Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-4320/2021 09.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova Rufanə Xıdır qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Maraqlı şəxs2, onun nümayəndəsi və vəkili X2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Maraqlı şəxs1 və Maraqlı şəxs2 cəlb edilməklə) qarşı «əmlakın qiymətləndirilməsi barədə hesabatın ləğv edilməsi, yenidən qiymətləndirmə müəyyən olunması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə (maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2) qarşı «əmlakın qiymətləndirilməsi barədə hesabatın ləğv edilməsi, yenidən qiymətləndirmə müəyyən olunması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” MMC tərəfindən borclu Maraqlı şəxs2 məxsus Şağan qəsəbəsi Sahə küçəsi M/381 №-li fərdi yaşayış evinin bugünkü günə bazar qiymətinin 650000 manat məbləğində müəyyən olunması barədə 02.08.2021-ci il tarixli 258 №-li əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatı ləğv edilməsi, yenidən qiymətləndirmə müəyyən olunmaqla hərracın həmin dəyərlə keçirilməsinin qiymətləndiriciyə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 10.11.2017-ci il 2(103)-9989/2017 saylı qətnaməsinə əsasən cavabdeh Maraqlı şəxs2 İddiaçı xeyrinə 183777,82 ABŞ dolları və 30 manat dövlət rüsumu tutulması qət edilmişdir. Daha sonra Xəzər Rayon Məhkəməsinin 20.12.2018-ci il tarixli 2(003)-3599/2018 №-li qətnaməsi ilə iddia tələbi təmin edilərək cavabdeh Maraqlı şəxs2 xeyrimə 102181,79 ABŞ dolları icra vaxtı manata olan məzənnə ilə manatla tutulması qət edilmişdir. Cavabdehin apellyasiya və kassasiya şikyətləri rədd edilmiş, hər iki qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Borcun müəyyən qismi məcburi icra tədbirləri nəticəsində ödənilmiş, bu iki məhkəmə qətnaməsinə əsasən borclu Maraqlı şəxs2 hazırkı dövrə ona 242075,61 ABŞ dolları (manat ekvivalenti ilə 411528,54 manat) borcu qalmışdır. Xəzər Rayon Məhkəməsinin 18.10.2016-cı il tarixli, 2(003)-5743/2016 №-li qərardadı ilə borclu Maraqlı şəxs2 məxsus, istifadəsində olan 0,0511 ha torpaq sahəsi üzərində 3 mərtəbəli, ümumi sahəsi 767,6 kv.m., o cümlədən yaşayış sahəsi 156,3 kv.m., köməkçi sahəsi 611,3 kv.m. olan Şağan qəsəbəsi Sahə küçəsi M/381 №-li fərdi yaşayış evinin üzərinə həbs qoyulmuş, icra zamanı məcburi icra tədbiri kimi sözügedən əmlaka tələb yönəldilməsinə əsas yaranmışdır. Ona görə də Maraqlı şəxs1 sabiq icra məmuru Qulam İsmayılzadənin 2018ci ildəki sifarişi əsasında hərracda satılması üçün əmlak qiymətləndirməyə göndərilmiş, "Sərraf - qiymətləndirmə” MMC-nin 21.11.2018-ci il tarixli 18-450 №-li "Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabat”inda evə mövcud bazar dəyərindən iki dəfə baha - 750 min manat qiymət qoyulmuş, nəticədə əmlak hərracda sartılmamış, borc da ödənilməmiş qalmışdır. Həmin vaxtdan bəri borclu öz əmlakını istədiyi qiymətə sata bilməmiş, Maraqlı şəxs1 əvvəlki iki, hazırkı üçüncü icra məmuru Mübariz Abbasov isə borcun ödənilməsi ilə bağlı heç bir icra hərəkəti etməmişdir. Son zamanlar mənim ardıcıl təkid və tələblərilə həmin əmlak hərracda satılması üçün təkrarən qiymətləndirməyə göndərilmiş, cavabdeh "Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” MMC tərəfindən 650000 manat qiymətləndirilməsi barədə 02.08.2021-ci il tarixli 258 №-li hesabat (ona heç bir məlumat verilmədən) "X1 Mərkəzi” MMC-yə göndərilmişdir. Bu barədə məktub yazılsa da, göndərilməmiş, sonradan bu barədə təsadüfən xəbər tutmuş və sənədlərin surətlərini icra məmurundan almışdır. Evin müəyyən edilmiş dəyəri əvvəlki hesabatda olduğu kimi bu dəfə də həddən artıq şişirdilmiş və mövcud bazar qiymətindən olduqca yüksəkdir, reallıqdan uzaqdır, hərracda heç kimin diqqətini cəlb edə bilməz və məsələnin mümkün qədər uzadılması, onun vətəndaş hüquqlarının pozulması məqsədi daşıyır. Əvvəlki hərracda da evin dəyəri qiymətləndirildiyindən 25 faiz aşağı, 562500 manata endirilsə də heç bir alıçı marağı cəlb etməmişdir. Rəyin ilk abzasında qeyd olunur: "... m/381 saylı fərdi yaşayış evinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiymətini müəyyən etmək üçün qiymətləndirmə işi həyata keçirilmişdir.” Bu necə mütəxəssis hesabatıdır ki, hazırkı daşınmaz əmlak bazarında mövcüd olan tələblə təklifi real vəziyyətlə deyil, öz yanlış təsəvvürü ilə müəyyən edir. Həmin yaşayış evi 650 min manata deyil, bundan 250 min manat aşağı qiymətə də hərracda satılmaz, daha doğrusu, onu alan olmaz ona görə ki, Şağan qəsəbəsinin ucqarındakı həmin ev təxminən 25 il əvvəl ən ucuz və aşağı keyfiyyətli inşaat materialları ilə kortəbii, yəni, peşəkar memarın iştirakı olmadan tikilmiş, sahibinin banka borcu olduğuna görə Maraqlı şəxs2 tərəfindən o vaxt hərracdan ucuz qiymətə (100000 manata) alınmış, bugünədək heç bir əlavə xərc çəkmədən istismar etmişdir və əsaslı təmirə ehtiyacı vardır. Həmin daşınmaz əmlakın real bazar qiymətinin düzgün müəyyənləşdirilməsi üçün bütün bunlar nəzərə alınmalı idi, lakin alınmamışdır. Borclu Maraqlı şəxs2 əmisi oğludur və onun bütün fəaliyyəti ətrafındakı adamlara, o cümlədən ona tam məlumdur. O, oğlu Namiq, onun 4 nəfər ailə üzvü və öz həyat yoldaşı ilə bir yerdə yaşamaqla 1993-cü ildən bəri "Binə” Ticarət Mərkəzində qeyri rəsmi xəz alveri ilə məşğuldur. Mərkəzdə 2 böyük mağaza işlədirlər və həmin mağazalara Çindən və Türkiyədən mal gətirib satırlar. Buna görə də əllərində iri məbləğdə maya olmasa bu işi həyata keçirə bilməzlər. Aydın borcunun qaytarılmasını ləngitməyə çalışır, həmin puldan ticarət məqsədilə istifadə edir, faydalanır. İcra şöbəsi ilə də qeyri sağlam əlaqəyə girərək hələ 5 il əvvəl üzərinə həbs qoyulmuş əmlakının satılmamasına çalışır və buna, təəssüf, icra şöbəsinin himayəsi ilə nail olmuşdur. 11.03.2019-cu il tarixdə borclunun təklifi ilə əmlakın satış elanı saytda yerləşdirmişdir. Qiyməti "razılaşma yolu ilə” göstərsə də, mülkün təcili satıldığını, qiymətdə endirimin mümkün olduğunu, özü satdığını, vasitəçilərinin xidmətinin qiymətləndiriləcəyini qeyd etmişdir. Elan 158 dəfə oxunsa da, onunla cəmi 3 nəfər maraqlanmış, almaq üçün 300 min manat təklif etmiş, sonradan da maraq göstərib əlaqə saxlamamışdır. Borclunun dediyinə görə, bir nəfər də ona zəng edib, 280 min manat təklif etmişdir. Bundan əlavə, o da, dediyinə görə borclu özü də hələ iki il yarım bundan əvvəl onlarca reyelterə, maklerə, daşınmaz əmlak şirkətinə evin təcili satılması barədə bilgilər təqdim etmişlər. Əmlaka, ümumiyyətlə maraq göstərən yoxdur. Çünki, elan saytlarında Xəzər rayonununun daha prestijli Mərdəkan, Şüvəlan qəsəbələrinin mərkəzində fərdi layihələrlə müasir üslubda tikilmiş qat-qat dəbdəbəli evlər var və bu mülklər münasib qiymətlərə təklif edilir. Borclu Ağdamdan məcburi köçgündür. Bir ildir oğlunun ailəsi ilə birlikdə faktiki özünün, sənədə əsasən oğlunun adına olan ünvan 1 ünvanında 2 saylı çoxmərtəbəli yaşayış binasınin 12-ci mərtəbəsində ümumi sahəsi 191,4 kv.m. olan 4 otaqlı, 49 saylı dəbdəbəli mənzildə yaşayır. Üzərində həbs olan və borcun ödənilməsinə yönəldilən Şağan qəsəbəsi Sahə küçəsi M/381 №-li fərdi yaşayış evində isə rəsmi qeydiyyatda əvvəldən heç kim yoxdur, borclunun dediyinə görə həmin evdə indi 5 nəfər ailə üzvü ilə Mirzə adlı şəxs yaşayır, evə, həyətə, üç nəhəng itə baxır, təsərrüfat işləri görür, əvəzində Aydın ona maddi yardım edir, pula ehtiyacı olmadığından əmlakı kirayəyə vermir və bu haqda da düşünmür. Hesabatda qeyd olunan borclu Maraqlı şəxs2 məxsus, istifadəsində olan 0,0511 ha torpaq sahəsi üzərində 3 mərtəbəli, ümumi sahəsi 767,6 kv.m., o cümlədən yaşayış sahəsi 156,3 kv.m., köməkçi sahəsi 611,3 kv.m. olan Şağan qəsəbəsi Sahə küçəsi M/381 №-li fərdi yaşayış evinin orta təmirli və yaşayış üçün istifadəyə yararlı vəziyyətdə olduğu göstərilir, lakin ev 25 il əvvəl ilkin sahibi tərəfindən orta dərəcədə təmir edilmiş və indi yaşayışa yarasa da, normal vəziyyətdə deyil. Hesabatda qiymətin müəyyən edilməsi meyarları standart söz yığını kimi göstərilmiş, lakin nəticə real vəziyyəti qətiyyən əks etdirmir. Göstərilir ki, "Qiymətləndirmə zamanı əmlakın dəyərinə təsir göstərən aşağıdakı faktorlar təqdim edilmişdir: Əmlakın yerləşdiyi rayon və yerləşməsi, Tələb və təklif, Nəqliyyat magistrallarının münasibliyi, Kommersiya cazibədarlığı, Ekoloji vəziyyət, Mühəndis kommunikasiyaları ilə təminat, Aşınma (fiziki,mənəvi və funksional). Əlbəttə, obyekt bu normaların tələblərinə müsbət cavab versəydi və "A” sinif materiallarla zövqlə təmir edilsəydi, həyəti yüksək səviyyədə dizayn edilsəydi cavabdeh tərəfindən təyin edilən qiymət real görünə bilərdi. Təəssüf, sadalanan meyarlar üzrə evin vəziyyəti tam əksinədir. Yəni, Şağan qəsəbəsinin dərinliyində, adsız küçədə nəqliyyat magistrallarından uzaqdadır, təklif tələbə uyğun deyil, sahibi onu hələ 2015-ci ildən özü satmaq istəsə də alıcı marağı cəlb etməmiş, tam təmirsizdir, hovuzu, saunası olsa da, əvvəldən işləməmiş, üzlənməmiş və sair. Uyğun satışların müqayisəsi, xərc metodu da aydın deyildir. Saytlarda verilən elanlarda oxşar tikililərin kvadratmetri 500 - 600 manata təklif olunur, satış göstəriciləri isə, sözsüz daha aşağı olar. Hərracda iştirak etsə də, ən ucuz qiymətə də onu qəbul etmək fikrində deyil, satılmasını və pulunun tam, yaxud, aşağı qiymətə satılarsa, qismən ödənilməsini istəyir. Borclu Maraqlı şəxs2 isə məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələrinin yerinə yetirilməsini mümkün qədər çox uzadılmasına çalışır. Maraqlı şəxs1 böyük icra məmuru Mübariz Abbasovun sifariş məktubuna əsasən əmlakın qiymətləndirilməsi işini həyata keçirən cavabdeh "Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” MMC tərəfindən borclu Maraqlı şəxs2 məxsus Şağan qəsəbəsi Sahə küçəsi M/381 №-li fərdi yaşayış evinin bugünkü günə bazar qiymətinin 650000 manat məbləğində müəyyən olunması barədə əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatını tamamilə qanunsuz və əsassız hesab edir. Həmin qiymət evinin real bazar qiymətindən olduqca yuxarıdır. Bu qiymətlə əmlakın hərraca çıxarılması reallıqdan uzaqdır. Cavabdeh "Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” MMC-nin 02.08.2021-ci il tarixli 258 №-li əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatı ləğv olunmalıdır. Məhkəmə iclasında iştirak etmiş İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə etmiş və həmçinin vəsatət təqdim edərək, iddia predmeti olan əmlaka dair "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə hesabatını əsassız olmasını, nəzərə alınmamasını və tərəflərindən təqdim etdikləri real qiymətlərə əsasən əmlaka qiymət müəyyən edilməsini xahiş etmişlər. Məhkəmə iclasında Maraqlı şəxs2, onun nümayəndəsi və vəkili X3 iddia ərizəsinin əsassız olduğunu qeyd edərək, iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh "xxxx" MMC-nin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına üzrsüz səbəblərdən gəlməmiş və gəlməmələrinin səbəbləri haqqında məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını tədqiq edib, işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, onların təqdim etdiyi sübutları araşdırıb, hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan; Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 20.12.2018-ci il tarixli 2(003)-3599/2018 nömrəli qətnaməsinin surətindən görünür ki, Maraqlı şəxs2 102181,79 ABŞ dolları icra vaxtı manata olan məzənnə ilə manatla və 30 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9989/2017 saylı, 10.11.2017-ci il tarixli qətnaməsindən görünür ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 17.11.2018-ci il tarixli 2(003)-5743/2016 nömrəli qətnaməsinin ləğv edilməsini, cavabdeh Maraqlı şəxs2 İddiaçı xeyrinə 183777,82 ABŞ dolları pul və 30 manat dövlət rüsumu tutulması qət edilmişdir. "xxxx" MMC-nin 02.08.2021-ci il tarixli, 258 saylı Əmlakın qiymətləndirilməsi barədə hesabatdan görünür ki, Maraqlı şəxs2 məxsus Bakı şəhəri, Xəzər rayonu (Əzizbəyov rayonu), Şağan qəsəbəsi, Sahə küçəsi yerləşən m/381 saylı fərdi yaşayış evinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 650000 manat təşkil etmişdir. "xxxx" MMC-nin 21.11.2018-ci il tarixli, 18-450 nömrəli Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatdan görünür ki, Maraqlı şəxs2 məxsus ünvan 2 ünvanda yerləşən fərdi yaşayış ümumi sahəsi 767.6 kv.m, yaşayış sahəsi 156. kv.m, yardımçı sahəsi 611.3 kv.m olan doqquz otaqlı fərdi yaşayış evinin qiyməti 750000 manat təşkil edir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 18.10.2016-cı il tarixli 2(003)-5743/2016 nömrəli qərardadının surətindən görünür ki, Maraqlı şəxs2 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Sahə küçəsi M/381 saylı fərdi yaşayış evinin üzərinə həbs qoyulması qərara alınmışdır. "xxxx" MMC-nin 18.11.2021-ci il tarixli Qiymətləndirmə hesabatından görünür ki, Maraqlı şəxs2 məxsus Bakı şəhəri, Əzizbəyov rayonu (indiki Xəzər rayonu), Şağan qəsəbəsi, Sahə küçəsində istifadədə olan 0,05011 ha torpaq sahəsi üzərində yerləşən 3 mərtəbəli, 9 otaqlı, 156,3 kv.m yaşayış, 611,3 kv.m yardımçı sahədən ibarət ümumi sahəsi 767,6 kv.m təşkil edən m/381 nömrəli fərdi yaşayış evinin 2021-ci il üçün real bazar dəyəri 692761,30 manat təşkil edir. “Dinar” firmasının 01.12.2021-ci il tarixli, 49/21 nömrəli Əmlakın Qiymətləndirilməsi və Keçirilən baxışın nəticələri haqqında aktdan görünür ki, Vəkil sifarişinə əsasən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin bazar qiyməti 430000 manat, likvid qiyməti 365000 manat təşkil edir. “Yeni Dövr” Qiymətləndirmə Mərkəzinin 06.12.2021-ci il tarixli 180/FY nömrəli rəyindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Sahə küçəsində yerləşən 0.05 ha torpaq sahəsinin üzərində inşa edilmiş 3 mərtəbəli, 9 otaqdan ibarət 156.6 kv.m yaşayış, 611.3 köməkçi sahəsi olan m/381 nömrəli fərdi yaşayış evinin bazar dəyəri 450100 manat, likvid dəyəri 414000 manat təşkil edir. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak qiymətləndirmə fəaliyyətinin obyektidir. Həmin Qanunun 7-ci maddəsinə əsasən qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. Həmin Qanunun 8-ci maddəsinə görə də qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxıla bilər. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Məhkəmə iddia tələbi ilə bağlı etməyi zəruri hesab edir ki, tərəflərin təqdim etdiyi sübutlardan da göründüyü kimi iddiaçı tərəfindən mübahisələndirilən "xxxx" MMC-nin 02.08.2021-ci il tarixli 258 nömrəli Əmlakın qiymətləndirilməsi barədə Hesabatında Maraqlı şəxs2 məxsus Bakı şəhəri, Xəzər rayonu (Əzizbəyov rayonu), Şağan qəsəbəsi, Sahə küçəsi yerləşən m/381 saylı fərdi yaşayış evinin qiyməti 650000 manat, həmçinin "xxxx" MMC-nin 21.11.2018-ci il tarixli, 18-450 nömrəli Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatında qeyd edilən əmlakın qiyməti 750000 manat göstərilmişdir. Məhkəmə tərəfindən təyin edilmiş ekspertizanın nəticəsi olaraq "xxxx" MMC-nin 18.11.2021-ci il tarixli Qiymətləndirmə hesabatda 692761,30 manat olaraq müəyyən edilmişdir. Göründüyü kimi Aydın Böyükkişi oğluna məxsus Bakı şəhəri, Xəzər rayonu (Əzizbəyov rayonu), Şağan qəsəbəsi, Sahə küçəsi yerləşən m/381 saylı fərdi yaşayış evinin real bazar qiymətinin müəyyən edilməsi üçün aparılmış müvafiq tədqiqatların nəticələri arasında böyük fərq müşahidə olunmamışdır. Həmçinin iddiaçı tərəfindən məhkəmə iclasında təqdim edilmiş “Dinar” firmasının 01.12.2021-ci il tarixli, 49/21 nömrəli Əmlakın Qiymətləndirilməsi və Keçirilən baxışın nəticələri haqqında aktda və “Yeni Dövr” Qiymətləndirmə Mərkəzinin 06.12.2021-ci il tarixli 180/FY nömrəli rəydə qeyd edilən iddia predmeti olan əmlaka dair məbləğlər əvvəlki ekspert rəylərindən xeyli aşağı olduğundan məhkəmə tərəfindən əsaslı hesab edilmir. Bununla da məhkəmə hesab edir ki, iddiaçı tərəfindən Aydın Böyükkişi oğluna məxsus Bakı şəhəri, Xəzər rayonu (Əzizbəyov rayonu), Şağan qəsəbəsi, Sahə küçəsi yerləşən m/381 saylı fərdi yaşayış evinin bazar dəyərinin "xxxx" MMC tərəfindən 02.08.2021-ci il tarixdə verilmiş 258 nömrəli Əmlakın qiymətləndirilməsi barədə Hesabatda göstərilən məbləğ əmlakın real qiymətinə tam uyğundur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Maraqlı şəxs1 və Maraqlı şəxs2 cəlb edilməklə) qarşı «əmlakın qiymətləndirilməsi barədə hesabatın ləğv edilməsi, yenidən qiymətləndirmə müəyyən olunması» tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. İddiaçı cavabdeh "xxxx" MMC-yə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Maraqlı şəxs1 və Maraqlı şəxs2 cəlb edilməklə) qarşı «əmlakın qiymətləndirilməsi barədə hesabatın ləğv edilməsi, yenidən qiymətləndirmə müəyyən olunması» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №e-2(005)-4320/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-4320/2021
09.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver