Məhkəmə qərarları › İş №e-2(005)-4240/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-4240/2024

11.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-4240/2024 11.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızı, İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladı X1 üçün hər ay tutulan qazancının dörddə biri miqdarında olan alimentin dəyişdirilməsi, alimentin hər ay onun aylıq qazancının altıda biri miqdarında və ya ayda 250 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iddia ərizəsinin mümkünlüyü məhkəmə tərəfindən yoxlanılarkən müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, övladı X1 üçün hər ay tutulan qazancının dörddə bir hissəsi miqdarında olan alimentin dəyişdirilməsi, aliment miqdarının hər ay onun aylıq qazancının altıda biri miqdarında və ya ayda 220 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 fevral 2023-cü il tarixli, e-2(005)- 524/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 may 2023-cü il tarixli, 2(103)- 3041/2023 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 fevral 2023-cü il tarixli, e-2(005)-524/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi onunla əsaslandırılmışdır ki, ailə qanunvericiliyinin tələblərinə əsasən məhkəmə tərəfindən alimentin sabit pul məbləğində tutulması uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə mümkündür. Göründüyü kimi, hazırki iş üzrə iddiaçı bu tələblə çıxış edə bilməz. Qətnamədən iddiaçı kassasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 iyul 2023-cü il tarixli, 2(103)-3041/2023 nömrəli qərardadı ilə kassasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardaddan şikayət verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3424/2023 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 iyul 2023-cü il tarixli, 2(103)-3041/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia ərizəsindən göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən iddiaçıdan qazancının dörddə bir hissəsi miqdarında aliment tutulur. İddiaçı hazırda alimentin hissə şəklində deyil, 250 manat sabit pul məbləğində tutulmasını xahiş edir, iddiasını digər uşağına da aliment ödəməsi ilə əsaslandırır. Daha öncə də iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı alimentin azaldılaraq hissə şəklində və ya 220 manat sabit pul məbləğində tutulmasını xahiş etmişdir. Lakin işə baxan məhkəmələr həmin məsələyə münasibət bildirərək iddiaçının hissə şəklində tutulan alimentin sabit pul məbləğində tutulan aliment formasına keçirilməsi tələbini irəli sürmək üçün müvafiq subyektiv hüquqa malik olmadığı qənaətinə gəlmişlər. Həmçinin iddianın əsası, yəni başqa uşağa da aliment ödəməsi daha əvvəl verilən iddianın da əsasını təşkil etmişdir. Hazırda alimentin məbləğinə cüzi dəyişiklik edərək yenidən hissə şəklində ödənilən alimentin sabut pul məbləğinə keçirilməsini xahiş edir. Göründüyü kimi, məhkəmənin daha əvvəl icraatında olmuş işlə eynilik təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Eyni Məcəllənin 153.5 və 153.6-cı maddələrinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Göstərilən qanunvericilik normalarının məzmunundan göründüyü kimi, eyni məsələ üzrə məhkəmə qətnaməsi mövcud olduğu halda, tərəf yenidən eyni iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququna malik deyildir. Belə ki, tərəf yalnız həmin qətnamədən şikayət vermək hüququna malikdir. Hazırki iş üzrə iddiaçı isə həmin hüququndan istifadə etmiş, qətnamədən şikayət versə də şikayəti təmin edilməmiş, birinci intansiya məhkəməsinin alimentin məbləğinin azaldılmasına dair iddiasını rədd edən qətnaməsi qüvvədə saxlanmışdır. Hazırki iş üzrə iddiaçı isə eyni tərəf, eyni predmet, eyni əsaslarla mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olmasına baxmayaraq, yenidən məhkəməyə müraciət etmişdir. Bu səbəbdən müvafiq iddia ərizəsinin icraata qəbul edilməsi mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq yolverilməz hesab edilir. Mülki Prosessual Məcəllənin 114.1.2.-ci maddəsinə uyğun olaraq bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Həmin Məcəllənin 153.3 və 153.4-cü maddələrinə görə hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 50 (əlli) manat məbləğində pul (Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsi vasitəsilə, qəbzin nömrəsi: **********) İddiaçı qaytarılsın. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar