Məhkəmə qərarları › İş №e-2(005)-3969/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(005)-3969/2025

16.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3969/2025 16.12.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı X4 Cavabdeh qarşı (X2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) pul tələbinə dair iddia ərizəsi barədə mülki iş üzrə (açar sözlər:birgə nikah dövründə yaranmış öhdəlik) Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, İddiaçı X4, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı X4 Cavabdeh qarşı (X2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia ərizəsinin və ona etirazın dəlilləri: a) İddia ərizəsinin dəlilləri İddiaçı X4 Cavabdeh qarşı (X2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikah dövründə əldə edilən və iddiaçı tərəfindən təkbaşına ödənilən 14462 manat kredit məbləğinin ½-ni təşkil edən , yəni 7231( yeddi min iki yüz otuz bir) manat pul vəsaitindən cavabdeh tərəfindən ödənilmiş 72 və 63 manat məbləğində pul vəsaitləri nəzərə alınmaqla, 7906 manat məbləğində pul vəsaitinin Cavabdeh tutaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli Qətnaməsinə əsasən iddiaçı ilə Cavabdeh arasında nikah pozulmuşdur. Birgə nikahdan bir övladı var. Birgə nikah dövründə həyat yoldaşının şəxsi problemlərini (borclarını) həll etmək və övladı Abdullayeva Melisanın doğum xərclərini qarşılamaq məqsədilə 3 dəfə: xx.xx.2019 tarixdə onun adına 2350 manat; xx.xx.2020-ci il tarixdə iddiaçının adına 5500 manat (faiz borcu ilə birlikdə 7.618.84 manat) və xx.xx.2020-ci il tarixidə iddiaçının xahişi ilə iş yoldaşı X1 adına ABB-dən 1832 manat məbləğində kredit götürmüşlər. Birgə nikah dövründən bu günə qədər kredit ödənişlərini tək icra etmişdir. Həmin dövrdə bir neçə ay kirayə qaldığı mənzilin xərclərini ödəyə bilmədiyinə görə kirayə xərci daha az olan mənzilə köçmək məcburiyyətində qalıblar. Kirayələdiyi mənzilin mövcud vəziyyətini yaxşılaşdırmaq, körpə uşaqla yaşamaq üçün əşyalar əldə etmək məqsədilə “MADEYRA” mebel mağazasının Nərimanov filialına müraciət ediblər. Mənzil üçün lazım olan 1915 manat, 486 manat və 260 manat dəyəri olan əşyaları "xxxx" BOKT-dan hissəli ödəmə ilə əldə ediblər. Rəsmi gəlirli işdə iddiaçı işlədiyindən və kredit müqavilələri iddiaçının adına olduğundan birgə nikah müddətində və daha sonra isə məlum səbəbdən həmin kreditləri ödəmək vəzifəsi iddiaçının öhdəsində qalmış, bu isə iddiaçının və övladının maddi təminatında ciddi çətinliklər yaratmışdır. Həmin müddət ərzində dəfələrlə qarşı tərəfə, eləcə də vəkil kimi onu təmsil edən şəxsə bununla bağlı məlumat versə də hər hansı bir dəyişiklik olmadı. Cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək ödəmələri icra etməmişdir. Cavabdeh bir dəfə 72 manat və sonra 63 manat ayrı-ayrı öhdəliklər üçün ödəniş etmiş və nə vaxtsa borc məbləğinin onun payına düşən hissəsini ödəyəcəyini vəd etmişdir, lakin vədinə əməl etməmişdir. İddiaçı artıq 3 ilə yaxın müddətdir ki, kirayə etdiyi mənzildə övladı ilə yaşayır. Kirayə xərcləri, gündəlik xərclər və qızı Melisanın təhsil xərclərini də ödəyir. Beləliklə, birgə nikah dövründə cəmi 14.462 manat kredit götürmüşlər, həmin kredit borcu tam iddiaçı tərəfindən ödənilmişdir. Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri Cavabdeh tərəfindən məhkəməyə yazılı etiraz ərizəsi daxil olmamışdır. Məhkəmə iclasında verilən izahatlar Məhkəmə iclasında iştirak edən iddiaçı X8 və onun nümayəndəsi və vəkili Vəkil ayrı-ayrılıqda iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlmədiyindən və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat vermədiyindən, iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına dair yazılı razılığı olduğundan məhkəmə müvafiq qərardad qəbul etməklə işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iclasında iştirak edən şahid X10 ifadəsində bildirdi ki, əvvəllər iddiaçı ilə birlikdə əvvəllər “ASAN” Xidmət Mərkəzində işləyiblər. Cavabdehi qiyahi tanıyır. Dəfələrlə cavabdehin borclu olduğu şəxslər iddiaçının iş yerinə gəlirdilər. Onda olan məlumata görə cavabdehə məxsus MMC var idi, onun fəaliyyəti ilə əlaqədar borc yığılırdı. Əvvəlki məhkəmə iclasında iştirak edən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X2 bildirdi ki, əvvəllər iddiaçı X8 ilə birlikdə işləyiblər. Cavabdehi də onun vasitəsilə tanıyıb. Onlar üçün öz adına kredit götürmək barədə təklif Cavabdeh tərəfindən irəli sürülüb, oda qəbul edib. Həmin kredit müqaviləsi üzrə 1832 manat pul veilib. Həmin pul məbləği bütövlükdə iddiaçı və cavabdehə təqdim edilib. Onda olan məlumata görə kredit müqaviləsi üzrə öhdəlikləri bir ay cavabdeh, qalan aylarda iddiaçı həyata keçirib. Məhkəmə iddiaçının izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin faktiki hallarının tam və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən təmin edilməlidir. Mülki işin materialları - Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-2087/2022 nömrəli qətnaməsindən görünür ki, iddianın təmin edilməsi, Cavabdeh ilə X8 arasında xx.xx.2019-cu il tarixdə bağlanmış nikahın pozulması, birgə nikahdan doğulan xx.xx.2020ci il təvəllüdlü X9 anası X4 yanında qalması, xx.xx.2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh X4 xeyrinə hər aya görə 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutulması, aliment məbləğinin xx.xx.2022-ci il tarixdən hesablanması qət edilmişdir. - Bakı 2 saylı Mediasiya Təşkilatının mediasiya prosesinin tətbiqi barədə xx.xx.2025-ci il tarixli Təklifdən görünür ki, X8 tərəfindən Cavabdeh təklif göndərilmişdir. - Bakı 2 saylı Mediasiya Təşkilatının ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli MŞB/2/2025-00182 nömrəli arayışdan görünür ki, mediasiya sessiyasında X8 iştirak edərək 60 manat mediasiya haqqı ödəmiş,Cavabdeh iştirak etməmişdir. - "xxxx" QSC və X8 arasında bağlanmış 11 dekabr 2020-ci il tarixli kredit müqaviləsindən görünür ki, "xxxx" QSC X6 "xxxx" MMC-nin istehsal etdiyi mebel(lər)i almaq məqsədi ilə 1915 AZN (min doqquz yüz on beş manat 00 qəpik) məbləğində istehlak krediti verməyi, X8 isə aldığı krediti bu Müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə "xxxx" QSCyə qaytarmağı öhdəsinə götürmüşdür. - "xxxx" QSC və X8 arasında bağlanmış 16 dekabr 2020-ci il tarixli kredit müqaviləsindən görünür ki, "xxxx" QSC X6 "xxxx" MMC-nin istehsal etdiyi mebel(lər)i almaq məqsədi ilə 260 AZN (iki yüz altmış manat 00 qəpik) məbləğində istehlak krediti verməyi, X8 isə aldığı krediti bu Müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə "xxxx" QSC-yə qaytarmağı öhdəsinə götürmüşdür. -"xxxx" QSC və X8 arasında bağlanmış 27 mart 2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, "xxxx" QSC X6 "xxxx" MMC-nin istehsal etdiyi mebel(lər)i almaq məqsədi ilə 486 AZN (dörd yüz səksən altı manat 00 qəpik) məbləğində istehlak krediti verməyi, X8 isə aldığı krediti bu Müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə "xxxx" QSC-yə qaytarmağı öhdəsinə götürmüşdür. - ABB ASC tərəfindən təqdim edilmiş 13 oktyabr 2025-ci il tarixli arayışdan görünür ki, X8 ilə xx.xx.2019-cu il tarixdə 2350 manat məbləğində, xx.xx.2020-ci il tarixdə 5500 manat məbləğində kredit müqavilələri bağlanmışdır; hazırda həmin müqavilələr üzrə borc yoxdur, müqavilə öhdəliklərinə xitam verilib. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ

qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

34. Ər ilə arvadın hüquqları bərabərdir.

Azərbaycan Respublikası Ailə Məcəlləsi: 31-ci maddəsinə görə, ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. 32.1-ci maddəsində nəzərdə tutulduğu kimi, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2.2-ci maddəsinə görə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 36.1-ci maddəsinə görə, ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onların birinin tələbi ilə nikah pozulduqdan sonra ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 36.4-cü maddəsinə əsasən məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. 37.2-ci maddəsinə əsasən ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ərarvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

“Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli Qərarının: 3.3-cü bəndinə əsasən Mülki Məcəllənin 225.1 və Ailə Məcəlləsinin 32.1-ci maddələri nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ər-arvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiyanı ehtiva edir. 3.4. Prezumpsiya dedikdə, əksi sübut edilənədək həqiqi sayılan ehtimal başa düşülür. Qeyd edilən ehtimala əsas verən hər hansı hüquqi faktın və ya hadisənin mövcudluğuna istinad edilərək, bəlli olmayan digər bir hal (prezumpsiyanın nəticəsi) təsbit olunur. Bu halda şəxs prezumpsiyanın nəticəsini deyil, onun təməlini təşkil edən halı sübut etməklə prezumpsiyanın nəticəsini ayrıca sübut etmək yükündən azad olur. 3.5.Prezumpsiyanın qanuni (hüquqi) və faktiki növləri fərqləndirilir. Əgər qanuni prezumpsiya birbaşa normativ hüquqi aktın məzmununda əks olunursa, bundan fərqli olaraq faktiki prezumpsiya hüquq normalarında əks olunmur. Bu ehtimal bir qayda olaraq həyatın təbii axarına, ağlabatan mühakiməyə və ya formalaşmış təcrübəyə söykənir. 3.6. Odur ki, əmlakın nikah dövründə əldə olunmasının (prezumpsiyanın təməli) sübuta yetirilməsi həmin əmlakın ümumi birgə mülkiyyət kimi qəbul olunması (prezumpsiyanın nəticəsi) üçün yetərlidir. Başqa sözlə, əksi sübuta yetirilənədək nikah müddətində ər və ya arvad tərəfindən əldə edilmiş əmlak ər-arvadın ümumi birgə mülkiyyəti sayılır. 3.14. Ümumi əmlak aktivindən fərqli olaraq birgə nikah dövründə ərin və ya arvadın götürdüyü öhdəliyin ümumi öhdəlik olması barədə qanuni prezumpsiya tətbiq edilmir. Əgər öhdəliyin tərəfi yalnız ər-arvaddan biridirsə, ağlabatan mühakimə baxımından, yaranmış borc o zaman ümumi hesab olunur ki, öhdəliyin tərəfi olan ər (arvad) öhdəlik üzrə əldə edilənlərin ailənin ehtiyacları üçün sərf olunduğunu sübut etsin, yaxud bu fakt işin mübahisə olunmayan halı olsun. 4.7. Mülki Məcəllənin 739.1-ci maddəsinə müvafiq olaraq borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürdüyündən, ailənin ehtiyacları üçün alınmış pul vəsaiti ərin (arvadın) sahibliyinə verildiyi andan onların ümumi əmlakının aktivinə çevrilmiş olur. Bu səbəbdən birgə nikah dövründə ər-arvaddan hansının adına rəsmiləşdirilməsindən asılı olmayaraq onlar üçün ümumi öhdəliklər yaradan borc vəsaiti hesabına əldə olunmuş dəyərlər (o cümlədən müvafiq reyestrdə qeydə alınmış əşyalar, ipoteka kreditləri hesabına əldə edilmiş yaşayış sahələri və sair) ər-arvadın ümumi əmlakını təşkil edir və onlar arasında bölünür. 6.36. Konstitusiya Məhkəməsinin 2021-ci il 23 iyul tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən Mülki Məcəllənin 225-ci, Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Ailə Məcəlləsinin 36-cı maddəsində nəzərdə tutulmuş ər-arvadın ümumi əmlakının bölgüsü müddəası onların mülkiyyət paylarının, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərinin bölünməsini ehtiva edir. Şəxsi xarakterli öhdəliklərin icrası üçün ərin (arvadın) şəxsi əmlakı kifayət etmədikdə kreditor (kreditorlar) ödəməni ər-arvadın ümumi əmlakında müvafiq tərəfin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verə bilər. Ailə Məcəlləsinin 37.3-cü maddəsinə müvafiq olaraq ər-arvadın bir-birinə qarşı əmlak bölgüsü haqqında iddiasına baxılarkən ümumi öhdəliklər üzrə borclar ərarvadın hər birinin mülkiyyət payına mütənasib olaraq bölünür. Lakin bu bölgü kreditor (kreditorlar) qarşısında ər-arvadın birgə borclu olması halını aradan qaldırmır. 3.15. Qeyd edilən faktiki prezumpsiya ilk növbədə ondan irəli gəlir ki, borclu ər (arvad) və öhdəliyin iştirakçısı olmayan arvad (ər) əldə olunmuş vəsaitin nəyə xərcləndiyini sübut etmək üçün tamamilə fərqli imkanlara malik olurlar. Bir qayda olaraq belə vəsaitin xərclənməsində borclu ər (arvad) bilavasitə iştirak etdiyindən həmin əmlakın ailə ehtiyaclarına sərf olunmasını sübut etmək üçün dəlillər əldə etmək imkanı da ona məxsus olur. Arvad (ər) isə borcun olmasından xəbərdar olmaya bilər, bu səbəbdən onun ərinin (arvadının) həmin vəsaiti şəxsi ehtiyacları üçün sərf etdiyini sübut etmək imkanları məhduddur, bir çox hallarda isə qeyri-mümkündür. 3.16. Sözügedən məsələ ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu (bundan sonra – Konstitusiya Məhkəməsi) 2021-ci il 23 iyul tarixli Qərarında belə nəticəyə gəlmişdir ki, Mülki Məcəllənin 225, Ailə Məcəlləsinin 32 və 41.2ci maddələrinin tələblərinə uyğun olaraq nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Konstitusiya Məhkəməsi həmin qərarında vurğulamışdır ki, hər hansı daşınar və ya daşınmaz əşya üzərində mülkiyyət və s. əşya hüquqlarının, tələb hüquqlarının, habelə mövcud öhdəliklərin ər-arvadın ümumi əmlakına daxil olub-olmaması məsələsi həll edilərkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, ər-arvadın rəsmi nikah münasibətlərində olsalar da, ailə münasibətlərinə xitam verib-verməməsi, birgə təsərrüfat aparıb-aparmaması, götürülmüş borcun ailə məqsədləri üçün istifadə olunub-olunmaması kimi işin əhəmiyyətli hallarını araşdırmalıdır. 3.17. Məhkəmə təcrübəsində ər-arvadın ümumi əmlakdakı paylarına süni təsir etmək üçün uydurma borc müqaviləsinin bağlanması, bununla bağlı məhkəmədə qaldırılmış iddianın və ya iddiaçının əsaslandığı faktların etiraf edilməsi hallarına rast gəlinir. Belə mübahisələrə baxılarkən ər-arvadın hüquq və vəzifələrinə dair məsələ onların hüquqlarının pozulması ilə nəticələnə bilərsə, məhkəmə Mülki Prosessual Məcəllənin 57.1-ci maddəsinə əsasən həmin şəxsləri müstəqil tələb irəli sürməyən üçüncü şəxslər kimi işdə iştirak etməyə cəlb edə bilər.

“Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı: Qanunverici mülki hüquqi bərabərlik prinsipindən çıxış edərək ümumi əmlakın bölünməsi zamanı bir qayda olaraq ər-arvadın ümumi əmlakdakı paylarının bərabər olduğunu təsbit etmişdir. Əmlak bölgüsü həyata keçirilərkən ər-arvadın ümumi öhdəlikləri də əsasən bərabər bölünür. Ailə Məcəlləsinin 37.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslar üzrə ər-arvadın mülkiyyət payları bərabər bölünmədiyi halda ümumi öhdəliklər də həmin Məcəllənin 37.3-cü maddəsinə uyğun olaraq hər birinin payına mütənasib olaraq bölünür. Lakin ər-arvad arasında ümumi öhdəliklərin bölgüsü kreditora münasibətdə hüquqi təsirə malik olmamaqla kreditor qarşısında onların birgə məsuliyyətini aradan qaldırmır. O da nəzərə alınmalıdır ki, ər-arvadın nikah dövründə qazandıqları əmlak hesabına icra edilmiş öhdəliklərlə bağlı tərəflərin bir-birinə qarşı tələbinin təmin edilməsi istisna edilir. Yəni ümumi öhdəliklərin məhz icra edilməmiş hissəsi üzrə borclar ümumi əmlakın bölgüsü halında ər-arvad arasında onların mülkiyyət paylarına uyğun olaraq bölünür.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 191.3. cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 238.1. İclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. 238.3. İşdə cavabdehin lazımi qaydada xəbərdar edilməsi barədə məlumatlar olmalıdır. 238.4. İşə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. 238.5. İşə qiyabi icraat qaydasında baxılması barədə məhkəmə qərardad çıxarır. 241.1. Qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır.

242. Qiyabi qətnamənin nəticə hissəsində qətnaməyə yenidən baxılması üçün ərizə vermə vaxtı və qaydası göstərilməlidir.

244. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır.

248. Qiyabi qətnamənin ləğvi haqqında ərizəyə hakim, həmin ərizə məhkəməyə daxil olduğu vaxtdan 10 gün müddətində məhkəmə iclasında baxır. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş şəxslərin məhkəmə iclasına gəlməməsi ərizəyə baxılmasına mane olmur. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 100- cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır.

İşə baxan məhkəmənin mövqeyi

Məhkəmə iddia tələbləri üzrə qeyd edir ki, ümumi mülkiyyət hüququnun yaranmasını şərtləndirən əsaslardan biri nikahdır. Ər-arvadın ümumi mülkiyyətində olan əmlakın hüquqi rejimi Azərbaycan Respublikasının Mülki Məcəllənin 225-ci və Ailə Məcəlləsinin 31-37-ci maddələri ilə müəyyən edilir. Ümumi əmlak aktivindən fərqli olaraq birgə nikah dövründə ərin və ya arvadın götürdüyü öhdəliyə münasibətdə onun ümumi öhdəlik olduğu barədə qanuni prezumpsiya tətbiq edilmir. Əgər öhdəliyin tərəfi yalnız ər-arvaddan biridirsə, yaranmış borc o zaman ümumi hesab olunur ki, öhdəliyin tərəfi olan ər (arvad) öhdəlik üzrə əldə edilənlərin ailənin ehtiyacları üçün sərf olunduğunu sübut etsin, yaxud bu fakt işin mübahisə olunmayan halı olsun. İş materiallarından göründüyü kimi iddiaçı X8 tərəfindən 14462 manat kredit məbləği tərəflərin birgə nikah münasibətlərində olduqları və birgə yaşadıqları dövrdə və məhz istehlak məqsədi ilə götürülmüşdür. Məhkəmə hesab edir ki, ailə münasibətlərinin davam etdiyi, ailə bağlarının mövcud olduğu dövrdə istehlak məqsədləri üçün götürülmüş kreditin ailə ehtiyacları üçün sərf edilməsi mülki işin materialları ilə təsdiq edilir. Belə ki məhkəmə iclasında iddiaçı və üçüncü şəxsin izahatları, şahidin ifadəsi, o cümlədən mülki işin digər materialları ilə kredit məbləğlərinin ailənin birgə ehtiyacları üçün xərcləndiyi müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, iddia təmin edilməli, tərəflərin birgə nikah dövründə bağlanmış kredit müqavilələri üzrə ödənilmiş 14.462 AZN məbləğində pul vəsaitinin yarısı (cavabdeh tərəfindən ödənilmiş 72+63 manat nəzərə alınmaqla) yarısı, yəni 7096 manat pul, həmçinin mülki iş üzrə ödənilmiş 93 manat dövlət rüsumu Cavabdeh iddiaçı X3 xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq

QƏT ETDİ:

İddiaçı X4 Cavabdeh qarşı (X2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) pul tələbinə dair iddia ərizəsi təmin edilsin. Cavabdeh 7096 (yeddi min doxsan altı) manat pul vəsaiti və mülki iş üzrə ödənilmiş 93 manat dövlət rüsumu tutularaq iddiaçı X4 xeyrinə ödənilsin. Cavabdeh qiyabi qətnaməni rəsmi qaydada aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

X11

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar