası ilə rədd edilməlidir. İddiaçı əmək funksiyasını faktiki olaraq icra etməmişdir. İddiaçı “bazar araşdırması üzrə mütəxəssis” vəzifəsində çalışdığını iddia etsə də, əmək funksiyasının icrasını təsdiq edən hesabatlar, görülmüş işlərə dair aktlar, konkret tapşırıqların yerinə yetirilməsini sübut edən heç bir yazılı və ya elektron sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əsasən, əmək haqqı yalnız faktiki görülmüş işə görə ödənilir. Cavabdeh müəssisənin fəaliyyəti rəsmi qaydada dayandırılması və eləcədə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən, iddia müddətinin ötürülməsi səbəbindən iddiaçının iddia ərizəsi rədd edilməlidir. Həmçinin, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X1 yazılı etiraz ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, iddia faktiki və hüquqi əsaslardan məhrumdur və aşağıdakı səbəblərə görə təmin edilməməlidir. Cavabdeh müəssisənin fəaliyyəti rəsmi qaydada dayandırılmışdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 və Uçotun Təşkili Baş İdarəsinin xx.xx.2025-ci il tarixli rəsmi məktubuna əsasən, iddiaçının ərizəsi üzrə Cavabdeh MMC-nin fəaliyyəti xx.xx.2025 tarixindən xx.xx.2028 tarixinədək dayandırılmışdır. Fəaliyyəti rəsmi qaydada dayandırılmış hüquqi şəxs tərəfindən: işin təşkili, əmək funksiyasının icrası, gəlir əldə edilməsi və əmək haqqının hesablanması obyektiv olaraq mümkün deyildir. Bu hal iddiaçının iddia etdiyi dövrdə əmək münasibətlərinin faktiki mövcudluğunu şübhə altına alır. 2. İddia müddəti ötürülmüşdür (Əmək Məcəlləsinin 296.2-ci maddəsi) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən, əmək haqqının ödənilməsi ilə bağlı fərdi əmək mübahisələri üzrə iddia müddəti 1 (bir) ildir. İddiaçı iddia ərizəsində əmək münasibətlərinin xx.xx.2025- ci il tarixində başa çatdığını göstərmişdir. Lakin iddia xx.xx.2025-ci il tarixində məhkəməyə təqdim edilmişdir. İddiaçı tərəfindən iddia müddətinin ötürülməsinin üzrlü səbəbləri göstərilməmiş və sübut edilməmişdir. Bu səbəbdən iddia iddia müddətinin keçməsi əsası ilə rədd edilməlidir. 3. İddiaçı əmək funksiyasını faktiki olaraq icra etməmişdir İddiaçı “bazar araşdırması üzrə mütəxəssis” vəzifəsində çalışdığını iddia etsə də: əmək funksiyasının icrasını təsdiq edən hesabatlar, görülmüş işlərə dair aktlar, konkret tapşırıqların yerinə yetirilməsini sübut edən heç bir yazılı və ya elektron sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əsasən, əmək haqqı yalnız faktiki görülmüş işə görə ödənilir. Yuxarıda göstərilənləri nəzərə alaraq,Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən, iddia müddətinin ötürülməsi səbəbindən iddiaçının iddia ərizəsi rədd edilməlidir. İddiaçı Tahir oğlu tərəfindən verilmiş iddia ərizəsi əsassız hesab edilərək tam şəkildə rədd edilməsini xahiş edir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cavabdehin iştirakı olmasan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir Mülki işin materialları - Əmək Müqaviləsinə əsasən,”İşəgötürən”- Cavabdeh-X1 “işçi”- İddiaçı arasında xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bağlanılmışdır. “İşçi”- İddiaçı bazar araşdırması üzrə mütəxəssis vəzifəsinə qəbul edilmişdir. Tərəflər arasında əmək müqaviləsi müddətsiz bağlanılmışdır. İşçiyə hər ay 2500 manat məbləğində əmək haqqı ödənilir. İşçi gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmayaraq işləyir. - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 və Uçotun Təşkili Baş İdarəsi tərəfindən Cavabdehnə ünvanlanmış məktubdan görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixli ərizəsinə əsasən faəliyyətlərinin xx.xx.2025-ci il tarixdən xx.xx.2028ci il tarixədək dayandırılması vergi orqanı tərəfindən təmin edilmişdir. - Cavabdeh tərəfindən İddiaçı xx.xx.2025-ci il tarixli müraciətinə cavab olaraq bildirilmişdir ki, Cavabdeh MMC-də əmək hüquqlarınızın pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə ünvanladığınız müraciətə Xidmətin Bakı şəhər İdarəsində baxılmışdır. Müraciətinizlə əlaqədar izahatınızın və əmək haqqı bank çıxarışının təqdim edilməsi məqsədilə ünvanınıza (AZ1116, ünvan 22-B-38389/2025 saylı xx.xx.2025-ci il tarixli məktub göndərilmiş, Bakı şəhəri üzrə hər hansı DOST mərkəzlərindən birinə dəvət olunmuşdunuz. Tərəfinizdən müvafiq izahat təqdim edilmişdir .Araşdırma zamanı Cavabdeh MMC-nin ünvanına (AZ1052, Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi, ev 125A, mənzil 32) 3-17- 5/2-38392/2025 saylı xx.xx.2025- cü il tarixli məktubla müraciət olunaraq Sizə aid olan sənədlərin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinin tələblərinə müvafiq olaraq təqdim edilməsi xahiş olunmuşdur. Tələb olunan sənədlərin təqdim olunması müəssisə tərəfindən təmin edilmədiyindən müraciətinizin araşdırılmasını başa çatdırmaq mümkün olmamışdır. Tərəfimizdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsisteminə baxış keçirilərkən sizinlə Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixində bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində, xx.xx.2024-cü il tarixində bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) xitam verildiyi müəyyən edilmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar xx.xx.2026-cı il tarixədək dayandırıldığından müraciətdə göstərilən halların yerində araşdırılması və müvafiq tədbirlərin görülməsi mümkün olmamışdır.Cavabdeh MMC tərəfindən sənədlər X2 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim ediləcəyi təqdirdə müraciətinizə yenidən baxılaraq cavablandırılacaqdır”. - Azərbaycan Respublikasının Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti tərəfindən İddiaçı ünvanlanan məktubdan görünür ki, müraciətdə qeyd olunan məsələlərə aydınlıq gətirmək üçün izahata ehtiyac olduğunu və əmək haqqı bank çıxarışının təqdim edilməsi ilə əlaqədar 7(yeddi) iş günü ərzində Siz (şəxsiyyət vəsiqəsi ilə) Bakı şəhəri üzrə hər hansı “DOST” Mərkəzlərindən birinə dəvət olunması bildirilmişdir. - Bakı 10 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2025-ci il tarixli arayışın surətindən görünür ki, ilkin mediasiya sesiyasında İddiaçı ilkin mediasiya sessiyasında iştirak edərək, 60 manat mediasiya haqqı ödəmişdir. - Cavabdeh tərəfindən “işçi”- İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilmişdir. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsinin: Maddə 35. Əmək hüququ. İ. Əmək fərdi və ictimai rifahın əsasıdır. İİ. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. İV. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 2.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 3-cü maddəsinin 5 və 5-1-ci bəndlərinə əsasən əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. 7-ci maddəsinin 2-ci bəndinə əsasən Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. 43.1-ci maddəsinə əsasən əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. 44-cü maddəsinə əsasən əmək müqaviləsi bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda kağız daşıyıcıda, digər hallarda isə elektron sənəd formasında bağlanılır. Tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. 42-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən isə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə və 69.2-ci maddəsinə uyğun olaraq tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinin xitam verilməsi əsaslarından biridir. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. 12-ci maddəsinin “c” bəndinə əsasən əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrindən biridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 iyun 2014-cü tarixli № 183 qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın 3.4-cü bəndinə əsasən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 172.1-ci maddəsinə əsasən əmək aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. 172.4-cü maddəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. 172.5-ci maddəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. 296.1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. 296.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 296.4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. 296.7. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.i Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. İşə baxan məhkəmənin mövqeyi İşçinin əmək müqaviləsi üzrə əsas hüququ qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaqdır. Odur ki, işçilərin vaxtında, tam məbləğdə və ədalətli əmək haqqı alması təmin edilməlidir. Beləliklə, qanunvericiliyin qeyd edilən normalarının müqayisəli təhlilindən göründüyü kimi, işçinin əmək müqaviləsi üzrə əsas hüququ qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaqdır. Odur ki, işçilərin vaxtında, tam məbləğdə və ədalətli əmək haqqı alması təmin edilməlidir. Əmək müqaviləsinin şərtlərindən biri vaxtında işçiyə əmək haqqının ödənilməsidir. Bu şərt əmək müqaviləsinin əvəzli xarakterindən irəli gəlir, əmək müqaviləsi bağlanarkən tərəflər işçinin müəyyən növdən və ixtisasdan asılı olan əməyi hansı miqdarda yerinə yetirməli olduğu və işgötürənin bu əməyə görə hansı miqdarda əmək haqqını ödəməli olduğu barədə razılığa gəlirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Qeyd olunmalıdır ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur. Sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hallar təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məhkəmə hansı halların sübuta yetirilməli olduğunu təsbit etdikdən sonra həmin halların sübut edilməsi yükünün kimin üzərinə düşdüyünü müəyyən etməlidir. Mülki işin materiallarından, o cümlədən tərəfin izahatlarından müəyyən edilir ki, iddiaçı ilə Cavabdeh MMC arasında 2024-cü ilin dekabr ayının 4-də arasında əmək müqaviləsi imzalanmış, müqaviləyə xx.xx.2025-ci il tarixdə xitam verilmişdir. Əmək müqaviləsi üzrə iddiaçının əmək haqqı 2500 manat nəzərdə tutulmuşdur. Cavabdeh iddiaçıya əmək haqqının ödənilməməsi dəlilini mübahisələndirməmiş, lakin iddia müddətinin tətbiqi barədə ərizə təqdim etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı iddia müddətini ötürməmişdir. Belə ki, iddiaçının əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə xitam verilmiş, iddiaçı xx.xx.2025-ci il tarixdə müdiasiya təşkilatına, xx.xx.2025-ci il tarixdə isə məhkəməyə müraciət etmişdir. Beləliklə, iddiaçı tərəfindən bir illik iddia müddəti ötürülməmişdir. Digər tərəfdən cavabdeh etiraz ərizəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdən etibarən fəaliyyətini dayandırmışdır; bu səbəbdən də ondan hər hansı əmək haqqının tutulması tələb edilə bilməz. Məhkəmə bu dəlillə də razılaşmır. Belə ki, iddiaçı xx.xx.2025-ci il tarixdən etibarən əmək funksiyalarını icra etmiş (bunu təkzib edən hər hansı sübut təqdim edilməyib), lakin ona əmək haqqı ödənilməyib. Vergi ödəyicisinin fəaliyyəti dayandırılması muzdlu işçilərin əmək haqqını ödəmək öhdəliyindən azad etmir. Mülki işin materialları ilə iddiaçının GROSS əmək haqqının 2841.14, NETT əmək haqqının 2500 manat olduğu müəyyən edilir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli və iddiaçıya xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək ödənilməli əmək haqqı məbləği (aylıq əmək haqqı 2500 manat olmaqla) Cavabdeh MMC-dən tutularaq ödənilməlidir. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi üzrə Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə istinadla hər gecikdirilmiş gün üçün cavabdehdən iddiaçının xeyrinə əmək haqqının bir faizi məbləğində ödənc verilməsi üçün hüquqi əsaslar mövcuddur və iddia bu hissədə təmin edilməlidir. Əlavə olaraq qeyd edilməlidir ki, hazırki iddia tələbi daxilində məbləğ üzrə nəticəyə gəlmək üçün Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulan qaydada (hər gecikdirilmiş gün üçün əmək haqqının azı bir faizi məbləğində) hesablama aparılacağı təqdirdə müəyyən ediləcək ödəncin iddiaçının tələb etdiyi məbləğdən artıq olması nəzərə alınmalı və iddiaçının tələb etdiyi məbləğdə iddia tələbinin təmin edilməsi ağlabatan hesab edilməlidir. Əmək Məcəlləsinin 172.5-ci maddəsinin tələblərinə görə əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə uyğun olaraq, işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 il ərzində ödəncin verilməsi barədə məhkəməyə müraciət edə bilər (“Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” 11 aprel 2023-cü il tarixli Qərar). Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh MMC-dən 2024-cü ilin fevral ayının 11dən başlayaraq hər gecikdirilmiş gün üçün aylıq əmək haqqının (2500 manat) bir faiz məbləğində ödənc hesablanmaqla İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi İddia təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək ödənilməli əmək haqqı məbləği (aylıq əmək haqqı 2500 manat olmaqla) tutularaq İddiaçı ödənilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq ödəmənin həyata keçiriləcəyi günədək (faktiki hesablaşma günü daxil olmaqla) hər gecikdirilmiş gün üçün 2500 manat məbləğində əmək haqqının 1%-i məbləğində, yəni hər gün 25 manat məbləğinə ödənc hesablanmaqla Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №e-2(005)-3782/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3782/2025
18.12.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver