Məhkəmə qərarları › İş №e-2(005)-40/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-40/2024

29.05.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-40/2024 29.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı (açar sözlər: əmək haqqının gecikdirilməsinə görə ödəncin tutulması) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əmək haqqının gecikdirilməsinə görə ödəncin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhmədbəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “ödənilməmiş əmək haqqı və məzuniyyət üçün ödənilməmiş kompensasiya” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3673 manat məbləğində ödənilməmş əmək haqqının, 6114 manat məbləğində verilməmiş məzuniyyət üçün kompensasiyanın və əmək haqqının gecikdirilməsinə görə 8654 manat məbləğində pulun, 50 manat mediasiya xərci olmaqla ümumilikdə 18491 manat pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinə əsasən xx.xx.2017-ci il tarixli 82 saylı əmrə əsasən iddiaçı “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin tenderlə iş Departamentinə mütəxəssis vəzifəsinə işə qəbul olunmuşdur. Daha sonra xx.xx.2019-cu il tarixli 11 saylı əmrə əsasən “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin Qazax Yol Layihəsinə mühəndis vəzifəsinə keçirilmişdir. xx.xx.2021-cı il tarixli, 177 saylı əmrə ilə AR ƏM-in 68.2ci maddəsinin a bəndi ilə iddiaçının əmək müqaviləsinə xitam verilmişdir. Sonuncu əmək müqaviləsi ilə İddiaçı aylıq 2245 (iki min iki yüz qırx beş) manat məbləğində əmək haqqı alırdı. əmək müqaviləsinə xx.xx.2021-ci il tarixində xitam verislə də, iddiaçı ilə son haqq hesab aparılmamış nəticədə cavabdeh təşkilatın həm ödənilməmiş əmək haqqı borcu qalmış, həm də ödənilməmiş məzuniyyət haqqı qalmışdır. Belə ki, cavabdeh təşkilat iddiaçıya 2021-ci ilin avqust ayı üçün tam, 2021-ci ilin sentyabr ayı üçünsə işlədiyi 21 günün, nəticədə 2245+1428=3673 manat ödənilməmiş əmək haqqı borcu yaranmışdır. Bundan başqa 144 gün müddət üçün ödənilməmiş məzuniyyət haqqı qalmışdır. Təxmini hesablamamlara görə cavabdeh təşkilatın 6114 manat məbləğində məzuniyyət üçün ödənilməmiş kompensasiya borcu yaranmışdır. Ümumlikdə cavabdeh təşkilatın iddiaçıya 9787 manat məbləğində borcu yaranmışdır. Hazırki tələb üzrə cavabdeh tərəf 3673 manat əmək haqqını 230 gün gecikdirmişdir bu səbəblə də cavabdeh iddiaçıya 36.73x230=8654 manat məbləğində pul ödəməlidir. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, cavabdehdən iddiaçının xeyrinə 3673 manat məbləğində ödənilməmiş əmək haqqının, 6114 manat məbləğində verilməmiş məzuniyyət üçün kompensasiyanın və əmək haqqının ödənilməsində cavabdehin təqsiri üzündən gecikmələrin baş verməsinə görə Əmək Məcəlləsinin 172-ci maddəsinə əsasən hesablanmış günlük 1 faiz yən 8654 manat məbləğində pulun, xx.xx.2022-ci l tarixdən başlayaraq cavabdeh tərəfindən ödəmənin həyata keçirildiyi günədək, gecikdirilmiş hər gün üçün 3673 manat məbləğində əmək haqqının 1 % məbləğində, yəni 36,73 manat ödəncin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil xx.xx.2024-cü il tarixdə “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh "xxxx" ASC-dən İddiaçı xeyrinə əmək haqqının gecikdirilməsinə görə gündəlik 1% məbləğində cərimənin, yəni 11 347 (on bir min üç yüz qırx yeddi) AZN məbləğində ödənişin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək bildirmişdir ki, cavabdeh iddiaçıya hal-hazırda ödənilməmiş əmək haqqı borcunu və eyni zamanda ödənilməmiş məzuniyyət pulunu hesablayaraq ödəmişdir. Bu hissədə tələbləri yoxdur və hazırda yalnız əsas əmək haqqının ödənilmədiyi günlərə görə 1% hesablanmışdır. Hesablama dəqiq olaraq bu qaydadadır: iddiaçı xx.xx.2021-ci ildə işdən çıxıb. xx.xx.2022-ci ildə məhkəməyə müraciət etmişlər və bundan sonra şirkətin rəhbəri dəyişdikdən sonra xx.xx.2022-ci ildə iddiaçıya məbləğ ödənilir. Normalda hesablayanda 367 gün edir, lakin yuvarlaqlaşdıraraq həmin müddəti 350 gün hesablamışdırlar, buna əsasən də iddia tələbinə dəqiqləşmə təqdim edilmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi iddia tələbinə etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, iddiaçı əmək müqaviləsini, əmək müqaviləsini, işdən çıxma əmrini təqdim etməmişdir. İddiaçının tələb etdiyi əmək haqqının nə formada və nəyə əsaslanaraq hesablandığı bəlli deyil. Son dövrə əmək haqqı hesabından çıxarış əlavə edilməmişdir. İşin mahiyyəti üzrə, tam və hərtərəfli baxılması üçün bu məlumatların təqdim edilməsi zəruridir. Qarşı tərəf istifadə edilməmiş məzuniyyət üçün kompensasiya tələb edir, lakin iş materiallarına məzuniyyətin tələbi ilə müraciət etdiyi ərizələri mövcud deyil. İddiaçıya məzuniyyətin verilib verilməməsini müəyyən etmək mümkün deyil. Bundan əlavə İddiaçının ödənişi gecikdirilməsi ehtimal edilən məbləğə faizlərin hesablanması tələbi də əsassız hesab edilir. Belə ki, AR Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci bəndinə görə, əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Qanunvericiliyin qeyd olunan müddəasından belə nəticə hasil olur ki, əmək haqqının verilməsi gecikdirilərsə və bu hal məhz fərdi əmək mübahisəsi yaratmayıbsa, işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Yəni, tərəflər arasında fərdi əmək mübahisəsinin yaranması işçiyə müvafiq ödəncin verilməsini tamamilə istisna edir. Əmək Məcəlləsinin “Fərdi əmək mübahisələri anlayışı” adlı 287-ci maddəsinə görə, fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. Bundan əlavə. Əmək Məcəlləsinin “Fərdi əmək mübahisələrinin predmeti” adlı 288-ci maddəsindən görünür ki, əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi fərdi əmək mübahisələrinin predmetinə aiddir. Beləliklə, İddiaçı ilə Cavabdeh arasında fərdi əmək mübahisəsi yaranmışdır ki, bu mübahisə Əmək Məcəlləsinin əmək mübahisələri ilə bağlı ifadə olunmuş hüquq normaları çərçivəsində həll edilməlidir. Cavabdeh "xxxx" ASC xx.xx.2023-cü il tarixdə ərizə ilə elektron kabinet vasitəsilə məhkəməyə müraciət edərək, İddiaçı olan əmək haqqı borcunun tam ödənildiyini bildirmişdir. III. İşin faktiki halları: İş materiallarına əlavə edilmiş: - "xxxx" ASC və İddiaçı arasında 03 iyul 2017-ci il tarixdə bağlanmış əmək müqaviləsindən görünür ki, İddiaçı tenderlə iş departamentinə mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir. - Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdən "xxxx" ASC-də mütəxəssis vəzifəsinə müddətli – xx.xx.2017-ci il tarixədək işə qəbul edilmişdir. Əmək haqqı 1184 manatdır. - "xxxx" ASC və İddiaçı arasında bağlanmış əmək müqaviləsinə 15 yanvar 2019-cu il tarixli 1 №-li əlavədən görünür ki, işçi M-2 Gəncə-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun dörd zolağa genişləndirilməsi layihəsinə mühəndis vəzifəsinə keçirilmişdir.Əmək haqqı hər ay vergilər və digər ödənişlər daxil olmaqla 1680 manatdır. Əlavə 15 yanvar 2019-cu il tarixdən qüvvəyə minir. - "xxxx" ASC və İddiaçı arasında bağlanmış əmək müqaviləsinə 05 yanvar 2021-ci il tarixli 2 №-li əlavədən görünür ki, işçi M-2 Gəncə-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun dörd zolağa genişləndirilməsi layihəsinin texniki ofis müdirinin vəzifə funksiyasının icrası həvalə edilmişdir. Əmək haqqı hər ay vergilər və digər ödənişlər daxil olmaqla 2245 manatdır. Əlavə 05 yanvar 2021-ci il tarixdən qüvvəyə minir. - 25.01.2021-ci il tarixli Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı "xxxx" ASC-də texniki ofis müdiri vəzifəsində işləmişdir. - "xxxx" ASC-nin 177 №-li xx.xx.2021-ci il tarixli əmrindən görünür ki, İddiaçı - M2/E60 Magistral yolunun Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsinin 130,15 kilometrlik hissəsinin dörd zolaqlı təkmilləşdirilməsi Lot.3 layihəsi”nin mühəndisi ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) 21 sentyabr 2021-ci il tarixdən xitam verilməsi, qanunvericiliyə uyğun olaraq son haqq-hesab verilməsi əmr edilmişdir. Əsas kimi İddiaçı 01 sentyabr 2021-ci il tarixli ərizəsi göstərilmişdir. - xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə 177 №-li əmr ilə AR ƏM-nin 68.2-ci maddəsinin a (tərəflərdən birinin təşəbbüsü) bəndinə əsasən xitam verilmişdir. - "xxxx" ASC-nin xx.xx.2018-ci il tarixli 13 №-li əmrindən görünür ki, İddiaçı xx.xx.2018-xx.xx.2018-ci il tarixləri üzrə 3 gün məzuniyyət verilmişdir. İşə başlama tarixi xx.xx.2018-ci ildir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 aprel 2024-cü il tarixli 9/8238 №-li rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan əmək haqqının hesablanması barədə cədvələ əsasən 2021-ci ilin avqust ayı üzrə hesablanmış əmək haqqı 2245 manat təşkil edir. Tutulmalar (DSMF-yə 210,5 manat, Həmkarlar İtifaqına 22,45 manat, işsizlikdən sığorta 11,2 manat və İcbari tibbi sığorta 22,45 manat) çıxıldıqdan sonra isə ələ çatacaq məbləğ 1978,37 manat məbləğində müəyyən edilir. İş materiallarında olan əmək haqqının hesablanması barədə cədvələ əsasən 2021-ci ilin sentyabr ayı üzrə hesablanmış əmək haqqı 1428,63 manat təşkil edir. Tutulmalar (DSMF-yə 128,86 manat, Həmkarlar İtifaqına 14,29 manat, işsizlikdən sığorta 7,14 manat və İcbari tibbi sığorta 14,29 manat) çıxıldıqdan sonra isə ələ çatacaq məbləğ 1264,05 manat məbləğində müəyyən edilir. Təqdim edilmiş ış matenallarında olan sənədlərə əsasən İddiaçı cavabdeh “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-də işlədiyi müddət ərzində əmək haqqının ödənilməsində gecikdirilmiş günlərin sayı 230 gün olmaqla gecikdirilmiş günlərin sayına uyğun olaraq hesablanmış məbləğ 7457,57 manat məbləğində müəyyən edilir, o cümlədən: (1978,37+1264,05) x 1% x 230 gün = 7457,57 manat. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı cavabdeh “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-də işlədiyi müddət ərzində istifadə etmədiyi məzuniyyət üçün kompensasiya məbləği 5350,13 manat məbləğində müəyyən edilir. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında tərəflərin təqdim etdikləri sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 03 iyul 2017-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən, İddiaçı tenderlə iş departamentinə mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir. Bundan sonra əmək müqaviləsinə əlavələrlə M-2 Gəncə-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun dörd zolağa genişləndirilməsi layihəsinə mühəndis vəzifəsinə, texniki ofis müdiri vəzifəsinə keçirilmişdir. "xxxx" ASC-nin 177 №-li xx.xx.2021-ci il tarixli əmrinə əsasən, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) 21 sentyabr 2021-ci il tarixdən xitam verilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə ödənilməmiş əmək haqqının, məzuniyyət üçün kompensasiyanın və əmək haqqının gecikdirilməsinə görə ödəncin cavabdehdən tutulmasını xahiş etmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsi və vəkili 14 may 2024-cü il tarixdə ödənilməmiş əmək haqqı və məzuniyyət üçün kompensasiyanın cavabdeh tərəfindən iddiaçıya ödənildiyini bildirərək iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim etmiş, cavabdeh "xxxx" ASC-dən İddiaçı xeyrinə əmək haqqının gecikdirilməsinə görə gündəlik 1% məbləğində cərimənin, yəni 11 347 (on bir min üç yüz qırx yeddi) AZN məbləğində ödənişin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 9-cu maddəsinin “d” bəndinə əsasən, işçinin qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq hüququ vardır. 54-cü maddəsinə əsasən, işçilər tərəfindən əmək funksiyasının yerinə yetirilməsi üçün işəgötürən aşağıdakı əmək şəraitini təmin etməlidir: ... əməyə görə haqqın miqdarının müəyyən edilməsi və onun ödənilməsi; 154-cü maddəsinin 1-ci hissəsinə əsasən, əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 172-ci maddəsinin 4-cü hissəsinə görə işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Həmin maddənin 5-ci hissəsinə əsasən, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Göstərilən normada əlavə ödəncin verilməsi müəyyən edilməklə, işçinin Əmək Məcəlləsinin 9-cu maddəsinin “d” bəndində və 54-cü maddəsində təsbit edilən əmək haqqı hüququnun müdafiəsinə əlavə təminat verilmişdir. Göstərilən qayda işəgötürənin əmək haqqının vaxtında verilməsi məsələsində intizamlı olmağa məcbur etdiyi kimi, həm də işçinin pozulmuş hüququnun əvəzində kompensasiya mahiyyəti daşıyır. Həmin maddənin “Qeyd” hissəsinə görə, “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməməsi başa düşülməlidir. 178-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq, işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 aprel 2023-cü il tarixli Qərarında qeyd edilir ki, əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə uyğun olaraq, işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 il ərzində ödəncin verilməsi barədə məhkəməyə müraciət edə bilər. Qanunverici işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsinin iki şərtini müəyyən etmişdir. İlk növbədə əmək haqqının verilməsi gecikdirilməli və bu gecikdirilmə işəgötürənin təqsiri üzündən baş verməlidir...Qeyd edildiyi kimi, əmək münasibətləri çərçivəsində əmək haqqının gecikdirilməsinə görə ödənilməsi nəzərdə tutulan kompensasiya işəgötürən tərəfindən vəzifələrin lazımi qaydada icra edilməsi üçün tətbiq olunan təsir tədbiri kimi çıxış edir...Digər tərəfdən, bu ödənc bərpaedici funksiya daşımaqla işəgötürənin işçi qarşısında maddi məsuliyyətinin növü kimi çıxış edir. Həmçinin, əmək qanunvericiliyinin tələblərindən irəli gələrək bu ödənc işçinin əmək hüquqlarının əlavə müdafiə təminatı kimi çıxış edir və bu hüquq heç bir halda tərəflər arasında mübahisənin olub-olmaması ilə əlaqələndirilməməlidir. Hazırda baxılan iddia tələbi işçinin əmək haqqının ödənilməsi və gecikdirildiyinə görə ödəncin verilməsi barədədir və iddia tələbi Əmək Məcəlləsinin 9-cu maddəsinin “d” bəndi, 54 və 172-ci maddələrinin müddəaları əsasında həll olunmalıdır. Konstitusiyada (m. 35) bəyan edilərək təminat verilmiş əmək hüququ və istirahət hüququnun tərkib elementləri kimi əmək haqqı almaq və məzuniyyət hüququnun reallaşdırılması qaydaları Əmək Məcəlləsi ilə tənzimlənmişdir. Həmin Məcəllədə əmək haqqının on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməsi nəzərdə tutulmuşdur. Əmək haqqının verilməməsi yolverilməzdir. Eyni zamanda Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə görə, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” 11 aprel 2023cü il tarixli qərarında göstərmişdir ki, əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir. Adı çəkilən qərarda həm də qeyd olunmuşdur ki, şəxs öz əmək haqqını vaxtında aldıqda əvvəlcədən planlaşdırdığı və ya yaranmış öhdəliklərini (aldığı borc və s.) vaxtında ödəmək imkanı əldə edir. Öz öhdəliyini vaxtında yerinə yetirə bilməmək isə şəxs üçün əlavə zərərə gətirib çıxara bilər (məsələn, gecikmiş kredit borcuna görə dəbbə pulu və s.). Buna görə işçinin əmək haqqının vaxtında ödənilməsi ilə bağlı məsələlər qanunvericiliklə tənzimlənir və bu öhdəliyin icra edilməməsinə və ya layiqincə icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulur. Göstərilən normada əlavə ödəncin verilməsi müəyyən edilməklə, işçinin Əmək Məcəlləsinin 9-cu maddəsinin “d” bəndində və 54-cü maddəsində təsbit edilən əmək haqqı hüququnun müdafiəsinə əlavə təminat verilmişdir. Göstərilən qayda işəgötürənin əmək haqqının vaxtında verilməsi məsələsində intizamlı olmağa məcbur etdiyi kimi, həm də işçinin pozulmuş hüququnun əvəzində kompensasiya mahiyyəti daşıyır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 aprel 2024-cü il tarixli 9/8238 №-li rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan əmək haqqının hesablanması barədə cədvələ əsasən 2021-ci ilin avqust ayı üzrə hesablanmış əmək haqqı 2245 manat təşkil edir. Tutulmalar (DSMF-yə 210,5 manat, Həmkarlar İttifaqına 22,45 manat, işsizlikdən sığorta 11,2 manat və İcbari tibbi sığorta 22,45 manat) çıxıldıqdan sonra isə ələ çatacaq məbləğ 1978,37 manat məbləğində müəyyən edilir. İş materiallarında olan əmək haqqının hesablanması barədə cədvələ əsasən 2021-ci ilin sentyabr ayı üzrə hesablanmış əmək haqqı 1428,63 manat təşkil edir. Tutulmalar (DSMF-yə 128,86 manat, Həmkarlar İtifaqına 14,29 manat, işsizlikdən sığorta 7,14 manat və İcbari tibbi sığorta 14,29 manat) çıxıldıqdan sonra isə ələ çatacaq məbləğ 1264,05 manat məbləğində müəyyən edilir. Təqdim edilmiş ış materiallarında olan sənədlərə əsasən İddiaçı cavabdeh “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-də işlədiyi müddət ərzində əmək haqqının ödənilməsində gecikdirilmiş günlərin sayı 230 gün olmaqla gecikdirilmiş günlərin sayına uyğun olaraq hesablanmış məbləğ 7457,57 manat məbləğində ((1978,37+1264,05) x 1% x 230 gün = 7457,57 manat) müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilməlidir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş məhkəməmühasibatlıq ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. Göründüyü kimi, işəgötürən tərəfindən iddiaçıya ödənilməli olan əmək haqqı məbləği 3242,42 (1978,37+1264,05) manat, iddiaçının işdən çıxdığı tarixdən məhkəməyə müraciət etdiyi tarixədək – xx.xx.2021-xx.xx.2022 olan müddət ərzində (230 gün) əmək haqqının ödənilməməsinə görə gecikdirilmiş günlərin sayına uyğun olaraq hesablanmış məbləğ 7457,57 manat müəyyən edilmişdir. Cavabdeh "xxxx" ASC xx.xx.2023-cü il tarixdə ərizə ilə elektron kabinet vasitəsilə məhkəməyə müraciət edərək, İddiaçı olan əmək haqqı borcunun tam ödənildiyini bildirmişdir. Həmçinin məhkəməyə təqdim edilmiş İddiaçı ”Muğanbank” ASC xx.xx.2017xx.xx.2023 tarixi üzrə hesabdan çıxarış məlumatlarından məlum olur ki, iddiaçıya “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC tərəfindən xx.xx.2022-ci il tarixdə 8593,07 (səkkiz min beş yüz doxsan üç manat yeddi qəpik) manat ödənilmişdir. Yəni əmək haqqının ödənilməsinin gecikdirilməsi xx.xx.2022-ci il tarixədək 230 gün, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək isə 121 gün olmaqla, cəmi 351 (üç yüz əlli bir) gün təşkil edir. Məhkəmə hesab edir ki, iddiaçıya ödənilməli olan əmək haqqı məbləğinin 3242,42 manat olması və gecikdirilmiş günlərin sayı nəzərə alınmaqla, cavabdeh tərəfindən işçiyə ödənilməli olan məbləğ cəmi 11380,89 ((1978,37+1264,05) x 351 gün x 1%) manat təşkil edir. Bununla belə məhkəmə hesab edir ki, gecikdirilmiş müddət üzrə ödənilməli olan ödənc 11380,89 (on bir min üç yüz səksən manat səksən doqquz qəpik) manat məbləğində müəyyən edilməsinə baxmayarag, iddiaçı 11 347 (on bir min üç yüz qırx yeddi) manat miqdarda pulun tutulması barədə iddia tələbi irəli sürdüyündən, məhkəmə irəli sürülmüş iddia tələbi həddində məsələyə qiymət verməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Eyni zamanda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməsi nəzərə alınmaqla, ekspertiza tədqiqatının dəyəri kimi 100 (yüz) manat cavabdeh "xxxx" ASC-dən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Beləliklə məhkəmə işin hallarını və yuxarıda qeyd olunan maddi hüquq normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh "xxxx" ASC-dən əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə gündəlik 1% məbləğində cərimə kimi 11 347 (on bir min üç yüz qırx yeddi) manat tutularaq İddiaçı xeyrinə ödənilməli, eyni zamanda cavabdeh "xxxx" ASC-dən 100 (yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilməlidir. V. Nəticə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinin tələblərinə uyğun olaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə gündəlik 1% məbləğində cərimə kimi 11 347 (on bir min üç yüz qırx yeddi) manat tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh "xxxx" ASC-dən 100 (yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar