Məhkəmə qərarları › İş №e-2(005)-3949/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-3949/2023

26.09.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-3949/2023 26.09.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızı, İddiaçı Cavabdeh MMC-yə qarşı müqavilənin ləğv edilməsi və s. tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış yaşayış binasında mənzil tikintisi haqqında 16 oktyabr 2016-cı il tarixli müqavilənin ləğv edilməsi, müqavilə predmeti olan mənzilin bugünki dəyəri olan 236700 manat pulun, son 1 il üçün gecikdirilmiş hər gün üçün dəyərinin 1% olmaqla 390550 manat pulun, mənəvi zərər olaraq 50000 manat pulun, toplamda 677250 manat pulun cavabdehdən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, “AZEMİS” elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, X1, ev 11B, mənzil 93 ünvanıdır. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1 və 35.2-ci maddələrinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Göründüyü kimi, hazırki iş üzrə cavabdehin ünvanı Nərimanov Rayon Məhkəməsinin ərazi yurisdiksiyasına aid deyildir. Mülki Prosessual Məcəllənin 31.1-ci maddəsinə görə, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə görə isə əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Eyni zamanda, Mülki Prosessual Məcəllənin 150.1.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməlidir. Lakin iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməmişdir. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən isə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçı iddia ərizəsində iddia tələbi istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı olduğundan iddiaçının seçiminə görə aidiyyət qaydalarının tətbiq olunduğunu və dövlət rüsumunun ödənilməsindən azad olunduğunu qeyd etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, hazırki mülki iş üzrə iddia tələbi mənzilə dair bağlanmış alqı-satqı (podrat) müqaviləsinin ləğv edilməsi və pul tələbi ilə bağlı olduğundan istehlakçı hüquqlarının müdafiəsi üzrə yaranan mübahisələr kateqoriyasına aid deyildir və hazırki mübahisəyə ümumi aidiyyət qaydalarına uyğun olaraq baxılmalıdır. Əks yanaşma istənilən alqı-satqı və podrat müqaviləsi üzrə tələblərə ümumi aidiyyət qaydalarının dəyişidirilməsi ilə baxılmasına səbəb ola bilər. Məhkəmə hesab edir ki, yuxarıda sadalanan qanunvericilik normalarının tələblərinə riayət edilmədiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı və ona ərazi aidiyyəti üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 114, 152, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı müqavilənin ləğv edilməsi və s. tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərazi aidiyyəti üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar