Məhkəmə qərarları › İş №e-2(005)-418/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-418/2025

28.07.2025 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-418/2025 28.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi və nəqliyyat vasitəsinin geri qaytarılması ” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli ilkin müqavilənin ləğv edilməsi, xx.xx.2021-ci il tarixli ilkin müqaviləyə əsasən İddiaçı mülkiyyətində olan 2009-cu il buraxılışlı, **-CG-*** dövlət nömrə nişanlı “21074” markalı nəqliyyat vasitəsinin Cavabdeh alınaraq, İddiaçı qaytarılması, nəqliyyat vasitəsi olmadığı təqdirdə 5850 manat dəyərinin qaytarılması və 100 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixli ilkin alqı-satğı müqaviləsinə əsasən İddiaçı mülkiyyətində olan 2009-cu il buraxılışlı **-CG-*** dövlət nömrə nişanlı “Vaz 21074” markalı nəqliyyat vasitəsinin cavabdeh Dadaşov X1 barədə alğı-satqı müqaviləsinin bağlanmasına dair razılığa gəlmişlər. Cavabdeh müqavilənin 2.1ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixdən etibarən hər ay 290 manat olmaqla 20 ay ərzində ödəniş etməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.3-cü maddəsinə əsasən Cavabdeh ödənişi 10 gündən artıq gecikdirdikdə hər gün üçün əlavə 10 manat ödəniş edəcək, 10 gündən artıq gecikdirdiyi halda o vaxta qədər ödənilmiş pulu geri tələb etməyəcək və avtomobili təhvil verməyi öhdəsinə götürür. İşin faktiki halları bundan ibarətdir ki, Cavabdeh əmlak tələbinə dair 2022-ci il tarixdə iddia verimiş, cavabdeh ödhdəliyini yerinə yetirəcəyinə dair razılığa gəlsə də məhkəmədə iddia ərizəsi baxılmamış saxlandıqdan sonra müqavilə üzrə ödəniş etmir və beləliklə müqavilə şərtlərini pozmuşdur. Cavabdehlə aparılan şifahi danışıqlar nəticə verməmiş, yazılı xəbərdarlıq nəticə verməmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Nəqliyyat vasitəsinin BB242164 nömrəli qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Vaz 21074” markalı, 2009-cu il buraxılışlı, **-CG-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixində İddiaçı adına qeydə alınmışdır; - xx.xx.2021-ci il tarixli etibarnamənin surətindən görünür ki, İddiaçı Cavabdeh “Vaz 21074” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən xx.xx.2023-cü il tarixədək istifadə hüququnu nəzərdə tutan etibarnamə vermişdir; - xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsindən görünür ki, “Vaz 21074” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı, 2009-cu il buraxılışlı nəqliyyat vasitəsi İddiaçı nümayəndəsi X5 tərəfindən Cavabdeh 5850 manat müqabilində satılmışdır. Müqavilənin şərtlərinə əsasən, Cavabdeh satış məbləğini xx.xx.2021-ci il tarixindən etibarən hər ay 290 manat olmaqla 20 ay ərzində ödəməyi, satış qiymətindən qalan 50 manatı avtomobilin alğı-satqısına dair əsas müqavilə bağlanarkən ödəməyi, ödənişi 10 gündən artıq gecikdirdikdə hər gün üçün əlavə 10 manat ödəniş ödəyəcəyini, 10 gündən artıq gecikdirdiyi halda o vaxta qədər ödənilmiş pulu geri tələb etməyəcəyini və avtomobili İddiaçı nümayəndəsi X4 təhvil verməyi öhdəsinə götürmüşdür; - xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh 3 gün müddətində müqavilənin tələblərinə riayət edilməzsə, nəqliyyat vasitəsinin qaytarılması, nəqliyyat vasitəsindən istifadə nəticəsində vurulan ziyanın ödənilməsi və müqavilənin birtərəfli qaydada ləğv edilməsinin məhkəmə vasitəsi ilə tələb oluncağı barədə xəbərdarlıq edilmişdir; - Məhkəmə tərəfindən keçirilmiş "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, 0261 saylı qiymətləndirmə rəyindən görünür ki, toplanmış məlumatlar, aparılmış təhlil və hesablamalar nəticəsində "Vaz 21074 minik" markalı **-CG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin bazar dəyəri tələblə təklifin qarşılıqlı təsiri nəticəsində 6250 manat müəyyən olunmuşdur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, “Vaz 21074” minik markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı mülkiyyətində olmuş, xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsinə əsasən o, mülkiyyətçisi olduğu həmin nəqliyyat vasitəsini 5850 manat müqabilində Dadaşov X2. Cavabdeh isə aylıq müəyyən edilmiş məbləği iddiaçıya ödəməyərək, müqavilənin şərtlərini pozmuşdur. Hazırda iddiaçı nəqliyyat vasitəsinə görə ona ödənilməli olan pulun cavabdeh tərəfindən ödənilmədiyinə əsaslanaraq, alğı-satqı müqaviləsinin ləğv edilməsini, nəqliyyat vasitəsinin Cavabdeh alınaraq ona qaytarılmasını, nəqliyyat vasitəsi olmadığı təqdirdə 5850 manat dəyərinin qaytarılmasını məhkəmədən xahiş edir. Məhkəmə ilk növbədə qeyd edir ki, Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Mülki Məcəllənin 385.1 və 386.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından hazırki iş üzrə cavabdehin hərəkətləri öhdəliyin pozulması kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh alğı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etməyərək iddiaçıdan aldığı malın qarşılığını ona ödəməmişdir. Buna görə də, o, risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olmalı, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış əsas borcu iddiaçıya ödəməlidir. Qeyd olunmalıdır ki, malın dəyərinin ödənilməsini sübut etmək yükünü cavabdeh daşıyır, hazırki iş materiallarında isə belə bir sübut mövcud deyildir, həmçinin cavabdeh məhkəmə iclasları barədə dəfələrlə məlumatlandırılsa da, məhkəmə iclaslarında iştirak etməmiş, bu halı təkzib edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bu mənada məhkəmənin fikrincə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğundur. Cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya alğı-satqı müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə müvafiq iddia tələbini irəli sürmək hüququ vermişdir. Alğı-satqı müqaviləsinin anlayışını müəyyən edən Mülki Məcəllənin 567-ci maddəsinə müvafiq olaraq, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə uyğun olaraq alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İddia tələbinin qanuni əsasını təşkil edən Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Hazırki iş üzrə iddiaçı alğı-satqı müqaviləsi üzrə alıcıya verilmiş nəqliyyat vasitəsinin dəyəri ödənilmədiyindən cavabdehə müqavilənin ləğv ediləcəyi ilə bağlı məktub ünvanlamışdır. O da qeyd edilməlidir ki, tərəflər arasında bağlanmış müqavilə ilkin müqavilə adlandırılsa da, müqavilənin məzmunundan və mahiyyətindən aydın olur ki, bu faktiki olaraq əşyanın dəyəri ödənildikdən sonra mülkiyyət hüququnun qarşı tərəfə keçməsi şərti ilə bağlanmış nisyə alğı-satqı müqaviləsidir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü Qərarında müqaviləyə xitam, ləğvetmə və müqavilədən imtina anlayışlarına aydınlıq gətirərək vurğulamışdır ki, nəzəriyyədə “xitam” həm əqdlərin hüquqi nəticələrinin, həm də əqdlərlə bağlı olmayan istənilən hüquqi faktın aradan qalxması hallarını əhatə edən ümumi anlayış kimi qeyd edilir. “Ləğvetmə” isə xitam anlayışının tərkibinə daxil olan xüsusi bir hal olmaqla, əqddən irəli gələn hüquqi münasibətlərin qarşılıqlı razılaşma yolu ilə deyil, məhz birtərəfli qaydada aradan qaldırılması, yəni xitam verilməsi hallarını ehtiva edir. Göründüyü kimi, müqavilənin ləğv edilməsi xitam anlayışı ilə əhatə olduğu halda, müqavilənin xitam edilməsi heç də hər zaman onun ləğv edilməsi anlamına gəlmir. Müqavilə öhdəliklərinin əhəmiyyətli dərəcədə pozulması baş vermədiyi bir sıra hallarda, əgər bu hallar Mülki Məcəllə və ya tərəflərin əvvəlcədən qarşılıqlı razılaşması ilə müəyyən edilərsə, müqavilə birtərəfli qaydada ləğv oluna bilər. Belə ki, Mülki Məcəllənin 421.3-cü maddəsinin dispozisiyasından göründüyü kimi, burada hüquqi tənzimetmə qarşılıqlı razılaşma ilə deyil, məhz müqavilənin bilavasitə birtərəfli qaydada ləğv edilməsi (maddədə “imtina” olaraq ifadə edilib) ilə bağlıdır. Əlavə olaraq o da vurğulanmalıdır ki, 24 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə Mülki Məcəllənin 421.2-ci maddəsinin birinci cümləsindən “məhkəmənin qərarına əsasən" müddəası çıxarılmaqla, ləğv etmənin məhkəmədən kənar qaydada baş verməsi müəyyən edilmişdir ki, bu da müvafiq münasibətlərin hüquqi tənzimlənməsinin əsas prinsiplərindən irəli gəlmişdir. Nəzəriyyədə “müqavilədən imtina” əsasən öhdəliklərin qarşılıqlı icrasını nəzərdə tutan (sinallagmatic) müqavilələrdə öhdəliklərin icrasının gecikdirilməsi səbəbilə kreditorun müqaviləyə onun bağlandığı andan, yəni geriyə şamil olunan şəkildə (ex tunc) xitam verməsi hallarını ehtiva edir. Nəzərə alınmalıdır ki, müqavilədən imtinadan fərqli olaraq, müqavilənin ləğv edilməsi gələcəyə yönəlik olmaqla həmin anadək tərəflərin yaranmış olan hüquq və öhdəliklərini aradan qaldırmır, yalnız ləğv anından sonra tərəflərin müqavilə münasibətlərinə (ex nunc) xitam verilir. Həmçinin, müqavilədən imtina yalnız öhdəliyin pozulması nəticəsində mümkün olduğu halda, müqavilənin ləğv edilməsi üçün öhdəliyin pozulması heç də həmişə şərt kimi çıxış etmir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarında həmçinin qeyd etmişdir ki, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir. Mülki Məcəllənin 447-ci maddəsi ilə müqavilədən imtinanın ümumi əsasları tənzimlənmişdir. Məcəllənin 447.1-ci maddəsinə əsasən, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Maddənin tətbiqi tərəflər arasında sinallagmatic öhdəliklərin mövcud olması ilə şərtlənir və tərəflərdən biri öz üzərinə düşən öhdəliyi icra etmədikdə, qarşı tərəfə icra üçün əlavə müddət verərək müqavilədən imtina etməklə ona xitam vermək hüququ verilir. Hazırkı iddia ərizəsindən, tələbin mahiyyətindən görünür ki, iddiaçının iddia ərizəsinin verilməsində əsas məqsədi cavabdeh tərəfindən ona ödənilməli olan pulun verilmədiyinə, yəni müqavilədən irəli gələn öhdəliklərin icra edilmədiyinə əsaslanmaqla əqddən – xx.xx.2021-ci il tarixli “nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsindən” irəli gələn hüquqi münasibətlərin birtərəfli qaydada aradan qaldırılması, yəni müqavilədən imtina etməklə ona xitam verilməsidir. Eyni zamanda iddiaçı tərəfindən müəyyən edilmiş xəbərdarlıq edilməklə, müqavilənin şərtlərini 3 gün müddətində yerinə yetirilməsi üçün əlavə vaxt verilmiş, lakin cavabdeh qeyd olunan xəbərdarlığa baxmayaraq, müqavilə şərtlərinin icrasından yayınmışdır. Məhkəmə, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda şərh edilən Qərarında formalaşdırdığı hüquqi mövqeyi rəhbər tutaraq belə qənaətə gəlir ki, hazırkı işdə iddiaçının iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin alğı-satqı müqaviləsinə dair yuxarıda qeyd edilən maddələri ilə yanaşı, 421.3-cü maddəsi nəzərdən keçirilə bilər. Həmin maddəyə görə, müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmçinin Mülki Məcəllənin 447.2-ci maddəsinə uyğun olaraq, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırılırsa tərəf müqavilədən əlavə müddət təyin edilmədən və ya xəbərdarlıq edilməsi zərurəti olmadan imtina edə bilər. Yuxarıda sadalanan qanunvericilik normalarından və Konstitusiya Məhkəməsi Plenumunun Qərarından da göründüyü kimi, digər tərəf müqavilədən irəli gələn öhdəliklərini icra etmədikdə müqavilənin tərəfi müqavilədən birtərəfli qaydada imtina etməklə müqaviləyə xitam verə bilər və bu halda müqavilə Mülki Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq ləğv edilmiş hesab olunur. Hazırki iş üzrə əsas aydınlaşdırılmalı olan hal isə cavabdeh tərəfindən öz öhdəliyinin qanunauyğun şəkildə icra edilibedilməməsinin müəyyənləşdirilməsidir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsindən göründüyü kimi, Cavabdeh müqavilənin 2.1-ci maddəsində nəzərdə tutulmuş ödənişləri müəyyən edilmiş müddət ərzində və şərtlərə uyğun olaraq iddiaçıya çatdırmamışdır. Bu isə onun məsuliyyətindən yayınması və müqavilə şərtlərini pozması kimi qiymətləndirilməlidir. Bu səbəbdən, müqavilənin tərəfi kimi İddiaçı, digər tərəf öhdəliklərini vaxtında və tam şəkildə yerinə yetirmədiyindən müqavilədən birtərəfli qaydada imtina etmək hüququna malikdir. Beləliklə, cavabdehin öz öhdəliyini qanunauyğun şəkildə icra etməməsi müqavilənin ləğv olunmasını zəruri etmişdir. İddiaçının müqavilənin ləğvinə dair tələbi ilə əlaqadar qeyd olunmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda şərh edilən Qərarında gəldiyi nəticəyə görə, Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq müqavilədən imtina birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. Belə ki, iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Məhkəmə hesab edir ki, iddiaçı nəqliyyat vasitəsinin pulu ona çatmadığından, müqavilədən birtərəfli imtina iradəsini Cavabdeh yazılı şəkildə, xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubu vasitəsilə bildirmiş hesab edilir. Bu isə, müqavilənin həmin andan ləğv edilmiş olduğu mənasına gəlir. Qeyd edilməlidir ki, iddia tələbinin digər hissəsi, nəqliyyat vasitəsinin iddiaçının mülkiyyətinə qaytarılması tələbi üzrə geniş əsaslandırma aparılmasına zərurət yoxdur. Belə ki, xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsinin ləğv edilmiş hesab edilməsi həmin tələbdən törəmə digər tələblərin də, yəni iddianın nəqliyyat vasitəsinin Cavabdeh alınaraq iddiaçının mülkiyyətinə və faktiki sahibliyinə verilməsi və yaxud onun dəyərinin qaytarılması hissəsində əsaslı olduğunu göstərir. Məhkəmə hüququ pozulmuş şəxsin hüquqlarının bərpasının zəruriliyini nəzərə alaraq hesab edir ki, xitam verilmiş müqavilənin hüquqi nəticələri aradan qaldırılmalı, nəqliyyat vasitəsi qaytarılmalı, bu mümkün olmadıqda isə onun dəyəri iddiaçıya ödənilməlidir. Nəqliyyat vasitəsinin dəyəri ilə bağlı qeyd edilməlidir ki, mübahəsinin predmetinin bazar dəyərinin müəyyən edilməsi məqsədilə məhkəmə tərəfindən ekspertiza təyin edilmiş və "xxxx" MMC-nin rəyindən göründüyü kimi 2009-cu il buraxılışlı “Vaz 21074” markalı, **- CG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin bazar dəyəri 6250 manat olaraq müəyyən edilmişdir. Qeyd olunan məbləğ, iddia tələbində göstərilən 5850 manat məbləğindən yüksəkdir. Bu səbəbdən məhkəmə iddia tələbindən kənara çıxmayaraq, nəqliyyat vasitəsinin qaytarılması mümkün olmazsa, iddiaçı tərəfindən tələb olunan 5850 manat məbləğin tutulmasını ağlabatan hesab edir. Mülki Prosessual Məcəllənin 218.3 və 222.1-ci maddələrinə müvafiq olaraq hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Həmin Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eyni Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, “Vaz 21074” minik markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı, 2009-cu il buraxılışlı nəqliyyat vasitəsinə dair İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsi ləğv edilmiş (xitam verilmiş) hesab edilməli və nəqliyyat vasitəsi Cavabdeh alınaraq İddiaçı sahibliyinə verilməlidir. Həmin nəqliyyat vasitəsi qətnamə icra olunan vaxt mövcud olmazsa, onun dəyərinə uyğun olaraq, 5850 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. İş üzrə dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-234 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. “Vaz 21074” minik markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı, 2009-cu il buraxılışlı nəqliyyat vasitəsinə dair İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsi ləğv edilmiş (xitam verilmiş) hesab edilsin. “Vaz 21074” minik markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı, 2009-cu il buraxılışlı nəqliyyat vasitəsi Cavabdeh alınaraq mülkiyyətçisi İddiaçı sahibliyinə verilsin. Həmin nəqliyyat vasitəsi qətnamə icra olunan vaxt mövcud olmazsa, onun dəyərinə uyğun olaraq, 5850 (beş min səkkiz yüz əlli) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. İş üzrə dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar