Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-4353/2022 20.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment və əlavə xərcin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2002-ci il təvəllüdlü əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış Maraqlı şəxs saxlanması üçün hər ay 1500 (bir min beş yüz) manat aliment və əlavə xərc tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 25 dekabr 2001-ci il tarixində Nizami Rayon Qeydiyyat Şöbəsində qeydiyyatdan keçərək rəsmi nikaha daxil olmuş, birgə nikahdan xx xxxxxx 2002-ci il təvəllüdlü Maraqlı şəxs və 27 fevral 2009-cu il təvəllüdlü Orucov İnal llham oğlu anadan olmuşdur. Bir müddət sonra ailə həyatında problemlər yaranmış və ailə münasibətləri pozularaq məhkəmə qərarı ilə nikah pozulmuşdur. Belə ki, yetkinlik yaşına çatmış Maraqlı şəxs doğuşdan etibarən ağır autizm, ağır kəmağıllılıq, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, nitqin və digər davranış pozğunluqları olan ağır xəstədir, daimi kənar şəxsin qulluğuna ehtiyacı var, əlillik və ya sağlamlıq imkanlarının məhdudluq müddəti isə müddətsizdir. Birinci dərəcəli əlildir və əmək qabiliyyəti yoxdur. Maraqlı şəxs danışa ona verilmiş tapşırıqlara adekvat reaksiya göstərə bilmir və daima baxıma xüsusi qulluğa ehtiyacı vardır. Bildirir ki, həmişə həyatı üçün təhlükəli əşyalara toxunma riski böyük olduğu üçün Maraqlı şəxs bir dəqiqə belə olsun diqqətdən kənarda qoymaq mümkün deyildir, daimi psixoloq və xüsusi pedaqoqlar tərəfindən nəzarət lazım olur və Maraqlı şəxs da istisnasız, mütəmadi olaraq psixoloq və xüsusi pedaqoqlar tərəfində nəzarət altında saxlanılır. Həmçinin qeyd edir ki, İddiaçı Azərbaycan dili müəlliməsidir və təkcə psixoloq və xüsusi pedaqoq dəstəyi üçün aylıq təxmini 1000-1500 azn civarında (zamana görə dəyişir) vəsait lazım olur, övladı üçün hərşeyi eləməyə çalışır. Fəridi bir an gözdən qoymaq olmur, yaşadıqları 4 mərtəbəli binanın pəncərəsindən baxmağa meyillidir, bu da böyük təhlükə yaradır. Buna görə də ana məktəbdə olarkən Fərid üçün individual baxıcı nəzarət edir ki, ona da aylıq 500 azn ödənilir. Bundan başqa Fərid daima paltarlarını və corablarını əlləri ilə didərək cırıb tökür və mübaliğəsiz qeyd olunmalıdır ki, hər həftə ona yeni paltarlar alınması mütləqdir. Həmçinin xüsusi yeməklərlə qidalanır, şəxsi gigiyenası başqası tərəfindən həyata keçirilir. Evdə üzünün qırxılmasına imkan vermədiyi üçün ay ərzində azı 8 dəfə bərbərxanaya aparılır. Eyni zamanda, Fəridin sağlamlıq durumu ilə bağlı onu mütəmadi açıq havaya, parklara aparmaq lazım olur. Bu isə təbii ki, müəyyən izafi xərclərə yol açır. Maraqlı şəxs yaşı artdıqca bu xərclər və çəkilən əziyyət, çətinlik də düz mütənasib olaraq artır. İddiaçı bir ana kimi bütün yükü çəkir. Böyük maddi vəsaitdən başqa ondan heç də geri qalmayan mənəvi ağırlıq da ananın üzərindədir. Yəni hər iki valideyin uşağın üzərində məsuliyyəti olduğu halda, bütün maddi və mənəvi yük sadəcə İddiaçı (ana) tərəfindən həyata keçirilir və hazırda iddiaçı lazım olan bütün xərcləri qarşılaya bilmir. Bir daha nəzərinizə çatdırmaq istəyirəm ki, Fərid kimi analoji xəstələrin sağalması və ya ən azından əmək qabiliyyətinin qismən bərpa olunması üçün tibbi-psixoloji prosedurlarin keçirilməsi labüddür. “Holcim” şirkətində rəhbər vəzifədə çalışan Cavabdeh bu vəsaitləri ödəmək üçün lazım olduğundan qat-qat artıq maddi imkanı və qazancı vardır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 bildirmişdir ki, alimentin tutulması tələbi ilə razı deyil. bildirir ki, hazırki iş üzrə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(005)-2791/2021 saylı qanuni qüvvəyə minmiş Qətnaməsi mövcuddur. Atanın (hazırki iş üzrə iddiaçı Cavabdeh) ilk iddia ərizəsi üzrə Nərimanov Rayon Məhkəməsində xx.xx.2020-ci il tarixli 2(005)-2791/2021 saylı işə baxılıb. İddiada tələb olunub ki, böyük övlad yetkinlik yaşına çatdığına görə alimentin miqdarı azaldılsın, böyük övlada görə əlavə xərc üçün hər ay atanın 200 manat ödəmək öhdəliyinə xitam verilsin, kiçik övlada görə hər ay atanın gəlirinin 1/4 hissəsi miqdarında aliment tutulsun. Ananın (hazırki iş üzrə Cavabdeh İddiaçı) qarşılıqlı iddia ərizəsində tələb edib ki, kiçik övladın saxlanması üçün hər ay atanın gəlirinin 1/4 hissəsi miqdarında aliment tutulsun, böyük övladın saxlanması üçün hər ay atadan 2.000 manat aliment və əlavə xərcə görə hər ay 400 manat pul tutulsun. Nərimanov Rayon Məhkəməsi ilk və qarşılıqlı iddiaları qismən təmin etmiş, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(005)-2791/2021 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilməsini, kiçik övladın saxlanması üçün hər ay qazancın və başqa gəlirlərin 1/4 hissəsi miqdarında alimentin, böyük övladın saxlanması üçün hər ay 200 manat miqdarında alimentin atadan tutularaq anaya verilməsini qət etmişdir. İlk və qarşılıqlı iddiaların qalan hissəsi təmin edilməyib. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)-9790/2021 saylı Qətnaməsi ilə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(005)-2791/2021 saylı Qətnaməsi dəyişdirilmədən saxlanılıb. Tərəflər Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)-9790/2021 saylı Qətnaməsindən kassasiya şikayəti verməmişlər və həmin Qətnamə qanuni qüvvəyə minmişdir. Bu halları nəzərə alaraq, iddia tələbinin rədd olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən məhkəməyə şahid qismində dəvət olunmuş X2 ifadəsində bildirmişdir ki, yetkinlik yaşına çatmış Maraqlı şəxs həqiqətən də xüsusi baxıma ehtiyacı vardır. Neçə illərdir ki, həmin uşağın sosial adaptasiyası ilə məşğul olur. Əvvəllər ödənişli xidmət göstərsə də, hazırda həftədə bir ya iki dəfə Fəridin yanında olur, bunun üçün hər hansı ödəniş almır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib, uşağın mənafeyini nəzərə alaraq hesab edir ki, iddia rədd olunmalıdır. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Tibbi-Sosial Ekspert Komissiyasının portalından çıxarışın məzmunundan görünür ki, Maraqlı şəxs İ qrup əlildir. Xəstəlik diaqnozu “qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, ağır kəmağıllılıq, autizm əlamətləri ilə nitqin digər və dəqiqləşdirilməmiş pozğunluqlarından ibarətdir. Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-2791/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 yanvar 2020-ci il tarixli, 2(005)-525/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği dəyişdirilmiş, bu qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, 27 fevral 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh ümumi olaraq qazancının (başqa gəlirlərinin) 4/1 hissəsi və sağlamlıq imkanları məhdud (İ qrup əlil) 27 noyabr 2019-cu il təvəllüdlü Maraqlı şəxs saxlanması üçün hər ay 200 manat miqdarında sabit pul məbləğində aliment qarşılıqlı iddia üzrə İddiaçı ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9790/2021 saylı, xx.xx.2021-ci il tarixli Qətnaməsinə əsasən apellyasiya şikayəti təmin edilməmiş, hazırki iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. xx.xx.2022-ci il tarixli mədaxil qəbzinə əsasən iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı ilə cavabdehin oğlu Cavabdeh birgə nikahından xx xxxxxx 2002-ci il təvəllüdlü Maraqlı şəxs və 27 fevral 2009-cu il təvəllüdlü Orucov İnal llham oğlu anadan olmuşdur. Məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi ilə Maraqlı şəxs saxlanması üçün hər ay 200 manat miqdarında sabit pul məbləğində aliment tutulması qət edilmiş, qətnamənin həmin hissəsi yuxarı instansiya məhkəməsində mübahisələndirilməmişdir. Hazırda İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2002-ci il təvəllüdlü əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış Maraqlı şəxs saxlanması üçün hər ay 1500 (bir min beş yüz) manat aliment və əlavə xərc tutularaq ona ödənilməsini tələb edir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəf iddia ərizəsində göstərilən aliment və əlavə xərc olaraq qeyd etdiyi tələbin göstərilən həcmdə (1500 manat) artmasına dair hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1 və 78.2 maddələrinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarında göstərilmişdir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Qərarda qeyd olunmuşdurki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Bundan əlavə, cavabdehin maddi vəziyyətində əhəmiyyətli dəyişikliklərin olması müəyyən edilmir və qeyd olunan hallar iddiaçı tərəfindən sübuta yetirilmir. İddia ərizəsindən göründüyü kimi iddiaçı həm də Ailə Məcəlləsinin 81-ci maddəsinə istinad edərək tələb irəli sürmüş, həmin maddi hüquq normasına əsaslanmaqla aliment və əlavə xərcin 1500 manat həcmində tutulmalı olmasını göstərmişdir. Ailə Məcəlləsinin 81-ci maddəsinə görə, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Qeyd olunan maddənin məzmunundan göründüyü kimi, valideynlər əlavə xərclərin ödənilməsinə o halda cəlb edilə bilərlər ki, bu xərclər ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə və digər hallarla əlaqədar olsun. Başqa sözlə, valideynin əlavə xərclərin çəkilməsinə cəlb edilməsi üçün əsas, müstəsna halların – ağır xəstə və şikəst uşaqların, habelə əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların mövcudluğudur. İş materiallarından göründüyü kimi, uşağın saxlanılması ilə bağlı əlavə xərclərdə iştiraka valideynlərin cəlb olunması isə onların hüquqi öhdəliyi kimi qanunla nəzərdə tutulmamışdır və valideynlər bu cür iştirakı könüllü icra edə bilərlər. Bu səbəblə məhkəmə hesab edir ki, tərəflər arasındakı mübahisənin həllində Ailə Məcəlləsinin 81-ci maddəsinin müddəaları tətbiq oluna bilməz. Eyni zamanda qeyd olunmalıdır ki, əlavə xərclərə cəlb olunduğu zaman uşaq yanında saxlanılmayan valideynin maddi vəziyyəti də nəzərə alınmalıdır; işin materiallarına görə isə, cavabdehdən hazırda 200 manat alimentin tutulması barədə iddia təmin olunmuşdur ki, bu da uşağın əvvəlki təminatının saxlanılması üçün kifayətdir. Cavabdehin əlavə xərclərə cəlb olunmasına imkan verəcək maddi vəziyyətə sahib olduğu müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki iddiaçının “əlavə xərcin tutulması” tələbinin qanuni əsasının (Ailə Məcəlləsinin 81-ci maddəsinin) dispozitiv şərtləri mövcud deyil. Bu baxımdan, iddia tələbi bu hissədə də rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “aliment və əlavə xərc tutulması” barədə tələbin əsassızdır və rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “aliment və əlavə xərc tutulması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №e-2(005)-4353/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-4353/2022
20.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver