Məhkəmə qərarları › İş №e-2(005)-4253/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-4253/2022

23.11.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-4253/2022 23.11.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əkbərli Samiq Sadiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1, Cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə qarşı (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti üçüncü şəxs qismində cəlb edilməklə) “səhvən tutulmuş gəlir vergisinin geri qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə qarşı (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti üçüncü şəxs qismində cəlb edilməklə) “səhvən tutulmuş gəlir vergisinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona ödənilən işdənçıxma müavinətindən səhvən gəlir vergisi kimi tutulmuş 3239,36 manat pulun və ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 50 manat və dövlət rüsumunun əvəzi olaraq 2,40 manat pulun cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətindən (SOCAR) tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2022-ci il tarixdə əmək pensiyasına çıxmışdır və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69.3-cü maddəsinə uyğun olaraq onunla bağlanmış əmək müqaviləsi ləğv edilmiş, onunla son haqq-hesab edilərək Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 14.245,55 manat işdənçıxma müavinəti ödənilmişdir. Həmin müavinət gəlir vergisinə cəlb edilmiş və 3239,36 manat məbləğində gəlir vergisi tutulmuşdur. Halbuki həmin gəlir vergidən azad edildiyinə görə gəlir vergisinə cəlb edilə bilməzdi. Belə ki, Vegi Məcəlləsinin 102.1.14-cü maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr gəlir vergisindən azaddır. Həmçinin, Əmək Məcəlləsinin 175.4-cü maddəsinə əsasən işdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmir. Oxşar vəziyyətdə olan şəxslərin (Əmək Məcəlləsinin 69.3-cü maddəsinə uyğun olaraq əmək pensiyasına çıxdığına görə əmək müqaviləsi ləğv edilən şəxslərin) işi üzrə işdənçıxma müavinətindən gəlir vergisinin tutulması ilə bağlı Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli 2(102)-2024/2020 nömrəli qərarı ilə vahid məhkəmə təcrübəsi formalaşdırılmışdır. Həmin qərara əsasən işdənçıxma müavinəti gəlir vergisindən azaddır və Vergi Məcəlləsinin 102.1.4-cü və Əmək Məcələsinin 175.4-cü maddələrinin təsiri altına düşür. Bununla əlaqədar tərəfindən cavabdehə pretenziya məktubu göndərilmiş, cavabdeh xx.xx.2022-ci il tarixli SOCAR**********60040033B00001 nömrəli cavab məktubunda göstərmişdir ki, işdənçıxma müavinətinə görə gəlir vergisindən azad olma halı Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində nəzərdə tutulmamışdır. Həmçinin, o, məhkəməyə müraciət etməzdən əvvəl mediasiyaya müraciət etmiş, cavabdeh ilkin mediasiya sessiyasına dəvət edilsə də, iştirak etməmişdir. Bu səbəbdən mediator “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayış təqdim etmişdir. Onun tərəfindən 50 manat mediasiya xərci ödənilmişdir. “Dövlət rüsumu haqqında” Qanuna müvafiq olaraq 2,40 manat dövlət rüsmunu ödəmişdir. Cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti tərəfindən iddiaya qarşı yazılı etiraz təqdim olunmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində işçinin əmək müqaviləsinə xitam verilərkən işçinin təminatı kimi bir neçə hallarda işdənçıxma müqavinətinin ödənilməsi nəzərdə tutulmuşdur. İşəgötürənlə işçi arasında bağlanmış əmək müqaviləsinə işçinin təşəbbüsü ilə xitam verilərkən hər hansı bir işdənçıxma müavinətinin ödənilməsi müəyyən edilməmişdir. Lakin SOCAR-da maddi rifah halının yaxşılaşdırılması məqsədi ilə işçi pensiya yaşına çataraq əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənə müraciət etdikdə, ona SOCAR-la Azərbaycan Neft və X2 Həmkarlar İttifaqı Respublika Komitəsi arasında bağlanmış 2020-2023-cü illər üçün X1 tələblərinə uyğun olaraq orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət ödənilir. SOCAR-la İddiaçı arasında bağlanmış əmək müqaviləsinə şəxsi ərizəsinə əsasən xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən yaşa görə təqaüdə çıxması ilə əlaqədar xitam verilmiş və ona yuxarıda göstərilən X1 tələblərinə uyğun olaraq orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət ödənilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, hüquqi şəxsin, onun filialı və ya nümayəndəliyinin, habelə fərdi sahibkarın fəaliyyətinin ləğvi və işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə, habelə işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azaddır. Lakin bu iş üzrə ödənilmiş müavinətin vergidən azad olunması qanunvericiliklə nəzərdə tutulmamış və buna görə də vergi tutularaq dövlət büdcəsinə ödənilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə etdi, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin nümayəndəsi Nümayəndə2 iddia tələbini etiraf etmədi, etirazda qeyd edilənlərlə eyni məzmunlu izahat verərək iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutları araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan SOCAR-ın İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli SOCAR**********10210033A00046 nömrəli məktubundan görünür ki, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu ilə “dosent” ali təhsil müəssisələrində müəllimlərə verilən elmi ad və seçkili vəzifədir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 98 nömrəli “Dövlət və bələdiyyə təhsil müəssisələrində işləyən elmipedaqoji kardların vəzifə maaşlarına elmi dərəcələrə və elmi adlara görə əlavələrin həcminin müəyyən edilməsi haqqında” Qərarı ilə bu vəzifədə çalışan müəllimlərə iş stajından asılı olaraq müəyyən məbləğlər təyin edilərək ödənilir. İddiaçının əvvəllər çalışdığı SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Qala təlim, tədris mərkəzi ali təhsil müəssisəsi olmadığından Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı iddiaçıya şamil edilməmişdir. İş materiallarında olan Qala təlim, tədris mərkəzinin Əsasnaməsinin 1.1-ci, 1.3-cü və 1.5-ci bəndlərindən görünür ki, Qala təlim, tədris mərkəzi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Prezidentinin xx.xx.2011-ci il tarixli 141 S saylı “Əsas vəsaitlərin balansdanbalansa verilməsi haqqında” sərəncamı ilə Təhlükəsizlik İdarəsinin balansından Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin balansına verilməklə yaradılmışdır. Mərkəz Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin struktur bölməsidir. Azərbaycan Respublikası Təhsil Qanununa uyğun olaraq ARDNŞ-nin Təhlükəsizlik İdarəsi üçün yüksək ixtisaslı təhlükəsizlik və hərbiləşdirilmiş mühafizə, gəmi-liman nəzarəti müfəttişliyi və fontana qarşı dağmədənxilasetmə hərbiləşdirilmiş xidməti sahələri üzrə təhsilin əyani (gündüz) formasında sıravi heyət kadrlarının hazırlanmasını və onların peşə ixtisaslarının artırılmasını həyata keçirir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin rəisi Fuad Süleymanovla İddiaçı arasında bağlanmış 181 nömrəli xx.xx.2011-ci il tarixli əmək müqaviləsinə xitam verilməsinə dair İşəgötürənlə İşçi arasında Razılaşmadan görünür ki, Tərəflər SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi və HİK arasında 2020-2023-cü illər üçün bağlanmış Kollektiv Müqavilənin 5.14-cü bəndində “qanunvericiliklə müəyyən edilmiş pensiya yaşına çatdıqdan sonra bir ay müddətində öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmiş şəxslərə tərəflərin razılığı ilə SOCAR-ın qərarı əsasında orta aylıq əmək haqqının 5 (beş) misli məbləğində birdəfəlik müavinət vermək” qaydası müəyyən edildiyini nəzərə alaraq aşağıdakılar barədə razılığa gəlirlər: 2.1. Bu Razılaşma ilə müəyyən olunmuş şərtlər daxilində işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verildiyi təqdirdə İşçiyə orta aylıq əmək haqqının 5 (beş) misli miqdarında, cəmi 14.245,55 manat işdənçıxma müavinəti hesablamağı və həmin işdənçıxma müavinətindən Azərbaycan Respublikasının vergi qanunvericiliyinə əsasən gəlir vergisini tutduqdan sonra qalan məbləği ödəməyi öhdəsinə götürür. 3.1. Bu Razılaşma könüllü olaraq bağlanmış və hər iki tərəfin iradəsini ifadə edir. İş materiallarında olan Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi və Həmkarlar İttifaqı komitəsi arasında 2020-2023-cü illər üçün Kollektiv müqavilənin 5.14-cü bəndindən görünür ki, pensiya yaşına çatdıqda, AR ƏM-nin 70-ci maddəsinin “a” və “b” bəndinə əsasən işçilər sərbəstləşdikdə onlara orta aylıq əmək haqqının 5 (beş) misli həcmində birdəfəlik və ya sosial dayanıqlığının təmin edilməsi məqsədilə qəbul edilmiş Proqram üzrə müavinət verilir. İş materiallarında olan SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi rəisi F.Süleymanovun xx.xx.2021-ci il tarixli əmr-qərarından görünür ki, Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi və Həmkarlar İttifaqı komitəsi arasında 2020-2023-cü illər üçün bağlanmış Kollektiv müqavilənin 5.14-cü bəndinin aşağıdakı kimi yeni redaksiyada verilməsi qərara alınmışdır: ... habelə qanunvericiliklə müəyyən edilmiş pensiya yaşına çatdıqdan sonra bir ay müddətində öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmiş şəxslərə tərəflərin razılığı ilə SOCAR-ın qərarı əsasında orta aylıq əmək haqqının 5 (beş) misli məbləğində birdəfəlik müavinət vermək. İş materiallarına əlavə edilmiş SOCAR-ın İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli SOCAR**********60010033B00001 nömrəli məktubundan görünür ki, təqaüd yaşının tamam olması ilə əlaqədar öz ərizəsi ilə işdən azad olunduğuna görə iddiaçıya SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi ilə Həmkarlar İttifaqı komitəsi arasında bağlanmış 2020-2023-cü illər üçün Kollektiv müqavilənin 5.14-cü bəndinə əsasən hesablanmış orta aylıq əmək haqqının 5 (beş) misli həcmində 14.245,55 manat məbləğində birdəfəlik müavinət ödənilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 98-ci maddəsinə əsasən sözügedən müavinət iddiaçının gəliri hesab olunduğuna görə Vergi Məcəlləsinin 101.1-ci maddəsində nəzərdə tutulan verginin dərəcələri tətbiq edilməklə gəlir vergisinə cəlb olunmuşdur. Belə olan halda iddiaçının ərizəsində qeyd etdiyi Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinin müddəaları şamil olunmur. Belə ki, 102.1.4-cü maddədə qeyd olunduğu kimi əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, hüquqi şəxsin, onun filialı və ya nümayəndəliyinin, habelə fərdi sahibkarın fəaliyyətinin ləğvi və işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə, habelə işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azaddır. Odur ki, SOCAR tərəfindən iddiaçıya ödənilmiş işdənçıxma müavinəti 102.1.4-cü maddənin müddəalarında nəzərdə tutulmadığından ödənilmiş müavinət qanuni surətdə gəlir vergisinə cəlb edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və Azərbaycan Neft və X2 Həmkarlar İttifaqı Respublika Komitəsi arasında 2020-2023-cü illər üzrə sahə (tarif) Kollektiv Sazişin 5.16-cı bəndində qeyd olunur ki, ... habelə qanunvericiliklə müəyyən edilmiş pensiya yaşına çatdıqdan sonra bir ay müddətində öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmiş şəxslərə tərəflərin razılığı ilə SOCAR-ın qərarı əsasında orta aylıq əmək haqqının 5 (beş) misli məbləğində birdəfəlik müavinət vermək. Məhkəmə qeyd edir ki, ilk növbədə iddiaçıya ödənilmiş orta aylıq əmək haqqının 5 (beş) misli məbləğində birdəfəlik müavinətin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş işdənçıxma müavinəti olub-olmaması müəyyən edilməlidir. Yalnız bundan sonra həmin müavinətin gəlir vergisinə cəlb edilməli olub-olmamasından söhbət gedə bilər. Ona görə də, həmin sualın istinad olunacaq qanuni əsaslarla cavabının tapılması mübahisənin qanuni va ədalətli həlli üçün mühüm əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin “Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları” başlıqlı 77-ci maddəsinin 3-cü hissəsinə əsasən əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əmək haqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əmək haqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında. İşin mübahisəsiz hallarına əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə (işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər) əsasən xitam verilmişdir. Göründüyü kimi iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verildiyi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsində işəgötürən tərəfindən işçiyə işdənçıxarma müavinətinin ödənilməsi nəzərdə tutulmadığından, iddiaçıya ödənilmiş müavinətin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsində nəzərdə tutulmuş işdənçıxarma müavinəti hesab edilməsindən söhbət gedə bilməz. Belə olan halda, cavabdeh tərəfindən iddiaçıya orta aylıq əmək haqqının 5 (beş) misli məbləğində ödənilmiş birdəfəlik müavinətin gəlir vergisinə cəlb edilməli olmaması barədə iddiaçının dəlilləri əsassızdır. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, hüquqi şəxsin, onun filialı və ya nümayəndəliyinin, habelə fərdi sahibkarın fəaliyyətinin ləğvi və işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə, habelə işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azaddır. Göründüyü kimi, qeyd olunan maddədə işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verilən zaman işçilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar gəlir vergisindən azaddır. Yuxarıda qeyd edildiyi kimi iddiaçı ilə bağlanmış əmək müqaviləsinə işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar deyil, əmək pensiyasına çıxması ilə əlaqədar xitam verilmişdir. Bundan başqa, işin müəyyən edilmiş hallarından görünür ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin rəisi Fuad Süleymanovla İddiaçı arasında bağlanmış 181 nömrəli xx.xx.2011-ci il tarixli əmək müqaviləsinə xitam verilməsinə dair İşəgötürənlə İşçi arasında Razılaşmanın 2.1-ci bəndindən görünür ki, tərəflər iddiaçıya orta aylıq əmək haqqının 5 (beş) misli miqdarında, cəmi 14.245,55 manat işdənçıxma müavinəti hesablamağı və həmin işdənçıxma müavinətindən Azərbaycan Respublikasının vergi qanunvericiliyinə əsasən gəlir vergisini tutduqdan sonra qalan məbləğin ödənilməsi barədə razılığa gəlmişlər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən iddiaçıya orta aylıq əmək haqqının 5 (beş) misli məbləğində ödənilmiş birdəfəlik müavinət Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsində nəzərdə tutulmuş işdənçıxarma müavinəti hesab edilmədiyindən, yəni iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verildiyi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsində işəgötürən tərəfindən işçiyə işdənçıxarma müavinətinin ödənilməsi nəzərdə tutulmadığından, həmin müavinət Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 102.1.4cü maddəsinə əsasən gəlir vergisindən azad olan təminatlara şamil edilmir. Bu səbəbdən cavabdeh tərəfindən iddiaçıya ödənilmiş müavinətin gəlir vergisinə cəlb edilməsi qanuni və əsaslı olmuşdur. Beləliklə, məhkəmə tərəfindən yuxarıda göstərilənlər ümumiləşdirilərək məhkəmə iclasında tədqiq edilən sübutlar hərtərəfli qiymətləndirilmiş və məhkəmə, qanunvericiliyin tələblərini nəzərə alaraq belə nəticəyə gəlmişdir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən, ödənilmiş məhkəmə xərcləri İddiaçı aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə qarşı (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti üçüncü şəxs qismində cəlb edilməklə) “səhvən tutulmuş gəlir vergisinin geri qaytarılması ” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar