Məhkəmə qərarları › İş №e-2(005)-3967/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3967/2021

22.09.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3967/2021 22.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə “əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2021-ci ilin fevral ayından işdən azad olunduğu 25 may 2021-ci il tarixədək ödənilməmiş 5700 manat əmək haqqı borcunun, 25.07.2019cu il tarixdən 24.05.2021-ci il tarixədək istifadə edilməmiş əmək məzuniyyətinə görə məzuniyyət haqqı borcunu, 2021-ci ilin fevral ayından başlayaraq ödəmənin həyata keçirildiyi günədək hər gecikdirilmiş gün üçün əmək haqqının və məzuniyyət haqqının bir faizi məbləğində ödənc borcunun ödəniş gününə qədər hesablanmaqla ödənilməsini, həmçinin hüquqi yardıma görə vəkilə ödənilmiş 150 (bir yüz əlli) manat haqqın alınıb ödənilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, 25 iyul 2019-cu il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyətində texniki Plan Departamentinə mühəndis-energetik (enerji obyektlərinin tikintisi üzrə) vəzifəsinə işə qəbul edilmiş və onunla əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsinə əsasən əmək haqqı aylıq vergilər və digər ödənişlər də daxil 1.680 (bir min altı yüz səksən) manat müəyyən edilmişdir. 2021-ci ilin yanvar ayının sonuna kimi İddiaçı maaş kartına 1500 manat əmək haqqı köçürülmüşdür. Lakin 2021-ci ilin fevral ayının 1-dən may ayının sonuna kimi iddiaçıya əmək haqqı ödənilməmiş və o ərizə yazaraq işdən çıxmışdır. Beləliklə də, onun ərizəsi əsasında "xxxx" ASC rəhbərliyinin 24.05.2021-ci il tarixli əmri ilə cavabdehlə İddiaçı arasında bağlanmış 25.07.2019-cu il tarixli əmək müqaviləsinə xitam verilmişdir.İddiaçı həmçinin bildirir ki, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti son haqq hesab kimi məzuniyyət pullarını, hətta 4 aylıq (2021-ci ilin fevral-may ayları) üçün 5700 manat əmək haqqını ona ödəməmişdir. Dəfələrlə MMC-yə müraciət etsə də, hər gün iddiaçıya əmək haqqını ödəməyi vəd etsələr də, ödəməkdən yayınmışdırlar. Bununla bağlı iddiaçı əmək müfəttişliyinə də müraciət etmişdir. Göstərilənlərə əsasən, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 5700 (beş min yeddi yüz) manat ödənilməmiş əmək haqqı borcunun, ödənilməmiş məzuniyyət haqqı borcunun, əmək haqqını və məzuniyyət haqqını ödəmədiyi üçün hər gecikdirilmiş gün üçün əmək haqqının və məzuniyyət haqqının bir faizi məbləğində ödənc borcunun ödəniş günün qədər hesablanmaqla alınıb ödənilməsini, həmçinin hüquqi yardıma görə vəkilə ödənilmiş 150 (bir yüz əlli) manat alınıb ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı 15 sentyabr 2021-ci il tarixdə məhkəməyə elektron qaydada “iddia tələbinin dəqiqləşdirilməsi haqqında” ərizə ilə müraciət edərək, Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” Açıq Səhmdar Cəmiyyətindən 5.700 (beş min yeddi yüz) manat ödənilməmiş əmək haqqı borcunun, ödənilməmiş məzuniyyət haqqı borcunun, əmək haqqını ödəmədiyi üçün hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödənc borcunun ödəniş günün qədər hesablanmaqla alınıb ödənilməsini, həmçinin hüquqi yardıma görə vəkilə ödənilmiş 150 (bir yüz əlli) manat alınıb ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı 22 sentyabr 2021-ci il tarixdə məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi haqqında” ərizə ilə müraciət edərək, Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” Açıq Səhmdar Cəmiyyətindən 5700 (beş min yeddi yüz) manat ödənilməmiş əmək haqqı borcunun, əmək müqaviləsinə xitam verilən günə qədər istifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiyanın, əmək haqqını ödəmədiyi üçün hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödənc borcunun ödəniş günün qədər hesablanmaqla alınıb ödənilməsini, həmçinin hüquqi yardıma görə vəkilə ödənilmiş 150 (bir yüz əlli) manat alınıb ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbinin məzmununa uyğun izahat verərək, müvafiq qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan İddiaçı məxsus AT-Vİ seriyalı, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, o, 25 iyul 2019-cu il tarixdən 05 yanvar 2021-ci il tarixədək "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Texniki Plan Departamentində mühəndis (enerji obyektlərinin tikintisi üzrə); 05 yanvar 2021-ci il tarixdən 24 may 2021-ci il tarixədək "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Texniki ofis Departamentində mühəndis (enerji obyektlərinin tikintisi üzrə) vəzifəsində işləmişdir. Qeyd edilən tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. İş materiallarında olan 22.07.2021-ci il tarixli e-sosial.az saytında yerləşən elektron kabinetdən çıxarışdan görünür ki, iddiaçı mühəndiz-energetik vəzifəsində işləmiş, müqavilənin nömrəsi xxxxxxx000301, müqavilənin qüvvədən düşmə tarixi 26.05.2021, əmək haqqı 1680 manatdır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Bakı şəhər idarəsinin 26 iyul 2021-ci il tarixli, **********7 saylı cavab məktubundan görünür ki, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı əmək müqaviləsinə 24.05.2021-ci il tarixli 108 saylı əmrlə Azərbaycan Resublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilməsinə baxmayaraq işəgötürən AR ƏM-nin 83-cü maddəsinin 2-ci hissəsinin tələbini pozaraq İddiaçı son haqq-hesab ödəmədiyindən, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin işəgötürəni barədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən 26.07.2021-ci il tarixli inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib edilmişdir. Həmçinin son haqq-hesabın iddiaçıya ödənilməsinə dair "xxxx" ASC-nin rəhbərliyinə göstəriş xarakterli məktub göndərilmişdir. İş materiallarında olan İddiaçı AZ29MUGA**********35402AZM00 saylı ban hesabdan çıxarışdan görünür ki, 19.03.2021-ci il tarixdə hesaba 1500.80, 31.03.2021-ci il tarixdə 1484,00 manat hesaba keçirilmişdir. İş materiallarında olan 15.07.2021-ci il tarixli mədaxil orderindən və “Hüquqi yardımın göstərilməsi haqqında” 15.07.2021-ci il tarixli 66 saylı müqavilədən görünür ki, İddiaçı ilə vəkil Nümayəndə arasında əmək haqqı tələbi ilə bağlı Nərimanov rayon məhkəməsində olan mübahisə ilə əlaqədar müqavilə imzalanmış və 150 (bir yüz əlli) manat ödəniş həyata keçirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir; 35-ci maddəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 9-cu maddəsinin “d” bəndinə görə Əmək müqaviləsi üzrə işçinin qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq hüququ vardır; 68-ci maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir; 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir; 87.5-ci maddəsinə görə işəgötürən tərəfindən bu Məcəllənin 173-cü maddəsində nəzərdə tutulmuş qaydada işçilərin əmək haqqının və digər ödənclərin verilməsi və qeydiyyatı aparılan haqq-hesab sənədi (kitabçası, vərəqi, çeki) tərtib edilir; 143.2-ci maddəsinə əsasən işçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə ona bu Məcəllənin 144-cü maddəsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir; 144.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir; 154-cü maddəsinə görə əmək haqqı-müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur; 172.1-ci maddəsinə görə aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir; 172.5-ci maddəsinə görə əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir; 195-ci maddəsinin “d” bəndinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır; 196-cı maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 195-ci maddəsində göstərilmiş hallar işçi tərəfindən aşkar edilərək müəyyən olunduqda, habelə müvafiq səlahiyyətli vəzifəli şəxsin (orqanın)-müəssisənin maliyyə-təsərrüfat fəaliyyətini yoxlayan təftişçinin, auditorun, habelə auditor təşkilatının, müvafiq icra hakimiyyəti orqanının və onların vəzifəli şəxslərinin qərarı, rəyi, arayışı, habelə məhkəmənin hökmü (qətnaməsi, qərarı) ilə müəyyən olunduqda, işçiyə dəyən maddi ziyan ödənilir; 197-ci maddəsinin 2-ci bəndinə əsasən işçi bütövlükdə və ya qismən işəgötürənin qərarı ilə razılaşmadıqda, habelə müəyyən edilmiş müddət ərzində ona yazılı cavab verilmədikdə dəyən ziyanın ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər; 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır; 288-ci maddəsinin “d” bəndinə əsasən bu Məcəllə ilə əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır; 290-cı maddəsinin 1-ci bəndinə əsasən fərdi əmək mübahisələrində tərəflər biri digərinin hüquqlarına hörmət edərək qanunvericiliyin tələblərini, əmək müqaviləsi üzrə öhdəlikləri və əmək mübahisələrini mahiyyəti üzrə həll edən məhkəmənin qətnaməsini (qərarını) yerinə yetirməyə borcludurlar; 296-cı maddəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı Bayaram oğlu arasında bağlanmış 25 iyul 2019-cu il tarixli əmək müqaviləsi ilə İddiaçı cəmiyyətin texniki Plan Departamentinə mühəndis-energetik (enerji obyektlərinin tikintisi üzrə) vəifəsinə şöbə rəisi vəzifəsinə işə qəbul olunmuş, müvafiq müqavilə üzrə əmək haqqı 1680 (bir min altı yüz səksən) manat müəyyən edilmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətində əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə etdikləri müraciətə əsasən aparılmış araşdırma dövründə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı əmək müqaviləsinə 24.05.2021-ci il tarixli 108 saylı əmrlə Azərbaycan Resublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilməsinə baxmayaraq işəgötürən AR ƏM-nin 83-cü maddəsinin 2-ci hissəsinin tələbini pozaraq İddiaçı son haqq-hesab ödəmədiyindən, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin işəgötürəni barədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən 26.07.2021-ci il tarixli inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib edilmişdir. Həmçinin son haqq-hesabın iddiaçıya ödənilməsinə dair "xxxx" ASC-nin rəhbərliyinə göstəriş xarakterli məktub göndərilmişdir. Göründüyü kimi, "xxxx" Açıq Səhmdar Cəmiyyəti həmin cəmiyyətin işçisi olan İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən ona 2021-ci ilin fevral ayından işdən azad olunduğu 24 may 2021-ci il tarixədək əmək haqqının, son haqq-hesabının ödənilməməsi məhkəmə araşdırması zamanı öz həqiqi təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı 2021-ci ilin fevral ayından işdən azad olunduğu 24 may 2021-ci il tarixədək ödənilməmiş 5700 manat əmək haqqı, 25 iyul 2019-cu il tarixdən 24 may 2021-ci il tarixədək istifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiya cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə iddia ərizəsinin “2021-ci ilin fevral ayından başlayaraq ödəmənin həyata keçirildiyi günədək hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödəncin ödənilməsi” hissəsinə münasibət bildirərək hesab edir ki, iddia bu hissədə təmin edilməlidir. 2021-ci ilin fevral ayından başlayaraq ödəmənin həyata keçirildiyi günədək hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödənc hesablanaraq cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı oğlunun xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Göstərilənlərə əsasən iddia bu hissədə də təmin edilməli, hüquqi yardıma görə vəkilə ödənilmiş 150 (bir yüz əlli) manat haqq cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır, 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 2021-ci ilin fevral ayından işdən azad olunduğu 24 may 2021-ci il tarixədək ödənilməmiş 5.700 manat əmək haqqı, işdən azad olunduğu tarixədək istifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiya, 2021-ci ilin fevral ayından başlayaraq ödəmənin həyata keçirildiyi günədək hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödənc hesablanaraq cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tərəfindən İddiaçı xeyrinə ödənilsin. İddiaçı göstərilmiş hüquqi yardıma görə vəkilə ödənilmiş 150 (bir yüz əlli) manat haqq cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutulub iddiaçının xeyrinə ödənilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən etibarən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar