Məhkəmə qərarları › İş №e-2(005)-413/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-413/2024

14.02.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-413/2024 14.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı məcburi iş buraxma müddəti üçün, 35200 manat dəyərində zərərin (əmək haqqının) Azərbaycan Respublikası Təhsil Nazirliyindən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.2021-ci il tarixli, K-719 nömrəli əmrinə əsasən onunla bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 25 aprel 2022-ci il tarixli qətnamə ilə həmin əmr ləğv edilmiş və Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(102)-1278/2023 saylı qərarı ilə bu qətnamə qanuni qüvvəsini almışdır. Nərimanov Rayon Məhkəməsinin çıxardığı yekun məhkəmə aktı ilə Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.2021-ci il tarixli, K-719 saylı əmri ləğv edilməklə İddiaçı əvvəlki vəzifəsinə bərpa olunmasına dair məhkəmə qətnaməsi çıxarılmışdır. Hazırda məhkəmə qərarı ilə Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.2021-ci il tarixli, K-719 nömrəli əmri qanunsuz hesab edilərək ləğv edildiyindən həmin tarixdən etibarən ödənilməli olan əmək haqqı məbləği cavabdehdən tutularaq ona ödənilməlidir. İddiaçının xx.xx.2021-ci il tarixdən etibarən işə bərpa olunduğu tarixədək ona dəymiş 2021-ci tədris ili üzrə 7300 manat, 2022-ci tədris ili üzrə 15900 manat, 2023-cü tədris ili üçün 12000 manat ümumilikdə isə 35200 manat dəyərində zərərin məbləği cavabdeh tərəfindən tam qarşılanmalıdır. Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı əmri mübahisələndirərkən məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə tələb irəli sürməmişdir. Ona görə də, məhkəmə əmək haqqının ödənilməsinə münasibət bildirməmişdir. Hazırkı iddia tələbindən göründüyü kimi, iddiaçı əmək hüququnun pozulduğunu xx.xx.2021-ci il tarixdə bilməsinə baxmayaraq, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsini tələb etməmişdir. İş materiallarından göründüyü kimi, iddiaçı eyni tələblə yalnız xx.xx.2023-cü il tarixdə Bakı 16 saylı Mediasiya təşkilatına müraciət etmişdir. Bununla da iddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi hissəsində iddia müddətini buraxmışdır. İş üzrə İddiaçı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə qarşı “əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsinin iddia müddəti tətbiq edilməklə rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirmişdir ki, məhkəmə proseslərinin 2 il çəkəcəyini düşünməmişdir, buna görə də məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsini tələb etməmişdir. Sonuncu məhkəmə qərarı 2023-cü ildə qəbul edildiyindən iddia müddətini ötürməmişdir. Digər işə bərpa olunan şəxslərdə ödəniləcək məbləğ icra mərhələsində müəyyənləşdirilir. Bu səbəbdən hesab edir ki, ona ödəniləcək məbləğ icra mərhələsində də müəyyənləşdirilə bilər. Əmək müqaviləsinə xitam verildiyi tarixdən işə bərpa olunduğu tarixədək əmək haqqının tutulmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi X3 bildirmişdir ki, hazırki iddia tələbi işə bərpa ilə eyni vaxtda verilməli idi. Əmək Məcəlləsinin 296-cı maddəsində nəzərdə tutulmuş iddia müddəti ötürülmüşdür. Bu səbəbdən iddia tələbi rədd edilməlidir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikasının Təhsil Nazirinin K-719 saylı, xx.xx.2021-ci il tarixli əmrinin surətindən görünür ki, Kəlbəcər rayonu 23 nömrəli tam orta məktəbin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsinin təhsil müəssisəsinin fəaliyyətinə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 7 iyul 2021-ci il tarixindən ləğv edilməsi qərara alınmışdır; - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-808/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi və işə bərpa” tələbi təmin edilmiş, Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.2021-ci il tarixli, K-719 saylı əmrinin ləğv edilməsi və İddiaçı əvəlki vəzifəsinə bərpa olunması qət edilmişdir; - Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6340/2022 nömrəli, 28 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-808/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır; - Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1278/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6340/2022 nömrəli iş üzrə 28 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır; - Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin xx.xx.2023-cü il tarixli, 3-29/2-1- 696K/2023 saylı əmrinin surətindən görünür ki, Azərbaycan Respublikasının Təhsil Nazirinin K-719 saylı, xx.xx.2021-ci il tarixli əmrinin 1-ci bəndinin ləğv olunması, İddiaçı Kəlbəcər rayon 23 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə bərpa edilməsi qərara alınmışdır; - X4 Təhsil İdarəsi tərəfindən təqdim edilmiş, Kəlbəcər rayon 23 nömrəli tam orta məktəbin direktor vəzifəsində çalışan İddiaçı Əvəz qızının direktor vəzifəsindən kənarlaşdırıldığı tarixdən (xx.xx.2021-xx.xx.2023) bərpa olunduğu tarixə olan əmək haqqı barədə məlumatdan görünür ki, onun 2021-ci il üçün direktor olaraq vəzifə maaşı 666 manat, müəllim olaraq əmək haqqı 370 manat, onun 2022-ci il üçün direktor olaraq vəzifə maaşı 799 manat (iyul 819,3 manat, avqust 829,3 manat), müəllim olaraq əmək haqqı 444 manat (iyul 406,9 manat, avqust 396,9 manat, oktyabr-dekabr 476,4 manat), onun 2023cü il üçün direktor olaraq vəzifə maaşı 879 manat, müəllim olaraq əmək haqqı 523,20 (yanvar 476,4 manat) manat təşkil edir; - İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışının surətindən görünür ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi mediasiya prosesinin davam etdirilməsinə razılıq verməmişdir. Tərəfə göndərilən bildirişin tarixi xx.xx.2023-cü il tarixidir. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçı Şükürova X2 rayon 23 nömrəli tam orta məktəbin direktoru vəzifəsindən Azərbaycan Respublikasının Təhsil Nazirinin xx.xx.2021-ci tarixli əmri ilə azad edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-808/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə əmr ləğv edilmiş, iddiaçı əvvəlki vəzifəsinə bərpa edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlayan apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin xx.xx.2023-cü il tarixli əmri ilə məhkəmə qətnaməsi icra edilərək, Şükürova X2 rayon 23 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə bərpa edilmişdir. Hazırda iddiaçı məcburi iş buraxma müddəti üçün müvafiq əmək haqqının cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ və Vİ hissələri). İddia tələbinin hüquqi əsası kimi Əmək Məcəlləsinin 300-cü maddəsi çıxış edir. Bu maddənin 1-ci hissəsinə müvafiq olaraq, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Həmin normada işçinin məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi üçün vacib şərtlər kimi: 1. İşəgötürənin əmək müqaviləsini bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş əsasları pozaraq ləğv etməsi; 2. Əmək Məcəlləsinin 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən əmək müqaviləsinin ləğv edilməsi və ya 3. Əmək Məcəlləsinin 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam verməsi çıxış edir. Hazırki iş üzrə iddiaçı ilə bağlanmış əmək müqaviləsinin qanunvericiliyin tələblərinin pozulmaqla ləğv edilməsi və əvvəlki vəzifəsinə bərpa edilməsi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Bu səbəbdən iddiaçının məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsini tələb etmək hüququ yaranmışdır. Qeyd edilməlidir ki, iddiaçının işə bərpa tələbi irəli sürərkən məcburi iş buraxma müddəti üçün əmək haqqı tələbi irəli sürməməsi bu hüququn itirilməsinə səbəb olmur. Yəni hər bir halda iddiaçı işə bərpa olunduqdan sonra ayrıca icraat qaydasında məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsini tələb edə bilər. Lakin bu hüquq iddia müddəti institutu ilə məhdudlaşır. Hazırki iş üzrə cavabdehin nümayəndəsi iddia müddətinin tətbiq edilməsi barədə ərizə vermişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarına əsasən, Əmək Məcəlləsinin 296-cı maddəsində əmək mübahisələrinin həm məhkəməyə qədər, həm də məhkəmə qaydasında həlli zamanı tətbiq olunan iddia müddətləri nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Əmək Məcəlləsinin fərdi əmək mübahisələrinin həllində iddia müddətlərini nəzərdə tutan 296.4-cü maddəsinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Həmin Məcəllənin 296-cı maddəsinin 3-cü hissəsinə görə hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı Şükürova X2 rayon 23 nömrəli tam orta məktəbin direktoru vəzifəsindən Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.2021-ci tarixli əmri ilə azad edilmiş, Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin xx.xx.2023-cü il tarixli əmri ilə vəzifəsinə bərpa edilmişdir. İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi ilə bağlı mediasiya təklifini tərəfə xx.xx.2023-cü il tarixdə göndərmişdir. “Mediasiya haqqında” Qanunun iddia müddətinin axımının dayandırılmasını müəyyən edən 35-ci maddəsinə əsasən, mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Həmin Qanunun 21.5-ci maddəsinə uyğun olaraq, mediasiya prosesi bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərildiyi andan başlanmış sayılır. Hazırki mülki iş üzrə iddiaçının hüquqlarının pozulması xx.xx.2021-ci il tarixindən başlamaqla xx.xx.2023-cü il tarixinədək olan dövrü əhatə edir. Bu müddət işçinin məcburi iş buraxma müddətidir. Yuxarıda qeyd edilmiş maddələrin məzmunundan da göründüyü kimi, hazırki iddia tələbi üzrə iddia müddəti 1 il təşkil edir. İddiaçının hüquqları isə davamedən pozuntuya məruz qalmışdır. İşdən çıxdığı vaxt iddiaçı hüquqlarının pozulduğunu bilirdi və onun tərəfindən əmək haqqı ilə bağlı heç bir tələb irəli sürülməmişdir. İşçi işə xx.xx.2023-cü il tarixində bərpa edilmişdir. Bu səbəbdən əvvəlki illər üzrə iddia müddəti ötürüldüyündən iddia tələbi qismən təmin edilməli, məcburi iş buraxma dövrü üçün əmək haqqı son bir il üzrə, yəni xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək (işə bərpa olunduğu tarixədək) olan müddət üçün ödənilməlidir. Qalan hissədə isə, yəni xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək olan dövr üzrə məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbi üzrə iddia müddəti ötürüldüyündən, iddia həmin hissədə rədd edilməlidir. Qeyd edilən müddət ərzində ödənilməli olan məbləğin hesablanması ilə bağlı məhkəmə qeyd edir ki, məhkəmə iclasında hər iki tərəf iddia təmin olunarsa, ödənilməli məbləğin icra qaydasında məüyyənləşdirilməsini xahiş etmişlər. Məhkəmə müvafiq məbləğin hesablanması üçün əlavə olaraq ekspertiza təyin edilməsinin işin uzanmasına səbəb olacağını, bir qayda olaraq məcburi iş buraxma müddəti üçün ödənilməli olan əmək haqqı məbləğinin icra məmuru tərəfindən hesablandığını nəzərə alaraq hesab edir ki, məcburi iş buraxma müddəti üçün hesablanmalı olan dövr aralığı müəyyən edilməklə iddia qismən təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləlikə, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyindən xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək olan dövr üzrə məcburi iş buraxma müddəti üçün əmək haqqı tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyindən xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək olan dövr üzrə məcburi iş buraxma müddəti üçün əmək haqqı tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar