Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-4197/2023 14.12.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Təhminə Nizami qızının katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “xidmət müqaviləsinin ləğvi, xidmət haqqının və dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ″İB Supply″ MMC-dən xx.xx.2023-cü il tarixli Xidmətlərin göstərilməsinə dair Müqavilənin ləğv edilməsi, müqavilə üzrə 2520 manat məbləğində xidmət haqqının, 57.75 manat pulun gecikdirilməsinə görə dəymiş ziyanın, vəkil xidmətlərinə görə çəkilmiş 400 manat, həmçinin 19.75 manat xərcin və 51 manat dövlət rüsumu olmaqla cəmi 3048.50 manat pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, ″İB Supply″ MMC ilə “Alyans” vəkil bürosu adından çıxış edən İddiaçı arasında xx.xx.2022-ci il tarixli Xidmətlərin göstərilməsinə dair müqavilə bağlanmışdır. Hal-hazırda həmin müqavilə üzrə ″İB SUPPLY″ MMC-nin ödənilməmiş borcu vardır. Belə ki, xx.xx.2022-ci il tarixli Xidmətlərin göstərilməsinə dair Müqavilənin 2.1-ci bəndinə əsasən Sifarişçi Xidmətin göstərilməsinə görə hər ay İcraçıya 252 manat məbləğində xidmət haqqı ödəyir. Müqavilə 2.3-cü bəndinə əsasən Xidmət Haqqı hər ayın 1-dən gec olmayaraq Sifarişçi tərəfindən İcraçıya ödənilir. İddia ərizəsində müqavilə üzrə 10 aylıq müddət üzrə ödənilməmiş xidmət haqqı hesablanmışdır. Cavabdeh müqavilə üzrə öhdəliyini icra etməyərək icarə haqqınının ödənilməsini gecikdirmiş, sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq həmin pul vəsaitindən faydalanmışdır. Aylıq 252 manat olduğunu nəzərə alsaq illik 5 faiz hesablandıqda dəymiş ziyan 10 aylıq müddət üzrə 57.75 manat təşkil edir ki, həmin məbləğ cavabdehdən tutulmalıdır. Lakin cavabdeh xx.xx.2022-ci il tarixli Xidmətlərin göstərilməsinə dair Müqavilə üzrə 2520 manat məbləğində xidmət haqqı ödəməmişdir. Bununla da ″İB SUPPLY″ MMC-nin iddiaçıya müqavilə üzrə aylıq 252 manat olmaqla 10 aylıq müddət üzrə cəmi borcu 2520 manat təşkil edir. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə məlumat veriməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Eyni zamanda elektron məhkəmə informasiya sistemi vasitəsi ilə yazılı ərizə ünvanlayaraq işə iddiaçının iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehə məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh hər hansı üzrlü səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: a)Mülki işin materialları “İcraçı” “Alyans” vəkil bürosu adından vəkil X1 və “Sifarişçi” Cavabdeh MMC-nin təmsilçisi qismində - direktor X2 arasında 01 dekabr 2022-ci il tarixdə bağlanmış Xidmətlərin göstərilməsinə dair müqavilənin : 1.1-ci bəndinə əsasən icraçı Sifarişçi üçün mütəmadi qaydada bütün növ hüquqi xidmətlərin (məhkəmə işləri ilə əlaqədar hüquqi yardımın göstərilməsi istisna olmaqla) (bundan sonra “Xidmətlər” adlanacaq) göstərilməsini, habelə müntəzəm olaraq belə Xidmətlərin təklif edilməsini öhdəsinə götürür; 1.2-ci bəndinə əsasən Xidmətlər üzrə sorğunun məhdudlaşdırılmış sayı 20 (iyirmi) olaraq razılaşdırılır. Sorğunun sayı bu saydan artıq olduqda, Tərəflər artıq göstərilən xidmətlərin haqqını əlavə olaraq razılaşdırmalıdır; 2.1-ci bəndinə əsasən Sifarişçi Xidmətin göstərilməsinə görə icraçıya 252 (iki yüz əlli iki) manat məbləğində xidmət haqqı (bundan sonra “Xidmət Haqqı”) ödəyir; 2.3-cü bəndinə əsasən Xidmət Haqqı hər ayın 1-dən (biri) gec olmayaraq Sifarişçi tərəfindən icraçıya ödənilir; 2.4-cü bəndinə əsasən icraçı tərəfindən Xidmətlərin tələb olunan qaydada və keyfiyyətlə göstərilməsi üçün çəkilmiş xərclər (beynəlxalq telefon danışıqları, kuryer və hava poçtu xərcləri, tərcümə xərcləri, işgüzar səyahət xərcləri: biznes-klas uçuşları, ağlabatan yemək və yaşayış xərcləri, ödənilmiş dövlət rüsumları, vəkil orderinin alınması üçün çəkilmiş xərclər və digər zəruri xərclər) xidmət haqqına daxil deyil və Sifarişçi tərəfindən əlavə olaraq ödənilir; 5.1-ci bəndinə əsasən bu Müqavilə 01,12.2022-ci il tarixdə qüvvəyə minir və 1 il müddətində qüvvəsini saxlayır; 8.2-ci bəndinə əsasən tərəflər arasında bu Müqavilədən irəli gələn bütün mübahisələr qarşılıqlı razılaşma/danışıqlar yolu ilə həll olunur; 8.3-cü bəndinə əsasən bu Müqavilədən irəli gələn mübahisələrin həllində Tərəflər arasında qarşılıqlı razılaşma mümkün olmadıqda, həmin mübahisələr Azərbaycan Respublikası qanunvericiliyi əsasında məhkəmə qaydasında həll edilir “Alyans” vəkil bürosunun vəkili X1 tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış pretenziya məktubunda pretenziyanın verildiyi gündən 5 iş günü ərzində 2293 manat məbləğində pulun ödənilməsi təmin edilmədiyi halda xidmət müqaviləsinin ləğvi, xidmət haqqının, mediasiya və vəkil xərclərinin, o cümlədən dövlət rüsumunun tutulması barədə iddia tələbi ilə məhkəməyə müraciət olunacağı qeyd olunmuşdur. xx.xx.2023-cü il tarixli “üzləşmə aktı”ndan görünür ki, Cavabdeh MMC-nin direktoru X2 01 dekabr 2022-ci il tarixdə bağlanmış Xidmətlərin göstərilməsinə dair müqaviləyə əsasən “Alyans” vəkil bürosuna 2000 manat borcunun olduğunu təsdiq etmiş və bu borcun xx.xx.2023-cü il tarixədək ödənilməsi razılaşdırılmışdır. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: Tərəflər mülki qanunvericiliyin müqavilələr azadlığı, mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi prinsiplərindən çıxış etməklə sərbəst iradələrini aralarında mülki müqavilə bağlayaraq ifadə etmişlər. Bu müqavilənin bağlanması ilə tərəflər nisbi mülki hüquq münasibətlərinə daxil olmuşlar. Bu münasibətlərin məzmunu “Alyans” vəkil bürosunun vəkili İddiaçı Cavabdeh MMC-yə mütəmadi qaydada bütün növ hüquqi xidmətlərin (məhkəmə işləri ilə əlaqədar hüquqi yardımın göstərilməsi istisna olmaqla) göstərilməsindən ibarət vəzifəsindən və müqavilə üzrə razılaşdırılmış qaydada və müddətlərdə ödənişlər edilməsini tələb etmək hüququndan, Cavabdeh MMC-nin “Alyans” vəkil bürosunun hüquqi xidmətlərindən istifadə etmək hüququ və bu xidmətlərin razılaşdırılmış dəyərini müqavilədə göstərilmiş qaydada və müddətdə ödəmək vəzifəsindən ibarətdir. “Alyans” vəkil bürosunun vəkili İddiaçı müqavilə üzrə öz öhdəliklərini lazımınca yerinə yetirmiş, lakin Cavabdeh MMC öhdəliklərini lazımi qaydada icra etməmişdir. Belə ki, müqavilə üzrə ödənişləri vaxtında ödəməmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarına daxildir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsızlik) üçün məsuliyyət daşıyır; Məhkəmə tərəflər arasında bağlanmış xidmət müqaviləsinin ləğv edilməsi hissəsində iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir : Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum Qərarında qeyd olunur ki, nəzəriyyədə “xitam” həm əqdlərin hüquqi nəticələrinin, həm də əqdlərlə bağlı olmayan istənilən hüquqi faktın aradan qalxması hallarını əhatə edən ümumi anlayış kimi qeyd edilir. “Ləğvetmə” isə xitam anlayışının tərkibinə daxil olan xüsusi bir hal olmaqla, əqddən irəli gələn hüquqi münasibətlərin qarşılıqlı razılaşma yolu ilə deyil, məhz birtərəfli qaydada aradan qaldırılması, yəni xitam verilməsi hallarını ehtiva edir. Göründüyü kimi, müqavilənin ləğv edilməsi xitam anlayışı ilə əhatə olduğu halda, müqavilənin xitam edilməsi heç də hər zaman onun ləğv edilməsi anlamına gəlmir... Nəzəriyyədə “müqavilədən imtina” əsasən öhdəliklərin qarşılıqlı icrasını nəzərdə tutan (sinallagmatic) müqavilələrdə öhdəliklərin icrasının gecikdirilməsi səbəbilə kreditorun müqaviləyə onun bağlandığı andan, yəni geriyə şamil olunan şəkildə (ex tunc) xitam verməsi hallarını ehtiva edir. Nəzərə alınmalıdır ki, müqavilədən imtinadan fərqli olaraq, müqavilənin ləğv edilməsi gələcəyə yönəlik olmaqla həmin anadək tərəflərin yaranmış olan hüquq və öhdəliklərini aradan qaldırmır, yalnız ləğv anından sonra tərəflərin müqavilə münasibətlərinə (ex nunc) xitam verilir. Həmçinin, müqavilədən imtina yalnız öhdəliyin pozulması nəticəsində mümkün olduğu halda, müqavilənin ləğv edilməsi üçün öhdəliyin pozulması heç də həmişə şərt kimi çıxış etmir. Lakin qeyd olunmalıdır ki, kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Odur ki, kredit müqaviləsi kimi icrası davamlı olan öhdəlik münasibətlərində müqavilədən imtina ləğvetmədə olduğu kimi, ancaq imtinadan sonrakı dövr üçün öhdəlikləri aradan qaldırır. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib bilir ki, “ləğvetmə” və “müqavilədən imtina” hallarından fərqli olaraq, ikitərəfli müqavilələrdə tərəflərdən birinin icranı gecikdirməsi hallarında digər tərəfin həmin “öhdəliyin icrasından imtina” edib onun əvəzinə öhdəliyin dəyərinin və vaxtında icra edilməməsi ilə bağlı zərərin ödənilməsini tələb etməsi də mümkündür ki, bu halda tərəflər arasında müqavilə münasibətləri davam edir və öhdəliyin icrasından imtina edən tərəfin müqavilə üzrə qarşı tərəfə olan öhdəliyi aradan qalxmır. Qeyd edilən Plenum Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. İş materiallarından aydın olur ki, iddiaçı cavabdehin müqavilə üzrə öz üzərinə götürdüyü öhdəlikləri icra etməməsi əsasından çıxış edərək məhkəmədən tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsini xahiş edir. İddiaçı tərəfindən cavabdehə gönsərilmiş pretenziya məktubunda borcun məktubda göstərilmiş müddət ərzində qaytarılmayacağı halda müqavilənin ləğv ediləcəyi barədə məhkəməyə müraciət ediləcəyi qeyd olunmuşdur. Məhkəmə hesab edir ki, yuxarıda sadalanan qanunvericilik aktlarından, o cümlədən plenum qərarından aydın olur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, müqavilənin qeyd olunan qaydada ləğv edilməsi məhkəmədənkənar qaydada baş verdiyindən iddia tələbi bu müqavilənin ləğv edilməsi hissəsində təmin edilə bilməz. Məhkəmə müqavilə üzrə xidmət haqqının cavabdehdən tutulması hissəsində iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.4-cü maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq müqavilələrin hər hansı növünə aid olan müqavilələrə, o cümlədən podrat müqaviləsinə tapşırıq müqaviləsi haqqında qanunvericilik yalnız subsidiar şəkildə (əlavə vasitə kimi) tətbiq edilir. 783.1-ci maddəsinə əsasən vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir. 786.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinin hər bir iştirakçısı istənilən vaxt müqaviləni ləğv edə bilər. Əgər müqavilə əvəzlidirsə, ləğvetməyə dair bildirişi verən tərəf digər tərəfin düşdüyü zərərin əvəzini ona ödəməlidir, bu şərtlə ki, müqavilənin ləğvinə səbəbin bilavasitə digər tərəfin hərəkəti nəticəsində baş verdiyini və ya həmin hərəkətlərlə bağlı olduğunu sübut etməsin. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, Cavabdeh MMC bağlanmış xidmət müqaviləsinə görə razılaşdırılmış xidmət haqqını “Alyans” vəkil bürosunun adından çıxış edən İddiaçı ödəməmişdir. Bununla da cavabdeh xidmət müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, Cavabdeh MMC onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, ödənilməmiş xidmət haqqını iddiaçıya ödəməlidir. Məhkəmə borcun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış pul məbləğinin ödənilməsi hissəsində iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir : Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Tərəflər arasında bağlanmış xidmət müqaviləsindən aydın olur ki, tərəflər müqavilə üzrə ödənişlərin müddətini müəyyən etmişlər. Belə ki müqavilənin 2.3-cü bəndinə əsasən Xidmət Haqqı hər ayın 1-dən (biri) gec olmayaraq Sifarişçi tərəfindən icraçıya ödənilir. Lakin cavabdeh müqavilənin bu bəndinin tələblərini pozmuşdur. Həmin Məcəllənin 445.4-cü maddəsinə əsasən icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. Həmin Məcəlləsinin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Məhkəmə hesab edir ki, cavabdehin icranı gecikdirməsi iş materialları ilə təsdiq olunduğundan iddia tələbi gecikdirilmiş vaxt üçün dəymiş ziyanın ödənilməsi hissəsində də əsaslıdır və bu hissədə təmin edilməlidir. Məhkəmə “hüquqlarının müdafiəsi üçün iddiaçının vəkilə ödənilmiş 400 manat haqqın, etibarnamənin verilməsi üçün ödənilmiş rüsumunun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş rüsumun cavabdehdən alınıb ona ödənilməsi” hissəsində iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 115-ci maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər və məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddiaçının vəkilin xidmətindən istifadə etməsi iş materiallarında olan vəkil orderindən aydın olduğu üçün məhkəmə vəkil xərcinin cavabdehdən tutulmasını qanuni hesab edir, lakin tutulmalı olan məbləğə münasibətdə tələb olunan vəkil xərcinin məbləğinin tam məbləğdə təmin edilməsini qanuni və əsaslı hesab etmir. Belə ki, hüquqi xidmət üçün müəyyənləşdirilən məbləğ müqavilə azadlığı prinsipi əsasında həmin müqavilənin iştirakçıları tərəfindən müəyyən olunduğundan, hüquqi yardıma görə xərclər, işin halları nəzərə alınmaqla, ağlabatan məbləğdə, yəni 200 manat məbləğində iddiaçının xeyrinə tutulmalıdır. “Asan xidmət” mərkəzlərində göstərilən notariat fəaliyyəti üzrə etibarnamələrin təsdiq edilməsi barədə “asan.gov.az” rəsmi internet səhifəsində olan məlumatlardan digər vətəndaşlara və ya hüquqi şəxslərə etibarnamə verilməsi üçün dövlət rüsumunun 15 manat, xidmətə görə tutulan haqqın 2,25 manat olduğu aydın olur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi etibarnamənin təsdiq edilməsi üçün rüsumun tutulması hissəsində də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinin tələbinə əsasən qismən təmin edilməli və etibarnamənin təsdiqi üçün ödənilmiş 17,25 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, tələb olunan cəmi 2997,50 manat pulun 2695 manat hissəsinin cavabdehdən tutulması təmin olunduğundan, iddianın təmin olunan hissəsinə uyğun ödənilmiş 50 manat dövlət rüsumunun 45 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən xx.xx.2023-cü il tarixli xidmət müqaviləsinə əsasən 2520 manat, borcun ödənilməsinin gecikdirilməsinə görə 57,75 manat, vəkil xərcinə görə 100 manat, nümayəndəyə verilmiş etibarnamənin təsdiqi üçün ödənilmiş rüsumun əvəzi olaraq 17,25 manat və iddia ərizəsinin verilməsinə görə ödənilmiş rüsumun əvəzi olaraq 45 manat pul İddiaçı xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2023-cü il tarixli xidmət müqaviləsinə əsasən 2520 manat, borcun ödənilməsinin gecikdirilməsinə görə 57,75 manat, vəkil xərcinə görə 100 manat, nümayəndəyə verilmiş etibarnamənin təsdiqi üçün ödənilmiş rüsumun əvəzi olaraq 17,25 manat və iddia ərizəsinin verilməsinə görə ödənilmiş rüsumun əvəzi olaraq 45 manat pul İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə rədd olunsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aytən Novruzova
Məhkəmə qərarları › İş №e-2(005)-4197/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-4197/2023
14.12.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver