Məhkəmə qərarları › İş №e-2(005)-3889/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3889/2025

20.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3889/2025 20.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı uşaqların saxlanması üçün çəkilmiş əlavə xərclərin bölünməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh uşaqların saxlanması ilə bağlı 5388 manat çəkilmiş xərclərin 1/2 hissəsi olan 2694 manat pulun, o cümlədən mediasiya xərci olaraq ödədiyi 61 manat pulun və dövlət rüsumu kimi ödədiyi 50 manat pulun, ümumilikdə 2805 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2008-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan iki övladı – xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X7 dünyaya gəlmişdir. xx.xx.2020-ci il tarixində nikaha qanuni qaydada xitam verilmişdir. Məhkəmə qərarına əsasən, hər iki azyaşlı övlad onun himayəsində yaşayır. Nərimanov Rayon Məhkəməsinin 8(005)-3889/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən, aliment məbləği artırılaraq bir uşaq üçün minimum əmək haqqının 0,68 misli miqdarında müəyyən edilmişdir. Hazırda uşaqlar onunla yaşayır və onların bütün təminatı, gündəlik və əlavə ehtiyacları onun tərəfindən qarşılanır. Uşaqların saxlanması ilə bağlı son üç il ərzində, indiyədək onların təhsil, müalicə, geyim və digər əsas ehtiyaclarına ümumilikdə 5388 manat məbləğində vəsait tərəfindən sərf olunmuşdur. Cavabdeh valideyn həmin dövr ərzində azyaşlı uşağın saxlanmasına maddi baxımdan heç bir dəstək göstərməmişdir. Bu xərclər uşaqların həkim müayinəsi və müalicəsi, təhsili, dünyagörüşlərinin genişlənməsi, yeni dil biliklərinə yiyələnməsi və xarici ölkəyə səfərləri kimi hüquqlarının təmin olunmasına yönəlmiş faydalı və xeyirli işlər üçün sərf olunmuşdur. Bu xərclərdə uşaqların həkimlərdə müalicəsi, təhsili, dünyagörüşünün artması, yeni dil biliklərin yiyələnməsi, xaricə getməsi kimi hüquqlarının qorunması üçün olan xeyirli işlərə çəkilmişdir. Tibbi müalicə ilə əlaqədar olaraq, bir sıra prosedurlar həyata keçirilmişdir. Daha uyğun hesab etdiyi və cavabdehlə ailəli olduğu dövrdə birlikdə apardığı, uşağın öyrəşdiyi həkimlərin müalicəsinə üstünlük verilmişdir. Bu seçim uşağın psixoloji vəziyyətinə mənfi təsir etməməsi, qorxu hissi yaşamaması və özünü rahat hiss etməsi məqsədilə edilmişdir. Cavabdeh iddia tələbinə etiraz ərizəsi təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025 tarixli, 8(005)-200/2025 saylı qətnaməsi ilə onun öhdəliyində olan aliment artıq artırılmış məbləğdə müəyyən edilib və hər ay 492 manat məbləğində ödənilir. Bu, uşaqların gündəlik saxlanması və ehtiyaclarını əhatə edir. İddiaçı tərəfindən təqdim olunan qəbzlərdə göstərilən xərclər — breket (ortodontik prosedur), burun-boğaz müayinələri və dil kursları – tibbi zərurət kateqoriyasına aid edilə bilməz. Ailə Məcəlləsinin 81.2-ci maddəsinə əsasən, bu xərclər yalnız “zəruri və fövqəladə hallarda” bölüşdürülə bilər. Heç bir təqdim olunmuş sənəddə breket və ya digər prosedurların uşaqların sağlamlığını bərpa etmək üçün tibbi zərurət olduğu göstərilmir. Bu, valideynin şəxsi seçimi və daha bahalı klinika seçimi ilə bağlı qərardır (MediClub kimi özəl müəssisə). Onun aylıq gəliri 1200 manatdır. Hazırda 500 manat kirayə haqqı ödəyir. Əlavə olaraq, onun mənzilinin sökülməsi ilə bağlı MTK şirkətinə qarşı mülki məhkəmə işi davam edir. Bu vəziyyətdə onun əlavə 2805 manat ödəmək imkanı yoxdur. Uşaqların xəstəlikləri və tibbi müdaxilələri barədə ona əvvəlcədən məlumat verilmir. Əgər xəbəri olsaydı, bu xərclərin bir hissəsini öz imkanı daxilində qarşılaya bilərdi. Bu səbəbdən, onun razılığı olmadan çəkilən bu xərclər birgə məsuliyyət yarada bilməz. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, 700 manata yaxın təhsillə əlaqədar xərclərdir. Cavabdeh sonuncu dəfə 3 ay əvvəl 100 manat vermişdir. Cavabdeh alimenti ödəmir. Uşaqların müalicəsi ilə bağlı son 3 ilin xərcləridir. Hələ də müalicə gedir. Səhərin dişlərində əyrlik olmuşdur. Bu səbəbdən breket qoyulmuşdur. İddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, qeyd edilmiş xərclər onunla razılaşdırılmamışdır, zəruri xərclər hesab edilmir. Övladı ilə görüşə bilmədiyindən icra məmuruna şikayət vermişdir. İddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-213/2020 saylı,xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2008-ci il tarixdə, Bakı nikah evində 2991 nömrəli akt qeyd ilə bağlanmış nikahın pozulması, xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2010-cu il təvəllüdlü X2 anaları İddiaçı yanında saxlanılmaları, Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması ilə bağlı hər ay hər uşağa 170 (bir yüz yetmiş) manat olmaqla, cəmi 340 manat sabit məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir; - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-200/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)- 1317/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə tutulan alimentin məbləği hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində indeksasiya olunmuşdur; - xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, X2 müalicəsi üçün “Mediclub” klinikasına 70,23 manat ödəniş edilmişdir; - xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, X2 dişlərinin müalicəsi üçün “Mediclub” klinikasına 64,54 manat ödəniş edilmişdir; - xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, X2 dişlərinin müalicəsi üçün “Mediclub” klinikasına 54,52 manat ödəniş edilmişdir; - xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, X2 dişlərinin müalicəsi üçün “Mediclub” klinikasına 81,79 manat ödəniş edilmişdir; - xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, X2 dişlərinin müalicəsi üçün “Mediclub” klinikasına 86,97 manat ödəniş edilmişdir. - xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, X2 dişlərinin müalicəsi üçün “Mediclub” klinikasına 118,13 manat ödəniş edilmişdir. - xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, X2 müayinəsi üçün "xxxx" MMC-yə 60 manat ödəniş edilmişdir; - xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, X2 dişlərinin müalicəsi üçün “Mediclub” klinikasına 165,78 manat ödəniş edilmişdir; - xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, X2 dişlərinə “liqaturasız metal breket” qoyulması üçün üçün “Mediclub” klinikasına 2300 manat ödəniş edilmişdir; - xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, X4 dişlərinin müalicəsi üçün “Mediclub” klinikasına 23,36 manat ödəniş edilmişdir; - xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, X3 dişlərinin müalicəsi üçün “Mediclub” klinikasına 54,06 manat ödəniş edilmişdir; - xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, X4 dişlərinin müalicəsi üçün “Mediclub” klinikaya 66,25 manat ödəniş edilmişdir; - xx.xx.2024-cü il tarixli qəbzlərdən görünür ki, X2 müayinəsi üçün Azərbaycan Tibb Universitetinin X1 110 və 45 manat, “Nessa med” klinikasına 25 manat ödəniş edilmişdir; - ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, tərəflər mediasiya prosesini davam etdirməyə razılıq verməmişlər. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında nikah xx.xx.2008-ci il tarixdə bağlanmışdır. Birgə nikahdan xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X7 doğulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-213/2020 saylı qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, uşaqların ananın yanında qalması müəyyən edilmiş və hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat məbləğində alimentin tutulması qət edilmişdir. Daha sonra alimentin məbləği indeksasiya olunaraq, ölkə üzrə minimum əmək haqqının 0.68 misli həddində müəyyən edilmişdir. İddiaçı övladlarının sağlamlığına, dişlərinin müalicəsinə (breket və s), təhsilinə əlavə xərcər çəkdiyinə istinad edərək, ümumilikdə 5388 manat pulun ½ hissəsinin – 2694 manatın cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir. Cavabdeh isə həmin xərclərin zəruri olmadığına istinad edərək iddiaya etiraz edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin İV hissəsinə görə, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəratində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 19-cu maddəsinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.2-ci maddəsinə əsasən analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 81.1 və 81.2-ci maddələrinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Eyni Məcəllənin 81.3-cü maddəsinə görə isə, məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Göründüyü kimi, Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməmişdir. Lakin məhkəmənin müstəsna hesab etdiyi digər hallarda da valideyndən əlavə xərclər alına bilər. Qanunvericilikdə qeyd olunmuş digər hallar o zaman əlavə xərclərin alınması üçün əsas ola bilər ki, onlar yetkinlik yaşına çatmamış övladlar üçün birbaşa göstərilən və zəruri olan tibbi xidmətlər, müalicə və digər analoji xidmətlərlə bağlı olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 27 yanvar 2015-ci il tarixli Qərarına əsasən Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməmişdir. Lakin məhkəmənin müstəsna hesab etdiyi digər hallarda da valideyndən əlavə xərclər alına bilər. Yetkinlik yaşına çatmamış uşaqlara görə əlavə xərclərin çəkilməsi valideynlər arasında bağlanan sazişlə, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladlara görə əlavə xərclərin çəkilməsi isə övladlarla valideynlər arasında bağlanan sazişlə həll edilə bilər. Belə saziş olmadıqda, məhkəmə valideynləri əlavə xərclərin ödənilməsinə cəlb edə bilər. Valideynlər övladlarına görə əlavə xərclərin çəkilməsində könüllü iştirak etmədikdə, onları saxlayan şəxslər - digər valideyn, qəyyum, himayəçi, tərbiyəçi, yetkinlik yaşına çatmış övlad isə özü (o, fəaliyyət qabiliyyətlidirsə) məhkəmədə iddia qaldıra bilər. Bu halda Ailə Məcəlləsinin 81.2-ci maddəsinə uyğun olaraq valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. İş materiallarından görünür ki, son üç il ərzində tərəflərin övladları X6 və X5 dişlərində olan problemlər səbəbindən tibb müəssisələrində müayinə, müalicə, stomatoloji prosedurlar və breket qoyulması icra edilmişdir. Həmin müalicələr üçün iddiaçı tərəfindən ümumilikdə 3325,63 manat (66,25+23,36+54,06+118,13+2300+165,78+86,97+81,79+54,52+64,54+70,23+45+25+11 0+ 60) ödəniş edilmişdir. Qeyd olunan ödənişlər iddiaçı tərəfin təqdim etdiyi qəbzlərlə sübuta yetirilmişdir. Həmin ödənişlər hər iki uşağın diş müalicəsi və Səhər Cəfərovanın xx.xx.2024-cü il tarixində səhhətində yaranmış narahatçılıqla bağlı keçirilmiş müayinələrə sərf olunmuşdur (cəmi 180 manat). Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqelərini, uşaqların mənafeyini, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən uşaqların sağlamlığı ilə bağlı çəkilmiş xərclər uşaqların sağlamlığının qorunmasına, onların daha üstün mənafelərinin təmin edilməsinə yönəldiyindən, cavabdehin həmin xərclərin ödənilməsində iştirak etməsi hüquqi cəhətdən əsaslıdır. Digər ödənişləri, eləcə də hazırlıq kursuna çəkilmiş xərcləri məhkəmə zəruri xərc hesab etməyərək həmin xərclərin yarısının cavabdehdən tutulmasını məqsədəmüvafiq hesab etmir. Belə ki, Ailə Məcəlləsinin 58.4 və 58.5-ci maddələrinə əsasən valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. Valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. Göründüyü kimi, valideyn uşağının orta təhsilinə qədərki dövrdə onun təhsil müəssisəsini və təhsilinin formasını seçə bilər. Dövlət təhsil müəssisələrində tam orta təhsil pulsuz olduğundan tərəflərin qarşılıqlı razılığı olmadan uşaqların ödənişli təhsil alması və bu təhsil xərcinin qarşı tərəfdən tələb edilməsi əsassızdır. Məhkəmə qeyd edir ki, təhsil və inkişaf üzrə çəkilmiş xərclər uşağın adi saxlanması və inkişafı üçün tələb olunan məqsədlərdən ibarət olub, aliment öhdəliyi ilə əhatə olunan gündəlik tələbatlar kateqoriyasına aiddir. Bu xərclər qanunvericiliyin tələb etdiyi müstəsna hallar sayıla bilməz. Bu səbəbdən iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə cavabdehin etirazı ilə bağlı qeyd edir ki, breketlərin quraşdırılması və müntəzəm diş müalicəsi yalnız estetik məqsəd daşımır. Belə ki, bu müalicə çeynəmə funksiyasının pozulmasının qarşısını alan, çənə sümüyünün düzgün inkişafına xidmət edən və gələcəkdə daha ağır stomatoloji pozuntuların qarşısını alan tibbi zərurətdir. Bu isə həm “Uşaqların hüquqları haqqında” Qanunun 5 və 19-cu maddələrinin, həm də BMT-nin “Uşaq hüquqları” Konvensiyasının tələb etdiyi kimi uşağın fiziki inkişafının təmin edilməsi üzrə valideynlərin birgə məsuliyyətini önə çıxarır. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinin tələblərinə görə “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Hazırki iş materiallarından görünür ki, cavabdeh mediasiya sessiyasında iştirak etmişdir. Bu səbəbdən mediasiyaya ödənilmiş ödəniş bərabər şəkildə bölüşdürülməli, 25 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından göründüyü kimi iddiaçı 50 manat məbləğində dövlət rüsumu ödəmişdir (dövlət rüsumu ödəməkdən azad olmasına baxmayaraq). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X5 çəkilmiş əlavə xərclərə görə 1662,8 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Həmçinin ödənilmiş dövlət rüsumuna görə 37 manat və mediasiya xərcinə görə 25 manat olmaqla, cəmi 62 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-234 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X5 çəkilmiş əlavə xərclərə görə 1662,8 (min altı yüz altmış iki manat, səksən qəpik) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumuna görə 37 manat və mediasiya xərcinə görə 25 manat olmaqla, cəmi 62 (altmış iki) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar